QHT sədri Elməddin Hacılı: “Vətəndaşlarımızın
milli ruhda tərbiyəsi
QHT-lərin də prioritet istiqamətlərindən
biri olmalıdır”
Layihə çərçivəsində
Azərbaycan mədəniyyətinin təblıği və inkişaf etdirilməsi məsələləri
ilə bağlı QHT nümayəndələrinin də
fikirlərini öyrənmək istədik. Bu
mövzuda suallarımızı Vətəndaş
Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri
Elməddin Hacılı cavablandırır.
E.Hacılı deyir ki, bu gün Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olan mədəni inkişaf siyasəti, milli-mənəvi dəyərlərin təbliği, tarixi mədəni zənginliyin qorunması vətəndaşların tərbiyəsində xüsusi yer tutur: “Qloballaşan dünya prosesləri bizdən həyati bacarıqlara yiyələnən və yüksək milli-mənəvi dəyərlərə malik vətəndaşın yetişdirilməsini tələb edir. İnsan fərd kimi doğulub, vətəndaş kimi fəaliyyət göstərərək tərbiyə-təhsil prosesində, əmək prosesində vətəndaş hazırlığı keçir. Əsl vətəndaş dedikdə, bilavasitə vətənə, dövlətə və cəmiyyətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur. .Bir sıra fikir adamlarının düşüncəsinə görə, bu gün qloballaşan dünyada milli-mənəvi dəyərlərimizin mühafizəsi, mədəni inteqrasiyanın optimal yollarının axtarılması və müəyyənləşdirilməsi baxımından mövcud kulturoloji baxış və təmayüllərin konseptual bir şəklə gətirilməsinə, ölkələrimizin mədəni inteqrasiyasının, xalqlarımızın mənəvi ünsiyyətinin intensivləşməsinə, mənəvi yaxınlaşma prosesinin sürətlənməsinə və nəticədə mükəmməl bir bəşəri tamlığa və birliyə qovuşmasına böyük ehtiyac duyulmaqdadır. Artıq mədəni müxtəlifliyə tərəfdar olan müasir dünyanın xoşməramlı söz sahibləri dərk edirlər ki, modern texnogen tərəqqiyə köklənmiş sivilizasiyanın ruhi-mənəvi dəyərlərlə vəhdətinə diqqət yetirilməzsə, bütövlükdə insanlığın harmoniyası pozular, bəşəriyyət intellektual və mənəvi tarazlığını itirməklə daha böyük qlobal təhlükələrlə üzləşər”. E.Hacılı düşünür ki, ekspertlərə görə, ümumiyyətlə, cəmiyyətdə mütləq mənada milli və mənəvi dəyərlər deyilən sabit anlayışlar yoxdur: “Müasir dövlət və cəmiyyət modelləri beynəlxalq sistemlərlə o qədər ciddi şəkildə inteqrasiya olunub ki, əslində hansısa cəmiyyətin əlahiddə xarakerindən söz açmaq da cətindir. Bir cəhət unudulmamalıdır ki, qloballaşmanın gətirdiyi dəyərləri mənimsəyən cəmiyyətlərin heç biri öz dilini, mədəni xüsusiyyətlərini itirməyib, əksinə, daha da zənginləşdiriblər. Həm də hamımız qəbul etməliyik ki, həqiqətən biz tərəqqi barədə düşünürüksə, müasir postmodern cəmiyyətin prinsipləri ilə uzlaşmayan dəyərlərin faydalı olacağına da güvənmək doğru deyil. Ekspertlərin fikrincə, maddi və mənəvi inkişafda müvazinətin saxlanmasının beynəlxalq mədəni təşkilatlar səviyyəsində dəstəklənməsi isə nə yaxşı ki, dünyanın xoşbəxt gələcəyinə dair nikbin proqnozları hələ də stimullaşdırmaqdadır. Bu mənada dövlət mədəniyyət siyasətində də, yalnız bu amillərin nəzərə alınması, qlobal mədəni proseslərlə milli prioritetlərin uzlaşdırılması, texnogen mədəniyyətlə yanaşı milli və bəşəri dəyərlərin mühafizəsi effektiv nəticələr verə bilər. Dünyanın bir parçası olan Azərbaycanın gələcəyə, qədim yunan filosoflarının təbirincə desək, “qızıl orta”nın təmin edildiyi intellektual və mənəvi bütövlük halında gedə bilməsi üçün keçmişin, milli-tarixi təcrübənin nailiyyətlərinin bir araya gətirilməsi, elmi süzgəcdən keçirilməsi və gələcək nəsillərə ötürülməsi qarşımızda duran ən müqəddəs