“Azərbaycan güclü
və inkişaf etmiş
infrastrukturu ilə təhlükəsiz və
sabitliyin hökm sürdüyü bir
ölkədir”
İtaliyanın Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Mario Baldi “Azadinform”un suallarını cavablandırıb:
- Ölkələrimiz
arasındakı əlaqələrin hazırkı vəziyyətini
necə dəyərləndirirsiniz? Əlaqələrin cari vəziyyəti
qənaətbəxşdirmi?
- İtaliya və Azərbaycan arasındakı ikitərəfli əlaqələr dərin dostluq və qarşılıqlı etibar kimi əhəmiyyətli faktorlara söykənir. Ölkələrimiz arasında ticari sahədə gündən-günə möhkəmlənən və pik nöqtədə olan əlaqələr bunun bariz nümunəsidir. Siyasi sahədə biz qarşılıqlı şəkildə həm ikitərəfli münasibətlərin, həm də xalqlarımız arasındakı münasibətlərin inkişafı üçün geniş dialoq imkanları yaratmışıq. Əminliklə bildirirəm ki, bu dialoq Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi üçün keçirilən sonuncu seçimdən sonra daha faydalı olacaq. İtaliyanın Azərbaycanla mədəni sahədəki əlaqələri də intensiv şəkildə inkişaf edir, xalqlarımız arasındakı əlaqələr güclənib. Azərbaycanlılar İtaliyanı çox sevir, bizim həyat tərzimizi bəyənirlər. Bu, təbii ki, bizim üçün qürur mənbəyidir. Təbii ki, hələ də inkişaf etdirilməsinə ehtiyac hiss edilən sahələr də var. Məsələn, İtaliya siyasiləri tərəfindən təşkil edilən yüksək səviyyəli rəsmi səfərlər sıxlaşdırılmalıdır. Lakin birmənalı şəkildə bildirməliyəm ki, mən ikitərəfli əlaqələrin mövcud vəziyyətindən məmnunam.
- İki ölkə arasında
iqtisadi əlaqələri necə dəyərləndirərdiniz?
Sizcə iqtisadi əlaqələrin
potensialından yetərincə istifadə olunurmu?
- Yuxarıda da qeyd etdim ki, iki ölkə arasında ticarət sahəsində əməkdaşlıq həddindən artıq güclüdür. Biz Azərbaycanın neft idxalı sahəsindəki əsas əməkdaşıyıq. Azərbaycan neftinin 40%-dən çoxu təkcə İtaliyaya ixrac edilir. Əlaqələrin inkişaf tempini rəqəmlər də ortaya qoyur. Belə ki, təkcə bu ilin ilk səkkiz ayı ərzində ticarət dövriyyəsi 5,8 milyard avroya çatıb. Xüsusilə də Liviya krizisindən sonra Azərbaycan İtaliyanın əsas neft tədarükçüsünə çevrildi. Lakin mən yenə də düşünürəm ki, qarşılıqlı şəkildə yararlana biləcəyimiz sahələr və bu sahələrdə əməkdaşlıq üçün böyük potensial var. Bir neçə müxtəlif sahədə əməkdaşlıq ikitərəfli əlaqələri daha da möhkəmləndirə bilər. Məsələn, düşünürəm ki, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları sənayesi, qida sənayesi, turizm, bərpa olunan enerji sahəsi və sair çox güclü əməkdaşlığa, böyük layihələrə addım atmaq üçün yaxşı potensialı olan sahələrdir. Mən elə İtaliyanın kiçik və orta sahibkarlarını Azərbaycan hökumətinin yeritdiyi iqtisadiyyatın çeşidləndirilməsi prosesini yaxından izləməyə, ölkənizdə gedən proseslərə qoşulmağa çəkirəm. Məsələ bundadır ki, iş adamları və ya ümumilikdə biznes strukturları İtaliyada Azərbaycanın tanıdılması baxımından güclü vasitəçilərdir. Mən italiyalı iş adamlarının Bakıya gəlməsi, yerli kompaniyalarla müqavilələr bağlaması və Azərbaycan bazarının güclü potensialını kəşf etməsi üçün əlimdən gələni edirəm. Azərbaycan güclü və inkişaf etmiş infrastrukturu ilə təhlükəsiz və sabitliyin hökm sürdüyü bir ölkədir. Ölkəniz biznes dairələrindən daha çox diqqət almağa layiqdir. Xüsusilə də iri şirkətlərin öz məhsulları və yeni investisiya imkanları üçün yeni ticarət bazarları axtardığı böhran dövründə Azərbaycan kimi potensiallı ölkələrə ehtiyac var.
