“Bir qadının biznesdə uğur
qazanmasının ilk meyarı inadkarlıqdır”
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının tərkibində fəaliyyət göstərən “Qadın jurnalistlər klubu”nun suallarını bu dəfə “Reflete.com” onlayn tətbiqi proqramının təsisçisi və icraçı direktoru, “iPone” üçün “gottaFeeling” adlı tətbiqi proqramın yaradıcısı, texnologiya sahəsində ən nüfuzlu qadınlardan biri, 2011-ci ildə Dünya İqtisadiyyat Forumu tərəfindən “Gənc qlobal lider” adına layiq görülən Alisia Morqa cavablandırıb.
- Bildiyimizə görə, siz əslən
latın amerikalısınız. Maraqlıdır,
Amerikaya neçə yaşında gəlmisiniz?
-
Valideynlərim 60-cı illərin sonunda Meksikadan Amerikaya
köçüb. Mən də Amerikada doğulmuşam.
- Amerikada təhsil
almısınız, orda da biznesə
başlamısınız. Nədən belə
bir addım atmağa ehtiyac duydunuz?
- Biz
çox kasıb idik, bunun nəticəsində mən Amerikada
uşaq evlərində böyüdüm. Düşünürdüm
ki, həyat şəraitimizi dəyişdirmək
üçün təhsil almaq lazımdır. Ona görə də fikrimi Stanford Universiteti üzərində
cəmlədim. Universitetin bakalavr, Stanford
Hüquq Məktəbinin hüquq elmləri üzrə doktoru
dərəcəsini aldım və bir neçə işdə
işlədim. Daha sonra öz biznesimə
başladım.
- Sizcə, qadının biznesdə
uğur qazanması üçün ilk şərt nədir?
- Mənə
elə gəlir ki, bir qadının biznesdə uğur
qazanmasının ilk meyarı inadkarlıqdır. Yəni nə olursa-olsun, mütləq
başladığınız işi davam etdirməniz
lazımdır. Siz çox səhv edəcəksiniz,
çox uğursuzluqla, çətinliklə
qarşılaşacaqsınız, amma bayaq da dediyim kimi, nə
olursa-olsun, başladığınız işi davam etdirməlisiniz.
Bundan başqa yaxşı lider olmaq
üçün özünüzü anlamanız gərəkdir.
Siz nəyi yaxşı, nəyi zəif
bacardığınızı ayırd edə bilməlisiniz.
Sizin üçün vacib, yaxud az əhəmiyyətli
olan şeyləri bilməlisiniz. Bilirəm, bu
çox sadə səslənir, amma səsləndiyi kimi sadə
deyil.
- Biznesdə uğur qazanmaq
üçün qadın nədən başlamalıdır? Və ideal yaş neçədir?
- Məncə,
biznesə ilk növbədə sevdiyiniz işdən
başlamaq lazımdır. Ümumiyyətlə, biznesə
başlamaq çox çətin bir işdir, amma bu sizin
sevdiyiniz iş olsa, məsələni daha da
asanlaşdırır. Biznes qurmaq
üçün ideal yaşın olub-olmadığını
bilmirəm. Əmin olduğum sadəcə
bir şey var, bu işə başlamamışdan öncə
təhsiliniz olmalıdır.
- Siz neçə yaşınızda
biznesə başlamısınız?
- 32
yaşımda. Keçmiş işlərimdə
əldə etdiyim maaşları yığdım və
biznesimə elə həmin kapitalla, birotaqlı evim, kompyuter və
özümlə başladım. Çox
çətinliklə üzləşdim. İlk
müştərimi tapana kimi yüzlərlə zənglər
edib, məktublar yazdım. Hətta
işçilərimi işə götürməkdə də
çətinliklər çəkmişəm. Bəziləri mənim liderliyim altında işləməkdən
çəkinirdilər. Onlara göstərirdim
ki, mənim biznesim böyüyür və onlar mənimlə
işləsələr, nələr əldə edə bilərdilər.
