«İsmayıllı açıq hava altında muzeydir»

 

Layihə çərçivəsində müsahibimiz İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru İkram İsmayılovdur: 

 

- İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1980-cı ildə yaradılıb. Azərbaycan SSR Nazirlər Kabineti tərəfindən 1980-ci ildə Azərbaycanın bütün rayonlarında tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında qərar qəbul olunub. Məhz  Nazirlər Kabinetinin həmin qərarı əsas tutularaq 26 ədəd eksponatla İsmayıllı Rayon Tarix-Diyarşünaslıq Muzeyi yaradılıb. Muzey uzun illər darısqal bir binada fəaliyyət göstərirdi. 2009-cu ilin oktyabr ayında Rayon İcra Hakimiyyəti başçısının köməkliyi ilə Tarix-Diyarşünaslıq Muzeyi yeni geniş bir bina ilə təmin olunub. Uzun illər həll olunmayan bina problemi nəhayət ki, həll olunub. Muzeydə müxtəlif tədbirlər, toplantılar, görüşlər keçirilir, rayon ictimaiyyətini, ziyalıları demək olar ki, muzeyə daha da yaxınlaşdırır. Hazırda muzeyimizdə 2600-ə yaxın eksponat var. Bunların da əsas hissəsini arxeoloji qazıntılar, təsadüfi qazıntılar, təsərrüfat işləri zamanı aşkar olunmuş maddi mədəniyyət nümunələri təşkil edir. Arxeoloji materiallardan əlavə muzeydə qədim əmək alətləri, silahlar, məişət əşyaları, xalq yaradıcılığı nümunələri, xatirə əşyaları, numizmatika materialları da nümayiş etdirilir. İl ərzində muzeyə gələn tamaşaçıların sayı 6-9 min arası dəyişir. Muzeyin sahəsi 340 kvadratmetr, işçilərin sayı 9 nəfərdir.

 

- İsmayıllı qədim yaşayış məskəni olduğundan rayon ərazisində qədim abidələrin sayı da çoxdur?

- Bəli, doğru deyirsiniz. Rayon ərazisində o qədər tarixi abidə var ki, rayonuaçıq hava altında muzeyadlandırmaq olar. Qasımxan qalası, Girdiman qalası, Xan qalası, Haram qalası, Fit dağı, Basqal qəsəbəsi, qədim Buzxana kimi tarixi abidələr dövlət tərəfindən qorunur. Rayonun qədim dövrlərə aid tarixi abidələrinin böyük əksəriyyəti Albaniya tarixinə aiddir. Məlumdur ki, Albaniya tarixinin son dövrləri onun əsas vilayətlərindən olan Girdiman vilayəti tanınmış sərkərdəsi Cavanşirin adı ilə bağlıdır. Tariximizdə həmin dövrə aid ziddiyyətli məlumatlar var. Tarix dərsliklərində göstərilir ki, Mehranilər sülaləsinin hakimiyyəti Girdiman vilayətində yaranıb. Həmin vilayətin indiki Şəmkir - Qazax bölgəsində olması qeyd olunur. Lakin ərazisində Girdiman dövləti Cavanşirin adı ilə bağlı tarixi abidənin, coğrafi adın olması deməyə əsas verir ki, Girdiman knyazlığı elə İsmayıllı ərazisində yaranıb. 642-681-ci illərdə Albaniya hökmdarı olmuş tədbirli dövlət xadimi Cavanşir diplomatik sərkərdəlik bacarığı ilə dövlətin müstəqilliyini qoruyub saxlayıb. Ərəb, Sasani, Xəzər, Bizans kimi güclü dövlətlərin hücum təhlükəsi qarşısında duran Cavanşir diplomatik bacarığı sayəsində siyasi gedişlər etməklə yanaşı müdafiə tədbirləri görməklə Albaniyanın müstəqilliyini qoruyub. Rayonun Talıstan kəndi yaxınlığında olan Cavanşir qalasını VII əsrdə məşhur sərkərdənin şərəfinə tikiblər. Qala Talıstan kəndindən 4 km şimalda çayın sağ sahilindədir. Qaladan bir qədər aralı, qalaya gedən yolun üstündəSəngər yeriadlı kiçik bir düzənlik var. Bu yerin xüsusiyyətindən adından məlum olur ki, qalaya olan hücumların qarşısı burada alınıb. Burada ciddi müqavimətlə qarşılaşan, xeyli qüvvə itirən düşmən qalaya hücumu tam gücü ilə davam etdirə bilməyib. Qalanın ümumi sahəsi 1,5-2 hektardır. Qala kirəc məhlulu ilə çay daşından tikilib. Qərb divarları uçulmuş halda olsa da, qala müdafiə xüsusiyyətini özündə saxlayıb. Qala üç tərəfdən çayın dərin, keçilməz dərəsi ilə əhatə olunub. Qalaya giriş isə yalnız cənub tərəfdən olub. Burada eni 2,5 m olan darvaza yeri aydın görünür. Ümumilikdə qala üçün seçilən yer müdafiə baxımından idealdır. Oraya çox böyük qüvvə ilə hücum etmək mümkün deyil. Bura olan hücumların qarşısını almaq üçün böyük qüvvəyə ehtiyac olmayıb. Cavanşir qalası sonrakı əsrlərdə müdafiə əhəmiyyətini qoruyub saxlayıb. Çox güman ki, qalanı heç vaxt düşmən qüvvələr ələ keçirə bilməyib. Qalada döyüş zamanı olan dağıntı izlərinə rast gəlmək olmur. Cavanşir qalasının tədqiqi sahəsində müəyyən işlər görülüb. Qala haqqında ilk elmi məlumatı isə tarix elmləri namizədi, arxeoloq Fazil Osmanov verib. Memarlıq namizədi Cəfər Qiyasi qalanın bərpa eskizini hazırlayıb. Hər iki alim birlikdə qala haqqında qiymətli yazı dərc ediblər. Tarix elmləri namizədi Qafar Cəbiyev Cavanşir qalası haqqında dəyərli məqalə çap etdirib özününBura Vətəndirkitabında qala haqqında mühüm məlumatlar verib. Fikrimcə, hələ Cavanşir qalasının öyrənilməsini qənaətləndirici saymaq olmaz. Bu qala hələ tariximizin neçə-neçə  sirlərini özündə saxlayır.

