“Gender məsələsinin dinlə əlaqəsi yoxdur”

 

Hər bir ölkədə demokratiyanın mövcudluğu kimi göstərilən faktorlar sırasında gender bərabərliyi də var. Respublikamızda da gender məsələləri üzrə vəziyyətin normal olması buradakı real demokratik şəraitdən xəbər verir. Beynəlxalq təşkilatların açıqlamalarına görə, Azərbaycan bu sahədə müsbət mənada Cənubi Qafqazda liderdir. 

 

Ölkəmizdə gender məsələlərini araşdıran və mütəmadi təlimlər, seminarlar keçirən təşkilatlar çoxdur. Onlardan biri də “Yuva” Humanitar Mərkəzidir. Aland Adaları Sülh İnstitutu Azərbaycanın nüfuzlu qeyri-hökumət təşkilatlarından olan “Yuva” Humanitar Mərkəzi ilə birlikdə bu ilin oktyabr ayından başlayaraq dünyada “Girls group method” kimi tanınan “Qızlar qrupu metodu”nun Azərbaycanda tətbiqinə başlayıb. “Azərbaycanda gənc qadınların imkanlarının genişləndirilməsi” adlanan layihənin məqsədi əhalinin aztəminatlı təbəqələrindən olan gənc qızların maarifləndirilməsidir. 2011-ci ilin oktyabr ayından başlayan layihə 3 il davam edəcək və seçilmiş icmada 50 nəfər gənc qızla işləyəcək. Təlim metodu və bu kimi başqa məsələlərlə bağlı ətraflı məlumat əldə etmək üçün “Yuva” Humanitar Mərkəzinin layihə koordinatoru Pərvanə Məmmədova və Aland Adaları Sulh İnstitutunun meneceri Sara Ştefandan müsahibə aldıq.

- İlk olaraq yeni layihə ilə bağlı məlumat verərdiniz.

- Sara Ştefan: Biz Aland Adaları Sülh İnstitutu olaraq bu layihəni Azərbaycanda “Yuva” Humanitar Mərkəzi ilə birlikdə həyata keçirməkdən çox məmnunuq. Bu yeni metodu Aland Adaları Sülh İnstitutu daha əvvəl  Litvada və Rusiya Federasiyasının Kalininqrad vilayətində  tətbiq edib. Biz imkanları məhdud olan qızlarla çalışmağa üstünlük veririk. Yerli ehtiyacları qiymətləndirərək biz layihənin hədəflərini müəyyənləşdiririk. Məsələn, Baltikyanı ölkələrdə insan alveri ilə mübarizə aparmaq üçün bu üsuldan istifadə edirik. Azərbaycanda isə əsas məqsədimiz qızların özlərinə inam hissini möhkəmləndirmək və qərar qəbuletmə prosesində onların sərbəst olmalarına şərait yaratmaqdır.Pərvanə Məmmədova: Ümumiyyətlə, nəzəri olaraq bu cür prosesləri “qadınların səlahiyyətləndirilməsi” adlandırırıq. “Səlahiyyətləndirmə” dedikdə çox geniş anlam başa düşülə bilər. Bura özünəinam, qərar qəbuletmə, karyera və ailə məsələlərinin həllində sərbəstlik də daxil edilə bilər.Sara Ştefan: Bir çox hallarda qızların ailə daxilindəki qərar qəbuletmə prosesində heç bir rolu olmur, onlara öz fikirlərini bildirməyə, bəzi şeyləri öz istəklərinə uyğun həll etməyə imkan verilmir. Biz isə bu layihə vasitəsilə öz fikirlərini bildirmək üçün gənc qızları cəsarətləndiririk. Bunu çox asan, eyni zamanda əlverişli üsulla edirik. Layihə çərçivəsində biz xüsusi mərkəz yaradırıq və ilk olaraq qızları öz sözlərini demək, fikirlərini bölüşmək üçün yerlə təmin edirik. “Qızlar qrupları”na daxil olan gənclər həftənin bir günü bu mərkəzdə toplaşır, müxtəlif sosial məsələləri müzakirə edirlər. Hər qrupda 8-10 nəfər gənc qız və 2 nəfər qrup lideri olur. Qrup liderləri həm də moderator rolunu oynayır. Yəni hər hansı mövzu ilə bağlı qrup üzvlərini məlumatlandırır və müzakirə aparmağa yardımçı olur. Bu qruplardakı qızlar istədikləri mövzuları seçirlər və bu mövzular ətrafında müzakirələr apara bilərlər. Ən əsası isə odur ki, onlar sərbəst şəkildə suallar verə, sərbəst şəkildə öz fikirlərini ifadə edə bilərlər. Pərvanə Məmmədova:  Normal halda bəzi qızlara, qadınlara cəmiyyətdə heç kim qulaq asmaq istəmir. Onların öz sözünü deməyə, eşidilməyə yerləri yoxdur. Bu layihənin məqsədi bu cür qızlar üçün öz sözlərini deməyə şərait yaratmaqdır.

