Azərbaycan mədəniyyəti
italyanları heyran qoyub”
Layihə çərçivəsində
növbəti müsahibimiz İtaliyada Azərbaycan Mədəniyyət
Assosiasiyasının prezidenti, Türksoyun İtaliyadakı rəsmi
təmsilçisi Mais Nuriyevdir:
- Mən
Avstriyanın Zalzburg şəhərində keçirilən
Azərbaycan incəsənət günləri konsertlərində
iştirak zamanı əldə edilən böyük
alqışlardan sonra səfirimizin bizlə keçirdiyi
görüşdəki sözləri yada salıram. “Siz bizim
illərlə etdiyimizi iki saatin işində edirsiniz.” Yəni
Azərbaycanı tanıdırsınız. İtaliyada
keçirdiyimiz tədbirlərdə biz ölkəmiz
haqqında fotoguşələr, video və konsertdən əvvəl
tamaşaçılar qarşısında Azərbaycan
haqqında çıxışlar edirik. Bu tədbirlər
öz əksini sonra İtaliyada çıxan qəzetlərdə
də tapır. Mən deyərdim
ki, mədəniyyət çox böyük qüvvədir.
Ona görə ki, xalqı mədəniyyəti ilə
tanıyırlar. Azərbaycan mədəniyyəti haqqında
günlərlə danışsan belə qurtarmaz. Azərbaycan
Mədəniyyət Assosiasiyasının İtaliyada rəhbəri
olmagım mənə şan-şöhrət deyil, olduqca
böyük məsuliyyət daşıyıcısı
olmagımı hiss etdirir. Mənə Vatikan radiosundan zəng
edib deyəndə ki, sən Azərbaycan haqqında italyanca,
bütün dünyada eşidilən radioda
danışmalısan, onda bir Allah bilir ki, mən nələr
çəkdim. Bir tərəfdən sevinirdim, o biri tərəfdən
ehtiyat edirdim ki, az bir vaxtda hər şeyi deyə bilim ki,
layiqli olsun. Biz səfirliyimizlə bərabər Milanda Qarabag
qaçqın və məcburi köçkün
uşaqlarının konsertini təşkil edəndə, Milan
Konservatoriyasının rektorunun köməyi ilə xor qrupu ilə
bərabər keçirilən konsertin aparıcısı
italyan idi. Burada olan böyük müvəffəqiyyətin
sevincini sizə deyə bilmərəm. Azərbaycanlı
uşaqlar hamını mat qoymuşdular. İtalyan
uşaqları bizim uşaqların nə gədər
istedadlı olmalarına heyran qalmışdılar. Burada ermənilərin
Qarabağda törətdiyi cinayətlərdən də
danışıldı.
İtalyan jurnalistlər bu hadisəni mərkəzi qəzetlərdə
işıqlandırdı. Biz konserti italyanlar ilə bərabər
təşkil edirik və tamaşacılar əsasən
Milanın yüksək təbəqəli insanlarından ibarət
olur. Tamaşacılar arasında bir nəfər bizə tənqidlə
yanaşdı ki, bu torpaqlar ermənilərin olub. O, ermənilərin
illərlə yaydıgı yalançı məlumatları
öyrənmişdi və bizi mədəniyyətlə deyil,
siyasətlə məşgul olmagımızda
günahlandırmaq istədi. Səfirliyimiz
ona çox gözəl, layiqli cavab verdi. Həmin adama italyan
dostlarımız da laqeyd qalmadılar. Ümumiyyətlə,
biz səfirimiz Vaqif Sadıxovdan çox razıyıq. O, diqqətli,
sadə olmağı ilə yanaşı həm də
çox böyük bir diplomatdir. Biz belə azərbaycanlılarla
fəxr edirik.
- Sizin assosiasiya tərəfindən
mədəniyyətimizin təbliği istiqamətində hansı
addımlar atılır?
