“Türkiyədəki diaspor icmaları ilə
tələbə və müəllimlərimiz arasında əlaqə
zəifdir”
Müsahibimiz Türkiyənin Ankara Universitetində
Yaponiyanın siyasi tarixi üzrə doktorantura təhsili alan
Vurğun Həsənlidir. Onunla söhbətimizdə
Türkiyədə azərbaycanlı gənclərin təhsil
almaları, diaspor fəaliyyəti və digər maraqlı məqamlara
toxunduq.
- Türkiyədəki
fəaliyyətiniz barədə məlumat verərdiniz. Oraya
hansı məqsədlə getmisniz ? - Mən
bakalavriat və magistratura təhsilimi Türkiyədə
yaponşünaslıq üzrə almışam. Hal-hazırda
da Türkiyə Respublikasının Ankara Universitetində
Yaponiyanın siyasi tarixi üzrə doktorantura təhsili
alıram. Bununla yanaşı “Müasir Yaponiya” adlı kitab
üzərində işləyirəm. Bu, ilk kitabım olacaq.
2012-ci ilin mart ayına qədər bitirməyi planlayıram.
İnşaallah, çox maraqlı kitab alınacaq.
- Türkiyə təhsili ilə
bağlı fikirlərinizi bilmək istərdik.
- Dahi Mustafa Kamal Atatürk Türkiyənin cəhalətdən təhsilin inkişafı ilə qurtula biləcəyini düşündüyü üçün, bu sahədə ciddi reformlar edib. Hazırda Türkiyə təhsil baxımından bir çox sahədə dünyanın öndə gələn ölkələri arasındadır. Xüsusilə tibb təhsili Türkiyədə çox inkişaf edib. Bununla yanaşı mühəndislik, hərbi təhsil və bir çox sahədə Türkiyə universitetləri öz sözlərini deyə bilir. Müasir Türkiyədə təhsilə çox əhəmiyyət verilir. Məhz buna görədir ki, büdcənin ən çox hissəsi təhsilə ayrılır. Müqayisə üçün deyə bilərəm ki, dövlət büdcəsinin birinci böyük hissəsi təhsil üçün, ikinci böyük hissəsi isə hərbi sahə üçün ayrılmaqdadır. Bu da onu göstərir ki, Türkiyədə təhsil bundan sonra da inkişaf edəcək. Türkiyə artıq öz təyyarəsini, hərbi təyyarəsini, gəmisini və avtomobilini özü istehsal etmək istəyir. Yəni söhbət maşının hissələrinin xaricdən gətirərək Türkiyədə yığılmasından getmir. İstehsal olunacaq avadanlığın bütün hissələrinin Türkiyədə istehsal olunması nəzərdə tutulur. Bu da savadlı alimlərin, mühəndislərin və mütəxəssislərin sayəsində baş tuta bilər. Türkiyə yuxarıda qeyd etdiyim məsələləri ölkənin 100 illiyinin qeyd olunacağı 2023-cü ilə qədər yetişdirməyi planlaşdırır. Bunları həyata keçirə bilmək bir ölkə üçün ifadə olunmaz uğurdur və eyni zamanda ölkə təhsilinin keyfiyyətinin göstəricisidir.
- Azərbaycanlı tələbələrin
Türkiyədə təhsil alması ilə bağlı nə
düşünürsünüz ?
