Afaq Bəşirqızı və Rasim Balayev iranlı rejissordan film təklifi
alıb
Ötən gün Bakıda Beynəlxalq Mətbuat Mərkəzində
iranlı kinorejissor Yədulla Səmədi
ilə görüş keçirildi.
Qeyd edək ki, bu görüşü İrandan olan həmyerlimiz
Ağayi Əsədullahi təşkil etmişdi. A.Əsədullahi Tehranda
Azərbaycan İncəsənət və Mədəniyyət
Mərkəzinin qurucusu və rəhbəridir.
O, tez-tez o taylı-bu
taylı soydaşlarımızı, incəsənətimizin
tanınmış simalarını bir-biri
ilə görüşdürür. Onun sayəsində Azərbaycan musiqisinin tanınmış simaları İranda konsert
proqramları ilə
çıxış edirlər.
Bu dəfə onun Azərbaycana gəlməsi isə İranın məşhur rejissoru Yədulla Səmədinin Üzeyir Hacıbəylinin O olmasın, bu olsun kinokomediyasını yenidən ekranlaşdırmaq istəyi ilə bağlıdır. Fürsət tapıb qonaqla tədbir sonrası həmsöhbət olduq. Məlumat üçün onu bildirim ki, Y.Səmədi 1952-ci ildə Marağada dünyaya göz açıb. 18 yaşından kino sahəsində çalışmağa başlayıb. 1984-cü ildə ilk filmini ərsəyə gətirib. Onun Çoxbilən kişi adlı kinokomediyası iranlı tamaşaçılar tərəfindən çox sevilib. Sonralar o, Vağzal, Savalan, Avtobus, İki yarım adam, Dəli Domrul, Gülməyin möcüzəsi, Apardı sellər Saranı, Mənim qadınım və s. ekran əsərlərini fars və öz ana dilimizdə çəkib. Qarışıq şəhər adlı tarixi psixoloji filmi də rejissorun maraqlı ekran əsərlərindəndir. Rejissor komediya janrında film çəkməyi də çox sevir. Hazırda isə İranın dövlət kanalında 24 bölümdən ibarət olan Uçmaq şövqü adlı teleserialı yayımlanır. İranın ən məşhur aktyorlarının yer aldığı serial bütün İranı valeh edib. Y.Səmədi həmçinin sənədli filmlər müəllifidir. Onun İranın cografi tarixini, şəhərlərini əks etdirən sənədli filmi bir sıra Avropa ölkələrində maraqla qarşılanıb. Bundan başqa İranda üzümçülüyün tarixi ilə baglı Üzüm sənədli filmi də var. Məni maraqlandıran ilk sual isə rejissorun Üzeyir kimi bir dahinin əsərinə yenidən müraciət etməsi ilə bağlı oldu. Y.Səmədi bu suala belə cavab verdi: İyirmi beş ildir mən düşünürəm ki, O olmasın, bu olsunu çəkim. Çox tamaşa etmişəm və düşünmüşəm ki, bu əsəri yenidən musiqili komediya şəklində öz ana dilimizdə həm İranda, həm də Azərbaycanda çəkməliyəm. Özü də hər iki dövlətin aktyorları bu filmdə yer alacaq. İndi çox ciddi bir şəkildə bu işə başlamaq istəyirəm. Bu film öz hesabıma çəkiləcək. Yəni filmə Azərbaycan tərəfindən pul ödənilməyəcək. Filmin İran və Azərbaycanda nümayişi nəzərdə tutulub. Eyni zamanda Azərbaycanın köməyilə Türkiyə və Gürcüstanda da nümayiş olunacağına ümid edirik.
- Azərbaycan tamaşaçısı filmə
harda baxacaq?
- Kinoteatrlar üçün
nəzərdə tutulan
bir filmdir. Xronometrajı 100 dəqiqə təşkil
edəcək. Mən Azərbaycandakı
kinoteatrların sayını
dəqiq bilmirəm.
