Azərbaycan modern
dövlətə çevrilib
Prezident İlham Əliyevin dövlət
başçısı kimi fəaliyyətə
başladığı vaxtdan prioritet olaraq elan etdiyi sahələrdən
biri də cəmiyyətin modernləşməsi məsələsidir. Müasir cəmiyyətin
və infrastrukturun yaradılması və müasir insanın
formalaşdırılması isə Prezidentin modernləşmə
siyasətinin əsasını təşkil edir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın
modernləşməsi siyasəti elmi əsaslarla
aparılır.
Bu çərçivədə elmi şəkildə əsaslandırılmış
proqramlar üzrə ölkənin bütün infrastrukturunun,
cəmiyyət həyatının bütün sahələrinin
müasirləşdirilməsini nəzərdə tutan
ardıcıl və intensiv tədbirlər həyata
keçirilməkdədir. Beləliklə, modern
inkişafa əsaslanan konsepsiyalar dəqiq
düşünülmüş dövlət proqramları
çərçivəsində reallaşmaqda, Azərbaycan
insanının həyat səviyyəsini, bilik və vərdişlərini,
peşəkarlıq xüsusiyyətlərini daim
artırmaqdadır. Prezidentin “neft
kapitalı insan kapitalına çevrilməlidir” müddəası
bu gün çoxistiqamətli bir şəkildə müasir,
dünya çağırışlarına və tələblərinə,
qabaqcıl toplumlar arasındakı rəqabətə qabil cəmiyyətin
formalaşdırılmasını şərtləndirir.
Həmçinin
modernləşmiş infrastrukturun idarə edilməsi
məqsədilə müasir, güclü elmi bazaya malik milli
kadr potensialı, insan kapitalı formalaşdırılır.
Millət vəkili Ceyhun Osmanlı bu məqamla bağlı qəzetimizə
bildirir ki, modernləşmə siyasəti və insan
kapitalının formalaşdırılması ilk növbədə
islahatçı kadrlar sinfinin yaradılması,
formalaşdırılması, gənclərin dövlət
proqramı əsasında xaricdə təhsilə göndərilməsi,
özəl təhsilin inkişaf etdirilməsi, son beş ildə 2000 yeni məktəbin tikilməsi
və sair önəmli məqamlarda üzə
çıxır. Deməli, insanların
yaradıcı düşüncəsinin, təhsilinin, peşəkarlığının
inkişafı, hər kəsə münasib, yüksək təhsil
şəraitinin yaradılması birbaşa olaraq insanların
inkişafına, modernləşməsinə gətirib
çıxarır. Bu isə ümumilikdə
cəmiyyətin modernləşməsi deməkdir. Milət
vəkili bildirir: “Bu gün Azərbaycanda bütün istiqamətlərdə
görülən işlər - yol, infrastruktur, təhsil, səhiyyə
infrastrukturu və digər sahələrin inkişafı
dövlət proqramlarına əsaslanır. Dövlət
proqramlarını təsdiq edən şəxs birbaşa
Prezidentdir. Onun
arzu və istəkləri bu proqramların modern bir
şəkildə həyata keçirilməsində və
yüksək nəticələr əldə edilməsində
özünü göstərir. Modern
düşüncənin bir göstəricisi odur ki, proqramlar eləcə
də əhalinin arzu və istəklərinə əsaslanır.
Əlbəttə ki, cənab Prezidentin
sözü də həlledicidir, amma insanların arzu və istəkləri
də nəzərə alınır. Məsələn,
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət
Proqramı təsdiq olunmazdan öncə işçi qrup
yaradılmalı idi. Prezidentin şəxsi
təşəbbüsü ilə gənclərlə
görüş keçirildi. Gənclərin
özündən onların bütün düşüncələri
öyrənildi və nəzərə alındı. Yalnız ondan sonra proqram hazırlandı.
