“Elektron elm mühiti yaratmaq istəyirik”
Prezident yanında Elmin İnkişafı Fondunun elmi-tədqiqat proqramlarının,
layihələrinin və
digər elmi tədbirlərin maliyyələşdirilməsi
məqsədilə qrantların
verilməsi üzrə
2011-ci il üçün
1-ci müsabiqəsi çərçivəsində
82 qalib layihə müəyyənləşdirilib. Qaliblər arasında olan Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya
Texnologiyaları İnstitutunun
“Azərbaycan milli elmi informasiya resursları və elmi istinad indeksinin
formalaşdırılması mexanizmlərinin işlənməsi”
mövzusundakı layihəsinin
icrasına 130 min manat
ayrılıb.
Bu layihə 2 il müddətində həyata
keçiriləcək. AMEA İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev fondun keçirdiyi müsabiqəni müsbət
qiymətləndirib və
deyib ki, bu, elmimizin inkişafına
öz töhfəsini
verəcək: “Bilirsiniz
ki, Elmin İnkişaf Fondu Azərbaycan xalqının,
dövlətinin marağını
operativ olaraq təmin etməyə xidmət edən, bu istiqamətdə aparılan elmi araşdırmalara həm fərd, həm kollektiv olaraq prioritet mövzulara, problemlərə elmi, maliyyə dəstəyi vermək üçün
Prezidentin təşəbbüsü
ilə yaradılmış
bir qurumdur. Əlbəttə ki, Azərbaycanın büdcəsindən
elmi qurumlara müəyyən vəsaitlər
ayrılır. Bu vəsaitlər
hesabına hər bir qurum öz
fəaliyyətini qurur,
müəyyən smetası
var və o smeta əsasında fəaliyyətini həyata
keçirir. Yəni, müxtəlif problemlər
araşdırırlar, alimlər,
elmi kollektivlər bu və ya
digər işləri
həyata keçirirlər.
Amma bundan başqa Azərbaycan dövlətinin qarşısında
müəyyən məsələlər
var ki, artıq
bu məsələlərə
operativ reaksiya tələb olunur. Bir də görürsən
ki, əvvəlcədən
proqnozlaşdırıla bilinməyən
prioritetlər ortaya çıxır ki, onlara reaksiya vermək, həll etmək lazımdır. Bu
gün Azərbaycanın
maraqlarına xidmət
edən həm ideoloji, həm də dəqiq elmlər sahəsində müəyyən problemlər
var. Xüsusən də
dəqiq elmlərdə
problemlər daha qabarıq görünür.
Dəqiq elmləri iki yerə bölmək
olar: fundamental və tətbiqi elmlər. Tətbiqi elmlər adından da göründüyü kimi,
haradasa tətbiq olunur və müəyyən qədər
vəsait əldə edə bilir. Amma bu gün
fundamental elmlərin bazarlarda
müəyyən vəsaitlər
əldə etməsi,
özünü dolandırması
real görünmür. Onu
da nəzərə çatdırım ki, bu təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Hətta dünyanın ən inkişaf etmiş ölkələrində fundamental elmlər bazar iqtisadiyyatının predmeti
olmur. Yəni, ona pul verən,
maliyyə ayıran investorlar olmur, olsa da çox
nadir hallardadır. Çünki
çox riskli məsələdir ki,
fundamental elmlərə pul
ayırasan, müəyyən
müddətdən sonra
bəhrəsini görəsən.
Ona görə də fundamental elmlərin
qayğısını dövlət
öz üzərinə
götürür. Yəni,
fundamental elmlərə qayğı
göstərmək, onu
inkişaf etdirmək dövlət büdcəsi
çərçivəsində həyata keçirilir. Azərbaycanda bu prinsip gözlənilir. Tətbiqi elmlər özlərinin məhsullarını
həm daxili, həm dünya bazarına çıxara bilir. Amma hər
halda bu sahəyə də diqqət ayırmaq vacibdir. Ona görə
də mən Elmin İnkişafı Fondunun bu istiqamətdə
atdığı bütün
addımları təqdir
edirəm”.İnstitut rəhbərinin
sözlərinə görə,
qalib olmuş layihələrin əksəriyyəti
ilə tanışdır
və bu layihələrin hamısı
Azərbaycan dövlətinin,
cəmiyyətinin maraqlarına
xidmət edir, elmi əhəmiyyətə
malikdir.
Elektronlaşdırılan Azərbaycan elmi
İnstitutun layihəsi və
onun mahiyyətindən
söz açan R.Əliquliyev bildirib ki, bu layihə Azərbaycan cəmiyyətinin
və elmi ictimaiyyətin marağına
cavab verən mövzudur. Direktor, burada elektron elmin formalaşdırılmasının
əsas xətt kimi götürüldüyünü
bildirdi: “Burada əsas məqsəd Azərbaycan alimlərinə
açıq informasiya
resurslarını Azərbaycana
gətirmək, ölkədə
lazımi informasiya resurslarını yaratmaq və onları alimlərə təqdim etmək, onların materiallarını bir yerə toplamaq, provayder kimi dünyaya çatdırmaq
bizim məqsədimizdir.
İkincisi isə bu resurslar formalaşarsa
resursların içərisində
jurnalların elektron versiyası olacaqsa, bu o deməkdir ki, artıq Azərbaycan alimlərinin çap etdirdiyi məqalələr də bu mühitdə olacaqsa onların qiymətləndirilməsi məsələsi
də mühümdür.Bilirsiniz
ki, dünyada ayrı-ayrı fəaliyyət
növlərində olduğu
kimi, elmi fəaliyyətin özündə
də indikatorlar, ölçmə texnologiyaları,
qiymətləndirmə texnologiyaları
tətbiq olunmaqdadır.
