Əli Əmirli: “Teatra tamaşaçı marağının az olmasından gileylənənlər məhz teatra getməyən, teatrdan xəbəri olmayan adamlardır”

Layihə çərçivəsində növbəti müsahibimiz  yazıçısı, dramaturq, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Əli Əmirlidir: 

- Əlbəttə, ölkədə ictimai, iqtisadi və siyasi sabitlik möhkəmləndikcə insanların mənəvi həyatının zənginləşməsinə, cəmiyyətin müasir dünyanın düzümünə uyğun şəkildə maariflənməsinə böyük ehtiyac yaranır. Bax elə bu ehtiyacı ödəmək üçün dövlət, hökumət bir sıra vacib və əhəmiyyətli tədbirlərin reallaşdırılmasına diqqət yetirir, ölçü götürür. Mədəniyyət ocaqlarının əsaslı şəkildə təmir edilməsi, yenimüasir avadanlıqlarla təchiz olunması, yeni mədəniyyət müəssisələrinin yaradılması, ölkə və beynəlxalq miqyaslı mədəni tədbirlərin təşkili və s. Bu siyahını xeyli uzatmaq mümkündür. Şübhəsizdir ki, bütün bunlar olkədə mədəni həyatın canlanmasına və inkişafına şərait yaradır, mədəni həyata yeni məzmun verir və bunları yüksək qiymətləndirmək lazımdır. Deməli, obyektiv şərait var, qalır bu şəraitdən səmərəli və məqsədyönlü istifadə etmək. Bu artıq yaradıcı ziyalılardan, mədəniyyət sahəsində çalışan sənət və mədəniyyət adamlarından asılıdır.

- Müxtəlif mədəni tədbirlər təşkil olunur, teatr binaları yenidən bərpa olunur və s. Siz dramaturq kimi bu gün teatrlarımızın inkişaf perspektivini necə dəyərləndirirsiniz?

- Təbiidir ki, ömrünün iyirmi ilini teatr yaradıcılığına həsr etmiş bir dramaturq kimi məni teatrlarımızın vəziyyəti daha çox düşündürür. 1994-cü ildən başlayaraq səhnəsində əsərlərimin fasiləsiz nümayiş etdirildiyi Akademik Milli Dram Teatrının tam əsaslı təmiri, səhnənin texniki imkanlarının genişləndirilməsi, tamaşa zalının, foyenin göz oxşaması məni sevindirir. 1990-cı ildə ilk səhnə əsərimin tamaşaya qoyulduğubu gün də yaradıcılıq əlaqələrini  davam etdirdiyim Dövlət Gənc Tamaşaçılar Teatrının da əsaslı təmirdən sonra yeni yaradıcılıq coşqusu ilə işə başlaması və bir sıra uğurlar qazanması da sevindiricidir. Yaxın vaxtlarda Musiqili Komediya Teatrında da təmir işləri başa çatacaq. Eşitdiyimə görə, sözün yaxşı mənasında bu çox fərqli bir təmirdir. Gəlin etiraf eləyək ki, bu təmir işləri teatrların işinə, fəaliyyətinə təsirsiz ötüşməyib. Bu gün Azərbaycan teatrlarında bir yeniləşmə, bir keyfiyyət dəyişiklikləri baş verməkdədir. Yaxşılığa doğru olan bu tendensiyanı görməmək mümkün deyil. Akademik Teatrda, Gənc Tamaşaçılar Teatrında, Muskomediyada, “Yuğ” və Pantomim teatrlarında bir-birinin ardınca çox maraqlı, tamaşaçıları razı salan əsərlər səhnələşdirilir. Xüsusilə Akademik Teatrda son bir ildə gənc rejissorlara etimad göstərilməsi, onlara tamaşaların etibar edilməsi müsbət nəticələrini verir. Maraqlı bir yaradıcılıq yarışı gedir. Mənim fikrimcə, müasir əsər, müasir tamaşa yüksək keyfiyyət deməkdir. Əgər tamaşa yüksək keyfiyyətlidirsə, tamaşaçılar və teatr mütəxəssisləri arasında əks-səda yarada bilirsə, deməli, o, sözün həqiqi mənasında müasirdir. Teatrlarımızın inkişaf perspektivinə gəldikdə isə düşünürəm ki, yenidən velosiped ixtira etməyə ehtiyac yoxdur. Azərbaycan teatrının formalaşmış müəyyən yaşaminkişaf modeli olub, elə var da. Sadəcə gördüyün işə məsuliyyətlə yanaşmalı, dünya teatrlarının mövcud təcrübəsini öyrənməli, istedadı görünən ayrı-ayrı gənc rejissorların inkişaf proqramını tərtib etməli, onların məşhur dünya teatrlarında vaxtaşırı təcrübə keçmələrini təşkil etmək lazımdır ki, bu sahədə də Mədəniyyət və Turizm Nazirliyi bir sıra işlər görüb. Bir neçə istedadlı gənc rejissor, aktyor, rəssam xarici ölkələrin qabaqcıl teatrlarında peşə ixtisaslarını artırmaq üçün təcrübə keçiblər. Bugünkü teatr direktorları, rəhbərləri sadəcə təsərrüfatçı kimi fəaliyyət göstərməli deyil, həm də prodüsser vəzifəsini yerinə yetirməlidirlər. Teatrda mövcud olan kadrların inkişaf  perspektivləri nəzərə alınmalıdır. Aktyorlara böyük məhəbbəti olan bir dramaturq kimi çox istərdim ki, gözəl təmir olunmuş bu teatr binalarında maddi cəhətdən yaxşı təmin olunmuş aktyorlar, rejissorlar çalışsınlar, başqa sözlə, teatr  işi ilə məşğul olan insanların əməkhaqları artırılsın. Əlbəttə, hər bir teatrın sayılan-seçilən aktyorları, rejissorları əməkhaqqından başqa Prezident mükafatları da alırlar, amma bu artımın əhatə dairəsi genişlənsə, yaxşı olardı.

