“Səbirsizliklə gözlənilən əxlaqa uyğun olandır”

Məlumdur ki, müasir qloballaşma şəraitində bir çox dəyərlər öz əvvəlki mahiyyətini ya tamamilə itirir, ya da yavaş-yavaş digərləri ilə əvəz olunur. Təbiidir ki, bu proses əxlaqi dəyərlərdən də yan keçmir. Bu gün sanki əxlaqi dəyərlərin toqquşduğu bir dövrdə yaşayırıq. Məsələ ilə bağlı məni düşündürən sualların bəzilərinə münasibətini öyrənmək üçün Bakı Slavyan Universitetində oxuduğum illərdə fəlsəfə fənnini bizə sevdirməyi bacaran sevimli müəllimim Məmmədtağı Rzayevə müraciət etdim.  

- Məmmədtağı müəllim, ümumiyyətlə götürdükdə etika anlayışına necə tərif verilə bilər?

- Ümumiyyətlə götürdükdə elmdə, xüsusən də fəlsəfi elmlərdə elə anlayışlar var ki, onlara bir yox, bir neçə, bəzən hətta onlarla, yüzlərlə tərif verilə bilər. Estetika, mədəniyyətşünaslıq və bu kimi bir çox anlayışlarla yanaşı etika da belə anlayışlardan biridir. Ümumilikdə götürdükdə etika praktik fəlsəfənin sahələrindən biri olub əxlaq (ədəb), davranış qaydalarını öyrənən elm sahəsidir. Elm kimi Aristotel tərəfindən sistemləşdirilmişdir. Müasir dövrümüzdə bir çoxları etika və əxlaq anlayışlarını eyniləşdirirlər. Amma elmi akademik ənənəyə görə, etika daha çox bilik sahəsi, əxlaq və yaxud ədəb qaydaları isə onun predmeti kimi başa düşülür. Yəni etika əxlaq normalarını və ədəb qaydalarını öyrənən elmdir.

- Şərq və Qərb fəlsəfəsində fərqli etik düşüncələr varmı və bu fərqlilik əsasən nədən ibarətdir?

- Yuxarıda qeyd olunduğu kimi, etika əxlaq normalarını və ədəb qaydalarını öyrənən elm sahəsidir. Fizika, riyaziyyat, həndəsə və b. elmlər kimi dəqiq elm sahəsi deyil. Təbiidir ki, müxtəlif cəmiyyətlərdə insanların fəaliyyətini tənzimləyən əxlaq normaları və dəyərlər müxtəlifdir. Şərq və Qərb cəmiyyətlərini müqayisə etdikdə bu müxtəliflik çox qabarıq şəkildə özünü büruzə verir. Amma istər Şərqdə olan fəlsəfi-etik sistemlərin, istərsə də Qərbdə olan fəlsəfi-etik sistemlərin öz aralarında da müxtəlifliklər varbu müxtəlifliklər bəşər övladı mövcud olduqca davam edəcəkdir.Qısaca desək, Şərq və Qərb mədəniyyət sistemlərində ictimai fikrin formalaşmasına təsir edən amillər öz müxtəlifliyi ilə seçilir. Bu cür müxtəlifliklər həmin cəmiyyətlərdə formalaşan insan özünütəsdiqinə də böyük təsir göstərir. Şərq və Qərb mədəniyyət sistemlərində formalaşmış insana baxışda Şərq mistisizmi və Qərb praqmatizmi əsas rol oynayır. Klassik Şərq insanının formalaşmasında hardasa bir fərdilik özünü göstərir. Sanki bu insan fikirləşir: “Mən (biz) dəyişsəm (dəyişsək), deməli, cəmiyyət də dəyişəcək”. Qərb insanı öz rasionallığı ilə seçilir. Qərb insanı cəmiyyəti qanunlar vasitəsilə dəyişdirməyə çalışır.Şərqin və Qərbin qovşağında yerləşən Azərbaycanda isə insan özünütəsdiqi müxtəlif dövrlərdə fərqli olsa da, hazırda Şərq və Qərb dəyərlərinin sintezi formasında gedir.  

- Belə bir fikir də var ki, müasir dövrdə ənənəvi cəmiyyətlərin, etik prinsiplərin deformasiyası və ya dekonstruksiyası prosesləri gedir. Bu barədə nə deyə bilərsiniz?

