Azərbaycanın regionda liderliyinin əsas göstəricilərindən biri: milli iqtisadiyyatonun prioritetləri

 

Azərbaycanda iqtisadi yüksəlişin kökləri və davamlı iqtisadi  inkişaf təbii şəraitə və sərvətlərə əsaslandığı kimi, intellektual potensiala və dəqiq düşünülmüş strateji inkişaf məqsədlərinə dayanır. Azərbaycanın uğurlu iqtisadi inkişafı üçün futuristik yanaşma tətbiq edilir və gələcəyə hesablanmış bütün lazımi tədbirlər görülür. Əldə edilən nəhəng iqtisadi uğurlar əsasında yeni mərhələdə qlobal inkişafregionda liderlik məqsədlərinin həyata keçirilməsi üçün məqsədyönlü layihələr planlaşdırılır.  

 

Şaxələnmiş istiqamətlərdə islahatların mobil üsullarla davam etdirilməsi qarşıdakı dövr ərzində də Azərbaycanın rəqabət qabiliyyətinə görə digər ölkələrdən fərqlənəcəyini və liderlər cərgəsində yer alacağını şərtləndirir. Azərbaycan bütün inkişaf və iqtisadi etibarlılıq göstəricilərinə görə ən qabaqcıl ölkələrin investorlarını özünə cəlb edir. Məsələn, 1995-ci ildən etibarən xarici sərmayələr ölkə iqtisadiyyatına qoyulduqdan sonra bu gün demək olar ki, 100 milyard dollara yaxın vəsait Azərbaycan iqtisadiyyatına yatırılıb. Bu sərmayələrin aparıcı qüvvəsi Azərbaycanın enerji sektoru olsa da, təbii sərvətlər iqtisadiyyatı şaxələndirmək və enerji sektorundan asılılığı azaltmaq üçün optimal bir şəkildə yararlanılmaqdadır. Bu isə qeyri-neft sektorunun dirçəlişi yönündə ciddi nailiyyətdir. Qeyri-neft sektorunun dirçəlişi artıq arxada qalmış böhran illərində də özünü göstərdi. Məsələn, 2008-2009-cu illərdə neft qiymətləri 4-5 dəfə azalmasına baxmayaraq, iqtisadiyyatımız əsasən qeyri-neft sektorunun hesabına artmışdı. İqtisadi güc göstəricisi olaraq müstəqilliyin ilk illərində borc alan Azərbaycan hazırda borc verən ölkəyə, eyni zamanda ciddi bir sərmayədar ölkəyə çevrilib. Ölkə hüdudlarından kənarda qoyulan sərmayələr artıq 3-4 milyard dollara bərabərdir və Azərbaycan artıq bu baxımdan yaxşı nüfuza malikdir. Ötən hər bir ilin sosial-iqtisadi göstəriciləri iqtisadi uğurların sayının getdikcə artdığını göstərir. Ötən il sənaye istehsalında, bütövlükdə isə ölkə iqtisadiyyatında qeydə alınan artım neft-qaz sektorunun hesabına daha da artıb, il ərzində Azərbaycanda 51,5 milyon ton neft, 27 milyard kubmetr əmtəəlik qaz hasil edilib.Təkcə onu demək kifayətdir ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurla reallaşdırılması nəticəsində 2010-cu ildə Azərbaycanda neft və qaz hasilatı rekord səviyyəyə çatdırılıb. 2011-ci ilin ilk rübündə isə ölkədə 12 mln. ton neft və 6,3 mlrd. kubmetr qaz hasil edilib. Azərbaycan qaz ölkəsi kimi də əsas dünya oyunçularından birinə çevrilib. İrəli sürülmüş təşəbbüslər və icra edilən layihələr artıq dünya qaz bazarına öz təsirini göstərməyə başlayıb. Qeyd edildiyi kimi, bu gün Azərbaycanda sərmayə təkcə neft-qaz sektoruna deyil, turizm, infrastruktur, sosial obyektlər və digər sahələrə qoyulur. İqtisadiyyata qoyulan investisiyalar xalqın firavanlığına xidmət edir. Prezident İlham Əliyev bildirir ki, nə qədər çox vəsait qoyularsa, iqtisadiyyat o qədər artacaq - iş yerləri açılacaq, insanların rifah halı daha da yaxşılaşacaq, ölkəmizin iqtisadi potensialının maksimum şaxələndirilməsi üçün əlavə tədbirlər görüləcək. Həmçinin nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən Azərbaycan