Tariximizin elmi cəhətdən araşdırılmasında muzeylərin rolu çox böyükdür

 

Layihə çərçivəsində müsahibimiz Qəbələ Rayon Tarix-Diyarşunaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Xalis Məmmədovdur.  

 

- Muzey maddi-mədəniyyət abidələrinin toplandığı, mühafizə edildiyi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət və elmi-tədqiqat müəssisəsidir. Azərbaycanda dövlət, bələdiyyə, şəxsi mülkiyyətdə olan üç növ müzey fəaliyyət göstərir. Muzeylərin daxili quruluşunda onun müxtəlif fondları xüsusi yer tutur. Respublikamızda fəaliyyət göstərən muzeylərin fonduna daxil edilmiş muzey əşyaları və kolleksiyaları Azərbaycan xalqının sərvətidir. Muzey fondlarına Azərbaycan xalqının tarixi, mədəniyyəti, məişəti, dövlət və cəmiyyətin həyatındakı ən mühüm hadisələrlə, elm və texnikanın, incəsənət və ədəbiyyatın inkişafı ictimai-siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin, hərbçilərin, tarixi hadisələrin fəal iştirakçılarının həyatı ilə bağlı olan ayrı-ayrı əşyalar və kolleksiyalar, incəsənətin memarlıq, təsviri, musiqi, teatr və tətbiqi-sənət, o cümlədən xalq sənəti və digər növlərinə aid əsərlər daxil olur.

 

- Muzey fondu necə zənginləşdirilir?

- Əvvəla, qeyd edim ki, 1980-ci ildən fəaliyyət göstərən Qəbələ Rayon Tarix-Diyarşunaslıq Muzeyi dövlət mülkiyyətinə daxildir. Muzeydə rayonumuzun 2500 illik dövrünü əhatə edən 12882 ədəd tarixielmi əhəmiyyətə malik eksponat mühafizə, tədqiq və nümayiş etdirilir. Ümumiyyətlə, muzeylərə əşyalar əsasən hədiyyə və satınalma yolu ilə daxil olur. Əşya əvvəlcə müvəqqəti qəbul edilir. Bu müddətdə onun muzey əhəmiyyəti, tarixi, materialı, əyarı, çəkisi, saxta olmaması və s. müəyyənləşdirilir. Əşyalar muzeyin fond-satınlama komissiyasında maddifiziki dəyəri qiymətləndirildikdən sonra əsas və yaxud elmi köməkçi fonda aid edilməsi barədə qərar qəbul edilir. Muzey əşya sahibinə alınmış materialları tam təsvir edən akt təqdim edir. Ordenmedallar hədiyyə yolu ilə qəbul edilərkən onları muzeyə təqdim edən şəxsdən mütləq «razılıq məktubu» alınır ki, gələcəkdə əşya sahibinin varisləri iddia qaldıra bilməsinlər. Yəni əşyalar onun sahibi tərəfindən muzeyə könüllü olaraq hədiyyə edilib. Bu gün muzeyimizdə çox zəngin arxeoloji, etnoqrafiknumizmatik materiallar kolleksiyası var ki, onların əsasında ayrıca muzeylər də təşkil etmək olar. Alimlərin, əmək qəhrəmanlarının, rayonumuzun ictimai həyatında mühüm rolu olan şəxslərin, İkinci Dünya müharibəsi iştirakçılarının, Azərbaycanın ərazi bütövlüyüsuverenliyi uğrunda şəhid olanların materialları ayrı-ayrı qovluqlarda mühafizə edilir. Xalq sənəti nümunələri, məişət və kənd təsərrüfatı alətləri, köhnə kitablar və sənədlər, görkəmli şəxslərin xatirə əşyaları bu gün də hədiyyə kimi muzeyə verilir. Həmin adamlara qəbul aktı ilə bərabər mətbuat və yaxud məktub vasitəsilə minnətdarlıq bildiririk. Vətəndaşlardan savayı ayrı-ayrı idarə və təşkilatlar da muzey fondlarının zənginləşdirilməsinə öz töhfələrini verirlər. Muzeyimizə yarandığı gündən 120 əşya cəmi bir faiz satınalma yolu ilə daxil olsa da, bu gün əhalidən pulla alınası əşyalar çoxdur. Bunların içərisində qədim əlyazmalar və çap kitabları, sikkələr, zərgərlik məmulatları xüsusi yer tutur.  Müharibə veteranlarının ailələrindən şəxsi əşyalar, hərbi formalar, fotoşəkillər, cəbhə məktubları, gündəliklər muzey üçün alınır və əsas fonda daxil edilir. Çağırışçı gənclərlə hərbi xidmətdən qayıdanların, şəhid analarının, xidmətdə olan əsgərlərin analarının görüşlərinin təşkil edilməsi yaddaqalan bir hadisəyə çevrilir. Çağırışçıların muzeylərimizdən, xüsusilə Fəxri xiyabandan yola salınması, onlara müharibə veteranlarının tövsiyə verməsi müsbət nəticə verir. Fikrimcə, hər bir müəssisədə düşmənə qarşı nifrət hissini gücləndirmək üçün məmləkətimizin suverenliyibütövlüyü uğrunda döyüşdə həlak olanlara, Milli qəhrəmanlarımıza, 20 Yanvar, Xocalı faciəsinə həsr olunan təbliğat xarakterli guşələr yaradılmalıdır.