Etiraf edirəm ki, bunu onlara sübut etmək uzun
müddət tələb edirdi.
- Sıfırdan başlamaq çətin
deyildi ki? Və siz uğur
qazanacağınıza əmin idinizmi? Bu uğurun təməlində
nələr durur?
-
Bilirsiniz, sıfırdan başlayanda sizin itirməyə də
heç nəyiniz olmur. İstər heç nə
ilə, istərsə də əlinizdə hansısa imkanla
başlayırsınızsa, başlayın, fərq etməz,
bu hər bir halda çətindir. Məncə,
uğurun təməlində səbir, həvəs və
inadkarlıq durur.
- Dünyanın ən varlı
adamları siyahısında heç vaxt qadın adı olmur. Niyə qadın təkbaşına maqnata çevrilə
bilmir? İş qadını maksimum hara qədər
uğur qazana bilər?
- Mən
düşünürəm ki, istər mənim, istərsə
də başqa ölkələrdə qadın sahibkarların
uğurunun limiti yoxdur. Amerikada Marta Stüard və
Opra Vinfrey kimi uğur qazanmış xanımlar var. Onlar
xanımların sahibkarlıq işində uğur qazana biləcəklərinə
dair ən yaxşı misallardır. Mən
daha çox texnologiya biznesi ilə məşğul olan
qadınların sayının artmasını istərdim.
Amerikada texnologiya sahəsi tamamilə kişilərin
dominantlığı altındadır.
- Bir kişinin və ya hansısa dəstəkçinin
köməyi olmadan qadın özü bunlara nail ola bilərmi?
- Mən
düşünmürəm ki, hər bir kəsin uğuru
tamamilə onun öz işidir. Dəstək həm
kişilərdən, həm də qadınlardan gələ bilər.
Amma dəstək də müxtəlif cür ola
bilər. Dəstək deyəndə təkcə
pulu nəzərdə tutmuruq. Bəzən
bizə lazım olan sadəcə bir dostdur ki,
ideyalarımızı eşidib, başını yelləyə
bilsin. Mən biznes fikirlərimi həyata
keçirmək üçün bu cür dəstək
almışam. Eyni zamanda da özümə
qarşı məhz texnologiya sahəsində kişilərdən
müxalif fikirlər eşitmişəm. Ancaq
mən bu müxalif qüvvələrdən yan keçmək
üçün yollar tapa bilmişəm. Müşahidələrimdən
belə qənaətə gəldim ki, kişilər adətən
kişilərlə işləməyi sevir. Ona görə ki, onlar daha çox
tanıdıqları adamlarla işləməyə
üstünlük verirlər. Mən də
onlarla əlaqə qurmağın başqa yolunu tapdım.
Və bu əlaqənin özəyini adətən
bizim oxuduğumuz universitet təşkil edir. Çünki onlar biləndə ki, eyni universitetin tələbələri
olmuşuq, onda mənimlə işləməyə daha
çox meyil göstərirdilər. Bu, gələcəkdə
öz biznesini başlamaq istəyən insanlara təhsilin
önəmini göstərən daha bir misaldır.
- Bildiyimizə görə, siz azərbaycanlı
biznesmen qadınlarla görüşlər keçirmisiniz. Amerikadakı biznesmen qadınlarla müqayisədə
bizim sahibkar qadınların oxşar və fərqli cəhətləri
hansılardır?
- Bəli,
mənim burda bir neçə regiona - İsmayıllı, Şəki,
Quba, Gəncə, Şirvan, Xaçmaza getmək şansım
oldu. Oralarda uğurlu, gənc sahibkar
xanımlarla qarşılaşdım. Azərbaycandakı
və Amerikadakı xanım sahibkarlar arasında
oxşarlıq çoxdur. Amerikada biznesmen
qadınlar da kapital əldə etmək üçün
mübarizə aparırlar. Bir çox
xanım sahibkar ya özünün yığdığı
pullardan, ya da kimdənsə - dostlarından, qohumlarından
aldıqları pullardan istifadə edirlər. Çünki çox vaxt bankdan pul götürmək
onlar üçün çətin olur. Bir
çox xanım sahibkar öz ailəsinin
narazılığı ilə qarşılaşır. Ona görə bu baxımdan biz çox
oxşarıq.