- Bəzən teatrlara əvvəlki tamaşaçı sevgisinin olmamasından şikayətlənirlər. Sizcə, bu problemin səbəbkarı teatrlardır, yoxsa əksinə?

- Cəmiyyətdə teatra tamaşaçı marağının az olmasından gileylənənlər məhz teatra getməyən, teatrdan xəbəri olmayan adamlardır.  Bildiyimə görə, adını çəkdiyim teatrların heç biri tamaşaçı sarıdan korluq çəkmir. Mən bu teatrların hər üçü ilə bağlıyam, hər üçünün repertuarında tamaşalarım var. Mən həmişə tamaşa salonunun dolu olduğunu görmüşəm. Mənim “Mesenat” adlı əsərim 2005-ci ildən səhnədədir, hər tamaşa anşlaqla keçir. Tamaşaçı marağı olmasa, bu əsər bu qədər səhnədə qala bilərmi? Belə əsərlər teatrda az deyil. OperaBalet Teatrında, “Yuğda, Pantomim Teatrında, Rus Dram Teatrında da tamaşalar çox vaxt anşlaqla keçir. Teatrı sevən bir adam kimi məni sevindirən bir cəhət də tamaşaçıların əksəriyyətinin gənc olmasıdır. Bu başqa məsələdir ki, həyatımızın bu tələsik, qaçhaqaç ritmində, bufast-food” dövründə klassik biçimli əsərlərə baxmaq, səhnədə cərəyan edən hadisələr zəncirini izləmək, müəllif və rejissor niyyətini anlamaq üçün müəyyən mədəni və intellektual səviyyə, sənət tərbiyəsi, hətta adicə hövsələ tələb olunur. Odur ki, teatra hamı getmir, onu sevənlər gedir. Teatr kütləvi sənət deyil, onu hamının sevməsi də vacib deyil. Amma bu bir həqiqətdir ki, tamaşaçını teatra gətirən də, onu teatrdan qaçırdan da elə teatrın özüdür, başqa sözlə, teatra gəlib yaxşı, keyfiyyətli tamaşa görən insan birbura gəlməyə çalışacaq, bunun əksini görsə, əlbəttə ki, teatrdan birdəfəlik qaçaq düşəcək. Müştəri, indiki halda tamaşaçı, həmişə haqlıdır. Pul verib bilet alan tamaşaçıya zay məhsul vermək ən azı məsuliyyətsizlikdir.

