«Biz
çalışmalıyıq ki, gənclərimiz
daha çox kitab oxusunlar»
Layihə çərçivəsində
müsahibimiz Bərdə Rayon
Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Havva Mirzəyevadır:
- Kitabxananızda yeni kitabların təqdimatları
təşkil olunurmu?
- Bəli,
tez-tez yeni kitabların təqdimatları, müxtəlif
görüşlər təşkil edirik. Məsələn,
Mərkəzi Kitabxanada Esmira
Orucovanın “Bizi əsirlikdən
qurtarın” kitabının təqdimatı keçirilib.
Tədbirdə fəal oxucular, İdarəetmə
və Texnologiya Kollecinin
bir qrup tələbəsi,
Bərdə rayonu üzrə girov və əsir götürülmüş
insanların ailələri, Qarabağ
müharibəsi əlili Şakir Qurbanov və başqaları iştirak
edib. Tədbirdə kitabın əhəmiyyəti
barədə geniş müzakirələr
təşkil edilib. Ələviyyə
Babayevanın 90 illiyi ilə əlaqədar
yazıçının “Səni axtarıram” romanının
müzakirəsi təşkil edilib. Tədbirdə
yazıçının həyat və
yaradıcılığı haqqında məlumat verilib. Mərkəzi Kitabxanada
həmçinin bərdəli yazarlarla
oxucuların görüşü təşkil
edilib. Gənc yazarlar oxucular qarşısında özlərinin yeni şeirlərini söyləyiblər və
qeyd ediblər ki, belə
görüşlərin tez-tez
keçirilməsi onların yaradıcılığına xeyli təkan verir. Kitabxanada bərdəli yazarlara
həsr edilmiş sərgi və kartoteka da təşkil edilib.
- Gənclərin milli ruhda
böyüməsində kitabxana olaraq hansı işləri həyata
keçirirsiniz?
- Mərkəzi Kitabxanada «Milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında qadınların rolu» adı altında dəyirmi masa keçirilib. Tədbirə rayonun ictimai həyatında yaxından iştirak edən qadınlar qatılıblar. Çıxış edənlər müasir şəraitdə ictimai həyatda qadınların rolundan danışıblar. Qadınların gənc nəslin təlim-tərbiyəsində xüsusi olaraq məsuliyyət daşıdıqlarını qeyd ediblər. Vurğulanıb ki, yeni ailə quranlarda boşanmaların səbəbini axtarmaq lazımdır. Tədbirdə qeyd etdim ki, gənclərin dünyagörüşünün məhdud olması buna gətirib çıxarır. Bunun da əsas səbəbi gənclərin kitab oxumamasındadır. Hamımıza məlumdur ki, müasir informasiya texnologiyaları kitabların insanlara verdiyi mənəvi zövqü və həyatı olduğu kimi çatdıra bilməz. Biz çalışmalıyıq ki, gənclərimiz daha çox kitab oxusunlar. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini də unutmuruq. Kitabxanamızda orduya çağırış yaşlı gənclərlə vətənpərvərlik mövzusuna həsr edilmiş dəyirmi masalar təşkil edirik. Həmin dəyirmi masalarda vurğulanır ki, öz işi ilə, əməli ilə vətənin güclənməsinə xidmət edən hər bir insan vətənpərvərdir. Hər bir Azərbaycan gənci yeri gələndə igid oğullarımız kimi canlarından keçərək, işğal altında olan torpaqlarımızı hansı yolla olursa-olsun, geri qaytaracaq. Müasir dövrümüzdə ən aktual problemlərdən biri vətənpərvərlik tərbiyəsidir. Vətənpərvərlik hissi insanları vətən yolunda misilsiz qəhrəmanlığa və fədakarlığa ruhlandırır, yüksək vətəndaşlıq, namus, qeyrət, cətin anda cəsarət, əyilməzlik, döyüşkənlik, məğrurluq hissi aşılayır. Məktəblilərdə vətənpərvərlik tərbiyəsini formalaşdırmaq üçün kitabxanada bir sıra tədbirlər keçirilir. Kətəlparaq kənd kitabxanasında Kəlbəcərin işğalı günü ilə əlaqədar vətənpərvərlik tərbiyəsinə həsr edilmiş “Biz yurdumuza qayıdacağıq” adı altında tədbir keçirilib. Tədbirdə orta məktəbin şagirdləri və fəal oxucular iştirak ediblər. Tədbirdə işğal altındakı torpaqlarımızın qeyd-şərtsiz geri qaytarılacağına inam ifadə olunub. Bu müddət ərzində bu faciəyə dözməyənlərin dünyalarını dəyişdikləri, körpələrin həddi-buluğa çatdıqları, ancaq onların kiçik qəlblərində hələ də Vətən həsrətinin olduğu, Vətən həsrəti ilə yaşadıqları xüsusilə qeyd edilib. Xocalı soyqırımına həsr etdiyimiz tədbirlərdə də gənclərimizi milli ruhda tərbiyə etməyə çalışırıq. Xocalı faciəsinə həsr edilmiş dəyirmi masalarda gənclərin iştirakını təmin edirik. Çalışırıq ki, onlara soyqırımla bağlı daha çox məlumat verək və onların müzakirələrdə aktiv iştirakına imkan yaradaq. Gənclərimizə xalqımıza qarşı törədilən soyqırımlarla bağlı məlumatların yer aldığı kitablar barədə məlumat verir, onları bu mənbələri oxumağa sövq edirik. Ermənilərin tarixən xalqımıza qarşı cinayət törətdikləri, Xocalı faciəsinin isə xalqımıza qarşı törədilmiş soyqırım olduğu xüsusi olaraq qeyd edilir.
