Cənub bölgəsi
ilə bağlı turizm təəssüratları
Tətildə cənub
bölgəsinin bir neçə rayonunda olduq. Ona görə də bu
bölgənin turizm imkanları və buraya mövsümlə bağlı turist axınını izləməyə macal tapdıq. Bu
baxımdan təəssüratlarımızı oxucularla bölüşmək istəyirik.
Öncə Masallı rayonunun turizm imkanları barədə qeydlərimizi paylaşaq. Bölgənin bir sıra rayonlarında olduğu kimi, bu rayonda da müalicəvi turizm üçün unikal şərait var. Belə ki, Masallının turist şəbəkələri əsasən meşə zolağında yerləşir. Rayonun İcra Hakimiyyətindən aldığımız məlumata görə, burada lisenziyalı obyektlərin sayı 24-ə çatdırılıb. “Çənlibel”, “Olimp”, “Ulduz”, “Nil bağı”, “Yanar dağ”, “Yeddi bulaq”, “Gülüstan”, “Turist”, “Cənnət bağı” və digər obyektlər lisenziya ilə təmin edilib. Primitiv tikililəri olan bir-iki turizm obyektini istisna etsək, Masallıda bütün turizm obyektlərində müasir və normal şəraitli binalar fəaliyyət göstərir. Turizm obyektlərinin əsas əhəmiyyətliləri İstisu arealında yerləşir. İstisu ərazisində olarkən burada müalicəvi turizm üçün yüksək səviyyəli şəraitin olduğunu, daha çox yerli, eləcə də müəyyən dərəcədə xarici turistlərin də bu turizm növünə maraq göstərdiyini öyrəndik. Masallının Mahmudavar sovetliyində yerləşən “Baba bulağı” adlı turizm obyektinə də müştəri kimi baş çəkdik. Burada bir qədər fərqli və əyləncəli xidmət növünün şahidi olduq. Belə ki, obyekt fərqli bir istirahət üçün tilovla balıq ovunu təklif edir. Amma qeyd edək ki, burada əvvəl bir pir fəaliyyət göstərib, sonradan isə onun yanında turizm obyekti salınıb. Oradakı restoranın kayutlarının lap altındaca yerləşən gölməçədə balıq var və elə yanları açıq kayutdanca gölə tilov atmaq olur. Amma deyək ki, özümüzlə tilov götürməsəydik, balıq ovuna həsrət qalacaqdıq. Belə ki, obyekt balıq ovu vəd etsə də, burada həmin ovla bağlı hər hansı təlimat və ləvazimat yoxdur. Sadəcə sənə gölməçəni göstərirlər. Doğrusu, iki dəfə həmin obyektdə olmağımıza və saatlarla tilov atmağımıza baxmayaraq sadəcə bir dənə 750 qramlıq sazan tuta bildik. Onu da qeyd edək ki, burada tutulan balıq ödənişli menyuya daxildir və restorana təhvil verilir, sonra arzunuzdan asılı olaraq müəyyən formada bişirilmiş olaraq süfrənizə verilir. Əlbvəttə, əgər bəxtiniz gətirsə və bir balıq da olsa tuta bilsəniz... Lənkəran rayonunun ərazisində də müalicəvi turizmə aid olan obyektlər fəaliyyət göstərir. Rayonun Havzovo və İbadi kəndində olduq. Amma İstisudan - müalicəvi vannadan yalnız İbadi kəndində istifadə etdik. Öncə qeyd edək ki, bu yerlər də dağ qoynunda yerləşən çox səfalı, bulaqlı yerlərdir. Təbii şəraiti çox gözəgəlimli və turizm üçün əlverişlidir. Amma çatışmayan cəhətlər də var. Belə ki, konkret olaraq İbadi çətin keçilən dağ yollarının sonunda, yüksəklikdə, lap demək olar ki, dağın içərisində yerləşir. Burada gözəl mənzərələr, müalicə və istirahət məqsədilə daha çoxlu sayda turist qəbul etmək üçün yaxşı təbii şərait var. Amma yalnız təbii şərait. Standartlar isə formalaşdırılmayıb. Birincisi, həmin turizm məkanına heç bir avtomobil yolu çəkilməyib, ora yalnız 4x4 maşınlarla birtəhər getmək mümkündür. Maşınlar oraya çətinliklə gedib çıxır. Buradakı istisu vannalarında isə müəyyən natəmizlik nəzərə çarpır. Məsələn, bizə “xüsusi yer” kimi təklif edilən təkadamlıq vannalardan birindəki suyun içərisində siqaret kötüyü görünürdü. Həmçinin vannalardan istifadə ilə bağlı heç bir təlimat yoxdur. Çox yüksək temperaturu olan bir şəraitdə istisu vannası qəbul etmək əslində müəyyən təlimata əsaslanmalıdır. Həddindən artıq isti olan, hətta dərini yandıran, hər adamın girə bilmədiyi suda dəqiqələrlə qalmaq bəs nə dərəcədə normaldır? Bax, bununla bağlı ayrıca araşdırma aparmağın yeri var. Həmin məkanda heç bir həkim-sanitariya xidməti də nəzərə çarpmırdı. 