vəzifələrdəndir. Bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycan mədəniyyətinin təbliği, mədəni inkişaf siyasəti təkcə dövlətlə məhdudlaşmır, bu siyasətin həyata keçirilməsində vətəndaş cəmiyyətinin əsas strukturlarından olan QHT-lərin də üzərinə böyük məsuliyyət düşür”. QHT sədri bildirir ki, vətəndaşlarımızın milli ruhda tərbiyəsi dövlətlə bərabər QHT-lərin də prioritet istiqamətlərindən biri olmalıdır. Azərbaycan xalqının böyük tarixi, zəngin mədəniyyəti var. Bu milli-mənəvi zənginliyin dünyaya layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin təbliğinə, beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir”. Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb: “Bu, bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Bu baxımdan yuxarıda göstərilənləri nəzərə alaraq, ölkə QHT-lərinin qarşısında bir sıra mühüm vəzifələr durur. Öncə ölkəmizin tarixi mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərinin, eləcə də mədəniyyət və incəsənət xadimlərimizin yerli və xarici vətəndaşlar tərəfindən yaxından tanınması məqsədi ilə fəaliyyətləri gücləndirmək və daha da təkimilləşdirmək lazımdır. Bu gün bu istiqamətdə fəaliyyət göstərən hər bir QHT-nin üzərinə Azərbaycanın zəngin mədəni irsinin təbliği və onun gənclərimiz tərəfindən qorunması kimi məsuliyyətli bir öhdəlik düşür. Hər kəsə məlumdur ki, gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb-yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu gün inkişaf etməkdə olan Azərbaycan gəncinin də amalı, ideyası Vətəni, xalqı düşünmək, ölkəmizin beynəlxalq aləmdə tanınması üçün öz bacarığından maksimum istifadə etməkdən ibarət olmalıdır. Qeyd etməliyik ki, bəzi QHT-lər paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bölgələrində olan mədəniyyət ocaqlarına gənclərin səfərlərinin təşkili, araşdırmaların aparılması, region gəncləri arasında adət-ənənələrimizin təbliği, milli kinolarımızın nümayiş etdirilməsi, regiondakı teatrların inkişafı, bölgə gənclərinin paytaxtdakı muzeylərə səfərlərinin təşkili və s. istiqamətlərdə layihələr icra etməkdədirlər”.QHT-lər qarşısında duran digər bir məsələ Azərbaycanın dünya birliyinə inteqrasiyası kontekstində azərbaycançılıq ideologiyasının, ölkəmizdəki tolerantlıq mühitinin, Azərbaycan mədəniyyətinin, tarixinin tədqiq və təbliği əyani vəsaitlərin, informasiya resurslarının hazırlanması və yayılmasıdır: “Ekspertlərə görə də çağdaş dünyadakı qlobal inteqrasiya prosesində hər bir ölkə üçün mədəni zənginliyin qorunması və inkişafını təmin edən mühüm şərt güclü milli ideyanın mövcudluğudur. Azərbaycançılıq vahid Azərbaycanı, ölkəmizdə tarixən mövcud olmuş dini və milli tolerantlığı, həmrəyliyi ehtiva edir. Bu ideya Azərbaycandakı etnik müxtəliflikdən sui-istifadə etmək istəyən qüvvələrə qarşı ideoloji sipər, ölkəmizin şovinist Ermənistanla informasiya mübarizəsində mühüm təbliğat vasitəsidir. Bu istiqamətdə də QHT-lərin fəaliyyətini qənaətbəxş hesab etsək də, bu sahədəki işlər daha da təkimilləşdirilməli, müasir informasiya texnologiyalarının imkanlarından maksimum istifadə edilməlidr. Həmçinin Azərbaycanın dünya birliyinə inteqrasiyası kontekstində Azərbaycan xalqının tarixi-mədəni irsi, azərbaycançılıq fəlsəfəsi barədə elmi-tədqiqat və maarifləndirmə işlərinə informasiya dəstəyinin verilməsi işinə xüsusi diqqət ayrılmalıdır. Yuxarıda qeyd olunduğu kimi, hər bir dövlətin və cəmiyyətin formalaşmasında, inkişafında ölkədə mövcud olan mədəni