Nargilə Qafarova: «Rayonumuzun mədəni həyatı kifayət qədər zəngindir»

 

Layihə çərçivəsində müsahibimiz Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarovadır. O, qəzetimizə müsahibəsinə rayonun mədəni həyatında baş verən hadisələri xatırlatmaqla başladı:    

 

- Rayonumuzun mədəni həyatı kifayət qədər zəngindir. İl ərzində müxtəlif mədəni tədbirlər keçiririk. Tarixi günlər, milli bayramlar, tanınmış simaların anım günləri  ilə bağlı tədbirlərimiz kifayət qədər olur. Bu tədbirlər sırasında cari ilin əvvəlində rayonun klub tipli mədəniyyət müəssisələrində «Şən yolka» adlı məktəblilər üçün  Yeni il şənliklərini, Gənclər Günü münasibətilə mədəniyyət müəssisələrinin bədii özfəaliyyət kollektivlərinin gənclər üçün musiqili proqramlarını, Beynəlxalq Ana Dili Günü münasibətilə bədii qiraət müsabiqələrinin təşkilini qeyd edə bilərəm.  Novruz bayramı münasibətilə rayonun Zərifə Əliyeva parkında rayon Mədəniyyət Evinin «Çinar» instrumental ansamblının, C.Məmmədquluzadə adına Xalq Teatrının, «Bulaq başı» folklor qrupunun, Hacallı kənd Mədəniyyət Evinin «Gülüstan» folklor qrupunun ifasında konsert proqramları təşkil olunub, meydan tamaşaları göstərilib. Bildiyiniz kimi, bu il müstəqilliyimizin bərpasının 20-ci ildönümüdürbu munasibətlə bütün respublikada olduğu kimi, rayonumuzda da geniş tədbirlər həyata keçirilir. Bu məqsədlə Mədəniyyət və Turizm Şöbəsi üzrə tədbirlər planı hazırlanıb və plana uyğun olaraq tədbirlər həyata keçirilir. May ayında Qəbələ qalasına yürüş təşkil olunub, Qəbələ Dövlət Rəsm Qalereyasında rəsm sərgisi açılıb. Bu silsilədən olan tədbirlərimiz davam etdirilir. Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə Uşaq Yaradıcılıq Mərkəzi ilə birgə Heydər Əliyev parkında bayram konserti hazırlanıb. Tədbirdə rayon incəsənət məktəbinin şagirdlərdən ibarət ansamblı yüksək fəallıqla çıxış edib.Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsi hərbi hamilik işini daim diqqət mərkəzində saxlayır. Cari ilin yanvaraprel aylarında orduya çağırış vaxtları hazırlanmış qrafik üzrə hərbi komissarlıq önündə konsert proqramları təşkil olunub. Rayon Mədəniyyət Evinin «Çinar» instrumental ansamblı Novruz bayramı münasibətilə rayonun Qəmərvan kəndi ərazisində yerləşən sərhədçilərin hərbi zastavasında konsert proqramı ilə çıxış edib. Bir məsələni də qeyd edim ki, Mədəniyyət və Turizm Şöbəsi «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə məqsədilə Milli Fəaliyyət Planı»ndan irəli gələn vəzifələrin icrası məqsədilə bir sıra tədbirlər həyata keçirib. Belə ki, Mərkəzi Kitabxana Sistemionun filiallarında bu məqsədlə mətbu orqanların sərgisi həyata keçirilib. Klub müəssisələrində hüquq məsləhətxanası təşkil olunub. Qəbələ Dövlət Rəsm Qalereyasında «Rüşvətə yox deyək» başlığı altında karikatura sərgisi reallaşdırılıb.  Yanğın təhlükəsinin aradan qaldırılması üçün Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsi üzrə bütün müəssisələrdə müvafiq işlər həyata keçirilib. Belə ki, müəssisələrə baxış keçirilib, yanğın törədə biləcək bütün halların qarşısı alınıb. Baxış zamanı müəssisələrdə elektrik şəbəkələri, sobalar, qaz olan müəssisələrdə qaz xətləri və cihazları saz vəziyyətə gətirilib. Müəssisələrin zirzəmisində və damında təmizlik işləri aparılıb. Məlumat üçün bildirim ki, rayon Mədəniyyət Evinin köhnə binası sökülüb və hazırda yeni binanın tikintisi gedir. Rayon Tarix-Diyarşünaslıq Muzeyinin və Heydər Əliyev Mərkəzinin su hovuzu işlək vəziyyətdədir.