-
İtaliyanın Azərbaycanla bağlı maraqları
yalnız enerji mənbələri ilə
bağlıdır, yoxsa bu
siyahıda başqa sahələr də var?
- Enerji sektoru ikitərəfli əlaqələrdə ən mühüm yeri tutur. Bu, həqiqətdir. Lakin bu, təbii ki, təkcə neftlə yox, eyni zamanda qazla da əlaqədardır. İtaliya ildə 84 milyard kubmetr qaz idxal edən istehlakçı ölkə kimi təbii ki, rəqabətə davamlı və təhlükəsiz əlaqələr yarada bilən tərəfdaşlar axtarır. Məhz bu səbəbdən EDİSON Cənub dəhlizi layihəsi çərçivəsində Türkiyə-Yunanıstan-İtaliya kəməri vasitəsilə “Şahdəniz-2” yatağındakı Azərbaycan qazını almaq məsələsini təklif etdi. Həmçinin bəzi italyan şirkətlərinin Azərbaycanda memarlıq, infrastruktur və dizayn kimi sahələrdə artıq çoxdan və uğurla fəaliyyət göstərdiyini xatırlatmaqdan da qürur duyuram. Artıq bir çox şirkət Azərbaycanda iri layihələrin gerçəkləşdirilməsinə başlayıb və mən ümid edirəm ki, onların bu sahələrdəki mövcudiyyətinə daha geniş imkanlar yaranacaq. Mən çıxışımın əvvəlində də qeyd etdim, ümid edirəm ki, digər italyan şirkətləri də qısa müddətdə öz məhsulları üçün ən uğurlu bazar potensialının Azərbaycanda olduğunu görəcək və buranı seçəcəklər.
- Hansı sahələrdə
İtaliya-Azərbaycan əlaqələri daha çox
inkişaf edib? Mədəniyyət də bu
sahələr arasındadırmı? Mədəni sahədəki
əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?
- Mədəni
sahədə də əməkdaşlığımız
çox yüksək səviyyədədir. Üstəlik,
bayaq da qeyd etdim, azərbaycanlılar
İtaliya mədəniyyətini çox sevir və mütəmadi
olaraq İtaliya şəhərlərinə
səfər edirlər. Bu, yalnız iqtisadi fayda məsələsi
deyil, eləcə də
qarşılıqlı anlaşma, əlaqələrin
gücləndirilməsi üçün güclü vasitədir. Ötən il 4 mindən çox azərbaycanlı
İtaliyaya turist
qismində səfər edib. Mən
xüsusilə də Azərbaycan Dillər Universitetində italyan dili fakültəsinin
fəaliyyətini diqqətə çatdırmaq istərdim. Bu universitetdə artıq İtaliya
Mədəniyyət Mərkəzi də uzun
müddətdir ki, fəaliyyət göstərir.
Həmçinin Qərb Universitetində də italyan
dili tədris olunur. Burada təkcə italyan dili yox, eyni
zamanda bizim tariximiz, mədəniyyətimiz öyrədilir.
Hər il italyan dilini öyrənən onlarla
azərbaycanlı gənc bu fakültələri
bitirir. Səfirlik olaraq biz də
İtaliyanın təbliği məqsədilə yaxın gələcəkdə
ölkəmizin YUNESKO tərəfindən qorunan
tarixi abidələri, məkanları və
təbii landşaftının canlandırıldığı
bir foto-sərgi təşkil edəcəyik.
