“Mədəniyyət və kulturologiya
ilə bağlı layihələrə müvafiq
sahə üzrə ixtisaslaşmış mütəxəssislər
dəvət olunmalı, daha çox onların fikirlərinə istinad edilməlidir”
Layihə çərçivəsində
budəfəki müsahibimiz “Simurq” Azərbaycan Mədəniyyət
Assosiasiyasının rəhbəri, kulturoloq,
professor Fuad Məmmədovdur.
F.Məmmədov bizimlə söhbətinə mədəniyyət
və kulturoloji maarifləndirməyə həsr
olunan layihələrin
aktuallığından danışmaqla başladı.
- Fuad
müəllim, Azərbaycan mədəniyyəti və kulturoloji biliklərlə bağlı layihələr
həyata keçirilməsi barədə hansı fikirləriniz
var? Bir mütəxəssis
olaraq bu sahədə
KİV-lərin layihələr həyata keçirməsi məsələsinə
necə yanaşırsınız?
-
Öncə deyim ki, Azərbaycanın və eləcə də
bütün xalqların, cəmiyyətlərin gələcəyi
universal kulturoloji biliklərdən keçir. Ələlxüsus
müsəlman ölkələri həmişə bilikdə
qabaqcıl olub. Xüsusilə 9-cu əsrdən başlayaraq 12-ci əsrə və daha sonrakı dövrlərə qədər
müsəlman dünyasının öncüllüyü
açıq-aşkar hiss olunub.
Amma sonradan müsəlman
dünyası geridə qalmağa başlayıb.
Müsəlmanlar, “Qurani-Kərim” insan
sivilizasiyasına və elmə çox böyük töhfələr verib.
Son yüzilliklərdə isə müsəlman
ölkələrində elmə, mədəniyyətə
lazımi fikir verilməməsi, müxtəlif
qadağalar tətbiq olunması bir qayda olaraq
geriliklərə səbəb olub. Ona görə də kulturologiyanın bu gün xüsusi
əhəmiyyəti çox yüksəkdir.
Bu əhəmiyyət həm də onunla bağlıdır ki,
kulturologiya müasir dünyada aparıcı, hakim
elmi paradiqmadır. Yəni kulturologiya
aktual cəmiyyət məsələlərinə
və geniş mənada mədəniyyətə
necə yanaşmaq lazım olduğu barədə bir
örnəkdir. Kulturologiya necə öyrənməyi,
təhlil etməyi və necə qərarlar qəbul etməyi
öyrədir, bu cür
vacib məsələlərin ən optimal yollarını axtarıb tapmaqda əvəzsiz rol
oynayır. Kulturologiya necə və
hansı texnologiyalar işləmək
lazım olduğu barədə qiymətsiz
bilgilər verir. Kulturologiya
tarixdə, bu və ya
digər proseslərdə hansı inkişaf
qanunları olduğu barədə elmi biliklərə yiyələnməyi ehtiva edir. Cəmiyyət,
insan, dövlətlə bağlı
proseslərin mahiyyəti və inkişaf
tendensiyaları barədə kulturoloji
biliklər ümumi inkişafa
nail olunmasında, müasir
dövlət quruculuğunda və cəmiyyətin
intellektual səviyyəsinin yüksəldilməsində
müstəsna əhəmiyyətə malikdir.
Bu baxımdan sizin həyata
keçirdiyiniz layihə və onun mövzusu çox vacibdir. Sadəcə
olaraq, bu cür layihələrdə müvafiq
sahə üzrə ixtisaslaşmış mütəxəssislər
dəvət olunmalı, daha çox onların fikirlərinə istinad edilməlidir.
Bu yöndə dövlətin, millətin,
cəmiyyətin inkişaf maraqlarına uyğun müzakirələrin
aparılması çox vacibdir.
Həqiqi elmi-kulturoloji biliklərin
yayılması bu zaman
mümkün ola bilər.
Bunun üçün
də çox yaxşı olardı ki, ya dövlət, ya da hansısa təşkilata
müraciət edəsiniz. Bu layihəniz
özlüyündə çox vacibdir. Bununla belə
müəyyən qədər praktiki yönlü olmaqla bir layihə də təşkil edə bilərsiniz
ki, media işçiləri
üçün xüsusi
kulturoloji treninqlər keçirmək də
mümkün olsun. Bu gün jurnalistlər də
çox yaxından bilməli və dərk
etməlidirlər ki, kulturologiya,
onun mahiyyəti nədən ibarətdir, kulturoloji biliklərə yiyələnmə insana nə verir, hansı imkanlar açır. Kulturologiyanın
təhlil prinsipləri və metodologiyasının jurnalistlər
tərəfindən mənimsənilməsi məqsədəuyğun
olardı. Beləliklə, kulturoloji biliklərlə bağlı cəmiyyəti
maarifləndirəcək media
işçiləri özləri də kulturoloji
biliklərin mahiyyəti və önəmi barədə ətraflı
bilgilərə malik
olmalıdırlar. Belə olarsa, ancaq həqiqi elmi-kulturoloji
biliklərin KİV vasitəsilə yayılması mümkün olacaq. Əks
halda camaat
yanlış yol gedər, düzgün
anlamaz, qərarları düzgün
qəbul etməz və sair. O ki qaldı sizin həyata keçirdiyiniz layihəyə, mən bir daha belə bir layihənin həyata keçirilməsini çox bəyənirəm və
alqışlayıram. Bununla belə,
medianın bu barədə təkliflərimi
nəzərə almasını istərdim. Belə ki, media işçiləri
kulturoloji treninqlərin keçirilməsinə,
bununla bağlı təşəbbüslərə
və bu seminarlarda, təlimlərdə
iştiraka xüsusi
diqqət və önəm verməlidirlər. Belə olarsa, bütün media işçiləri kulturoloji
sahədə maariflənməklə məşğul ola bilərlər.