-Mən
sənətcə xoreoqrafam. Milanda Orizon rəqs məktəbində
dünya xalq rəqsləri müəllimi olmağıma
baxmayaraq başqa xalqların rəqsləri ilə bərabər
Azərbaycan rəqsləri proqramını da qurmuşam və
bütün tədbirlərimizdə iştirak edirik. Həm də
baxanlar elə bilir ki, onlar italyan qızları deyil, elə Azərbaycan
qızlarıdır. Bu rəqslər televiziyada, İtalyada
konkurslarda, başqa ölkələrdə alqışlara səbəb
olmaqdadır. Biz Xocalı soyqırımı ilə
bağlı tədbiri Busto Garolfo şəhərində
dövlət binasında konfrans zalında təşkil etdik. Mənim
rəqs qrupum Xocalıya həsr edilmiş rəqs
kompozisiyası ilə çıxış etdi. Bizim səfirliyimiz
dəvət edilən qonaqlara “caterinq” də verdi. Bu
İtalyanın bir neçə qəzetində
yazılmışdı. Hazırda bu məktəbi beynəlxalq
konkursa hazırlayıram. Mən bundan əlavə iki rəqs
akademiyasında xarakter rəqsləri müəllimi işləyirəm
və bir çox akademiyaların imtahan komissiyalarına
müntəzəm üzv kimi dəvət olunuram. Mənə bu il təklif olunub ki,
müəllimlərin təkmilləşdirmə kurslarında
dərs deyim. Mənim İtaliyada dostluq etdiyim böyük sənət
adamlarından biri ilə mədəniyyət nazirimizin dəvəti
ilə Bakıya gəlmişdik. Bu Alla Skala Teatrının
keçmiş bədii rəhbəri Cüseppe Karbonidir. Bu sənətkar
dünyada məşhur adamdır. Mən 2010-cu ildə
Türkiyədə keçirilən beynəlxalq konkurslarda rəqs
üzrə münsiflər heyətinə dəvət olundum.
Eləcə də Türksoy beynəlxalq mədəniyyət
təşkilatının İtalyada rəsmi təmsilçisiyəm.
Türksoyun Milanda bələdiyyə ilə bərabər rəsm
sərgisini təşkil etdim. İtaliyada Azərbaycan Mədəniyyət
Assosiasiyası ilə təşkil etdiyim Türksoyun Milan sərgisini
Azərbaycanın 20 illik müstəqilliyinə həsr etdim.
Onun açılış mərasiminə bütün səfirlik
və konsulluqları dəvət etdik.
Açılışda Azərbaycan səfirliyində
Türkiyə və Qazaxıstan səfirliyindən olan rəhbərlər
qonaqları yüksək səviyyədə qarşılamaq
işində fəal oldular. Mənim rəqs qrupum burada turk
xalq rəqslərini təqdim etdi. Bu, Türksoyun baş katibi
olan Dusen Kasseinovu heyran etdi. O, bizə yeni rəqs geyimləri
tikdirəcəyinə və inkişafımıza kömək
edəcəyinə söz verdi. Mən Düsen Kasseinov ilə
bərabər 19 iyun tarixində Pennabili şəhərindən
qonaq gəlmiş 16-cı Papa Benedetto ilə də
görüşdüm. Biz məşhur sənətkar, Nobel
mükafatçısı 94 yaşlı Tonino Guerranın da
evində olduq. Onun ev museyi məni
heyran etdi. İndi oktyabr ayında
bu sərgini Florensiyada davam edəcəyəm. Burada azərbaycanlı
rəssamların da əsərləri var. Mənim təkcə
Milanda deyil, bir çox başqa şəhərlərdə də
əlaqələrim var. Məsələn, Neapol
Akademiyasında dərs dediyim üçün oranın teatr rəhbərləri
ilə Azərbaycan arasında birgə əməkdaşlıq
sahəsində bir sıra təkliflər irəli
sürmüşük. Bunun hamısı yaxın gələcəkdə
olacaq. Mən İtaliyada daha bir böyük proyekt üzərində
işləyirəm. Burada bir çox tanınmış sənətkarlar
birləşib. Ümud edirəm
ki, bütün bu fəaliyyət və əlaqələr Azərbaycanın
təbligi işinə böyük kömək olacaq. Bizim
assosiasiyanın üzvləri arasında həyat
yoldaşım da var ki, o, Milanda musiqi məktəbinin
direktorudur. Onun tələbələrinin valideynləri
Milanın yüksək təbəqələrindən olan
şəxslərdir. Mənim iki oglum var və onların hər
ikisi milli ruhda böyüyür. Azərbaycanla daim əlaqədəyik.
Onlar da mənə gənclərlə birləşmək
işində kömək olurlar.
-Ümumiyyətlə, bu gün
xaricdə mədəniyyətimizin təbliği istiqamətində
yetərincə addımlar atılırmı?
-Mən
bu il respublikamızın mədəniyyət sahəsinə
xüsusi diqqət yetirdiyini görürəm. Yəqin ki, yeni
səfirimizin gəlişi də buna misaldir. O, bütün azərbaycanlıları
ətrafina yığaraq hamını birləşdirir,
hamını respublikamızın xeyrinə yönəldə
bilir. Mən bunu həmişə arzulamışam. Milan şəhəri
çox vacib yerlərdəndir. O, 2015-ci ildə Expo birinci
dünya şəhəri adını qazanıb. Burada
diplomatiya mərkəzi,ekonomik mərkəz və bütün
xalqların, etnik qrupların fəaliyyəti mövcuddur.