- Muzeyə maraq hansı səviyyədədir?

- Muzeyimiz tamaşaçı baxımından da əziyyət çəkmir. Xarici ölkə vətəndaşları, respublikamızın müxtəlif bölgələrindən gələn qonaqlar, yerli əhali, o cümlədən məktəblilər demək olar ki, muzeyimizin daimi qonaqlarıdır. 12714 eksponatın özünəməxsus qədimliyi muzeyimizi daha rəngarəng, zəngin göstərir. Tariximizi qoruyan, gələcək nəsillərə çatdıran muzeyimiz həqiqətən də bir elm ocağı, xəzinədir. Tariximizin elmi cəhətdən araşdırılmasında muzeylərin rolu çox böyükdür. Respublikamızın aparıcı muzeyləri, AMEA-nın elmi-tədqiqat müəssisələri ilə sıx əməkdaşlıq edirik. Burada tədqiq, təbliğ, mühafizə olunan arxeoloji materiallar əsasında namizədlik və doktorluq dissertasiyaları yazılır. Çünki muzey elm müəssisəsidir. Burada topladığımız materiallar əsasında 1980-ci ildən bu günədək 4 nəfər namizədlik dissertasiyası, iki nəfər doktorluq dissertasiyası yazıb. Muzeyə gələnlərin diqqətini arxeoloji, etnoqrafik, numizmatik materiallar, xalq sənəti nümunələri, qədim əlyazma və çap kitabları xüsusilə cəlb edir. Muzeyimizdə ekskursiyalar musiqinin müşayiəti ilə aparılır. Hər zalın, hər tarixi dövrün özünəməxsus musiqisi var. Burada Azərbaycan tarixi və Azərbaycan musiqisi eyni vaxtda təqdim və təbliğ edilir. Muzeydən ayrılan hər bir şəxs uzun müddət buranın təəssüratları ilə yaşayır.Muzeyimizdə və onun filiallarında məktəblilərin tarix və ədəbiyyat dərslərinin keçilməsinə şərait yaradırıq. Məktəbli ilk Azərbaycan pulunun Qəbələdə kəsildiyini eşitmişdi, kitablardan oxumuşdu. Biz həmin pulu muzeyimizdə ona göstərir, toxunmasına şərait yaradırıq. Bu isə keçilən dərsin daha yaxşı mənimsənilməsini təmin edir. Muzeydə 20-ci əsrin ortalarında istehsal olunmuş patefonda köhnə valları oxutmaq olar. Bu vallarda Xan Şuşinskinin, Bülbülün, Fatma Mehrəliyevanın ifalarında xalq mahnılarımızı qonaqlar özləri də səsləndirə bilərlər. Bir maraqlı faktı da deyim. Azərbaycan realist nəşrinin banilərindən və ilk azərbaycanlı generallardan biri olan İsmayıl bəy Qutqaşınlının yeganə avtoqrafını 1985-ci ildə Leninqradda ezamiyyətdə olarkən aşkara çıxardım və ilk dəfə 2 iyul 1986-cı ildə «Elm» qəzetində dərc etdirdim. Daha sonra böyük həmyerlimizin «İki quşun söhbəti» adlı didaktiv mövzuda yazdığı şeirini tapıb 1999-cu ildə «Qəbələ» qəzetində yenidən işıq üzü görməsinə nail oldum. Çox fərəhli haldır ki, hər iki tapıntı Prezidentin sərəncamı ilə Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşr edilən əsərlərin siyahısına daxil edilərək çap edilib. 

 

 

Anar Miriyev 

 

Palitra.-2011.- 19 avqust.- S.6.