“Xərçəngin müalicəsi
mümkündür, xüsusilə erkən diaqnoz qoyulduqda
süd vəzi xərçənginin müalicəsi çox
müvəffəqiyyətlidir”
Son zamanlar dünyada onkoloji xəstəliklərdə
artım müşahidə edilir. Bu xəstəliyin artma səbəbləri
kimi isə müxtəlif amillər göstərilir. Onkoloji xəstəliklərin
müalicəsi üçün düzgün diaqnoz ən
önəmli şərtdir ki, bu gün ölkəmizdə də
belə xəstələrin sayı artmaqdadır.
Müsahibimiz Türkiyənin “NEOLIFE” Tibb Mərkəzinin həkimi,
dr. Hamdi Köçerdir:
- Onkoloji xəstəliklərdə artımın müxtəlif səbəbləri var. Bunlardan birincisi insanların daha tez-tez xəstəliyə tutulması ilə bağlıdır. Bunun səbəbi isə həyat şərtlərinin hər keçən gün təbiilikdən uzaqlaşmasıdır. Yediklərimiz, içdiklərimiz əvvəlki kimi təbii deyil. Qidalar müxtəlif fabriklərdə, xüsusi sexlərdə istehsal olunur. Hava, su əvvəki kimi təmiz deyil, davamlı sənaye sektorunun təhlükəsi altındadır. Daha çox qazanc əldə etmək üçün sağlamlığımızı itiririk. Başqa bir səbəbi isə odur ki, yaşın irəliləməsi ilə daha çox xərçəng xəstəsi müşahidə edirik. Yəni xərçəng xəstəliyi ehtimalı irəliləyən yaşla artır. İnkişaf edən elm və texnologiya ilə insanlar daha uzun müddət yaşayır və xəstələnmə ehtimalı artır. Xəstələr daha yaxşı müalicə edilir və uzun müddət həyatda qalır. Bu səbəbdən də xəstə sayı bizə artım kimi gəlir. Sonuncu səbəb isə odur ki, artıq erkən diaqnoz imkanları yaxşı inkişaf edib. Xəstələr daha asan və gənc yaşlarda aşkar edilə bilir. Bütün bu səbəblərlə bağlı biz xərçəng xəstələrində artım olduğunu görürük.
- Bunlardan biri kimi fərqli
şişlər, kistaların yaranması göstərilir. Qadınların
ən çox rast gəldiyi problemlərdən biri də
kistalardır. Əvvəlcə bu kistaların nə
olduğunu açıqlaya bilərsinizmi?
-
Kistalar bədənimizin hər yerində ola bilən içi
su dolu kisəciklərdir. Səbəbini tam olaraq bilməsək
də, ancaq təhlükəsiz olduğunu bilirik. Şişlərdən
çox fərqlidirlər. Şişlər içi qatı
kütlələrdir, kistaların içi isə maye ilə
doludur. Kistalar çox böyüməz, başqa orqanlara
yayılmaz, həyatımızı təhlükəyə
atmazlar. Kistalar üçün ümumiyyətlə hər
hansı bir müalicə lazım deyil. Süd vəzisindəki
kistalar xəstə klimaks dövrünə girərkən
öz-özünə yox olur.
- Mastopatiya ilə kista eynidirmi?
-
Mastopatiya döşün normal quruluşudur. Bəzi
qadınların süd vəzisində kistalar və
ağrılar olur. Müayinədə
xüsusilə süd vəzisinin üst hissələrində
ələ gələn kiçik sərtliklər və ya
toxuma sıxlıqları vardır. Demək
olar ki, hər iki qadından birinin döşü bu şəkildədir.
Yəni kistalar olduqda xəstənin fibrokistik
döş quruluşu vardır deyirik. Bakıda
buna mastopatiya deyilir. Mastopatiya və ya
başqa sözlə, kistalar tamamilə təhlükəsizdir.
Hər hansı bir müalicə etməyə
ehtiyac yoxdur. Mən qadınlar görürəm
ki, əlində çoxsaylı dərmanlarla bir çox həkimlərə
müraciət edirlər. Soruşanda isə
ya dərmanlardan fayda görməyiblər, ya da dərman qəbul
etməyi kəsdikdən sonra ağrıları yenidən
başlayıb. Mən bu xəstələrin
yaşına uyğun illik müayinəsinə nəzarət
edirəm və əhəmiyyətli bir problemlərinin
olmadığını izah edirəm. Makrokista dediyimiz
böyük kistalar olduqda və xəstəyə ağrı
verdikdə onları UZİ-nin köməyilə bir şprisin
istifadəsiylə boşaltmaq mümkündür. Boşaltdıqdan sonra bəziləri təkrar edir,
ancaq xəstələrin çoxu uzun zaman rahat olur. Onsuz da klimaks sonrasında nə kista qalır, nə
də ağrısı.
