“Ozan”
Azərbaycan Mədəniyyət Mərkəzi Çelyabinskdə
mədəniyyətimizi təbliğ edir
Xaricdə fəaliyyət
göstərən diaspor təşkilatlarımızın
fəaliyyət istiqamətlərindən biri
də Azərbaycan mədəniyyətinin təbliğidir. Belə
ki, onlar həmin
ölkələrdə bir çox
tədbirlər təşkil edərək Azərbaycanın qədim
mədəniyyətə malik olduğunu çatdırırlar. Bu gün diasporumuzun ən
sıx məskunlaşdığı ölkələrdən biri də Rusiyadır. Çelyabinsk
şəhərində diasporumuzun üzvlərinin
yaratdığı “Ozan” Azərbaycan Mədəniyyət
Mərkəzi isə (OAMM) öz fəaliyyəti ilə seçilir.
Ümumrusiya Azərbaycan Konqresi
Çelyabinsk vilayəti regional
bölməsinin və OAMM-ın sədri Rafael Quliyev
12 il əvvəl kiçik
bir qrupun
yaratdığı “Ozan”ın artıq inteqrasiya
proseslərinin fəal iştirakçısına,
Çelyabinskdəki milli-mədəni ictimai
təşkilatlar arasında ən təşəbbüskar quruma, eləcə də Rusiyadakı azərbaycanlıların
tanınmış təşkilatlarından birinə çevrildiyini deyir:
- İndiyədək bir sıra istiqamətlərdə layihələr həyata keçirmişik. Bunların bir qismi soydaşlarımızın problemləri, onların hüquqlarının qorunması ilə bağlı layihələrdir, eləcə də dövlət orqanları ilə iş birliyimiz var. Belə ki, Çelyabinsk vilayətində Qubernator yanında Milli Şuralar üzrə qurumda bizim təşkilat da təmsil olunur. Qanunvericilik orqanlarının nəzdində də milli məsələlər üzrə qurumda, eləcə də Miqrasiya Xidmətinin tərkibində xüsusi şöbə var ki, orada da biz xalqımızı təmsil edirik. Bundan başqa orada yaşayan xalqların nümayəndələrinin təmsil olunduğu Xalqlar Assambleyası var ki, cəmiyyətimiz yarandığı vaxtdan bu assambleyanın fəal üzvüdür. Ümumiyyətlə, hansı bir qurumun tərkibində fəaliyyət göstərməmizə baxmayaraq xalqımızı layiqincə təmsil etməyə çalışırıq. Xalqımızın tarixini, mədəniyyətini çatdırırıq ki, bu da böyük rəğbətlə qarşılanır. “Ozan” təşkilatı da öz fəaliyyəti ilə fərqlənir. Bunun nəticəsidir ki, Moskvada nəşr edilən “Rusiyanın ən yaxşı insanları” adlı kitaba Rusiyanın tanınmış dövlət xadimləri ilə yanaşı bizim təşkilatın nümayəndəsi kimi mən də daxil edilmişəm. Görülən işlər, mənəvi dəyərlərin təbliği istiqamətində həyata keçirdiyimiz tədbirlər bu müddət ərzində təşkilatımızın nümunəvi bir cəmiyyət kimi tanınmasına imkan yaradıb. Biz Azərbaycanı orada layiqincə təmsil edirik və bundan sonra da həmin zirvəni heç kəsə vermək fikrimiz yoxdur. Elə bir qurum yoxdur ki, bizim orada fəaliyyətimiz hiss edilməsin. Hər bir yerdə iştirak edirik, sözümüzü deyirik və adımız var.
- “Ozan” mədəniyyətimizin təbliği
istiqamətində hansı tədbirlər həyata
keçirir?
-
“Ozan”nın əsas məqsədi xalqımızın zəngin
mədəniyyətini, adət-ənənələrini qoruyub
yaşatmaq və təbliğ etmək,
soydaşlarımızın müdafiə
hüquqlarının təminatına yardımçı
olmaq, Rusiyada yaşayan azərbaycanlı ailələrdə
böyüməkdə olan yeni nəslin ana dilimizı,
tariximizi, mədəniyyətimizi mənimsəməsi və
Rusiya demokratik dəyərlərinə uyğunlaşmasına
kömək göstərməkdir. Mədəniyyət Mərkəzi
şəhərin və vilayətin mədəni həyatında
yaxından iştirak edir. “Ozan” Azərbaycan diasporunu birləşdirir
və möhkəmləndirir, onun vətəndaş
hüquqlarının, milli-mədəni və sosial mənafelərinin
gerçəkləşdirilməsinə, dilimizin və ənənələrimizin
qorunub saxlanmasına kömək göstərir. Azərbaycanın
dahi oğlu Heydər Əliyevin davamçıları kimi biz
Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin
möhkəmlənməsi üçün daim
çalışırıq. Mərkəz Çelyabinsk Vilayəti
Xalqları Assambleyası ilə birlikdə məktəblərdə
beynəlmiləlçilik tərbiyəsi sahəsində
iş aparılmasına da yardım edir. Mədəniyyət Mərkəzinin
fəaliyyətinin öncül istiqamətlərindən biri də
xeyriyyəçilikdir. Uşaq müəssisələrinə,
xeyriyyə fondlarına, Böyük Vətən müharibəsi
veteranlarına müntəzəm maddi yardım göstərilir.
