“Birləşmiş Ərəb Əmirliklərində çalışan bütün soydaşlarımız əhəmiyyətli mövqe sahibidirlər”

 

Dubayda fəaliyyət göstərən “Azərbaycan” cəmiyyətinin sədri Samir İmanın “Azadinforma müsahibəsi: 

 

- Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlılar çoxdurmu? Həmvətənlərimizin diaspor işində tədbirlərin təşkilində fəallığı necədir? Onlardan kifayət qədər dəstək ala bilirsinizmi?

- BƏƏ-də təxminən minə yaxın azərbaycanlı soydaşımız yaşayır. Onların böyük əksəriyyəti Dubay əmirliyində yaşayıb fəaliyyət göstərir. Burada yaşayan soydaşlarımızın əksəriyyəti səfirlik və konsulluqda qeydiyyatdan keçmədiyindən rəsmi qurumumuz onun yarısını göstərir. Diasporumuzla nümayəndələrimiz arasında sıx əlaqələr var və qurumumuzun bütün üzvləri hər cəhətdən çox fəaldırlar. Tədbirlərimizdə böyük məmnuniyyətlə iştirak edir, yaxın dəstəkçilərimiz olurlar. Məsələ təkcə tədbir keçirib, iştirak etməklə bitmir. Burda əsas iş güclü təbliğat aparmaqdır və həmvətənlərimiz bunun öhdəsindən gəlir. Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə mümkün olan bütün vasitələrlə çatdırılması burda yaşayan hər bir azərbaycanlının böyük sevgi ilə həyata keçirdiyi tədbirlərdəndir. Hətta onlar burda yaşayan yerli və müxtəlif xalqların nümayəndələrini öz hesablarına vətənə aparır və Azərbaycanın iqtisadi cəhətdən necə inkişaf etdiyini, gözəl təbiətə, qədim tarixə, zəngin mədəni irsə, yüksək mədəniyyət və ticarət-sənaye mərkəzi olan şəhərlərə malik olduğunu və müxtəlif dünya xalqlarının tolerant ölkədə necə yaşadıqlarını öz gözləri ilə görmələri məqsədilə böyük işlər görürlər.

- Ölkənin ictimai-siyasi həyatında rəhbərlik etdiyiniz cəmiyyətin fəallığı necədir? Ümumilikdə BƏƏ-nin siyasi həyatında necə bir rol oynayırsınız?

- Qeyd etmək istərdim ki, Cəmiyyət rəhbərliyinin BƏƏ-nin müxtəlif dövlət əhəmiyyətli tədbirlərində yaxından və mütəmadi iştirakı və bu əlaqələrin konkret faktlarla istər BƏƏ mediasında, istərsə də Azərbaycan mediasında geniş işıqlandırılması sualınıza qısa və ətraflı cavab olar. Qeyri-rəsmi şəkildə isə bir çox yerli dövlət orqanının, komitə və qurumların rəhbərləri müəyyən sahələrin gələcək inkişafında bizim də fikirlərimizi öyrənir və çox zaman verdiyimiz tövsiyə və təcrübəmizdən istifadə edirlər. Demək olar ki, cəmiyyətin ictimai, siyasi, təhsil və digər mühüm sahələrində baş verən hadisələrlə bağlı daim fəal mövqe sərgiləməyə çalışırıq . 

- Dubayda həmvətənlərimiz əsasən hansı sahələrdə çalışırlar? Hansı sahədə onlar daha fəal və uğurludurlar?

- Birmənalı şəkildə qeyd etməliyəm ki, burda çalışan bütün soydaşlarımız kifayət qədər nüfuzlu və əhəmiyyətli mövqe sahibidirlər. Onlar əsasən böyük şirkətlərdə müxtəlif vəzifələrdə çalışır. Lakin bununla yanaşı, onların arasında şəxsi şirkət sahibi olanlar da var. Diaspor təşkilatımızın üzvləri arasında həkim, mühəndis və jurnalistlər də var. Lakin bir daha vurğulamaq istəyirəm ki, işlədiyi yerdən və tutduğu vəzifədən asılı olmayaraq, burda yaşayan hər bir azərbaycanlı öz ölkəsini eyni həvəs və sevgi ilə təmsil edironun həqiqətlərinin ictimaiyyətə çatdırılmasında eyni şövqlə çalışır.

- Azərbaycandan gedən soydaşlarımız ərəb cəmiyyətinə tam inteqrasiya oluna bilirlərmi?

