2012-ci il dövlət
büdcəsinin layihəsi təsdiqləndi
Dünən Milli Məclisdə büdcə məsələləri ilə bağlı olaraq növbəti plenar iclas keçirildi. Spiker Oqtay Əsədov diqqətə çatdırdı ki, iclasın gündəliyində 10 gün əvvəl hökumətə göndərilən Azərbaycanın 2012-ci il dövlət büdcəsi zərfinə daxil olan məsələlər durur. İclasda çıxış edən maliyyə naziri Samir Şərifov qeyd etdi ki, gələn ilin dövlət büdcəsinin layihəsi deputatlar tərəfindən verilən təkliflərdən sonra ətraflı müzakirə olunub. Bundan sonra isə hökumət burada müzakirə zamanı qaldırılan məsələlərlə bağlı araşdırmalar aparıb. Qeyd edildi ki, Milli Məclisin xərclər smetasının müzakirəsi zamanı təkliflərdə kommunikasiya üçün əlavə 671 min manat həcmində vəsaitin ayrılması məqbul hesab edilib. Ehtiyatda olan hərbi qulluqçular üçün kirayə haqları məqsədi ilə əlavə olaraq 1,4 mln. manatın verilməsi məqbul hesab olunub. Deputatların təklifləri nəzərə alınmaqla QHT-lərin inkişafı üçün vəsait 1 milyon manat artırılmaqla 3,7 mln. manata, bələdiyyələrə verilən dotasiyalar 1 mln. manat artırılmaqla 5 mln. manata çatdırılıb. Ümumilikdə, büdcənin xərclər hissəsi 87,6 mln. manat və ya 0,5% artırılaraq 17,072 mlrd. manata çatdırılıb. Nəticədə, büdcə kəsiri 634 mln. manata çatıb. Sonda dəyişikliklər səsə qoyularaq təsdiqləndi.Bundan əlavə, iclasda Milli Məclis və Hesablama Palatasının 2012-ci il üçün xərclər smetaları da təsdiq edildi. Xatırladaq ki, 2012-ci il dövlət büdcəsinin gəlirləri 16 438 mln. manat, xərcləri 17 072 mln. manat, büdcə kəsiri 634 mln. manat həcmində proqnozlaşdırılır. Gələnilki büdcənin gəlirlərinin ÜDM-ə nisbəti 37,8% səviyyəsində proqnozlaşdırılır ki, bu da 2011-ci ilə nisbətən 1 faiz bəndi çoxdur.Gələn il Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 5,310 mlrd. manat vəsait daxil olması gözlənilir ki, bunun 59,9 faizi qeyri-neft sektorunun payına düşür. Bununla yanaşı, Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə gəlirlərinin 1,2 mlrd. manat, Azərbaycan Dövlət Neft Fondundan transfertlərin 9,905 mlrd. manat olacağı proqnozlaşdırılır.Büdcənin əsas xərclər istiqamətləri sırasında sənaye, tikinti və faydalı qazıntılara 5,794 mlrd. manat, dövlət əsaslı vəsait qoyuluşuna 5,774 mlrd. manat, sosial müdafiə və sosial təminata 1,782 mlrd. manat, təhsilə 1,576 mlrd. manat, müdafiəyə 1,381 mlrd. manat, ümumdövlət xidmətlərinə 1,198 mlrd. manat həcmində xərcləri qeyd etmək olar.Dövlət büdcəsinin xərclərinin ÜDM-ə nisbəti 39,1 faiz səviyyəsində proqnozlaşdırılır ki, bu da 2011-ci ilə nisbətən 1,5 faiz bəndi çoxdur. Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi təsdiqləndi Dünənki iclasda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2012-ci il büdcəsinin layihəsi də təsdiq edildi. Bununla bağlı çıxış edən DSMF-nin sədri Səlim Müslümov bildirdi ki, ümumilikdə xərclərdə dəyişiklik edilməyib, dəyişikliklər yalnız xərclərin strukturuna aid olub: “Deputatların təklifləri nəzərə alınaraq, sığortaolunanların uşaqlarının sağlamlıq düşərgələrində istirahəti üçün ayrılan vəsaitlər 100 min manat artırılaraq 250 min manata çatdırılıb. Bundan başqa, millət vəkillərinin təkliflərinə əsasən, pensiyaçıların təqaüdləri daha rahat alması üçün bankomatların sayının artırılması məsələsinə də baxılıb”.S.Müslümov qeyd etdi ki, DSMF, Azərbaycan Beynəlxalq Bankı və «Kapital Bank» arasında bu istiqamətdə müzakirələr aparılır: «Artıq Azərbaycan Beynəlxalq Bankı tərəfindən ölkəyə 50 ədəd, «Kapital Bank» tərəfindən isə 23 ədəd bankomat gətirilib. Bu bankomatlar fondun tövsiyə etdiyi ərazilərdə quraşdırılacaq».S.Müslümov daha sonra dedi ki, DSMF Azərbaycan Beynəlxalq Bankına daha 50 ədəd bankomatın ölkəyə gətirilməsini sifariş edib. Ehtiyac meyarının həddi artırıldı Dünən parlament «Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında» qanun layihəsini qəbul etdi. Beləliklə, gələn ilin əvvəlindən Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddi 12% artırılaraq 84 manata çatdırılıb. Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə 2011-ci il üçün ehtiyac meyarının həddi 75 manat, 2010-cu ildə isə 65 manat məbləğində müəyyən edilib. Yaşayış minimumu artırıldı Milli Məclis «Azərbaycanda 2012-ci il üçün yaşayış minimumu haqqında» qanun layihəsini də təsdiq etdi. Qanuna əsasən, gələn il üçün Azərbaycanda yaşayış minimumu adambaşına 108 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçünsə 87 manat səviyyəsində nəzərdə tutulub.Qeyd edək ki, «Azərbaycanda 2011-ci il üçün yaşayış minimumu haqqında» qanuna əsasən, bu il üçün Azərbaycanda yaşayış minimumu adambaşına 95 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçünsə 76 manat səviyyəsində nəzərdə tutulub.
Maliyyə sanksiyalarının 25 faizi vergi orqanlarına saxlanacaq Milli Məclis Vergilər Məcəlləsinə dəyişiklikləri də təsdiq etdi. Vergilər Məcəlləsinin 22-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, vergi orqanları işçilərinin sosial müdafiəsi məqsədilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyalarının məbləğinin 25 faizi hesabına bu orqanların büdcədənkənar fondu yaradılır. Qeyd edək ki, dəyişiklikdən öncə bu məbləğ sanksiyanın 5 faizi məbləğində olub.
İlkin AĞAYEV
Palitra.-2011.-7 dekabr.-S.5