Ümid edirəm ki,
İtaliyanın birliyinin 150-ci ildönümü ilə
bağlı təşkil ediləcək bu
sərgi çox uğurlu
alınacaq. Növbəti il üçün də nəzərdə tutulan layihələrdən danışmaq istərdim.
2012-ci il üçün
planlaşdırılan ilk iki
iş pianino konserti və film
festivalıdır. Mən, həmçinin 2012-ci ildə Romada təşkil ediləcək “Le Vie della
seta” (“İpəkyolu”) adlı mədəniyyət
günlərində Azərbaycanın iştirak
edəcəyini də vurğulamaq istəyirəm.
Bu, çox möhtəşəm
bir mədəni hadisədir.
- Dağlıq Qarabağ
münaqişəsinə ölkənizin yanaşması necədir?
Münaqişənin həllini nədə
görürsünüz?
- İtaliya ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir və onlara inanır. Avropa Birliyinə üzv ölkə kimi bizim əsas məqsədimiz konfliktin dinc yolla, anlaşma ilə həllinə dəstək olmaqdır. İtaliya hökuməti Qarabağ probleminin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnaməsinin tələbləri çərçivəsində həllini tapacağına ümid edir. Hər iki tərəfin bu məsələnin həllinə tərəfdar olması müsbət haldır. Məsələnin həll yolu hər iki hökumətin kompromisə getməsi və xalqların bunu qəbul etməsindən keçir.
- Necə
düşünürsünüz, Avropa Birliyinin münaqişənin
həllində hansısa bir faydası olacaqmı?
- Hər iki tərəf məsələnin həllində Avropa Birliyinin əsas rol oynamasında maraqlıdır. Lakin bir şeyi diqqət mərkəzində saxlamaq lazımdır, cari formatda hansısa bir dəyişiklik edilməsi sülh prosesinin gedişatına zərbə vura bilər. Düşünürəm ki, Avropa Birliyi Təhlükəsizliyin Artırılması Komissiyası regiondakı iqtisadi inteqrasiyanın uğurlu təşkili üçün yararlı bir təklif irəli sürə bilər. Bu isə sülh sazişinin əldə edilməsi üçün uğurlu addım ola bilər. Beynəlxalq ictimaiyyətin qəbul edə bilməyəcəyi yeganə detal isə gərginlik, qorxu və status-kvo məsələsidir.
- Qlobal iqtisadi vəziyyət və
borc böhranı ilə bağlı nə
düşünürsünüz? Bu böhran Avropanı və
ya avronu sona apara bilərmi?
- Hazırda Avropada iqtisadi vəziyyət çox ciddidir. İtaliya bundan ən çox təsirlənmiş ölkələrdən biri kimi vəziyyətin ağırlığından xəbərdardır. Yeni hökumət borcu azaltmaq və yenidən inkişafı stimullaşdırmaq üçün ciddi tədbirlər planı üzərində işləyir. Təbii ki, bu tədbirlər bir az ağrılı və ağır olacaq, lakin onlar, həmçinin maliyyə bazarına da ciddi siqnallar ötürür. Mən optimistəm. Biz - mən burada təkcə İtaliyanı nəzərdə tutmuram, bütün Avropa - bu böhrandan əvvəlkindən daha güclü bir formada çıxacağıq. Sadəcə, özümüzə və vahid valyuta olan avroya inamı itirməmək lazımdır. Düşünürəm ki, geri dönüşü olmayan bu proses 10 il əvvəl başlayıb. Avro bu qocaman qitənin maliyyə stabilliyinə böyük töhfələr verib. İndi onu müxtəlif səbəblərdən qaynaqlanan maliyyə böhranında günahlandırmaq düzgün deyil. Təcili ehtiyac duyulan yeni qaydalar Avropanın maliyyə bazarında stabilliyi qorumaq məqsədi daşımalıdır.
E.Salmanqızı
Palitra.-2011.-13 dekabr.- S.8.