- Qadın sevdiyi işlə məşğul
olmalı, yoxsa pulu, kapitalı olan işin dalınca getməlidir?
- Məncə,
bu sualın cavabı çox fərqlidir. Yəni
bu, hər kəsin özündən asılıdır. Bu, daha çox həmin şəxsin həyatda nəyi
necə qiymətləndirməsi ilə bağlıdır.
- Kapital sizə işinizi sevdirdimi?
Əgər sirr deyilsə, kapitalınızın həcmi nə
qədərdir?
- Mən,
ümumiyyətlə inanmıram ki, pul kiməsə nəyisə
sevdirə bilər. Kapitalın həcminə gəldikdə
isə bu, sirdir.
- Azərbaycanda öz biznesinizi qura
bilərsinizmi?
- Yox,
düşünmürəm, çünki mən burdakı
biznes mühitini bilmirəm. Məncə, bunu etməli olan adam da mən deyiləm. Ümid
edirəm ki, rast gəldiyim sahibkar qadınlardan kimlərsə
bunu mütləq edəcəklər.
- Dünyada qadının “zəif
cins” adlandırılması ənənəsinin bitməsi
üçün hansısa bir çevriliş
lazımdırmı? Sizcə, nə etməli?
- Mənə
elə gəlir ki, bu cür mühakimələrə
qarşı mübarizə aparmağın ən yaxşı
yolu əks görünüş yaratmaqdır. Əgər
istəmirsiniz ki, sizi zəif görsünlər, onda
güclü kimi hərəkət edin.
- Kifayət qədər həyat və
iş təcrübəsinə sahibsiniz. Sizcə, uğurlu
iş qadını olmaq üçün qadın nəyə
pul xərcləməməlidir? Nədə qənaət
etməlidir?
-
Qazandığım pullara hər zaman qənaət etmişəm.
Mənim dostlarım qazandıqları pula
bahalı maşınlar, paltarlar alanda mən
yığırdım. Elə biznesimi də
yığdığım o pullarla qurdum. Nəyə
pul xərcləməməlidir? Məncə,
bu hər bir qadın üçün fərqlidir. O,
öncə ona vacib olanı dəqiq müəyyənləşdirməli,
daha az əhəmiyyətli olana pulunu xərcləməməlidir.
- Bloqqer fəaliyyəti ilə məşğul
olursunuz. Hansı mövzuda yazırsınız?
- Asudə
vaxtlarımda “Fast Company” jurnalının liderlik bölməsinin
mütəxəssis bloqqeri kimi fəaliyyət göstərirəm.
Eyni zamanda da müxtəlif internet resurslarına
esseler təqdim edirəm. Mən öz həyatım,
dünyaya baxışım və yeni texnoloji trendlər
haqqında yazıram. Əlbəttə ki,
Azərbaycana səyahət barədə də yazacağam.
- Sosial şəbəkələrdə
varsınızmı?
-
“Twitter”də Alisia Morqa adı ilə axtarışa verin və
məni asanlıqla tapa bilərsiniz.
- Ali təhsil almısınız,
gözəl iş qurmusunuz. Maraqlıdır, həyatınızda
daha nələrin olmasını istəyirsiniz?
- Həyatımda
ən birinci lazım olan mənim
sağlamlığımdır.
- Ailə qurmaq barədə fikirləşirsinizmi?
- Əlbəttə ki, bir gün ailə qurmaq istəyirəm. Amma ailə
qurmasam belə yenə də xoşbəxtəm.
- Asudə vaxtınızda
başqa nələrlə məşğul olursunuz?