12 dəqiqə ərzində çox isti suyu olan vanna qəbul edib çıxandan sonra qəribə mənzərənin şahidi oldum. Bayıra çıxandan sonra vanna qəbul etmiş beş-altı ortayaşlı və yaşlı adamın halının pisləşdiyini, ürəyinin getdiyini görəndə həmin isti hücrədən sağ-salamat çıxdığıma görə özümü bir anlığa əsl qəhrəman saydım. Burada əlavə etməyi lazım bilirəm ki, bu cür müalicəvi turizmdən yararlanmaq istəyən insanlarımız müvafiq mütəxəssislər və həkimlərlə əvvəlcədən məsləhətləşməlidir. Belə ki, ilin çox isti fəslində və qızmar günlərdə istisuya girməyin gözlənilən fəsadları nəzərə alınmalıdır. Bundan başqa, cənubda bu turizm növünün məhz hansı mövsümdə fəaliyyətinin arzuedilən və məqbul olduğu da dəqiqləşdirilməlidir. Doğrudur, yerli əhali qızmar günlərdə də buralara gəlməyi xoşlasa da, hər halda müəyyən şərtləri gözləmək və bununla bağlı təlimatlar, məlumatlandırmalar məqsədəuyğun olardı... Qeyd edək ki, bundan başqa Lerikdə də olduq və bir daha burada turizm üçün gözəl təbii şəraitin olduğunu müşahidə etdik. Burada iri çay daşlarının arası ilə şırıltı ilə axan gözəl, kiçik bir çayda bir neçə kiçik alabalıq da tutduq - əlbəttə ki, bunun heç bir menyuya dəxli yox idi. Nisbətən daha yüksəklikdə yerləşən bu turizm məkanındakı sərin bulaqlar və əsl meşə-dağ havası gözəl istirahət etmək üçün çox əlverişlidir. Eyni zamanda Lerikdəki turizm məkanında məşhur turizm tikililəri və demək olar ki, iri komplekslər salınır., yüksək standartlar tətbiq olunur. Amma bir məqamı qeyd etmək lazımdır ki, bəzi bu cür komplekslərin sahəsi həddindən artıq böyükdür və bu mənzərə buraların təbiətinə müəyyən qədər müdaxilə deməkdir. Belə ki, bu cür obyektlər həddindən artıq iri ərazini tutmaqla təbii turizm şəraitindən yararlanma imkanlarını xeyli aşağı salmış olur.
Bir neçə ümumiləşdirici
məqam
Ölkədə turizm üçün xarakterik olan bir sıra məqamları cənub bölgəsindəki turizmdə də müşahidə etdik və buna görə də bəzi ümumiləşdirici məqamlara toxunmaq yerinə düşərdi.Məsələn, turist obyektlərindəki menyularda demək olar ki, ancaq kababların müxtəlif növləri və şəhərdə də menyunu zəbt edən ət yeməkləri var. Məsələn, cənub bölgəsində də yerli mətbəxə uyğun yemək növlərindən çox az istifadə olunur, bir ləvəngi istisna olunmaq şərtilə. Halbuki bu bölgənin rəngarəng və orijinal mətbəxi var ki, onlar turistlərə təklif edilsə, daha yaxşı olardı. Ümumiyyətlə, camaatımız daha çox ət yeməklərinə meyillidir və üstəgəl iaşə xidmətlərində bu cür halları müşahidə edəndə ətin getdikcə bahalaşdığının səbəblərindən biri də üzə çıxmış olur. Belə ki, mövsümlə bağlı olaraq iaşə xdmətlərində əsasən ətdən hazırlanan yeməklər təklif olunur ki, bu da əhalinin sifarişindən asılıdır. Belə ki, insanlarımızın çoxunun turistik səviyyəsi və düşüncəsinə uyğun ənənəvi, yeknəsəq menyular formalaşıb. Görünür ki, turizm mədəniyyəti ilə bağlı da kulturoloji maarifləndirmələrə də ehtiyac var. Belə olmalıdır ki, camaat turizmin təkcə ağac kölgəsində kabab yeməkdən və təbiəti zibilləməkdən, uşaqlarının