- Azərbaycan mədəniyyətinin,
mədəni dəyərlərimizin cəmiyyətə
geniş şəkildə aşılanması və maariflənmə
aparılması üçün hansı işlər
görülməlidir?
- Bu asan məsələ deyil. Bunu kompleks şəkildə həyata keçirmək lazımdır. Bu işi biz 22 ildir ki, keçiririk. “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası kulturologiyanın ölkədə təməl daşını qoyub. 22 il ərzində biz 300-dən artıq kulturoloji seminar və treninqlər keçirmişik. Bir çoxları barədə sizin də məlumatınız var. Əlbəttə, bu seminarlar həm gənclərimiz, həm də ziyalılarımız və ümumilikdə əhalimiz üçün çox faydalıdır. Amma bunların əhatə dairəsi hələki çox balacadır. Seminar ayda bir dəfə, uzağı iki dəfə keçirilir. Seminarlarda hər dəfə çox olsa 50 nəfər iştirak edir. Bununla biz bütün xalqa lazımi xidmət edə bilmirik. Deməli, müəyyən forma lazımdır ki, bu seminarların əhatə dairəsi xeyli genişləndirilmiş olsun. Bu seminarlarla bağlı olaraq daha fəal və daha əhatəli işləmək lazımdır. Məsələn, buna misal olaraq biz “Mədəniyyət” telekanalında “İdrak” verilişini keçiririk. Bundan əlavə kitablar nəşr edirik. İndiyə qədər 11 kitab nəşr etdirmişik. Bununla bağlı olaraq qəzetlərdə siz də yazı və məlumatlar dərc etmisiniz. Həmçinin bizim qabaqda yenə də müxtəlif layihələrimiz olacaq. Bundan başqa bir beynəlxalq jurnal da nəşr edirik. Jurnal “Simurq” Kulturoloji Jurnalıdır. Dünya praktikasında ilk dəfə olaraq dünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzəriyyəsi ilə bağlı materialları çap edirik, məlumatlandırırıq. Amma bunların özü yenə də azdır. Yaxşı olardı ki, dövlət tərəfindən bir proqram qəbul olunsun və yaxşı mütəxəssislər bu proqramın icrasına cəlb olunsun. Bütün regionlarda, rayonlarda belə bir kulturoloji maarifləndirmə prosesinin getməsi üçün belə bir dövlət proqramı lazımdır. Qeyd edək ki, biz də təşkilat olaraq bu barədə təşəbbüsə başlamışıq. Bir-iki ay öncə Sabirabadda regional mərkəz açmışıq. Oktyabr ayında orada respublika konfransının keçirilməsi nəzərdə tutulur. Dövlət başçısının qoyduğu çox mühüm iki məsələ - insan kapitalının inkişafı və regionların inkişafı məsələsində bu layihəmizlə öz töhfəmizi vermək istəyirik. Bunları respublika səviyyəsində genişləndirmək lazımdır. Burada dövlətin dəstəyi olmasa, effektli və genişmiqyaslı iş görmək çox çətindir. Məsələn, “Simurq”un pulu yoxdur ki, biz belə bir genişmiqyaslı layihələr həyata keçirək. Biz belə layihələr həyata keçirmək üçün birləşə bilərik. Elə siz də qəzet olaraq bizə bu işdə qatıla bilərsiniz. Vəsait olsa, KİV-lə bu cür birgə layihələr həyata keçirmək, müxtəlif təbəqələr arasında kulturoloji maarifləndirməni təşkil etmək mümkün olacaq. Yəni bu iş daha geniş miqyas ala bilər. Beləliklə, seminar və treninqlər nəticəsində daha kütləvi sayda insanlar, müxtəlif peşə sahibləri olan vətəndaşlarımız, gənclərimiz maariflənə bilər ki, bu da ümumi intelektual-kulturoloji səviyyənin artmasına xeyli yardım etmiş olar.
İlkin AĞAYEV
Palitra.- 2011.-10 avqust.- S. 6.