investisiya yatırımları üçün cəlbedici ölkə kimi qiymətləndirilir, bu isə ilk növbədə dövlət başçısının çevik iqtisadi siyasətinin, məqsədyönlü və genişmiqyaslı sosial islahatların davam etdirilməsi ilə bağlıdır. Son illərdə həyata keçirilən investisiya siyasəti ölkə iqtisadiyyatına sərmayə qoyuluşlarının artmasına təkan verib. Ötən il bütün maliyyə mənbələrindən iqtisadiyyata yönələn investisiyaların ümumi həcmi 14 milyard manat olub, əvvəlki illə müqayisədə 32,4 faiz artım əldə edilib. Göstərilən faktın önəmli cəhəti sərmayələrin ümumi həcmində daxili sərmayələrin payının 52,5 faiz olmasıdır. Azərbaycan iqtisadiyyatının qüdrəti beynəlxalq hesabat və rəylərdə  İqtisadiyyatımızın inkişafında son illər əldə edilən uğurları beynəlxalq maliyyə institutları, ekspertlər və xarici diplomatlar da təsdiq edir. İqtisadiyyatın struktur modernləşdirilməsi nəticəsində ölkə iqtisadiyyatı dünyada ən dinamik inkişaf edən iqtisadiyyatlardan biridir və ümum daxili məhsulun artım tempinə görə son beş ildə regionda liderə çevrilib. Qeyd edildiyi kimi, Azərbaycan iqtisadiyyatı effektiv və operativ antiböhran tədbirləri hesabına öz dayanıqlığını hətta müasir iqtisadi kataklizmlər şəraitində də nümayiş etdirməyi bacardı. Məhz bu tədbirləri xarici ekspertlər postsovet məkanında və regionda ən effektiv sayıblar. Bunun nəticəsidir ki, son illərdə Dünya Bankı Azərbaycanı islahatlar sahəsində dünya lideri kimi qəbul edib. Aparıcı beynəlxalq maliyyə institutları isə onu iqtisadiyyatı qlobal böhranın təsirindən ən az zərər çəkmiş ölkələr siyahısına daxil etdilər. Müxtəlif aspektlərdən iqtisadiyyatımız dünyaca davamlı və qabaqcıl texnologiyalı hesab edilir. “2010-2011-ci illər üzrə Qlobal rəqabətə davamlılıq haqqında” Ümumdünya iqtisadi forumun hesabatına əsasən, innovasiyalılıq amili üzrə Azərbaycan 139 dünya ölkəsi arasında 61-ci, MDB-də isə 2-ci (Rusiyadan sonra) yeri tutub. Qafqazda və Mərkəzi Asiyada qonşularını xeyli qabaqlayır. Təsadüfi deyil ki, xarici ölkə başçıları da Azərbaycan iqtisadiyyatının qüdrəti barədə fikirlərini qibtə ilə bildirirlər. Məsələn, Polşa Prezidenti Bronislav Komorovski Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətləri çox yüksək dəyərləndirmişdi. O demişdi ki, Azərbaycanın belə sürətlə inkişaf etməsi düşünülmüş iqtisadi siyasətin məntiqi nəticəsidir.Nüfuzlu dünya nəşrləri də iqtisadiyyatımızdakı diqqətçəkən uğurları qiymətləndirməyə bilmirlər. Məsələn, son günlərdə Böyük Britaniyanın tanınmış “The Guardian” qəzeti keçmiş SSR-i ölkələrinin reytinqini və inkişaf tempini açıqlayıb. Qafqaz ölkələrinin iqtisadi və siyasi durumlarından söz açan qəzet, ölkəmizin postsovet məkanında iqtisadi cəhətdən ən güclü ölkələrdən biri olduğunu yazır: “Azərbaycanın neft dividendi olması onun keçmiş sovet respublikaları arasında daha yüksək inkişafına şərait yaradır. Bu ölkə əhalisinin say tərkibinin artması ilə də qonşularından seçilir.” Qəzetin "End of the USSR: visualising how the former Soviet countries are doing, 20 years on" adlı məqaləsində Ermənistan və Gürcüstanda 2000-ci illərdəki doğum üzrə artımın 2008/09-cu illərdəki qlobal böhran nəticəsində kəskin şəkildə azalmasından, regional dondurulmuş münaqişələrin Qafqazdakı inkişafa mane olmasından da söz açılır. Hazırda Azərbaycan iqtisadiyyatının vəziyyəti beynəlxalq reytinq siyahılarında yüksək qiymətləndirilir. 