- Qadınlar özlərində kista
hiss etdikdə dərhal xərçəng olduğunu
sanırlar. Sizcə, kistalar xərçəngə
nə qədər yaxındır?
- Kista ilə
xərçəngin heç bir əlaqəsi yoxdur. Bir-biri ilə qarışması da mümkün
deyil, zaman içində sadə kistaların xərçəngə
çevrilmədiyini də bilirik. Nadir
görülən komplike kistalar var ki, onları da UZİ ilə
anlayırıq. Daxili quruluşu heterogendirsə və
içində qatı hissələr varsa, bunlara qarşı
bir az daha diqqətli davranırıq. Onlar üçün də əməliyyat lazım
deyil, ancaq daim nəzarət altında saxlayırıq. Şübhədə qalsaq, biopsiya ilə xərçəngdən
ayırmağa çalışırıq. Bu cür
qarışıq kistaları Allaha şükür ki, daha az görürük.
- Xərçəngin müalicəsi
mümkündürmü?
- Əlbəttə, xərçəngin müalicəsi
mümkündür, xüsusilə erkən diaqnoz qoyulduqda
süd vəzi xərçənginin müalicəsi çox
müvəffəqiyyətlidir. Birinci mərhələdə
aşkar olunduğunda müalicə şansı 95 faiz, ikinci mərhələdə
85 faiz olur. Erkən mərhələli
şişlərdə döşü də almaq lazım
deyil. Hətta son illərdə sentinal limfa
biopsiyası sayəsində qoltuqaltı limfalarını belə
almırıq. Xəstə yalnız bir
gün xəstəxanada qaldıqdan sonra buraxılır.
Daha sonra xəstəyə kimyaterapiya və
şüa müalicəsi tətbiq edilir. Erkən
mərhələdə süd vəzi xərçəngi əməliyyatı
demək olar ki, həm yırtıq əməliyyatından
asandır, həm də xəstə üçün daha əziyyətsizdir.
Təbii, bunun üçün tibbi şəraitin
yaxşı olması lazımdır. Cərrah
ilə birlikdə əməliyyata bir patologiya mütəxəssisi
və bir nüvə tibb mütəxəssisi də girir.
Onların sayəsində döşü
bütün olaraq almadan da şişin hamısının
alındığından əmin oluruq və ya qoltuqaltı
limfalarını almadan əməliyyatı bitirə bilirik.
Xərçəng müalicəsi bir qrup
mütəxəssisin birgə çalışmasını tələb
edir. Tək bir həkimin müvəffəqiyyəti
yetmir.
- Çox qadınlar qorxduqları
üçün həkimə belə getmirlər. Bu, sonra onlar üçün daha çox problem
yarada bilirmi?
- Təbii
ki. Daim problem yaradır. Üçüncü
mərhələdə bütün döşü almaq
qaçılmaz olur. Müalicə
şansı 50 faizə və ya daha da aşağı düşür.
Qoltuqaltı limfalarını mütləq almaq
lazımdır. Üçüncü mərhələdə
bəzən xəstə əməliyyata uyğun olmaya bilər,
onun yerinə əvvəl kimyaterapiya etmək lazım gəlir.
Dördüncü mərhələdə müalicə şansı daha
da azalır, xəstəni cərrahiyyə əməliyyatı
etmək şansı az qala qalmır. Bəzən
şiş döş divarındakı sümüklərə
yapışır, bəzən də dəriyə
açılır və böyük yaralar meydana gəlir.
Bu xəstələrin çox ciddi ağrıları ola bilir, yara yerindən qanama və pis qoxulu
axıntı gəlir. Bu vəziyyətlərdə
xəstələrin ölmək üçün dua etdiklərinə
şahid oluram. Bunlar çox kədərli
hallardır. Ən ağıllısı bu vəziyyətlərə
düşmədən bir az erkən davranıb vaxtında əməliyyat
olması xəstənin xilas olması
üçün kifayətdir.
- Bunun bir səbəbi də
qadınların bu barədə məlumatsız
olmasıdır. Bunun üçün nələr
etmək lazımdır?
-
Yalnız məlumatsızlıq da olmaya bilər. Maddi
imkanları kifayət etməyə, müasir tibbə kifayət
qədər güvənməmələri ola
bilər, yaxud bu xəstəliyin ciddiliyini anlamırlar. Bunun həlli üçün mən hər fürsətdə
bu xəstəliyi izah etməyə çalışıram.
Xəstəliyə tutulmadan müayinədən
keçmələrini tövsiyə edirəm. Xəstəlikdən xilas olmanın ən asan yolu
illik müayinələrin edilməsidir. Yaşı 40-a
çatan qadının hər il
nizamlı olaraq mamoqrafiya etdirməsi və UZİ-dən
keçməsi lazımdır. Bunun
üçün bir şikayəti olması lazım deyil.