Qeyd etdiklərimin ümumi adı elmmetriyadır, yəni elmin özünün ölçülməsi texnologiyasını
işləmək lazımdır.
Dünyada belə bir mexanizm var. İnkişaf etmiş ölkələrin özlərinin
ölçmə, qiymətləndirmə
texnologiyaları, elmi məqalələri qiymətləndirən
müxtəlif indeksləri
mövcuddur. Bizim alimlər də orada iştirak edirlər. Xüsusən bizim institutun əməkdaşları həmin
o yüksək indeksli
jurnallarda çap olunurlar. Bunların hamısı çox gözəldir, amma eyni zamanda hər
bir ölkənin özünün elmi siyasəti olmalıdır.
Azərbaycan elminin ümumi siyasətinin tərkibində elmi doktrinası, onun da özünün qiymətləndirilməsi, statistikanı
aparması, elmi araşdırmaları qiymətləndirmək,
yəni həm kollektivin, həm fərdin, həm də başqa sahələrdə qiymətləndirmə
mexanizmini işləyib
hazırlamaq lazımdır.
Çünki ölçü,
qiymətləndirmə olmasa,
səmərəli qərar
qəbul etmək, idarə etmək olmur. Bütün bunları nəzərə
alaraq, elektron elm mühiti yaratmaq məqsədi güdürük.
Bu informasiya resurslarının
arxasında da milli qiymətləndirmə
mexanizmi olmalıdır.
Bu layihə çərçivəsində
bizim də qarşımıza qoyulan vəzifə ondan ibarətdir ki, Azərbaycanda milli informasiya strukturu formalaşdıraq və onun əsasında milli istinad indekslərinin
işlənməsini, qiymətləndirilməsini
həyata keçirək.
Bu layihə çərçivəsində
alimlərimizin məqalələrini
indeksləşdirmək, qiymətləndirmək,
müəyyən reytinq
cədvəllərinə gətirmək,
bunun vasitəsi ilə də problemlərin həll vəziyyətinin qiymətləndirilməsinə
nail olmağa çalışacağıq.
Bütün bunlar elmin idarəçiliyinin səmərəsinin artırılması
üçün çox
gözəl əsas verəcək. Bir sözlə Elmin İnkişafı Fondunun müsabiqəsində qalib
olan layihəmizdə əsas məqsədimiz açıq olan milli informasiya strukturunun formalaşdırılması
və milli istinad indeksinin müəyyənləşdirilməsi üçün metodikanın
hazırlanmasıdır. Çalışacağıq
ki, bu istiqamətdə
bütün səylərimizi
birləşdirib qarşıya
qoyulan məqsədə
çataq”.
Qrant vəsaitləri alimlərin
sosial-iqtisadi durumuna müsbət təsir edəcək
R.Əliquliyev qrant vəsaitlərinin
ayrılmasının alimlərin
sosial-iqtisadi durumuna da müsbət təsir göstərəcəyini
deyir. Onun sözlərinə görə,
qrant vəsaitlərinin
xərclənməsi olduqca
şəffaf olacaq və hər qəpik elmə, alimlərə xərclənəcək:
“Hazırda qrupu formalaşdırıram, institut
daxilindəki potensialı
işə cəlb edirəm. Hətta kifayət etməsə, ayrı-ayrı qurumlarda fəaliyyət göstərən
alimləri də bura cəlb edəcəyəm. Bizim məqsədimiz ondan ibarətdir ki, həmin o resursları formalaşdıraq. İki
il ərzində çevik bir elmi qrupun yaradılması,
onlara müəyyən
proqram çərçivəsində
maliyyə vəsaiti verilməsi nəzərdə
tutulub”.R.Əliquliyev onu
da qeyd edib
ki, qrant layihələrinin tətbiq
olunmasında əsas məqsədlərdən biri
də elm sahəsində
çalışanların sosial-iqtisadi problemlərinin
həll olunmasıdır.
Onun fikrincə, layihənin həyata keçirilməsi bu yöndə də müsbət nəticələr
verəcək: “Elmin İnkişafı Fondunun da məqsədi ondan ibarətdir ki, Azərbaycanın marağına xidmət edən elmi problemləri maliyyələşdirsin
və alimlərin əməkhaqlarına əlavələr
gəlsin. Bu zaman alimlərin dolanışığı
daha yaxşı olar, onlar da
daha yaxşı işləmək üçün
stimul əldə edərlər. Bizim institutda çalışanlara
bu istiqamətdə şərait yaradılır.
Çünki bizim müxtəlif yerlərdən
gəlirlərimiz olur.
Biri var büdcə təşkilatı
kimi verilən maaşlar, biri də var ki,
əlavə olaraq innovativ xarakterli layihələrdə işləyərək
əmək haqqı almaq. Hər bir layihədə kimin fəaliyyətində
faydalılıq nisbəti
necədirsə, ona müvafiq əməkhaqqı
alır. Elmin İnkişafı Fondunun müsabiqəsində qalib
olan layihəmizdə çalışan əməkdaşlarımız
da ayrılan vəsaitdən yararlanacaqlar.
Yəni həm elmi araşdırmalar, nailiyyətlər əldə
olunacaq, həm də bu nailiyyətlərə
imza atan alimlərimiz qazanacaqlar. Bir sözlə, bir qədər aşağı sosial-iqtisadi
təminatları yüksəlmiş
olacaq. Hesab edirəm ki, bu kimi layihələr
davamlı olmalıdır,
elmə, elm adamlarına
qayğı və diqqət artırılmalıdır”.
Nigar
Palitra.- 2011.- 26 avqust.- S.10.