-
Yuxarıda da qeyd etdiyim kimi, Türkiyə təhsili keyfiyyət
baxımından yüksək səviyyədədir. Burada
təhsil alan azərbaycanlı tələbələrin gələcəkdə
ölkəmizin inkişafına müsbət təsirinin
olacağını düşünürəm. Lakin
Türkiyəyə gələcək tələbə
soydaşlarımıza, universitet və ixtisas seçərkən
universitetləri ətraflı araşdıraraq seçmələrini
tövsiyə edərdim. Çünki Türkiyədə bir
universitetin müəyyən sahələr üzrə
çox inkişaf etdiyi, müəyyən sahələr
üzrə isə
çatışmazlıqlarının ola biləcəyini
unutmamalarını istərdim. Yəni Türkiyə
universitetləri Qərb universitetləri kimi, müəyyən
sahələrə yönəlirlər və özləri
üçün o sahəni prioritet bildikləri
üçün o sahə çox inkişaf edir. Məsələn,
Orta Doğu Teknik Universiteti mühəndislik sahəsində
çox inkişaf edib. Hacettepe Universiteti tibb sahəsində,
Ankara Universiteti isə humanitar sahələrdə Türkiyədə
birinci sıradadır. Bu baxımdan dəyərləndirərək,
universitet seçərlərsə, istədikləri səviyyədə
təhsil ala bilərlər. Eşitdiyimə
görə, Qərb universitetlərində xarici tələbələr
dil məsələsi ilə əlaqədar olaraq yerli tələbələrlə
eyni səviyyədə təhsil ala bilmir. Xarici
tələbələrə ayrı sinif ayrılır və
yerli tələbələrə nisbətən
aşağı səviyyədə təhsil alırlar. Bu, Türkiyədə belə deyil. Dilimiz yaxın olduğuna görə, Türkiyə
vətəndaşları ilə eyni sinifdə təhsil
alırıq. Buna görə, Türkiyədə
universitet illərində yaxşı oxuyan azərbaycanlı tələbənin
gələcəyin güclü mütəxəssisi
olacağına şübhəm yoxdur.
- Azərbaycanlı tələbələr
Türkiyədə hansı səviyyədə ictimai fəallıq
göstərir?
- Azərbaycanlı
tələbələrin fəallığı
alqışlanacaq səviyyədədir. Lakin bu fəallıq az sayda tələbənin həyata
keçirdiyi fəaliyyətlərdir. Bizim
Türkiyədəki tələbə sayımızın 3000-ə
yaxın və hətta ondan daha çox olduğu deyilir.
Bu, böyük rəqəmdir. Bu rəqəm Türkiyədə Azərbaycan lehinə
yaxşı işlər görülməsi üçün
yetərlidir. Ancaq tələbələr
arasında qopuqluqlar var. Bunun əsas səbəbi odur ki,
Türkiyəyə gələn tələbələr iki
yolla gəlirlər. Biri dövlət xətti
ilə, digəri isə öz hesabına. Dövlət
xətti ilə gələnlər arasında müəyyən
qədər əlaqə var. Səfirlik bu tələbələri
koordinasiya edə bilir. Amma öz
hesabına gələnlər dağınıqdır. Bu tələbələr sadəcə olduqları
şəhərdəki azərbaycanlı tələbələri
tanıyır və onlarla əlaqə qura bilirlər. Digər şəhərlərdəki azərbaycanlılarla
qohum-tanış deyillərsə, əlaqə qurmaları
mümkün olmur. Bu da tələbələrin
olduqları şəhər çərçivəsində fəallıq
göstərməsinə şərait yaradır. Türkiyə səviyyəsində ictimai fəallıq
göstərə bilmirlər. Dağınıqlıq
problemi həll olunarsa, tələbə ictimai fəaliyyətlərində
geniş fəallıq hiss oluna bilər.
- Türkiyədə Azərbaycan
diasporu hansı dərəcədə təşkilatlanıb?
-
Türkiyədə iki milyondan çox azəri
türkünün yaşadığı iddia olunur. Bunların çoxu 20-ci əsrin əvvəllərində,
rus və erməni zülmündən qaçanlardır.
Ona görə də Türkiyədə bizim
xalq səviyyəsində diasporumuz daim olub. Lakin
müasir dövrdə istədiyin işə təşkilatsız
nail olmaq çətinləşib. Hansı
ölkədə olursansa ol, nə qədər saya malik
olursansa ol, təşkilatlanmaq və birlik əmələ gətirmək
vacibdir. Türkiyədə Azərbaycan
diasporu var. Bunlar əsasən Türkiyə vətəndaşı
olan “yerli” azərilər tərəfindən qurulmuş təşkilatlardır.
Ancaq bu diaspor icmalarının arasında birliyin
olduğundan bəhs etmək çətindir. Sözügedən təşkilatların bəziləri
özünü reklam etmək, ictimaiyyətə tanıtmaq
üçün belə bir təşkilat qurub. Bəziləri həqiqətən diaspor işinin
mahiyyətini başa düşmədiyi üçün
uğur qazana bilmir. Bəziləri isə,
müəyyən çətinliklərlə
qarşılaşdığı üçün xırda fəaliyyətlərlə
məşğul olmaqdadır. Birliyin
olmaması, yüz minə yaxın Türkiyə ermənisinin
bizdən daha səs-küylü işlərə imza
atmasını özümüz üçün dəyərləndirməliyik.