 

 

- Bəs qızların seçimi hansı prinsip əsasında aparılır?

- Sara Ştefan: Əslində burda heç bir xüsusi seçim prosesi yoxdur. Hamı ilə də işləmək mümkün deyil. Çalışırıq ki, cəmiyyətdə özünü ifadə imkanları məhdud olan gənc qızlarla çalışaq.Pərvanə Məmmədova:  Layihənin həyata keçiriləcəyi icma, başqa sözlə, mərkəzin yerləşəcəyi yer hələ dəqiq məlum deyil. Amma əhalinin yerləşməsini və ehtiyaclarını qiymətləndirərək ideyamızı Bakıətrafı rayonlardan birindəki məhəllələrdə yaşayan qızlar arasında reallaşdırmağı planlaşdırırıq. Bu icmanı seçmək üçün biz həm donor təşkilatla məsləhətləşir, həm də ilkin mərhələdə müəyyənləşdirdiyimiz bəzi icmalarda müşahidələr aparırıq. Təəssüf ki, bütün Bakını əhatə etmək, yaxud digər böyük bir ərazidə layihəni reallaşdırmaq bizim imkanlarımız xaricindədir. Əslində haqqında danışdığımız metodun özü daha çox məhəlləyə və ya icmaya yönəlmiş təlim metodudur. Layihənin reallaşdırıldığı digər  ölkələrdə də bu prinsip əsas tutulur.   Sara Ştefan: Seçimlə bağlı bir şeyi qeyd edə bilərəm ki, bizim hədəf qrupumuz 13-16 yaşlı yeniyetmə qızlardır. Gənclər arasında olan qızların özlərini ifadə etmə imkanları müəyyən qədər var. Ən azından onlar universitetlərdə təhsil alırlar və sərbəst həyata qədəm qoyublar. Amma biz elə qızlarla işləyirik ki, onların hələ də cəmiyyətə çıxmağa imkanları yoxdur. Onlar əsasən orta məktəb tələbələri, xüsusən də sonuncu siniflərdə təhsil alan gənc qızlardır.

- Bu metoddan artıq Avropada istifadə olunub. Hansı müsbət və mənfi effektləri olub?

- Sara Ştefan: Litva, Latviya və başqa ölkələrdə çox böyük müsbət nəticələri olub. Məsələn, Litvada bu layihəyə cəlb olunan yeniyetmə qızlar əvvəllər dərsə getmirdilərsə, bu mərkəzlərdəki təlimlərdən sonra onlar məktəbə qayıdıblar. Layihəmiz Azərbaycanda uzun müddət davam edəcək. Biz qısa zamanda hansısa nəticələr gözləmirik. Hazırda cəmiyyətdə qadınla kişini çox ayırırlar. Hər iki qütbün qəbul etdiyi, boyun əydiyi müəyyən qaydalar var və müəyyən zaman lazımdır ki, onlar bu stereotiplərə üstün gəlsinlər. Əsas odur ki, nəticədə özləri öz qərarlarını verə bilsinlər.