- Azərbaycan xanımları yerli ərəblərlə ailə qurur və bildiyimə görə də kifayət qədər də xoşbəxt yaşayırlar. Bu həm də o deməkdir ki, artıq yerli ərəblər arasında qanlarında Azərbaycan qanı axan insanlar da mövcuddur. Düzdür, 90-cı illərin əvvəllərində soydaşlarımız daha çox problemlərlə üzləşirdi və bu da əsasən yerli qanunları bilməməkdən irəli gəlirdi. Buna baxmayaraq, bütün problemləri öz gücümüzə hər zaman həll etmişik. Yalnız artıq bu, geridə qalmış mərhələdir. Burda yaşayan azərbaycanlılar yerli xalq tərəfindən sevilir və dövlət tərəfindən onlara qarşı çox böyük hörmət var.

- Təşkilatınıza diaspor işində Azərbaycandan hər hansı bir dəstək varmı? Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələriniz necədir? Onlardan dəstək ala bilirsinizmi?

- Son neçə ildir hər müsahibəmdə bunu qeyd edirəm ki, məndə belə təsəvvür var ki, Azərbaycanın inkişafı, xaricdə layiqincə təqdim edilməsi, təmsil olunması yalnız DİDK-i maraqlandırır. Azərbaycan diasporuna göstərdikləri diqqət nöqteyi-nəzərindən digər qurumların mövcudluğu belə hiss edilmir. Baxmayaraq ki, müxtəlif qəzet, radio və TV kanalları vasitəsilə aidiyyəti orqanlara dəfələrlə müraciət etmişəm ki, dövlətin maraqlarını qorumaq və həqiqətləri təbliğ etmək üçün dünyadakı Azərbaycan diasporuna çoxlu sayda əyani vasitə lazımdır. Əminəm ki, kitabların böyük qismi nazirliklərdə xarab olur, lazımsız nəşrlər kimi tullanır, çünki misal üçün bu gün 2011-ci ildə çap edilmiş kitab və bukletlərə: turizm, iqtisadiyyat və digər sahələrdə 5 ildən sonra ehtiyac olmayacaq; çünki Azərbaycan sürətlə inkişaf edir, buna görə də bu gün onları anbarlara deyil, əlavə xərc çəkib dünyada aktiv fəaliyyət göstərən Azərbaycan cəmiyyət və ictimai qurumlarına göndərmək lazımdır. Hər həftə Qarabağla, Heydər Əliyev və digər aktual məsələlərlə bağlı kitab və ədəbiyyatların müxtəlif dillərdə nəşr edildiyi haqda məlumatlar oxuyureşidirik. O ədəbiyyat niyə xarici ölkələrə göndərilmir? Kimsə deyə bilər ki, rəsmi qurumlara göndərilir, amma sizi əmin edim ki, BƏƏ-də məhz bu işlə bizim cəmiyyət yaxından məşğuldur, buna görə dəqiq harada, hansı kitabların olmasını yaxşı bilirik. DİDK bizə dəstək olmasaydı, ümumiyyətlə, nəşrlər haqda məlumatları yalnız KİV-dən eşidərdik.

- Dünya Azərbaycanlılarının son qurultayında Prezident İlham Əliyev diaspor təşkilatları ilə səfirliklərimiz arasında problemlərdən narahatlığını bildirdi. Təmsil olunduğunuz ölkədə təşkilatların diplomatik nümayəndəliyimizlə əlaqələri hansı səviyyədədir?

- Təəssüf ki, bəzi ölkələrdəki sözün əsl mənasında zəif səfirlərimiz diaspor rəhbərlərini özlərinə rəqib görürlər və onlara kömək etmək əvəzinə işlərini əngəlləyirlər. Lakin anlamalıdırlar ki, bu işlər dövlətin və xalqın maraqları naminə uzun illər təmənnasız görülən işlərdir. Qurultayda təşkilat rəhbərləri ilə söhbətlərim zamanı bir daha əmin oldum ki, bir çox ölkədə cəmiyyət rəhbərləri yuxusuz, istirahətsiz dövlətə öz dəstəyini vermək üçün uzun illərdir çalışır və bütün əngəllərə baxmayaraq, fəaliyyətlərinə davam edirlər. Cənab Prezident çox praqmatik və ədalətli dövlət başçısıdır və III qurultayda işində daha çox fərqlənmiş bir qrup təşkilat rəhbərini ordenmedallarla təltif etdi. Dövlət rəhbərliyinə məlumdur ki, əgər dünyadakı Azərbaycan diasporu aidiyyəti qurum tərəfindən əlaqələndirilmiş şəkildə aktiv fəaliyyət göstərməsə, xarici siyasətimizdə böyük uğurlar əldə etmək mümkün olmayacaq. Xalqla dövlətin vəhdəti müstəqil Azərbaycanın gələcək inkişafının zəmanətidir. Dubayda Azərbaycanın konsulluğu fəaliyyət göstərir və illər uzunudur konsulluqla əlaqələrimiz sıxdır. Hər hansı bir problem ortaya çıxanda birlikdə həll edirik, müraciət edənlərin hamısı razı qalır.

 

 

Palitra.-2011.-12 avqust.- S.11.