Ona görə də dəqiq deyə bilmərəm ki, film nə qədər izləniləcək. Ancaq filmin
qazancı barədə
də düşünməliyəm.
Ola bilsin ki,
bundan sonra sizin yerli telekanallarda
da nümayiş olunsun. Əvvəlki suala qayıdaq.
Bilirsiniz,
bu əsər musiqili komediya janrında olduğu üçün diqqətimi
cəlb etdi. Ancaq başqa filmlər çəkməyi də düşünürəm. Hətta Arşın mal alanı da
çəkmək planımda
var.
- Filmin Avropada nümayişi mümkün olacaqmı?
- Əlbəttə, Avropada
nümayişini istərdim. Ancaq film gərək
həmin dillərə
tərcümə olunsun.
Filmdə ilk titrlərdə Üzeyirin əsəri olduğu bildiriləcək.
Artıq
Bakıda bilirlər ki, mən bu
filmi çəkəcəm.
Burda Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin rəsmiləri ilə görüşdüm
və bu haqda onlara ətrafl
məlumat verdim.
Mənə bildirdilər ki,
bizdə bu film bir neçə dəfə çəkildiyi
üçün biz sizə
maddi vəsait ayıra bilmərik. Ancaq növbəti filmlərdə
maddi vəsait ayıracaqlarını bildirdilər.
Buna baxmayaraq çəkiliş
məkanları, aktyor
seçimi və s. məsələlərdə bizə
dəstək olacaqlarına
söz verdilər. Burda bir sıra
sənətkarlarla tanış olduq və kastinq də keçirdik. Xalq artisti Rasim Balayevlə
görüşdük. Film çəkəcəyimizi eşitdikdə çox sevindi. Onu Rüstəm bəy
roluna dəvət etdim. Sonra gülüş ustası,
Xalq artisti Afaq Bəşirqızı
ilə də görüşdük. Və ona
da qulluqçu Sənəm rolunu təklif etmişəm.
Hər ikisi çox müsbət qarşıladı.
Bir sözlə, hər iki sənətkar bu filmdə yer alacaq.
- Rasim Balayevin çəkildiyi hansı filmləri izləmisiniz?
- Babək və
Nəsimidə Rasim Balayevi izləmişəm. Yeni filmlərindən
məlumatım yoxdu.
- Azərbaycanlı
rejissorlardan kimi tanıyırsınız?
- Qeyd etdiyim kimi,
Babək, Nəsimi,
Arşın mal alan, O olmasın, bu olsun filmlərini
izləmişəm. Yeni rejissorlardan
xəbərim yoxdu.
Azərbaycan filmlərindən
çox az
bir qismini izləmək imkanım olub. Amma onu deyə bilərəm ki, mədəniyyətimiz çox
yaxındır. Yeni filmlərinizdən
xəbərsizəm. Bizim çox
filmlərimiz ictimai, əxlaqi mövzulara həsr olunur. Çalışırıq bəşəri mövzulara toxunaq. Bizim sağlam kinomuz var.
- İranda
seriala maraq varmı?
- Bizdə seriala maraq var. Məsələn,
13-cü bina serialım
tamaşaçılar tərəfindən
maraqla qarşılandı.
Mövzu burda bir binanın sakinlərinin ondan
hansı məqsədlər üçün
istifadə etməsi idi. Komediya
janrında olan bu serial sırf insani
münasibətlərdən gedirdi. İnsan həm düşünür,
həm də gülürdü. Hazırda
İranın dövlət kanalında Şövqü
pərvaz, yəni Uçmaq şövqü adlı serialım nümayiş olunur. Mövzu olduqca
aktualdır. Burda uşaqlıqdan təyyarəçi
olmaq eşqiylə yaşayan
bir insanın sonrakı taleyindən bəhs
olunur. Həmin uşaq
gənc təyyarəçi olur. Qəhrəmanın
sonrakı taleyi isə İran
və İraq
müharibəsi dövrünə təsadüf edir. Hazırda 12-ci bölüm
nümayış olunub.