dağ çaylarına butulkalar və əllərinə nə keçdi vızıldatmalarından ibarət olmadığını daha yüksək səviyyədə dərk etsin... Bundan başqa turizm bölgələrində yerli əhalinin el sənətindən, əl işlərindən, xarakterik sənətkarlıq nümunələrindən və sairdən ibarət potensialı demək olar ki, təqdim edilmir. Bu, qeyd edildiyi kimi, istər yemək, istərsə də əşyalar və məmulatlara aiddir. Turizm obyektləri bu məsələlərdə səriştəsizlik göstərirlər və əlaqədar qurumlarla bu məsələdə koordinasiya çox zəifdir. Həmçinin yerlərdə servisin səviyyəsi də hələ aşağıdır. Həmçinin Azərbaycanda inkişaf etdirilməsi çox aktual olan bir sahə var - balıqçılıq turizmi. Bu barədə ötən saylarımızda da yazmışıq. Balıqçılıq turizmi ölkədə bir sıra standartlar baxımından demək olar ki, yox səviyyəsindədir. Əslində bu sahəni daxili turizmin ən gəlirli sahələrindən birinə çevirmək olar. Məsələn, Rusiyada ardıcıl olaraq neçə ildir ki, balıqçılıq turizmi daxili turizmdə ən gəlirli sahə kimi qeyd edilir, bu sahənin daha da inkişaf etdirilməsi üçün ciddi tədbirlər görülür, investisiya yatırılır. Azərbaycanda isə balıq ovuna maraq və buna şərait heç də Rusiyada olduğundan az deyil. Söhbət qarmaq və ya spininqlə balıq ovundan gedir. Bir sıra əlverişli bölgələr var ki, həmin bölgələrdə əhali tarixən, ənənəvi olaraq balıq ovu ilə məşğuldur. Bu, peşə olaraq balıqçı olanlara yox, sadəcə balıqçılığı hobbiyə çevirmiş insanlara aiddir. Həmin insanların balıq ovuna kütləvi və daimi marağı kənd turizminin bu sahəsinin ciddi inkişafı üçün əsas ola bilər. Amma buna mane olan bir sıra amillər mövcuddur. Əlverişli turizm bölgələrində (Xüsusilə də cənub bölgəsi - Masallı, Cəlilabad, Lənkəran, Astara, eləcə də Lerik, şimal bölgəsi rayonları, yaxud Muğan - Salyan, Neftçala və sair) iri çaylarla yanaşı çoxlu kiçik göllər var. Həmin göllərin çoxu bu gün imkanı olan ayrı-ayrı adamların fərdi istifadəsindədir. Araşdıranda həmin kiçik göllərin çoxunun ya qeyri-rəsmi, ya da qeyri-qanuni formada fərdi istifadəyə verildiyi bəlli olur. Bu cür fərdi istifadədə olan göllərdən isə adətən qeyri-səmərəli şəkildə yararlanılır, ya da həmin göllərin ətrafı sadəcə çəpərlənir və ora kimsə buraxılmır. Fərdi istifadədə olmayan belə göllər isə çox vaxt baxımsızlıqdan və biganəlikdən quruyur. Halbuki həmin kiçik göllər, eləcə də çaylar balıq ovu üçün yararlı hala gətirilsə, onların əsasında ov turizmi formalaşdırmaq mümkündür. Nəzərə alınmalıdır ki, bu il “Turizm ili”dir, turizmin inkişafı üçün ölkədə ciddi tədbirlər həyata keçirilir. Bu baxımdan istər xarici, istərsə də yerli turistləri cəlb etmək üçün həmin gölləri, eləcə də çayları hazırlayıb, balıq ovu turları təşkil etmək olar. Unudulmamalıdır ki, bir sıra bölgələlərdə balıqdan milli mətbəximizə aid müxtəlif orijinal yemək növləri(o cümlədən ləvəngi) hazırlanır ki, bu da həmin regionların koloritini turistlər üçün daha əsrarəngiz və maraqlı edir. Bu baxımdan əlverişli bölgələrin turizm imkanlarının reallaşdırılması yolları müzakirə ediləndə həmin göllərin və digər su hövzələrinin balıqçılıq potensialı da nəzərə alınmalıdır. Doğrudur, həmin göllər vətəgə əhəmiyyəti baxımından çox da önəmli olmaya bilər, bununla belə ov turizminə görə onlar böyük səmərə gətirə bilər. Xüsusilə yerli balıq ovçularını kütləvi surətdə turist qismində həmin göllərə cəlb etmək olar.
İlkin AĞAYEV
Palitra.- 2011.- 17 avqust.- S.7.