Əlbəttə, Prezident qaldırılan hər bir təklifə
öz tövsiyələrini verdi. Qaldırılan təkliflər tövsiyələrlə
birlikdə öz əksini tapdı. Xalqın
istəklərinin nəzərə alınması və öz
həllini tapması üçün proqrama salınması,
vaxtında icra olunması ümumilikdə modernləşmə
siyasətinin parlaq göstəricisidir”. Bu
cür göstəricilərdən də bəlli olur ki,
ölkə rəhbərliyi qarşısına modern
inkişaf hədəfləri qoyanda və bunun
reallaşmasına başlananda inamlı bir şəkildə
bütün cəmiyyətin modernləşməsinə
birbaşa təsir göstərilir. Bu,
modernləşmə kursunun Azərbaycanda alternativsiz və
prioritet olduğunu göstərir. Çünki
ən əsas məsələ insan kapitalı, insanın
müasir tələblərə uyğun olaraq yüksək
hazırlığı məsələsidir. Azərbaycan
insan kapitalını inkişaf etdirməklə yanaşı, buna uyğun
intellektual infrastruktur və şəraiti də
formalaşdırır. Bu sırada intellektual kapitalın
formalaşdırılmasının xüsusilə
böyük önəmi var. C.Osmanlı misal olaraq bildirir: “Məsələn,
ölkədə Diplomatiya Akademiyası kimi bir brendin meydana gəlməsi
və yaxud da özəl universitetlərin inkişafı,
qeyri-neft sektorunun prioritetlərindən biri kimi turizmin, təhsil
turizmi anlayışının yaranması, universitet
kampuslarının yaradılması ideyalarının ortaya
çıxması və bunun müqabilndə tələbə
qismində 3-4 illik daimi turistlərin ölkədə
olması bütövlükdə insan kapitalının
inkişafına gətirib çıxaracaq. Bunlar isə cəmiyyətin
inkişafının yeni indekslərinə nail olunmasına səbəb
olacaq”. Qeyd edək ki, insan kapitalının
formalaşması məsələsində elmi-texniki sahənin
inkişafı və modern texniki ixtisaslara kütləvi yiyələnmə
də əsasdır. Bu gün bir çox
inkişaf etmiş dövlətlər, xüsusilə də
Yaponiya, Cənubi Koreya kimi “Asiya möcüzələri” məhz
sözügedən sahəyə aid mütəxəssislərin
çiyinlərində yüksəliblər. Ölkəmizin də hazırkı inkişafı, gələcək
perspektivləri elmi-texniki sahələrin inkişafına və
bu sahədə müasir kadrlara ehtiyac zərurəti
yaradır. Əslində bu sahəyə
aid ənənə çoxdan formalaşıb. Məsələn, neft-qaz yataqlarının işlənməsi,
neftin dünya bazarlarına nəql olunması, neft-kimya sənayesi
və sair. Bununla belə, bu sahələrin
daha da inkişaf etdirilməsi, yaxın gələcəkdə
metallurgiya, qida, elektrik, su təchizatı, ekologiya və
başqa istehsal və nəzarət sahələrinin
inkişafı üçün yüksək ixtisaslı
mühəndis kadrların hazırlığı
planlaşdırılır. Bununla
yanaşı ölkənin elmi-texniki bilik mərkəzinə
çevrilməsi və texnologiya ixrac etməsi
üçün də yenə texniki sahələrə daha
çox diqqət ayrılmaqdadır. Prezident
İlham Əliyevin xüsusi diqqəti ilə bu sahələrdə
müasir kadrların inkişafı prosesi başlayıb.