- Rayon ərazisində Qız qalasının olduğu deyilir, bu doğrudurmu?

- İsmayıllı abidələri sırasında Xanagah Qız qalası mühüm yer tutur. Qala Xanagah kəndindən şimalda Axox çayının sahilində hündür qayanın üstündə yerləşir. Həmin qayanın bir tərəfi Axox çayının dərin dərəsi, digər tərəfi isə Qarasu dərəsidir. Qalaya yol Qarasu dərəsi ilə qalxır. Yolun üstündə Qarasu dərəsində möhkəm divarın qalıqları var. Qalaya gedən yolun üstündə olan bu divar sədd rolunu oynayıb. Qayanın zirvəsinə digər tərəflərdən qalxmaq mümkün deyil. Zirvəyə qalxmaq mümkün olan yerlərdə tikilmiş möhkəm hündür divarlar qalanın müdafiə qüdrətini daha da artırır. Qalanın memarlıq xüsusiyyətləri, oradan əldə edilmiş maddi-mədəniyyət nümunələri onun VII-IX əsrlərdə tikildiyini təsdiq edir. Çox güman ki, qala XI əsrdə yenidən təmir edilib. Qala kirəc məhlulu ilə əsasən yonulmamış çay daşından tikilib. Lakin bəzi yerlərdə yonulmuş daşlardan bişmiş kərpicdən istifadə olunub. Kərpiclər keyfiyyəti ilə diqqəti cəlb edir. Hörgünün keyfiyyəti yüksək səviyyədədir. Qalada tətbiq olunan kərpic üzləşmənin keyfiyyəti orta əsr Azərbaycan memarlığının yüksək inkişafına daha bir sübutdur. Qalanın ümumi sahəsi 1,5 hektardan çoxdur. İçərisində hansı məqsədlərlə tikilməsi hələ məlum olmayan çoxlu sayda tikililərin qalıqları var. Qala 9 əsr ərzində xeyli dağıntıya məruz qalıb. Ərazinin relyefinə görə qalaya girişin şimal-qərb tərəfdən olması şübhə doğurmur. Xanagah Qız qalası yüksək səviyyəli müdafiə qalasıdır. Azərbaycanda Qız qalaları geniş yayılıb. Bakıda, Naxçıvanda, Qazaxda, Qəbələdə, Şəkidə, Şamaxıda başqa ərazilərdə belə qalalar var. Bu qalaların bir çoxları haqqında xalq arasında əfsanələr yaranıb. Lakin həmin əfsanələrin çoxunun tarixlə əlaqəsi yoxdur. Xanagah Qız qalası haqqında xalq arasında heç bir əfsanə yoxdur. Qız qalalarının adı haqqında daha elmi fərziyyə oğuzlarla bağlıdır. Fərziyyəyə görə, Qız qalalarının adındaqızsözü oğuz adı ilə bağlıquzsözündən yaranıb. Deməli, Qız qalaları əslindəQuz qalası”, yəni Oğuz qalası deməkdir. Həmin qalaların əksəriyyətinin VII-XII əsrlərə aid olduğunu nəzərə alsaq, həmin fərziyyənin daha çox həqiqətəuyğun olduğunu söyləmək olar. Çünki oğuzların Azərbaycana daha kütləvi köçləri VII-XII əsrlərdə təsadüf edir. Əksər tədqiqatçılara görə, Qız qalalarının hamısı müdafiə qalasıdır. Onların quruluşu strateji mövqeyi yalnız bu cür düşünməyə əsas verir. Bu qalalar müharibələr vaxtı qadın qızların müdafiəsi üçün nəzərdə tutulub.  

 

 

Anar Miriyev

 

Palitra.- 2011.- 16 avqust.-S.6.