Nəyə görə bütün dəyərlərimizin
eyni olduğu ölkədə ermənilər bizə
qarşı təxribat törədə bilir? Biz Türkiyədə təşkilatlanmaq əvəzinə
müxtəlif insanları günahlandırırıq. Ermənilərin uğur qazanmasındakı əsas
səbəb, onların Türkiyədə vahid birlik
altında fəaliyyət göstərməsi ilə əlaqədardır.
Ayrı-ayrı erməni təşkilatları
olsa da, “Erməni Camaatı” adı altında birləşiblər.
Türkiyə azərbaycanlıları da birləşməyi
bacararsa sayımızı nəzərə aldıqda,
Türkiyədə çox güclü mövqe əldə
edə biləcəyimizi güman edirəm.
- Azərbaycanlı tələbələr
diaspor quruculuğu işində nə dərəcədə
öz töhfəsini verə bilir?
- Mən əslində,
Türkiyədəki lobbiçiliyimizi tələbələrin
daha sərrast etdiyini düşünürəm. Çünki tələbələr həm
müasir dünyada olub-bitənləri yaxından izləyir, həm
gənc olduqları üçün ölkəmiz
üçün müəyyən işlər görməkdə
həvəslidir. Eyni zamanda Azərbaycanın
ən savadlıları arasından seçilib gələn gənclərimizdir.
Yəni istədiyimiz potensialdır. Hal-hazırda da, Azərbaycanla bağlı bir
çox işin həyata keçirilməsində əsas
işi buradakı tələbələr gerçəkləşdirir.
Türkiyədəki tələbə
potensialımız bizim üçün əldəolunmaz “nemətdir”.
Amma bunu yerində dəyərləndirmək
lazımdır. Yoxsa heç bir nəticə
ala bilmərik, bu, dəyərsiz “çoxluqdan” başqa bir
şey ifadə etməz. Bir də,
düşünün, Türkiyədə üç min erməni
tələbəsi olsaydı, vəziyyət necə olardı?
Türkiyə kimi güclü və nüfuzlu
bir ölkə ictimaiyyətində Azərbaycan haqqında
müsbət düşüncə formalaşdıra biliriksə,
bu, bizim uğurumuz sayılacaq. Bu məsələdə
tələbələrimiz əsas rol oynayan amil olacaq.
- Diasporun, tələbələrin və
təhsil ocaqlarında çalışan
soydaşlarımızın Azərbaycan haqqında Türkiyə
əhalisini hansı səviyyədə maarifləndirdiyini düşünürsüz ?
- Son illər
Türkiyə universitetlərinə gələn azərbaycanlı
tələbə və müəllimlərin sayının
artdığı müşahidə olunur. Demək
olar ki, Türkiyənin hər şəhərində azərbaycanlı
tələbə və universitetdə çalışan
müəllim tapmaq mümkündür. Keçmişdə
Türkiyənin müəyyən şəhərlərində
azərbaycanlı tələbə tapa bilərdik. Ona görə də, tələbələrin
olduğu şəhərdə ölkəmizlə
bağlı tədbir keçirilərdi. İndi
isə Türkiyənin bütün şəhərlərində
Azərbaycanın təbliğ olunmasına dair hansısa fəaliyyətin
olduğunu görə bilirik. Yuxarıda
qeyd etdiyim kimi, bu, Türkiyədəki tələbələrimizin,
müəllimlərimizin həm saylarının artması, həm
də geniş coğrafiyaya yayılması ilə əlaqədardır.
Azərbaycan haqqında maarifləndirmə
prosesində keçmişə nəzərən
canlılıq sezmək olur. Amma bunu yetərli
qəbul etməmək lazımdır. Tələbə
və müəllim sayı artdıqca, daha koordinasiyalı və
əlaqəli şəkildə fəaliyyətlər həyata
keçirilməlidir. Həmçinin fəaliyyət
sayını artıraraq daha geniş kütlələrə
xitab hədəflənməlidir.
- Bu sahədə
çatışmayan cəhətlər nələrdir?