- Siz pedaqoq olaraq tədrislə məşğulsunuz. Bu gün gənclərin sənətə, teatra münasibəti sizi qane edirmi?

- Artıq on ildən çoxdur 90 yaşını haqlamış Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm, gənclərlə birbaşa ünsiyyətdəyəm. Hər şeydən əvvəl bir müəllim kimi mən tələbələrimi sevməyə çalışıram və özümlə müqayisədə üstünlüyü onlara verirəm, çünki onlar gəncdirlər, bu onların əsas təbii üstünlüyüdür. Dostum Əjdər Ol demiş, bizim keçmişimiz çoxdur, onların gələcəyi. Deməli, gələcək hələ uzun bir müddət onlarındır. Bu həqiqəti dərk edəndə,  gənclərlə paritet əsaslarda münasibət quranda nəsil problemi əngələ çevrilmir. Əlbəttə, gənclərdən birdən-birə yüksək səviyyə, böyük nailiyyətlər gözləmək sadəlik olardı, onlar öyrənməyə gəlirlər və dörd il müddətində bir müəllim kimi mən onlara bildiklərimi verməyə çalışıram, alan alır, ala bilməyən almır, amma  tamam əliboş da qalmır. Mən onlarda teatra, sənətə məhəbbət yaratmağa  çalışıram. Elə ilk kursdan onların bütün tamaşalara baxmalarına imkanım daxilində şərait yaradıram, bəziləri sonda əsil teatrala çevrilirlər.

- Bu gün tədris vəsaitlərinin səviyyəsinə münasibətiniz necədir?

- Düşünürəm ki, bu gün oxumaq istəyən, mükəmməl təhsil almağı qarşısına məqsəd qoyan gənc üçün vasitə və vəsaitlər çoxdur. Elə internet özü evin içində olan zəngin bir kitabxanadır. Mən özüm bir müəllim kimi bu virtual kitabxanadan daima bəhrələnirəm. Sualınıza cavab olaraq ölkədə təhsilin vəziyyəti, onun səviyyəsi barədə ümumi mülahizələr söyləmək istəməzdim. Konkret olaraq dərs dediyim Mədəniyyət və İncəsənət Universitetinə gəldikdə isə burada tələbələrin yüksək keyfiyyətli təhsil almaları üçün kifayət qədər yaxşı şərait yaradılıb. Hətta ötən il universitetimizin rektoru, professor Timuçin Əfəndiyevin tövsiyəsi ilə ssenari kursunda təhsil alan tələbələrimizin diplom işi kimi yazdıqları ən yaxşı ssenarilər elə tələbələrin öz gücüuniversitetin daxili texniki imkanları hesabına ekranlaşdırıldı, bir neçə uğurlu sənədli və bədii film alındı. Bu praktikanı bu ildən daha da genişləndirmək fikrindəyik. Bundan başqa universitetdə hər cür şəraiti olan “Səda” Teatrı fəaliyyət göstərir. Burada diplom tamaşaları hazırlanır, filmlər nümayiş etdirilir, müxtəlif mədəni tədbirlər keçirilir. Əyani dərs vəsaiti kimi tələbələrə filmlərin nümayiş etdirilməsi üçün müəllimi olduğum  Sənətşünaslıq fakültəsində auditoriyalardan biri kinozal kimi müvafiq avadanlıqla təchiz olunub.

- Son zamanlar sizin pyeslərinizə başqa ölkərin teatr səhnələrində də quruluş verilir. Bunu Azərbaycan teatrının uğuru kimi qiymətləndirmək olarmı?