Eyni zamanda bələdiyyə müəssisələrinə,
ictimai qurumlara sponsor yardımı, azərbaycanlı
idmançıların iştirakı ilə
yarışların təşkili, şəhər rəhbərliyi
ilə birlikdə məktəblilər arasında rüblük
“Kim? Harada? Necə?” bilik yarışmasının
keçirilməsi və s. işlər bu qəbildəndir.
Qeyd edək ki, cəmiyyətin internet saytı (“www.ozan.ru”) və
eyniadlı qəzeti var. “Ozan” qəzetində diasporun həyatında
baş verən ən mühüm hadisələr
işıqlandırılır. Bu qəzet Çelyabinskdə
KİV-in VIII festivalında “Ən yaxşı korporativ qəzet”
nominasiyasında 1-ci yerin sahibi olub. Fəaliyyətə
başladıqdan sonra hiss etdik ki, yeni vasitədən istifadə
etməliyik. Bu məqsədlə də “Ozan” qəzetini təsis
etdik. İndi də hiss edirik ki, qəzetdən də artıq
bir iş görməliyik. Başladıq kitablar, jurnallar
çap etdirməyə. Bu gün Rusiyada elə bir ali məclis
yoxdur ki, bizim səsimiz eşidilməsin. Biz
çalışırıq ki, azərbaycanlı biznesmenlər
Çelyabinskə, onların biznesmenləri isə Azərbaycana
sərmayə qoysunlar. Bu gün azərbaycanlı müəllim-professorlarımız,
həkimlərimiz, biznesmenlərimiz Çelyabinskdə ilk
onluğa düşürlər. Çelyabinsk vilayətində
130-dan çox xalqın nümayəndəsi var. Hazırda
orada 10 min azərbaycanlı yaşayır. Onların ümumi
məqsədi xalqlar arasında sülhün və əmin-amanlığın
möhkəmləndirilməsidir. Ölkəmizlə
bağlı nə qədər çox informasiya əldə
etsək, bu, bizim üçün çox önəmlidir.
Orada fəaliyyət göstərən Xalqlar
Assambleyasının üzvü olan digər diaspor təşkilatları
- rus, alman, gürcü, qazax, tacik, özbəklərlə
sıx əməkdaşlıq edirik. Bir-birimizə dəstək
oluruq, köməklik edirik. Bizim işlər nümunəvi
olduğu üçün onlar bizə müraciət edir və
keçirdiyimiz tədbirlərə onları dəvət
edirik.
- Ölkəmizdə mədəniyyət
sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlıq
necə qurulub?
- Mərkəz xalqımızın ən yaxşı ənənələrinin qorunub saxlanılması istiqamətində böyük işlər görür. Yeri gəlmişkən, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Çelyabinsk Mədəniyyət Nazirliyi arasında 2011-2012-ci illərdə ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq haqqında memorandum imzalanıb. “Ozan” mərkəzinin 10 illik yubileyi münasibətilə Çelyabinsk vilayətində “Xalqlar dostluğu” ongünlüyü keçirilib. Ongünlük çərçivəsində təşkil olunan “Cənubi Ural-Azərbaycan” elmi-praktik konfransında iştirak etmək üçün Bakı Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti vilayətə gəlmişdi. Azərbaycan muğamı, rəqsləri, müasir mahnılar Çelyabinsk sakinlərinin böyük marağına səbəb olur. Axı incəsənət dili üçün sərhəd yoxdur. Bu dil insanları birləşdirir, onların yaradıcı dünyasını zənginləşdirir. “Ozan” mərkəzinin nəşr etdirdiyi “Dostluq İpək Yolu. Çelyabinsk-Bakı: Mədəniyyətlərin dialoqu” kitabında bu əlaqələr və diasporumuzun fəaliyyəti ətraflı əksini tapıb.“Ozan” AMM-nin üzvləri gələcəkdə də mədəniyyətlər dialoqunun xeyirxah qonşular və əsl dostlar arasında dialoqa çevrilməsi üçün əllərindən gələni edəcək. 2006-cı ildə Azərbaycanda keçirilən “Rusiya ili” çərçivəsində Çelyabinsk vilayətinin nümayəndələri Bakıya gəlmişdi. Bakıda təşkil olunan həmin görüş zamanı Çelyabinsk vilayəti ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni əlaqələrlə bağlı müqavilələr imzalanıb. Bu müqavilələrə əsasən tələbələrin Bakıya gəlməsi, kitabxanalar arasında mübadilə, Bakı Dövlət Universiteti və rəssamlarla bağlı qurulan əlaqələr davam edir. Mədəniyyət və Turizm Nazirliyi ilə RF Çelyabinsk vilayəti arasında müqaviləyə əsasən, bu ilin may ayında Çelyabinsk şəhərindən olan 12 uşaq 5 gün Bakının qonağı olublar. Onlar Bakının ən populyar musiqi məktəblərində və digər görməli yerlərdə olublar və buradan böyük təəssüratla ayrılıblar.
Nigar
Palitra.-2011.-17 avqust.- S.11.