“Turizm
ili” çərçivəsində
magistrantların ilk layihəsi uğurlu alınıb
Prezident İlham Əliyevin məlum sərəncamı əsasında 2011-ci il "Turizm ili" elan olunub. "Turizm ili" elan olunması ilə bağlı turizmin müxtəlif istiqamətlərinin inkişafı, turizm xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, peşəkar mütəxəssislərin hazırlanması, viza problemlərinin həlli, regionlarda turizmin inkişafı, turistlərin tarixi mədəniyyət abidələrinə aparılması məqsədilə yeni marşrutların və şəhər turlarının yaradılması, sərgilərdə turizm şirkətlərinin və hotellərin aktiv iştirakı, və s. məsələlər nəzərdə tutulub.
Naxçıvan Dövlət Universitetinin
Magistratura üzrə
dekanlığının nəzdində bu
il yaradılmış Tələbə Turizm Assosiasiyası 23-28 iyul
tarixində Naxçıvan - Qəbələ -
Naxçıvan istiqamətində ilk tur layihəsini həyata keçirib.
Məqsəd magistrantların elmi tədqiqat
fəaliyyətlərini genişləndirmək, doğma diyarımızın turistik
və tarixi yerləri ilə
tanışlıq olub. İyulun
23-də Naxçıvandan başlanan səfərdə
ilk dayanacaq yeri kimi iyulun
24-də Bakı şəhərində Qız Qalası, Şirvanşahlar Saray Kompleksi, İçərişəhər,
Miniatür Kitab Muzeyi ilə tanışlıqdan sonra səfər Qobustan
istiqamətində davam edib.
Daş yaddaşımızın
yaşadıcısı olan qayaüstü təsvirlərlə
tanışlıqdan sonra marşrut
Qəbələ istiqamətində hərəkətini davam etdirib. Tur müddətində
magistrantlardan və müəllimlərdən
ibarət 24 nəfərlik heyət Magistratura
üzrə dekan, tarix
üzrə fəlsəfə doktoru Elbrus İsayevin rəhbərliyi
ilə Qəbələ və
İsmayıllı rayonları,
Şamaxı və Şəki şəhərləri, qədim
Albaniyanın paytaxtı Çuxur Qəbələ,
öz qədimliyini bu
gün də qoruyub saxlamış Lahıc qəsəbəsi,
Şamaxı Astrofizika Rəsədxanası
ilə tanış olublar. Eyni
zamanda iyulun 23-də
başlamış və avqustun 5-dək davam edəcək III Qəbələ Beynəlxalq
Musiqi Festivalında tur
heyəti də iştirak ediblər. Tur heyəti Qəbələ arxeoloci
ekspedisiyasının rəhbəri, tarix
elmləri doktoru, professor
Qafar Cəbiyev, Bakı Musiqi
Akademiyasının rektoru Fərhad Bədəlbəyli,
Nyu-York Konservatoriyasının professoru Validə Rəsulova və
başqaları ilə görüşüblər. Tur iyulun 27-də başa çatıb. Magistrantlar
və müəllimlərdən ibarət heyət iyulun 28-də Naxçıvana
qayıdıblar. Belə turların qarşıdakı illər
ərzində də təşkil olunması nəzərdə
tutulub.
Məmməd Babayev,
Naxçıvan Dövlət Universitetinin
Mətbuat tarixi ixtisaslaşması
üzrə I kurs
Palitra.- 2011.- 9 avqust.- S.10.