- Doğrudan da son illər mənim yaradıcılığıma xarici ölkə teatrları da maraq göstərir. “Varlı qadın” adlı komediyam bir neçə ölkənin teatrında tamaşaya qoyulub. Tacikistanın paytaxtı Düşənbə şəhərində paralel olaraq iki teatrda Orta Asiya məkanının çox məşhur rejissoru Sulton Usmonovun quruluşunda rustacik dillərində səhnələşdirilən komediya Almatıda keçirilən beynəlxalq teatr festivalında iki nominasiya üzrə qızıl medala layiq görülüb. Həmin festivalda iştirak edən digər Orta Asiya ölkələrinin teatrları da pyeslə maraqlanıb. Nəticədə 2009-cu ildə “Varlı qadın” Qırğızıstanda qırğız və rus dillərində, Qazaxıstanın mərkəzi Astana şəhərində yerləşən Rus Dram Teatrında və yenə də Qazaxıstanın   Akmola vilayətinin mərkəzi olan Kokşetau şəhərində Qazaxıstan Dövlət Musiqili Dram Teatrında qazax dilində tamaşaya qoyulub. Bu ilin mart ayında isə bu komediya Mahaçqalada Kumık Dövlət Musiqili Dram Teatrında kumık dilində səhnəyə vəsiqə alıb. Bu pyes ləzgi dilində də tamaşaya qoyulub. “Köhnə ev” adlı əsərim Tbilisidə, “Bala - bəla sözündəndir” adlı komediyamsa Qaxda yerləşən gürcü teatrında gürcü dilində bu il  tamaşaya qoyulub. Bunların bütövlükdə Azərbaycan teatrının uğuru olub-olmadığını bir müəllif kimi mənim deməyim düzgün səslənməz, amma yaradıcılıq bioqrafiyamda bütün bunlar əlbəttə ki, mənim üçün çox əhəmiyyətlidir.

- Son vaxtlar rejissorların əksəriyyəti sanballı dram əsərlərinin yazılmamasından şikayət edirlər. Buna münasibətiniz necədir?

- Rejissorların dramaturgiya sarıdan gileylənmələrini mən qətiyyən qəbul etmirəm. Sanballı dram əsəri nə deməkdir? Son bir neçə ildə ElçininQatil”, “Şekspir”, “Teleskopkimi əsərləri bir çox xarici ölkənin, o cümlədən Rusiyanın,  İngiltərənin, Türkiyənin teatr səhnələrində tamaşaya qoyulub. Bayaq haqqında danışdığım “Varlı qadın” Azərbaycanın demək olar ki, bütün teatrlarında tamaşaya qoyulmaqla yanaşı qeyd etdiyim kimi, həm də beş xarici ölkənin yeddi teatrında tamaşaya qoyulub. Bu əsərlər siz deyən kimi sanballı olmasaydılar, kimin nəyinə lazımdı onları səhnələşdirmək? Bu başqa məsələdir ki, yaxşı dram əsərləri həmişə olduğu kimi, indiaz yazılır, amma rejissorun daima işləməsi, özünü göstərməsi üçün Azərbaycan dramaturgiyasından başqa dünya dramaturgiyası da var, klassika da. Əgər rejissor işləmək üçün müasir Azərbaycan dramaturqlarının “sanballı” pyeslərini tapa bilmirsə və ya görə bilmirsə, problem həmin rejissorun özündədir. Mən Azər Paşa Nemətovun, mərhum rejissorlarımız Hüseynağa Atakişiyevin, Vaqif İbrahimoğlunun, Azdramada beş əsərimi tamaşaya qoymuş dostum Bəhram Osmanovun dramaturgiyadan korluq çəkdiklərini və bu sarıdan gileyləndiklərini heç vaxt eşitməmişəm.

Nigar Abdullayeva 

Palitra.-2011.-14 dekabr.- S.7.

İ