Bundan əlavə dünyanın moda mədəniyyət mərkəzidir. Rusların burada bir neçə məktəbi
var və çox böyük mədəniyyət fəalyyəti
ilə məşgul olurlar. İstərdik ki, bizim də burada
məktəbimiz olsun, dil dərsləri kursları təkcə
azərbaycanlıları deyil, həm də italyanları da
maraqlandırardı. İtalyan xalqı hər şeylə
maraqlanan xalqdır. Onlar
başqa xalqlarla maraqlanıb öyrənməyi
xoşlayırlar. Bu məktəbdə bizim mədəniyyətimizlə
bərabər tariximiz də tədris olunardı. Mən bununla bağlı təkliflərimi
hərtərəfli, planlı şəkildə səfirliyə təqdim etməyə
hazırlaşıram. Bu səfirliyin təklifi idi.
İnanıram ki, burada təkcə mədəniyyət deyil,
hər bir sahədə azərbaycanlıların
istedadını görə biləcəyik. Bununla daha
böyük işlər edə bilərik. Biz İtaliyaya
öz tariximizi,böyük şəxsiyyətlərimizi də
tanidaraq iki ölkə arasında dostluğumuzu daha da bərkitməliyik.
- Xaricilər tərəfindən
Azərbaycan mədəniyyəti necə qarşılanır?
- Sadəcə,
elə rəqs haqqında desəm, siz görərsiniz ki, məktəblərdə
Azərbaycan rəqslərini güclə öyrətmirəm.
Onlar öyrəndikləri rəqsləri yenə ifa etmək
istəyirlər. Hətta mən başqa rəqsi keçəndə
məndən xahiş edirlər ki, Azərbaycan rəqsini də
keçim. Görün bu nə deməkdir. Ümumuyyətlə,
italyan uşaqlarına istəmədikləri bir şeyi
güclə öyrədə bilməzsən. Onu rəqsə
gəlməyə heç kim vadar etmir. Mənim həyat
yoldaşım Nəzakət Nuriyevanın musiqi dərslərində
hazırladığı klassik əsərlər arasında Azərbaycan
bəstəkarlarının əsərləri də var.
Uşaqlar bu əsərlə Cüseppe Verdi adına
Konservatoriyaya daxil olarkən professorlar soruşub ki, nə
gözəl əsər calırsan. Onlar bu əsərlə
maraqlanaraq Nəzakət xanımla tanış olublar, həm də
dərs metodunu çox bəyəniblər. Mənim
yoldaşımın Bakıda çox güclü müəllimləri
olub. Bu məktəb cox böyük məktəbdir.
- Azərbaycandakı mədəniyyət
ocaqları ilə əlaqələriniz necə qurulub?
- Mən xoşbəxtəm ki, Azərbaycanda dogulmuşam. İlk sənət ocağım Azərbaycan Dövlət İncəsənət Universiteti olub ki, oranın mədəni-maarif fakültəsini bitirmişəm. Mən Azərbaycanda Mədəniyyət Sarayında direktor kimi çalışmışam. Universitetin rektoru T.Əfəndiyev, prorektor Rafiq müəllim və Çingiz müəllimlə əlaqələr saxlayıram, onlar yenə mənə öz müəllimlik köməyini, məsləhətlərini verirlər. Mən o dövrdə yaşayan bir çox sənətkarlardan dərs almışam və bir çoxu ilə eyni səhnədə çalışmışam. Sonra mən Moskvada xoreoqraf təhsili aldim. Mənə böyük teatrın tanınmış balet ustaları dərs dedilər. Sonralar mən 3 il Naxçıvan mahnı və rəqs ansamblında baş baletmeyster vəzifəsində çalışdım. Mən İtaliyada Bakı Xoreografiya məktəbi ilə əməkdaşlıq qurduqdan sonra nazir Əbülfəs Qarayevin köməyi ilə buraya tələbələr ezamiyyə edilib və Milanda balet tamaşasını reallaşdırmışıq. Mənim Bakıda teatr sənətində də böyük dostlarım var. Çalışıram ki, Bakıya gəldiyim zaman onlarla görüşüm və daim onlarla bir iş birliyi qurmağa çalışıram. Qarşıda böyük layihələrimiz var.
Nigar
Palitra.- 2011.- 23 avqust.- S.7.