2010-cu ildə iqtisadi artım sürətinə görə ölkəmiz MDB məkanında 1-ci, makroiqtisadi sabitlik indeksinə görə araşdırma aparılan 139 ölkə arasında 13-cü yerə yüksəlib. Neftdən əldə edilən gəlirlər iqtisadiyyatın şaxələndirilməsinə və qabaqcıl texnologiyalar əsasında inkişafa, sosial tərəqqiyə, infrastrukturun müasir tələblərə uyğunlaşdırılmasına yönəldilir. Ötən il qeyri-neft sektorunda real artım 7,9 faiz olub, ümumi daxili məhsulun 44,4 faizi onun payına düşüb. İndi Azərbaycan dünyanın 147 ölkəsi ilə 28 milyard dollarlıq xarici ticarət əməliyyatları aparır. İxracın təqribən 48 faizi Avropa İttifaqı ölkələrinin payına düşür. Məlum olduğu kimi,  2011-ci ili "Turizm ili" elan edilib. Bu sahədə görülən işlərAzərbaycanda turizm xidmətlərinin dünya standartlarına uyğunlaşdırılmasına zəmin yaradır. Bütün bunların nəticəsində tezliklə turizm Azərbaycan iqtisadiyyatının ən gəlirli sahələrindən birinə çevriləcək. Ölkədə həyata keçirilən uğurlu büdcə və vergi siyasəti nəticəsində son 5 il ərzində dövlət büdcəsinin həcmi 3 dəfəyə yaxın artıb, valyuta ehtiyatları 40 milyard dollara yaxınlaşıb, inflyasiya idarəolunan səviyyədə (5,7 faiz) saxlanıb. İqtisadiyyatda əldə olunan bu uğurlar əhalinin maddi rifahının yüksəlməsinə müsbət təsirini göstərib. Keçən ilin yekunlarına görə, ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əməkhaqqı 9,1 faiz artaraq 325 manat təşkil edib. Bu ilin 6 ayında qeyri-neft sektorunda 7,2, kənd təsərrüfatında isə 6,2 faiz artımın əldə olunub. Əhalinin pul gəlirləri də 17 faiz artıb. İlin birinci yarısında Azərbaycan büdcəsi 20 milyard dollara çatıb. Bu, bizə imkan verir ki, iqtisadiyyatın inkişafını təmin edək, insanların sosial problemlərinin həlli üçün əlavə maliyyə resursları ayıraq. Azərbaycan Prezidenti İlhamƏliyev Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirəsində bildirib: “Bizim iqtisadi göstəricilərimiz gördüyümüz işlərin nəticəsidir və ölkədə gedən proseslər müsbət istiqamətdə davam edir”.Qeyd edək ki, gələn ilin büdcə layihəsində də qeyri-neft sektorunda vergi ödəmələrinin daha çox artımı proqnozlaşdırılıb və bu, ölkə iqtisadiyyatının neftdən asılılığının azaldığının, ölkədə özəl sektorun, xüsusilə də qeyri-neft sektorunun dinamik inkişafının göstəricisi kimi qəbul edilir. Yeni perspektivlər Ölkə iqtisadiyyatında gələcəkdə tamamilə intellektual potensiala və insan resurslarına söykənən iqtisadiyyatın formalaşması tendensiyası daha da güclənməkdədir. Bu gün dövlət büdcəsinin böyük bir qismini investisiya xərcləri tutur. Ekspertlər inkişaf perspektivləri barədə danışanda təhsil investisiyasının mühümlüyünü nəzərə çatdırırlar. Məsələn, iqtisadi və maliyyə üzrə ekspert Mehdi Babayev bizə fikirlərini belə bildirir ki, bununla yeni universitet və institutların təşkili də mümkündür: “İnkişaf etmiş ölkələrdə iqtisadi uğurların və ümumi inkişafın əsası təhsillə qoyulur. Ümummilli lider Heydər Əliyev qeyd edirdi ki, təhsil millətin gələcəyidir. Bu gün Prezident İlham Əliyev də təhsilə ciddi önəm verərək Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramını təsdiq etdi və proqram icra edilməkdədir. Eləcə də bu yöndə nəzərdə tutulan bütün tədbirləri müvafiq strukturlar həyata keçirməli və nəticədə güclü elmi-iqtisadi  təfəkkürü