-
Müasir dövrün mənfi vərdişlərindən
qorunmaq üçün ən yaxşı yollardan biri də gəncləri
kitab oxumağa yönəltməkdir.
- Doğrudur, biz də işimizi bu istiqamətdə qurmağa çalışırıq. Gəncləri pis vərdişlərdən çəkindirmək üçün müxtəlif tədbirlər həyata keçiririk. Gənclər bizim gələcəyimizdir və biz onların doğru şəkildə tərbiyə etməliyik, onları əsl vətəndaş kimi yetişdirmək bizlərin borcudur. Bu gün dünya elə hala gəlib çatıb ki, sərhədlər yoxdur və informasiya çox asanlıqla dünyada yayıla bilir. Təəssüf ki, mənfi informasiyalar daha çox yayılır. Ona görə də gənclərimizi bu informasiyalardan qorumalı, onlara doğru yolu başa salmalayıq. Bu tədbirlər silsiləsindən akademik Zərifə Əliyeva adına Texniki Liseydə, YAP Qadınlar Şurası, rayon gəncləri və Mərkəzi Kitabxana ilə birlikdə “Narkomaniya və QİÇS-ə qarşı mübarizə” adlı dəyirmi masa keçirmişik. Tədbirdə məktəb direktorları, narkoloq həkim, azyaşlı uşaqlarla iş şöbəsinin işçiləri, Bərdə İdarəetmə və Texnologiya Kollecinin tələbələri, yuxarı sinif şagirdləri iştirak edib. Tədbirdə narkomaniyanın cəmiyyətdə törətdiyi bəlalar və onunla mübarizə tədbirləri haqqında məlumat verildi. Həkim Tahirə Əmiraslanova çıxışında narkotikaya düçar olmüş insanların ondan qurtulmaq üsulları haqqında danışdı. O bildirdi ki, narkomaniyadan qurtulmaq üçün səbirli, dözümlü, iradəli olmaq lazımdır. O qeyd etdi ki, belə xəstələr həkimə müraciət etmirlər və nəticədə bu alışqanlıq ağır fəsadlara gətirib çıxarır. Tədbirdə Bərdə Rayon İdarəetmə Kollecinin tələbələri Ülvüyyə Veysəlova, Minarə İmanova, Cavid Hüseynov diskussiyada fəal iştirak etdilər. Gənclərdən Aydın Qasımov narkomaniyanın gəncləşdiyini bildirdi və bu məqsədlə məktəblərdə gənclər arasında tez-tez söhbətlər aparılmasının, tədbirlər keçirilməsinin zəruri olduğunu vurğuladı. Çıxışımda bildirdim ki, gənclərin asudə vaxtlarının səmərəli təşkilində kitabxanaların keçirdiyi tədbirlərin böyük əhəmiyyəti var. Gənclərin tərbiyəsində mütaliənin xususi rolu olduğunu da qeyd etdim. Yəni kitabxana olaraq bu tipli tədbirlərdən geri qalmırıq, əksinə, gənclərimizlə bağlı keçirilən tədbirlərdə aktiv olmağa, gəncləri kitabxanalara, kitab oxumağa yönəltməyə, həvəsləndirməyə çalışırıq. Kitabxanamızda gənclərin ekoloji maarifləndirilməsini də diqqətdə saxlayırıq. “Ekoloji saflığın qorunması” adlı dəyirmi masada ətraf mühitin qorunmasında hər birimizin rolunun olduğu xüsusi şəkildə vurğulanıb. Gənclərə bir daha təbliğ olunub ki, ətraf mühitin qorunması sağlam həyatın ən mühüm proseslərindən biridir. Tədbirdə vurğulandı ki, ətraf mühitin qorunmasına yardım etmək üçün əhali arasında ekoloji maarifləndirmə işlərinin aparılması, əhalinin ekoloji biliklərinin artırılması vacibdir. Ekoloji saflığı qorumaq üçün tez-tez aksiyalar təşkil etmək və bu aksiyalara cəmiyyətin ayrı-ayrı təbəqələrinin təmsilçilərinin cəlb edilməsinin vacib olduğu vurğulandı. Bu kontekstdə şəhərdə salınan yaşıllıqların insanlar üçün xeyri və onların qorunub saxlanmasının hamımızın borcu olduğu bildirildi.
Anar Miriyev
Palitra.-2011.-9 dekabr.- S.7.