və milli-mənəvi dəyərlər sistemi mühüm əhəmiyyət kəsb edir. Bu dəyərlər sisteminin mövcudsuzluğu şəraitində cəmiyyətin və dövlətin inkişafı iddiasında olmaq əbəsdir. Göstərilən səbəbdən də mədəni və milli-mənəvi dəyərlər sisteminin mühafizə olunması və inkişaf inkişaf etdirilməsi bu vətəndaş cəmiyyətinin aparıcı institutlarından olan QHT-lərin vəzifələrindən biri olmalıdır. Araşdırmalar göstərir ki, ölkəmizdə son illərdə bu istiqamətdə əhəmiyyətli layihələr həyata keçirilir və keçirilməkdədir. Yuxarıda qeyd olunduğu kimi, bu sahədə də qeyri-hökumət təşkilatlarının üzərinə böyük öhdəlik düşür. Dövlətlə bərabər QHT-lərin də əsas vəzifəsi də vətəndaşlar arasında mədəni və milli-mənəvi dəyərlərin yayılmasına kömək etməkdən ibarət olmalıdır”. E.Hacılı bildirir ki, milli-mənəvi, mədəni dəyərlərin təbliğində QHT-lərin də işlərində bir sıra nöqsanlar və çatışmazlıqlar mövcuddur: “Bəzi QHT nümayəndələrinin fikrincə, bir sıra QHT-lər tərəfindən mədəni, milli-mənəvi dəyərlərin təbliğinə, demək olar ki, heç bir əhəmiyyət verilmir. Lakin bununla bərabər son illərdə QHT-lər tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması və dünyada təbliğilə əlaqədar olaraq bir sıra layihələr və tədbirlər həyata keçirib. Eyni zamanda, bir sıra QHT-lər kütləvi informasiya vasitələrində milli-mənəvi dəyərlərə zidd hallara qarşı mübarizədə və tərbiyəvi əhəmiyyəti yüksək olan məsələlərə həmişə həssaslıq və ictimai fəallıq göstəriblər. Həmçinin onlar daimi olaraq bu sahədə mövcud olan qüsurların ictimai yükünü nəzərə alıb bu problemləri önə çıxarmaq cəhdində olublar. Kimliyindən və fəaliyyət sahəsindən asılı olmayaraq, bu gün bütün QHT-lər məhz milli-mənəvi dəyərləri qorumalı və onu daim təəbliğ etməlidirlər”.Azərbaycanda fəliyyət göstərən bir sıra QHT-lər mədəniyyət və milli adət-ənənələrimizi təbliğ edən qurumlardır və işini də məhz bu istiqamətdə qurur. Bunlarla bağlı QHT sədri bildirir: “Bütövlükdə bu qrup QHT-lərin fəaliyyətində vətəndaşların milli-mənəvi dəyərlər sisteminin qorunmasında gördüyü işi də yüksək qiymətləndirmək olar. Bununla bərabər QHT-lər mədəniyyət abidələrimizin mühafizəsi məsələlərinə xüsusi diqqət yetirməli və gələcək fəaliyyətində bunları da nəzərə almalıdırlar. Eyni zamanda QHT-lər gənclər arasında hərbi vətənpərvərlik hisslərinin aşılanmasında milli qəhrəmanlarımızla bağlı layihələrə də yer ayırmağı unutmamalıdırlar. Belə ki, milli qəhrəmanlarımızla bağlı layihələrin icrası və onların təbliği də vətəndaşlarımızın, xüsusən də yetişməkdə olan gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb edir . Bir məsələni də qeyd etmək lazımdır ki, QHT-lər barədə dövlət başçısı tərəfindən 2007-ci ildə imzalanan konsepsiyada da milli-mənəvi dəyərlərin qorunması və təbliği, vətənpərvərlik hisslərinin vətəndaşlara aşılanması kimi məsələlər də öz əksini tapıb”. Ümumiyyətlə, ictimai təşkilatlar milli-mənəvi dəyərlərlə məşğul olmaq, onu təbliğ etmək imkanında olan praktiki qurumlardandır: “Onlar bu istiqamətdəki fəaliyyətlərində mövcud imkanlardan maksimum şəkildə həmişə yararlanmalıdırlar. Sonda onu da demək yerinə düşərdi ki, hər bir xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında milli-mənəvi dəyərlər mühüm rol oynayır. Xalqların milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir. Hər hansı bir ölkədə xalqın milli-mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir”.
İlkin AĞAYEV
Palitra.-2011.-13 dekabr.- S.7.