olan yeni nəsil formalaşmalıdır. İqtisadi inkişaf yalnız gələcək nəsillərin savadlı iqtisadi təfəkkürə malik olmasından asılıdır. Bundan başqa ölkənin xarici idxaldan asılılığını daha da azaltmaq üçün lazımi məhsulların ölkədə ishetsalına nail olmaq lazımdır. Bu baxımdan qeyri-neft sektorundakı strateji sahələri inkişaf etdirməliyik. Kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı son zamanlarda həyata keçirilən tədbirlər, ayrılan investisiyaların daha da intensivləşməsi və gücləndirilməsi daxili istehsalda ciddi keyfiyyət dəyişikliklərinə səbəb ola bilər. Sahibkarlığa ayrılan investisiyaların səmərəli istifadəsi məsələsinə də diqqəti olduqca artırmaq lazımdır”.   Bütün bunlarla bərabər, Azərbaycan dövləti daxili makroiqtisadi sabitlik şəraitində uğurla yürüdülən iqtisadi siyasətin və onun bəhrələrinin regional və qlobal inkişaf məqsədlərinə, bölgədə liderlik təşəbbüslərinin uğurla reallaşdırılmasına yönəldilməsində qərarlıdır. Bunu Azərbaycanın aparıcı və təşəbbüskar olduğu BTC, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Kars və sair region ölkələrini də əhatə edən, Ermənistanı isə təcavüzkarlığına görə təcrid edən meqaiqtisadi layihələr, suverenliyimizin və regionda nüfuzumuzun, liderliyimizin əsas təminatçılarından olan müstəqil enerji siyasəti çox rahatca təmin etməkdədir. Azərbaycan qazı artıq Türkiyə, Yunanıstan üzərindən Avropa bazarlarına nəql edilir. Regionda liderliyini təmin edən Azərbaycan üstəlik Mərkəzi Asiya üçün də strateji tranzit zona təşkil edir. Mərkəzi Asiya ölkələrinin təbii enerji sərvətlərinin Avropaya çatdırılması üçün öz ərazisinin tranzit dəhliz kimi istifadə edilməsi ölkəmizin regionda liderlik və manevr rolunu daha da artırır. Bu cür göstəricilərlə Azərbaycan Cənubi Qafqazın və Qərbə açılmaq istəyən Mərkəzi Asiya regionunun taleyində və gələcək inkişaf istiqamətlərinin təyin edilməsində həlledici rol oynayan lider ölkədir.Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi sürətlə gedir və bu kontekstdə haqqında bildirilən iqtisadi islahatlarla siyasi islahatlar paralel aparılır. Azərbaycan ötən illərdə siyasi islahatlar baxımından da diqqəti müsbət tərəfdən cəlb edib. İqtisadi və siyasi sahədə paralel aparılan islahatlar ölkənin inkişaf tempinin daha da sürətlənməsində özünəməxsus rol oynayıb. Azərbaycanda sosial-iqtisadi tərəqqi, demokratik inkişaf və hüquqi dövlət quruculuğu məsələləri bir-birini tamamlayan prosesə çevrilib. İndiyə qədər digər sahələrdə aparılan islahatlar və görülən tədbirlər Azərbaycanın sosial-iqtisadi yüksəliş fonunda Cənubi Qafqazda şəriksiz liderliyini təmin edib. Həmçinin ölkənin əsas iqtisadi idarəetmə strukturunun təkmilləşdirilməsi və yeni metodlardan, texnoloji üstünlüklərdən yararlanmaq da iqtisadi irəliləyişdə əsas prioritetlərdəndir. Təsadüfi deyil ki, son günlərdə Prezident İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı sərəncam imzaladı. Bu, onu göstərir ki, Azərbaycan dövləti və Prezidenti ilə bərabər, İqtisadi İnkişaf Nazirliyi ölkənin iqtisadi inkişafının təmin edilməsində əsas məsuliyyətli və ən vacib qurumlardan  biridir. Prezidentin nazirliklə bağlı son sərəncamı isə iqtisadi idarəetmə strukturunun daha da effektiv fəaliyyət göstərəcəyini şərtləndirir. 

 

 

İlkin AĞAYEV 

 

Palitra.- 2011.- 26 avqust.-S.5.