- Gənclərin mədəni tədbirlərdə iştirakı hansı səviyyədədir?

- Gənclərlə işə xüsusi diqət ayırırıq. Onları pis vərdişlərdən uzaqlaşdırmaq, milli-mənəvi ruhda tərbiyə etmək üçün üzərimizə düşən işləri icra edirik. Gənclər bizim gələcəyimizdir və bu istiqamətdə görülən işlər böyük əhəmiyyət kəsb edir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi və gənclərin pis vərdişlərdən kənarlaşdırılması məqsədilə klub tipli müəssisələrdə gənclərlə görüş təşkil olunub. Görüşlərdə gənclər arasında izahat işləri aparılıb. Bu məqsədlə Mərkəzləşdirilmiş Kitabxana Sistemi və onun filiallarında guşələr yaradılıb, İncəsənət Məktəbi və Rəsm Qalereyasında həvəskar rəssamların əl işlərindən ibarət «Ağ ölüm» başlığı altında rəsm sərgisi təşkil olunub. Mədəniyyət işçilərinin hər ay çağırış məktubu üzrə ixtisasartırma kursuna göndərilməsi işi davam etdirilir. Mədəniyyət müəssisələrinin bədii özfəaliyyət kollektivlərinin, folklor qruplarının, incəsənət məktəbi şagirdlərinin respublika müsabiqələri və sərgilərində iştirakı təmin olunur. Bu baxımdan 28-30 aprel tarixlərində «Baku Expo Center»də keçirilən II Ümumrespublika Daxili Turizm Sərgisində turizm obyektləri nümayəndələrinin və xalq tətbiqi sənətkarlarının iştirakı təmin olunub. 16-20 may tarixlərində İncəsənət Məktəbinin şagirdləri Ucar şəhərində keçirilən Milli Musiqi Alətləri İfaçılarının V Respublika Müsabiqəsində iştirak ediblər.İyun ayında Bakı şəhərində «Azərbaycan - doğma diyar» devizi altında keçirilən milli azlıqlar festivalında Nic qəsəbə Mədəniyyət Evinin «Cəngi» qrupu iştirak edib və diplomla təltif olunub.Hazırda «Elektron Azərbaycan» proqramı ilə əlaqədar olaraq Qəbələ rayonu üzrə maddi və qeyri-maddi mədəni irs barədə məlumatların toplanılması işi davam etdirilir.

- Qəbələdə keçirilən musiqi festivalının rayonun mədəni həyatındakı yerini necə qiymətləndirirsiniz?

- Çox yüksək. Deyim ki, musiqi festivalı təkcə Qəbələnin deyil, Azərbaycanın da mədəni həyatında çox böyük hadisə sayılır. Dünyanın ən nüfuzlu musiqi xadimlərinin Qəbələyə toplaşması ölkəmizin təbliği, mədəni dəyərlərimizin, musiqimizin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq gözəl bir ənənəyə çevrilib. Bu festival günləri səhnədə dahi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı dünya şöhrətli musiqiçilər bu səhnəyə çıxırlar. Burada klassikkamera musiqisi, muğamlarımız ifa olunur. Ümumiyyətlə, Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir və Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir. Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycan və dünya musiqisinin, mədəni dəyərlərin qorunub saxlanılması üçün Heydər Əliyev Fondu tərəfindən atılan növbəti addımdır. Bu festival bütün iştirakçılar, xüsusilə də gənc ifaçılar üçün həddindən artıq önəmlidir. Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir. Ənənəvi hal almış bu festival musiqi tədbiri kimi qısa bir müddətdə əsas məqsədə nail olub. Çünki Qəbələ bütün musiqiçilərin, tamaşaçıların, sənətsevərlərin tanınmış və sevimli görüş yerinə çevrilib. Festival iştirakçıları qonşu rayonlara səfər edərək orada da konsert proqramları ilə çıxış ediblər. Yəni bu festival təkcə musiqi bayramı deyil, Azərbaycanın təbliği və tanıdılmasıdır. Hesab edirəm ki, belə səviyyəli festivalın artıq ənənəvi şəkildə hər il keçirilməsi Azərbaycan mədəniyyətinin inkişafında yeni mərhələnin əsasını qoyub.  

 

 

Anar Miriyev

 

Palitra.- 2011.- 9 avqust.- S.6.