Naxçıvan
türbələrinin YUNESKO siyahısına daxil edilməsinə
dair sənəd hazırlanır
Azərbaycanda turizmin inkişaf
etdirilməsi prioritet vəzifələrdən biridir. Bu
istiqamətdə həyata keçirilən tədbirlərlə
bağlı “yap.org.az” saytına müsahibə verən Mədəniyyət
və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin
Qurbanov qarşıda duran vəzifələr barədə məlumat
verib.
Bu il ölkəyə
gələn əcnəbi vətəndaşların
sayının 2 milyonu ötəcəyi gözlənilir
Aparat rəhbəri bildirib ki, müasir dövrdə Azərbaycan iqtisadiyyatının qarşısında duran mühüm məsələlərdən biri, bəlkə də ən vacibi böyük həcmli neft gəlirlərindən səmərəli istifadə etməklə ölkəmizdə davamlı inkişafı təmin edən qeyri-neft sahələrinin rəqabət qabiliyyətinin artırılmasına nail olmaqdır: “Azərbaycanda 2010-cu ildə investisiya qoyuluşunun həcminin əsas hissəsi - 9,3 milyard ABŞ dolları qeyri-neft sektoruna, 6,2 milyard dollar isə neft sektoruna cəlb olunub. Alimlərin çoxsaylı tədqiqatları, həmçinin Azərbaycanda araşdırmalar aparmış xarici mütəxəssislərin hesabatları göstərir ki, turizm öz perspektivliyinə görə ölkəmizdə qeyri-neft sahələri içərisində aparıcı mövqelərdən birini tutur. Belə nəticələr təsadüfi deyil. Birincisi, turizm sürətlə inkişaf edən biznes səhələrindəndir. Son 60 ildə təkcə beynəlxalq turizm üzrə səfərlərin sayı 40 dəfə, bütün dövlətlərə turizmdən gələn valyuta axını isə təxminən 460 dəfə artıb. Hazırda turizm sürətlə inkişaf edən biznes sahələrindəndir”. Digər tərəfdən, bir çox sahələrdən fərqli olaraq, turizm sənayesi qısa müddət ərzində iqtisadi səmərə verir. Əgər neftin çıxarılması və satılması yalnız müqavilələr bağlandıqdan 5-6 il sonra iqtisadi səmərə verirsə, turizmə qoyulan vəsait isə bir ildən sonra mənfəət gətirir və digər sahələrə nisbətən 10-12 dəfə çox iş yerlərinin açılmasına şərait yaradır. F.Qurbanovun sözlərinə görə, dünya əhalisinin sürətli artımı, insanların gəlirlərinin yüksəlməsi və nəhayət, bütün dünya üzrə yoxsulluğun azaldılması proqramlarının və davamlı inkişaf konsepsiyasının həyata keçirilməsi istirahətin geniş yayılmış növlərindən biri olan turizmin gələcəkdə də inkişaf edəcəyinə əminlik yaradır: “Eləcə də qloballaşma və müxtəlif sivilizasiyaların qovuşduğu zamanda insanların fərqli mədəniyyətləri öyrənmək istəyi meydana çıxır ki, bu da turizm məqsədli səyahətləri stimullaşdırır. Nəhayət, turizmin tərəqqisinin təkanverici prosesləri fonunda geniş potensiala malik olan Azərbaycan üçün turizm sənayesinin inkişaf etdirilməsi prioritet vəzifələrdən birinə çevrilir. Azərbaycanın füsunkar təbiəti, əlverişli coğrafi mövqeyi, mədəni-tarixi irsi, ləziz mətbəxi, yüksək qonaqpərvərlik ənənələri ölkədə turizmin inkişafı üçün böyük perspektivlər açır. Hazırda respublikada 50-dən çox yeni mehmanxana inşa olunur və bu ilin sonunadək təkcə paytaxtda 6 yeni beynəlxalq brendli beşulduzlu mehmanxananın istifadəyə verilməsi planlaşdırılır. 2010-cu il ərzində Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 1.962.906 nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2% çoxdur. Bu il ölkəyə gələn əcnəbi vətəndaşların sayının 2 milyonu ötəcəyi gözlənilir”.