- Növbəti sualim tərəfdaşlığınızla bağlıdır. Necə oldu ki, belə bir layihədə tərəfdaşlıq etdiniz?

- Pərvanə Məmmədova: Layihənin donoru Aland Adaları Sülh İnstitutu və Finlandiyanın Xarici İşlər Nazirliyidir. Bilirsinizniz ki, ümumiyyətlə, “Aland adaları modeli” bütün dünyanın diqqət mərkəzindədir və dünyanın bir çox yerlərində münaqişələrdən danışarkən bu modelin tətbiqi məsələsi gündəmə gəlir. Vaxtilə bu mövzu Azərbaycanda da geniş müzakirə olunub və Qarabağ münaqişəsinin həllində bu modelin tətbiqi ilə bağlı müxtəlif səpgili fikirlər səslənib. 2009-cu ildə biz 9 nəfər gənc qızla birlikdə Aland adalarına getdik. Öz təşkilatımızın təqdimatını etdik və bildirdik ki, biz gənc qızlarla çalışırıq. Bu zaman Aland Adaları Sülh İnstitutunun əməkdaşı Sara Ştefan və onun digər həmkarı bizim təşkilatımızın Azərbaycanda gənc qızlarla gördüyü işi “Girl group”un fəaliyyətinə bənzətdilər. Onu da qeyd edim ki, artıq 5 ilə yaxındır bizdə Gənc Qızların İnkişafı Mərkəzi fəaliyyət göstərir. Biz həmin mərkəzdə onların hüquq və vəzifələri, dünyagörüşləri, bilik və bacarıqları ilə bağlı müxtəlif seminarlar keçiririk. İstəyirik ki, onlar öz müqəddəratını özləri həll etsin. Biz isə sadəcə həmin qızlara müxtəlif imkanlar yaradırıq.Biz gördüyümüz işlər haqqında danışanda Sülh İnstitutunun nümayəndələri bizə əməkdaşlıq qurmağı təklif etdilər. Onların metodunu nəzərdən keçirdik və çox bəyəndik, bunun üçün layihəni bizrgə hazırlamağa qərar verdik. Beləliklə, layihə  Finlandiyanın Xarici İşlər Nazirliyi tərəfindən dəstəkləndi.Layihənin hazırlıq mərhələsi artıq başlayıb. Biz hazırda təlim vəsaiti üzərində çalışırıq. Təlim vəsaitinin Azərbaycan dilinə tərcümə və adaptasiya olunması  mərhələsindəyik. Vəsaitdə qeyd edilən metodu olduğu kimi Azərbaycanda tətbiq etməyəcəyik. Çünki burda ölkəmizin reallığı var, biz bunu da nəzərə alacağıq. Təlim vəsaitinin  Azərbaycan dilində işıq üzü görməsi aprelə çəkəcək. Həmin ay Aland adalarından təlimçi və ekspert qrupu Azərbaycana gələcək və “Qızlar qrupları”nın liderləri üçün təlimlər keçəcək.

- Sizcə, Azərbaycanda qızların özlərini təqdim edə bilməməsinə hansı amillər təsir edir?