Bütövlükdə isə 24 bölümdən ibarətdir.
Serialı bir ilə çəkmişəm.
Çünki məkanlar üçün
İranın müxtəlif şəhərlərində
çəkilişlər aparmışam və təyyarələrlə
uçuş səhnələri və s. olduqca çətin idi. Serialda çəkilən
insan, aktyor sayı da çox idi.
Bu serialı Azərbaycan
tamaçılarına da təqdim edəcəm.
Güman ki, bu tayda olan
qardaşlarımız da bəyənəcəklər.
- Bu sizin Bakıya ilk səfərinizdirmi?
- Xeyr. Bakıya ikinci dəfədir gəlirəm. Birinci dəfə
21 il öncə
bura səfərim olub. Əvvəllər də burda
film çəkmək fikrim
olub. Sadəcə
İranda işlərim
çox olub və bu iş
barədə ciddi düşünməmişəm. Mən istərdim ki, bütün filmi məkan olaraq Azərbaycanda çəkim.
Ancaq gəldim şəhəri
gəzdim, çox şey dəyişilib, ona görə bəzi çəkilişləri
Gəncə və Şəkidə aparmalıyıq.
Məsələn, filmdəki hamam
indi çox dəyişilib. Hamamda cakuzi
tikilib. Ona görə də
çəkilişlərin bir qismi İranda
aparılacaq. Yazda filmin
çəkilişləri başlayacaq
və 3 ay ərzində
bitirmək istəyirəm.
- İndiyə
kimi filmləriniz hansı ölkələrdə
nümayiş olunub?
- Burda mənim Savalan filmim festivalda nümayiş olunub. Hətta o filmin afişalarını
da Bakıda gördüm. Digər filmlərim
Koreyada, Rusiyada, İtaliyada və başqa ölkələrdə
nümayiş olunub.
Festivallar çərçivəsində
nümayiş olunan filmlərimlə yanaşı
həmin ölkələrə
satılan filmlərim
də olub və gəlir əldə etmişəm.
- Fəcr
festivalına qatılırsınızmı?
- Fəcr
festivalında ilk filmim Çoxbilən kişi ilə mən
İlin rejissoru adına layiq görüldüm. Avtobus filmim isə həmin
ilin ən yaxşı filmi,
ssenarisi mükafatlarını aldı. Mən
özüm də Ən yaxşı rejissor olaraq diploma layiq görüldüm.
Eyni zamanda baş rolun
ifaçıları da Ən
yaxşı aktyor nominasiyasına layiq görüldü.
Ümumiyyətlə, hər il festivalda iştirak etmək
üçün təklif alıram.
Münsiflər heyəti çox diqqətli
bir şəkildə filmləri izləyir
və ən yaxşısını seçir.
Mən ildə bir film
təqdim edirəm. Ancaq elə rejissor var ki,
bir neçə film təqdim
edir. Məsələn, ötən il yarımçıq qalan
bir filmini tamamlayan rejissor bir ildə daha bir film çəkir və
onların ikisini də festivala təqdim
edir. Bu filmimi 2013-cü ildə Fəcr festivalına
təqdim edəcəm.
- Şəhərimiz haqqında nə
düşünürsünüz?
- Bakı çox dəyişib.
- Bəs musiqimiz haqqında nə
deyə bilərsiniz? Kimləri dinləyirsiniz?
- Muğamı çox sevirəm. Bülbül, Rəşid Behbudov, Hacıbaba Hüseynov, Alim Qasımov, Arif Babayev, Şövkət Ələkbərovaya qulaq asıram. Bunlardan əlavə müğənni Almaz Orucovanın səsini çox bəyənirəm. Bakıda onunla da tanış olduq. Birdə burda kamançada çox gözəl ifasıyla, gözəl əxlaqıyla Qönçə Mehdiyevanı tanıdım.
Nüşabə