Azərbaycan əsasən
qonşu ölkələrin və Avropanın turizm
bazarından turist cəlb etməyə maraqlıdır
Cari ildə həyata keçiriləcək tədbirlərə gəldikdə isə aparat rəhbəri bildirib ki, Azərbaycanda turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması zərurətini nəzərə alaraq, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədi ilə Prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci il “Turizm ili” elan edilib: “Cari ilin "Turizm ili" elan olunması bu sahənin inkişafına, ölkənin turizm sənayesinin potensialının gücləndirilməsinə yeni perspektivlər açır. Həmçinin ölkə başçısı tərəfindən 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi ölkəmizdə turizmin inkişafı ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirləri konkretləşdirdi. Tədbirlər Planında mədəni turizm tədbirləri, idarəetmə və normativ-hüquqi bazanın təkmilləşdirilməsi, turistlərə xidmətin beynəlxalq standartlar səviyyəsinə çatdırılması, investisiya və turizmin infrastrukturunun formalaşdırılması, kadr təminatı, elmi təminat, mədəni və tarixi abidələrin qorunması, bərpası və istifadəsi, təbliğat və təşviqat, xalq sənətinin dəstəklənməsi əksini tapıb”. O da vurğulanıb ki, ölkə üzrə turizm və rekreasiya zonaları ərazilərinin müasir xəritələrinin hazırlanması, arxeoloji abidələr üzrə müvafiq işlərin aparılması, Naxçıvanda mövcud olan türbələrin YUNESKO-nun Mədəni İrs Siyahısına daxil edilməsinə dair sənədlərin hazırlanması, ölkə ərazisində turizm və nümayiş obyektlərinə gedən yolların abadlaşdırılması, təmiri, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin dövlət hesabına yüksək tərtibatlı və əcnəbi dillərdə olan informasiya-təbliğat materialları ilə müntəzəm olaraq təmin edilməsi kimi mühüm məsələlərin həyata keçirilməsi nəzərdə tutulur: BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) mütəxəssislərinin proqnozlarına əsasən 2020-ci ildə beynəlxalq turist səfərlərinin sayı 1 mlrd. 600 mln. nəfərə çatacaq və turizmdən əldə olunan gəlir 1 trilyon ABŞ dollarını ötəcək. Bunları nəzərə alaraq Azərbaycanın dünya turizm bazarında öz mövqeyini gücləndirməli olduğunu deyən F.Qurbanovun sözlərinə görə, ölkəmiz prioritet istiqamət olaraq əsasən qonşu ölkələrin və Avropanın turizm bazarından turist cəlb etməyə maraqlıdır: “Lakin bununla yanaşı Amerika, Cənubi Asiya, Orta Şərq, Şərqi Asiya və Sakit okean turizm bazarları da ölkəmiz üçün potensial hədəflərdir. Azərbaycanı turizm ölkəsi kimi dünyada tanıtmaq üçün turizm sahəsində olan Azərbaycan brendlərinin, reklam-təbliğat, məlumat-sorğu fəaliyyətinin canlandırılması, beynəlxalq proqramlar çərçivəsində regional mədəni turizm marşrutlarının yaradılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdəndir”.Qeyd edilib ki, ölkəmizin turizm potensialının dünya miqyasında təbliği məqsədilə nazirlik hər il dünyanın aparıcı ölkələrində 20-yə yaxın beynəlxalq turizm sərgisində iştirak edir. Bundan başqa, ölkənin turizm potensialının zənginliyindən, imkanlarının genişliyindən bəhs edən 9 dildə 50-dək reklam-çap məhsulları