- Sara Ştefan: Gender problemi hər yerdə var. İsveç, Norveç kimi inkişaf etmiş Skandinaviya ölkələrində belə həmin problemlərə rast gəlmək olar. Amma hər ölkənin özünün spesifik gender problemi mövcuddur.Pərvanə Məmmədova: Azərbaycanda bu sahədə olan problemlərə onu əlavə edə bilərəm ki, bizim cəmiyyətimizdə formalaşmış və nəsildən-nəslə asanlqıla ötürülən  stereotiplər mövcuddur. Əslində isə ən böyük problem məlumatlılığın aşağı olmasındadır. Bəzi hallarda cəmiyyətdə gender bərabərsizliyiniə şərait yaradan insanlar dini amilləri qabartmağa çalışır. Bu isə dinin cəmiyyətə düzgün yolla çatdırılmamasından irəli gəlir. Əfsuslar olsun ki, gender bərabərsizliyi mühiti kişilər tərəfindən formalaşdırılır. Adətən onlar düşünür ki, “biz kişiyik və bizim etdiyimiz hər şey doğrudur”. Onlar bunu necə düşünürsə, cəmiyyətdə də elə tətbiq edirlər. Bəzi  hallarda güclü cinsin nümayəndələri belə davranmaq, yəni gender bərabərsizliyinə şərait yaratmaq istəmirlər, amma cəmiyyətin təzyiqindən qorxurlar. Bizim tanıdığımız elə gənc ailələr var ki, ordakı kişilər qadınla eyni, bərabər hüquqa malik olmağı istəyirlər, lakin həmin faktı cəmiyyətdən gizlətməyə çalışırlar. Çünki sabah ətrafdakı insanlar ona başqa gözlə baxacaqlar. Belə davranış heç bir kitabda yazılmayıb. Amma təəssüflər olsun ki, cəmiyyət yazılmamış bu qanunu çərçivəyə salıb və onu əsas götürür.Azərbaycanda əsas problem təkcə bu deyil. Bu gün ölkəmizdə qadına qarşı zorakılıq, erkən nikah və insan alveri kimi problemlər mövcuddur. Bir faktı da vurğulayım ki, bəzi ölkələrdə bizdən daha çox problemlər var.

- Adətən Azərbaycanı daha çox region ölkələri ilə müqayisə edirik. Necə düşünürsünüz, gender bərabərliyi sahəsində Gürcüstan və Ermənistanda durum necədir?

- Sara Ştefan: Biz bütün ölkələrdə yerli tərəfdaşlarla çalışırıq. Çünki onlar regiondakı reallığı daha yaxşı bilirlər. Sülh İnstitutu olaraq bizim formalaşmış metodumuz var və ondan istifadə edib nəyisə düzəldə bilərik. Hansı məsələləri daha çox qabartmağın lazım olduğuna və müzakirə ediləcək mövzuların seçiminə gəldikdə isə bunlar daha çox bizim tərəfdaşlarımızın öhdəsinə düşür. Məhz buna görə həmin məsələ ilə bağlı elə bir məlumatım yoxdur.Pərvanə Məmmədova: Biz artıq bir neçə ildir bu sahə üzrə işləyirik və həm Gürcüstan, həm də Ermənistanda olan tanınmış QHT-lərlə əlaqə saxlayırıq. Hər zaman məlumatı onlardan almaq imkanım var. Bizdə çox vaxt hər şeyi müsəlmançılığa bağlayırlar. Mən bunu qəbul edə bilmirəm. Eyni problemlər  Gürcüstanda da var. İnanılmaz bir faktdır ki, hazırda Gürcüstanda vəhşicəsinə qızları qaçırtma adəti var. Bir neçə il bundan qabaq qonşu ölkənin bölgələrinə səfər zamanı bir çox qadınlarla görüş keçirdik və onlar qadınlara qarşı olan zorakılıqdan danışırdılar, bəzi bölgələrdə isə 15-16 yaşlı qızların məktəbə qorxu hissi ilə getməsindən söz açdılar. Bu ölkənin bir çox əyalətlərində isə bayaq dediyim kimi, qız qaçırtma yaxşı qarşılanır. Çox sevindirici haldır ki, belə bir fakt ölkəmizdə yoxdur.Digər bir fərqli cəhət kişilərin düşüncəsi ilə bağlıdır. Belə ki, Azərbaycanda kişilər qızlarının şərəf və ləyaqətinin onların çiynində olduğunu düşünürlər. Amma Gürcüstanda bəzi ucqar regionları nəzərə almasaq, belə problemin olmamasının şahidi olarıq.Ermənistanda da gender problemləri eynilə bizimkinə oxşayır. Baxmayaraq ki, bu ölkə xristian ölkəsidir, amma onun da gender bərabərliyi sahəsində ciddi problemləri var. İstəməzdim ki, gender məsələlərini İslam dini ilə əlaqələndirsinlər.

 

Tural QABİLOĞLU

Palitra.-2011.-6 dekabr.-S.12.