-
Çatışmayan cəhət olduqca çoxdur. Azərbaycanlı tələbə və müəllimlər
olduqları şəhərdə belə bir-birilərini
tanımırlar. Ən azından
olduqları şəhərdə bir-biriləri ilə əlaqə
saxlamalı, müəllimlər tələbələrin
problemlərinin həll olunmasında köməklik göstərməlidir.
Çünki nə də olmasa, müəllim tələbəyə
nisbətən daha geniş imkanlara malikdir. Söhbət maddi imkandan getmir. Dünyanın
hər yerində xarici tələbənin probleminin həll
olunmasında vəziyyət eynidir. Heç kim xarici tələbənin sözünü
eşitmək istəmir. Məsələn,
müəllimlər bu kimi məsələlərdə kiməsə
“ağız açdıqda” tələbəyə nisbətən
sözü daha çox eşidilər. Bundan
başqa, Türkiyədəki Azərbaycanla əlaqədar
diaspor icmaları ilə tələbə və müəllimlərimiz
arasında əlaqə çox zəifdir. Ona görə də, sözügedən icmalar ya
istiqamətsiz, ya da özbaşına fəaliyyət göstərərək
Azərbaycan haqqında xoşagəlməz imic
formalaşdırır. Ya da bu icmaların
çoxu Azərbaycan haqqında sadəcə ümumi məlumatlara
sahib olduqları üçün məqsədyönlü
işlər həyata keçirməkdə çətinlik
çəkirlər. Tələbə-müəllim-diaspor
üçbucağı əlaqələndirilərsə, Azərbaycan
haqqında Türkiyə ictimaiyyətində dolğun,
düzgün, ətraflı, müsbət və məqsədyönlü
təbliğat aparıla bilər.
- Bu sahə ilə bağlı təklifləriniz
varmı ?
-
Birincisi, hər şəhərdə azərbaycanlı tələbələr
öz birliyini əmələ gətirməlidir. Daha
sonra, ayrı-ayrı şəhərlərdəki tələbə
birlikləri Türkiyə səviyyəsində vahid birlik
formalaşdırmalıdırlar. “Niyə vahid
birlik formalaşdırmalıyıq” sualına cavab isə
budur ki, bu birlik formalaşarsa, ayrı-ayrı şəhərlərdə
keçirilən tədbirlər ətraflı analiz edilər,
tədbirin çatışmayan cəhətləri
aydınlaşdırılar və tədbirdə əldə
olunmuş müsbət təcrübə digər şəhərlərdə
keçiriləcək tədbirlərdə istifadə oluna bilər.
Eyni zamanda, məsələyə “tək əldən səs
çıxar” prinsipi ilə yanaşsaq, bəzi şəhərlər
var ki, oradakı azərbaycanlı tələbələr
hansısa fəaliyyəti həyata keçirməkdə
çətinlik çəkir. Ona görə vahid təşkilat
problemlərin olduğu şəhərlərə yaxından
köməklik göstərərək problemin həll
olunmasında yaxından köməklik göstərə bilər.
Digər bir məsələ isə budur ki, vahid
təşkilatın səsi Türkiyə ictimaiyyətində
ciddi qəbul olunar. Ölkə rəhbərliyi vahid təşkilatın
problemlərini ciddi qəbul edərək, həll
olunmasında köməklik göstərə bilər. 21-ci əsrin ən
güclü silahı olan media intensiv olaraq istifadə
olunmalıdır. Əgər sözügedən
tələbə təşkilatı qurularsa, türk
mediasının qapıları da üzümüzə
açılar. Çünki Türkiyə
mediasında xırda məsələlərə yer verilmir.
Tələbə birliyini həyata keçirdikdən
sonra, bu birlikdən qazandığımız təcrübə
ilə bütün soydaşlarımız arasında birlik
formalaşdırmanın vacibliyi ortaya çıxacaq. Bu da soydaşlarımızı Türkiyədə
“istifadə olunan” xalq kütləsindən
çıxarıb, sözü dinlənən xalq kütləsinə
çevirəcək. Türkiyənin
get-gedə nüfuzu artan, həmçinin qonşu və
qardaş ölkə olduğunu nəzərə aldıqda,
burada ciddi işlər görməyin əhəmiyyətini də
ortaya çıxar.
İlkin
AĞAYEV
Palitra.-2011.-6 dekabr.- S.6.