hazırlanaraq dünyanın bir sıra böyük şəhərlərində keçirilən ənənəvi beynəlxalq turizm sərgilərində ziyarətçilərə paylanır. Azərbaycanın turizm potensialını dünyada tanıtmaq məqsədi ilə “www.azerbaijan.tourism.az” saytı işlənib hazırlanıb. Bu gün ölkəmizin turizm potensialına dair reklam çarxları “EuroNews”, “Travel Channel”, “CNN”, “National Geographic”, “BBC” və “CNBC” kimi dünyanın ən məşhur telekanallarında mütəmadi yayımlanır. Həmçinin, hər ilin aprel ayında Bakı şəhərində “AİTF” Beynəlxalq Turizm Sərgisi və Ümumrespublika Daxili Turizm Sərgisi keçirilir. Ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanıdılması məqsədilə Almaniya, Avstriya, Türkiyə, Yaponiya, Misir, Mərakeş, Küveyt, Yunanıstan və s. kimi ölkələrin bir sıra turizm şirkətləri və KİV nümayəndələri üçün mütəmadi olaraq info-turlar təşkil edilir. Milli-mənəvi dəyərlərin qorunması, həmçinin yeni turizm marşrutlarının yaradılması məqsədilə, Avropa Şurasının Kiyev təşəbbüsü çərçivəsində həyata keçirilən “Şərab Yolları” və “Aleksandr Düma Qafqazda” marşrutlarının layihələri, “Azərbaycanda alman yaşayış məskənləri” layihəsi, TÜRKSOY çərçivəsində “Dədə Qorqud İrsi” beynəlxalq mədəni turizm layihəsi, BMÜTT çərçivəsində həyata keçirilən “Böyük İpək Yolu” layihəsi, “Babaların Tarixi Zəfər və Şəhadət Yolu” layihəsi işlənib hazırlanıb. “Azərbaycanda şərab yolları” layihəsi çərçivəsində “Beynəlxalq Mədəniyyət və Turizm Mübadiləsi Assosiasiyası” yaradılıb. Xəzər dənizi üzrə kruiz marşrutlarının təşkilində əməkdaşlığa dair Qazaxıstan, Azərbaycan, İran, Rusiya və Türkmənistan hökumətləri arasında saziş layihələri işlənib hazırlanıb. Şəhər turu adlı marşrut proqramı hazırlanıb. “City Tour” avtobusları vasitəsilə bu marşrutla yerli və xarici turistlərə ekskursiya xidmətləri göstərilir. Aparat rəhbəri onu da qeyd edib ki, turizmin və idmanın qış növlərinin inkişaf etdirilməsi istiqamətində bir sıra məqsədyönlü işlər aparılır: “Ölkə başçısının tapşırığı və şəxsən rəhbərliyi altında Qusar rayonunun Ləzə kəndi yaxınlığında, Şahdağın ətəklərində salınan “Şahdağ qış-yay turizm kompleksi” həm təyinatına, həm də nadir layihə strukturuna görə xüsusi önəm daşıyır. Turizmin və idmanın qış növlərinin inkişafı, respublika vətəndaşları və xarici turistlərin mükəmməl istirahəti üçün kompleksin ərazisində tennis, qolf, futbol və basketbol meydançaları, üstüörtülü idman qurğuları, hovuzlar, əyləncə - oyun kompleksləri, istirahət edənlərə piyada və at gəzintisi təklifləri və s. nəzərdə tutulub. Gündəlik beş min turist qəbul etmək iqtidarında olacaq kompleksdə müxtəlif həcmdə üç, dörd, beş ulduzlu otellərin, kiçik yaylaq evlərinin və kotteclərin, eləcə də ticarət mərkəzləri, restoranlar, əyləncə xidməti və məişət obyektlərinin tikintisi də nəzərdə tutulub. F.Qurbanovun sözlərinə görə, turizm sahəsində çalışanların peşə hazırlığının səviyyəsinin artırılması məqsədi ilə 2006-cı ildə Turizm İnstitutu yaradılıb və onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılıb.
Nigar
Palitra.-2011.- 16 avqust.- S.12.