- Çox maraqlı, düşündürücü və hər zaman aktual olan bir sualdır. Bu sualı cavablandırmamışdan əvvəl müasir dövr dedikdə biz hansı dövrü nəzərdə tuturuq, XXI əsrin əvvəlləri, yoxsa XX-XXI əsrlər məsələsini aydınlaşdırmalıyıq. Bu yanaşmadan çox şey asılıdır. Əslində Şərq ölkələrində bu məsələ XIX əsrin sonları, XX əsrin əvvəllərində aktuallaşmağa başlayıb. O dövrdə bir çox Şərq ölkələrində ənənəçilər, qərbçilər, Şərq və Qərb fikrinin mədəniyyətinin sintezini irəli sürən (eklektiklər) fikir cərəyanları yarandı. Ənənəçilərə görə, milli mədəniyyət, həyat tərzi, əxlaq normaları insan dünyagörüşünün və davranışının əsasını təşkil etməli və dəyişməz qalmalıdır. Onlar Qərb fikrinin hər cür dəyərini inkar edərək qəbuledilməz hesab edirdilər. Üstəlik, müasir dövrdə gedən mənəvi böhranın, sosial ziddiyyətlərin qaynağını Qərb həyat tərzində və əxlaq normalarında görürdülər. Qərbçilər isə əksinə, Qərb mədəniyyətinin klassik nümunələri qarşısında baş əyir, inkişaf yolunu bu dəyərlərin qəbul olunmasında görürdülər. Eklektiklər qarşısında isə başqa bir yol durudu. Onlar çalışırdılar ki, milli mədəniyyətə, əxlaq normalarına, həyat tərzinə bir o qədər xələl gətirmədən mütərəqqi Qərb dəyərlərini qəbul etsinlər. Göründüyü kimi, bu çox çətin və məsuliyyətli bir vəzifə idi. Bu yolla gedən bir çox Şərq ölkələri artıq onun bəhrəsini görməkdədir. Onu da qeyd etmək yerinə düşər ki, indiki dövrdə bir çox Qərb mədəniyyətlərində də geriyə - Şərqə doğru qayıtma meyilləri güclənir. Bir növ onlar da Qərb və Şərq dəyərlərinin sintezini edirlər. Böyük rus alimi Mejuyevin dili ilə desək, bu, bəlkə də Qərb insanının xilas yoludur. Mejuyev qeyd edir ki, bugünkü Qərb insanı öz praqmatikliyipozitivizmi ilə ya məhvə sürüklənəcək, ya da başqa bir tamın tərkib hissəsinə çevriləcəkdir.    İndiki dövrdə elmin, texnikanın inkişafı sanki dünyanı kiçildib, görünən edib. Hazırda nə mütərəqqi Qərb dəyərlərini inkar edərək ənənəvi cəmiyyətdə yaşamaq, nə də ki kosmopolitləşib müxtəlif mədəniyyətləri saya salmamaq mümkündür. Çünki inkişafı daha çox mədəniyyətlərin, əxlaq normalarının birliyi, vahidliyi yox, müxtəlifliyi şərtləndirir.

- Məmmədtağı müəllim, yadımdadır, Fridrix Nitsşe ilə bağlı mühazirələrinizdə onun fikirləri ilə bağlı uzun-uzadı mübahisələr aparardıq...

- İstəsən, mübahisələrimizi davam etdirə bilərik. Demək istəyirsən ki,  Azərbaycana F.Nitsşe fikirləri, ideyaları gəlib çatıbmı? Çünki F.Nitsşe deyirdi ki, “Məni 1900-cü ildən oxumağa, iki əsr sonra isə dərk etməyə başlayacaqlar”. Belə hesab edirəm ki, bu gün bütün dünya etiraf edib-etməmək dərəcəsindən asılı olmayaraq F.Nitsşe fəlsəfəsi ilə yaşayır. Onun fəlsəfəsinin qısa məğzi belədir: insan fövqəlləşməli, fövqəlinsan olmalıdır. Onun (İnsanın) həyatının mənasını hakimiyyət istəyi, hakimiyyət hərisliyi, hakimiyyətə can atma təşkil etməlidir. Hakimiyyət dedikdə Nitsşe insanın sahibi olduğu peşənin hakimiyyətində, zirvəsində olmağı nəzərdə tuturdu. Yəni həkimsənsə, savadlı həkim olub həkimliyin fövqünə, jurnalistsənsə, jurnalistliyin fövqünə, müəllimsənsə, müəllimliyin fövqünə və s. yüksəlməyi zəruri hesab edir və həyatın mənasını onda görürdü. Məgər düz demirdi? Nitsşe belə hesab edirdi ki, güc insanın özündə olmalıdır və bu güc onu digərlərinin fövqünə qaldırmalıdır. İnsandan kənarda olangücüo, güc hesab etmirdi. “Zərdüşt belə demişdir” əsərini yazandan sonra əsərlə bağlı yazırdı: “Bu əsərlə yorğunluğumu atdım. Çünki kimin kim olduğu bəlli deyildi. Mən hər kəsi öz yerinə qoydum”. Məgər biz demirik ki, “Çörəyi ver çörəkçiyə, birini də artıq?” Təbiidir ki, hələ dünyada elə bir ideal cəmiyyət yoxdur ki, orada bütün insanlar həmişə yalnız biliyinə, bacarığına, qabilliyətinə görə mövqe tutsunlar. Belə bir cəmiyyətin mövcudluğunun nəyi pisdir?

- Hazırda mediada etik mövzulara hansı səviyyədə toxunulur?

- Düzünü deyim ki, bir çox qəzetləri oxumağa həm vaxt, həm də imkan çatmır. Qəzetlərimiz də ki, maşallah, N saydadır. Mənə elə gəlir ki, bugünkü Azərbaycan mətbuatında qəzetin mövqeyindən asılı olaraq yalnız qara rənglərdən istifadə edilir. Bəzi hallarda etik normalar hətta jurnalist etikası çox kobud şəkildə pozulur. Bir çox qəzetlərin manşetində tez-tez etik normalara, əxlaq qaydalarına, milli mentalitetə sığmayan yazılar gedir, yalanın şahidi olarsan, kiməsə şər-böhtan yaxılır s. Bu da reket jurnalistlərin çoxalmasına səbəb olur. Qəzetlərimizin ən böyük bəlası isə həddən ziyadə siyasiləşmələridir. Təbiidir ki, belə qəzetlərdə əxlaq məsələləri ikinci plandadır.Mətbuat işçilərinə böyük hörmətim var. İstərdim ki, elə qəzetlər jurnallar buraxsınlar ki, oxucular onların hər nömrəsini səbirsizliklə gözləsinlər. Çünki səbirsizliklə gözlənilən əxlaqa uyğun olandır... 

 

Tural Qabiloğlu

Palitra.-2011.-9 dekabr.- S.6.