- Uşaq
vaxtında müntəzəm olaraq idmanla məşğul
olurdum. Elə indi də qaçmağı
çox xoşlayıram. Mən
yarışı çox sevirəm.
- Dediniz ki, Azərbaycan haqqında
yazacaqsınız. Amerikaya qayıdandan sonra
amerikalılara Azərbaycanı necə təqdim edəcəksiniz?
- Əslində mən özümü burda çox fərqli
mədəniyyət görməyə
hazırlamışdım. Davranışın,
geyim tərzinin çox fərqli olacağını
düşünürdüm. Amma
düşündüklərimin əksinə olaraq burda
Amerikadakı sahibkar xanımlarla çox oxşar həyat tərzi
olan xanımlar gördüm. Hətta sakit
dayananda elə bilirdilər mən azərbaycanlıyam. Azərbaycan isə gözəldir, yeməkləri
çox dadlıdır, insanlar çox qonaqpərvərdir.
- Həyatın bütün çətinliklərini
görmüsünüz. Hətta ailənizin
imkanı olmadığından uşaq evində böyüməyə
belə məcbur olmusunuz. Bir sahibkar
xanım olaraq xeyriyyəçilik işləri ilə məşğul
olursunuzmu?
- Amerikada
uşaq evlərində böyüyən uşaqlara kömək
edirəm. Eyni zamanda biznesə yeni başlayan
xanımlara dərslər keçirəm. Qeyd edim ki, məhz
elə xanımlar üçün elektron formatlı “Fövqəladə
İPhone tətbiqi proqramların yaradılması:
qeyri-peşəkarlar üçün bələdçi”
kitabını yazmışam. Həmçinin
dövlət məktəbləri sistemində də işləyirəm.
- Latın Amerikası
üçün nələr etməyi
planlaşdırırsınız?
- Birləşmiş
Ştatlarda yaşayan ispan mənşəli insanlara müəllimlik
edirəm. Onlara tövsiyə edirəm ki, təhsil
alsınlar. Çünki həmin insanlar məktəbi
yarımçıq tərk edənlər siyahısında
yüksək yerlərdən birində qərarlaşırlar.
Həmçinin “Adotas”, “DM News”, “MediaPost” kimi xəbər
portallarına məqalələr təqdim edirəm. Çünki mənim kimi insanların mətbuatda da
təmsilçiliyi azdır.
- Alisia
xanım, bəlkə də bilmirsiniz, amma bizdə Latın
Amerika serialları çox məşhurdur.
-
Doğrudan? Onlar çox pisdir. Hətta dəhşətli dərəcədə
pisdir.
- Sizcə, o seriallarda əks olunan əxlaqsız,
yüngül həyat tərzini ekrana gətirməyə nə
məcbur edir?
- Mənə
elə gəlir ki, bir çox insan əyləncəli həyat
hekayələrində maraqlıdır. Çünki bu onlara
öz həyatlarının reallıqlarından
qaçmağa kömək edir. Bu, dünyanın hər
yerində hər kəsə şamil edilə bilər.
Ordakı həyat reallıq deyil.
- Amerikada Azərbaycanın Qarabağ
problemi haqda eşitmisinizmi? Bir həftə ərzində
sizə bu haqda bilgi verilibmi?
- Qəzetləri
oxuyuram, məlumatım var, amma bura gəlişimin məqsədi
bu barədə şərh vermək deyil.
- Bu
gün bütün dünya qadınlara qarşı
zorakılıqla mübarizə aparır. Bu mübarizədə
qadınlar daha çox üstünlük təşkil edir.
Siz bu səpgili layihələrdə iştirak edirsinizmi?
- Bəli, mən də bu istiqamətdə
çalışıram. Bilirəm ki, bu çox böyük
problemdir. Və qadınlar belə şəraitdə olan
münasibətlərdə olmamalıdırlar. Bunu həmişə onlara tövsiyə edirəm.
Nigar Abdullayeva
Palitra.-2011.-13 dekabr.- S.12.