Xəstələrin səhv bildiyi amillərdən biri də
odur ki, xərçəngin ağrı verdiyini zənn edirlər
və ağrı olmadığı üçün
müayinəyə getmədiklərini söyləyirlər. Bu da gecikməyə səbəb olur. Süd vəzi xərçəngləri erkən
dövrdə ağrı verməz. Hətta
ancaq çox irəliləmiş xəstəlikdə
ağrı olar. Süd vəzisindəki
ağrısız törəmə daha təhlükəlidir.
- Bəzən bu problemin müalicəsi
kimi yalnız əməliyyat tövsiyə edilir. Sizcə, kistalar üçün əməliyyata
ehtiyac varmı?
- Kistalar
üçün əməliyyata ehtiyac yoxdur. Əslində
süd vəzisinin yaxşı xasiyyətli xəstəlikləri
üçün ümumi olaraq əməliyyata ehtiyac yoxdur deyə
bilərik. Kistalar xaricində fibroadenomlar
üçün də əməliyyat lazım deyil. Təqib etmək və şübhəli olduqda
biopsiya etmək daha doğrudur. Xəstələr
əməliyyatdan haqlı olaraq qorxurlar. Əgər
gərəksiz əməliyyat etsək, xəstələrin
bizə olan etibarını sarsıdarıq. Bunun zərərini yalnız gərəksiz yerə
bir fibroadenom və ya kista əməliyyatı olan xəstə
çəkməz, bizə etibarını itirən başqa
qadınlar çəkər. Məsələn,
süd vəzisi xərçəngi olan bir qadına əməliyyatın
çox lazımlı olduğunu izah etməkdə çox
çətinlik çəkərik. Onun həyatını
təhlükəyə atmış olarıq. Buna görə əməliyyata ehtiyacı olan xəstə
ilə əməliyyat lazım olmayan xəstəni bir-birindən
çox diqqətli şəkildə ayırmaq lazımdır.
Bu problemlər dünyanın hər yerində
yaşanmaqdadır. Xəstə ilə həkim
arasındakı inam duyğusunun zədələnməməsi
gərəkdir.
-Bakıda
gözəl xəstəxanalar var, amma bir az
kadr problemi mövcuddur. Hətta ölkə
başçısı da bununla əlaqədar gənclərin
xaricdə oxumasını, təcrübə keçməsini
tövsiyə edib. Siz Bakıda da
çalışırsınız və yəqin ki,
bunların şahidisiniz…
- Azərbaycanda
gözəl xəstəxanalar olduğu doğrudur. Mən bir ildir gəlirəm və davamlı bir
inkişaf görürəm. Daim daha yeni və
yaxşı xəstəxanalar açılır. Bu xəstəxanalara ən son texnologiya ilə
işləyən cihazlar qoyulur. Bu
cihazları istifadə edəcək həkim və digər
işçilərin təhsili üçün də
çox səy göstərildiyini görürəm. Həm də bir sıra xəstəxanalardan əməkdaşlarımızın
təhsil üçün xaricə yollandığını
məmnuniyyətlə müşahidə edirəm. Bu təhsil ziyarətlərinin hörmətli
Prezident tərəfindən də dəstəkləndiyini bilmək
məni çox xoşbəxt edir.
- Sizin azərbaycanlı tələbələriniz
varmı?
- Mən
işlədiyim hər yerdə bildiyim hər şeyi ətrafımdakı
əməkdaşlarımla paylaşmağa
çalışmışam və hələ də öyrətməyə
davam edirəm. Bizim xəstələrimizin
UZİ-lərini azərbaycanlı həkim İlahə
Atakişiyeva həyata keçirir. O, Türkiyədə
təhsilini tamamlayıb Bakıya geri döndü. İndi
İstanbul Universitetinə azərbaycanlı bir həkimi yerləşdirdik,
onkoloji təhsil alır. İstanbulda olarkən
onunla vaxt tapdıqca maraqlanıram. Çox
müvəffəqiyyətli bir həkim xanımdır.
Bir il sonra Bakıya dönüb bizimlə
işləyəcək. Azərbaycanlı həkim
qardaşlarımızla birlikdə bu xəstəliyə
qarşı dirənəcəyik. Bir daha
qeyd edirəm ki, bu xəstəliyin diaqnozu, müalicəsi və
sonrakı təqibi həmişə bir qrup işidir. Mənim Türkiyədən təkbaşıma gəlməyim
əhəmiyyətli deyil. Burada bir qrup
qurmağımız lazımlıdır.Süd vəzi xəstəlikləri
ilə əlaqəli daha çox məlumat üçün mənim
məlumatlandırıcı web-saytlarım da var. Məlumat əldə
etmək üçün onlara baxılmasını təklif
edirəm: “www.sudvezi.com” və “mastopatiya.com”,
“istanbuldamualice.com”.
Nigar Abdullayeva
Palitra.-2011.-14 dekabr.-
S.11.