Bu məqamla bağlı olaraq bizə fikirlərini Xəzər
Mühəndisləri İctimai Birliyinin(Caspian
Engineers Society) sədri, BP şirkətinin mütəxəssisi
Rüfət Əzizov bildirir: “Prezidentimizin 2011-ci ilin aprel
ayında gənclərlə görüşü zamanı ən
çox yadımda qalan sözlər də məhz onun
elmi-texniki sahələrdə gənclərin inkişafı
barədə söylədikləridir. Cənab
Prezident qeyd etdi ki, hər bir dövlətin inkişafı onun
təbii sərvətlərinə deyil, intellektual
potensialına bağlıdır. Bir
sıra məqamlara diqqət yetirəndə Prezidentin dediklərini
anlamaq çətin deyil. Bu sahədə
düşünülmüş bir strategiyanın olduğunu
hiss etmək olar. Bu yolun əsası artıq Azərbaycan
dövləti ilə xarici şirkətlər arasında neft
kontraktları bağlananda qoyulmuşdu. Bəlkə də
10-20 il sonra başa düşəcəyik
ki, neft kontraktlarının bizə qazandırdığı əsas
müsbət məqamlardan biri mühəndis kadrların
inkişafı olub. Bütün bunlar
gözümün qabağında baş verdiyi
üçün bunu tam əminliklə deyə bilirəm.
Həmin neft kontraktlarının sayəsində ölkədə
mühəndislər üçün iş yerləri
açıldı, xarici şirkətlər
qarşısında milli kadrların inkişaf etdirilməsi məsələsi
qoyuldu. Gənclərin bu sahələrə
yönəlməsi kütləvi hal aldı, ümumiyyətlə
mühəndislik sahələri prestijli sayılmağa
başladı. Artıq 2000-ci ilin əvvəllərindən
başlayaraq, mühəndislik sahələrində xaricdə
və daxildə təhsil alan gənclər
ölkədən getmədilər, əksinə, əksəriyyət
qayıtdı, mövcud imkanlardan istifadə və təcrübə
əldə etdi. Bu, təbii şəkildə baş verdi, heç kimi süni şəkildə
ölkəyə qaytarmaq mümkün deyil”. R.Əzizov
bildirir ki, Prezidentin qətiyyətli addımları sayəsində
dövlətimiz gücləndikcə, Dövlət Neft
Şirkəti vasitəsilə xaricdə investisiyalarımz
artmaqdadır. Bu investisiyalardan da bəlkə ən
çox qazanan sonda yenə gənclər olacaq: “Artıq gənclərimiz
beynəlxalq şirkətlərdə təcrübə
qazanaraq peşəkar mühəndislərə çevriliblər
və dövlətimizin idarə etdiyi layihələrdə məsuliyyətli
vəzifələr
tuta bilərlər, artıq bu proses başlayıb.
Əgər 15 il qabaq bir amerikan və ya
ingilis Azərbaycana xarici işçi kimi gəlib yüksək
maaş alırdısa, indi artıq azərbaycanlılar
dövlətimizin layihələrini icra etmək
üçün xarici ölkələrdə xarici
işçi kimi yüksək maaşlar almağa
başlayıb. Bu proseslər yenidir, lakin əminəm
ki, getdikcə güclənəcək. Burda
da yenə çoxplanlı bir yol
düşünüldüyü görünməkdədir”.
R.Əzizov deyir ki, Prezidentin səyləri nəticəsində
neft sənayesilə yanaşı digər sahələrin də
tədricən inkişafı, xüsusən inşaat, qida,
informasiya texnologiyaları və sair sahələrdə olan
kadrlara da yol açılır. Yeni sahələrin
inkişafı xüsusilə müasir biliklər, xarici
şirkətlərlə danışıqlar tələb edir,
burda da yenə də liderlik gənclərin əlinə
keçir. Eyni zamanda Prezidentin planlı
addımlarının nəticəsi olaraq gənc mühəndis
kadrların, mühəndislik peşəsinin inkişafı
sürətlə gedir: “Bunun müsbət nəticələrini
gələcəkdə daha çox görəcəyik. Artıq bu sahələrdə gənclərimizin
inkişafı o həddə gəlib çatıb ki, 3000
manatlıq maaşa belə bəzən gənclərimizi cəlb
etmək mümkün olmur. Əgər 10 il
qabaq xarici şirkətlərə girib işləmək
“böyuk xoşbəxtlik” hesab olunurdusa, indi artıq gənclərimiz
bəzən oturub düşünürlər, onlara gələn
təkliflər üzərində fikirləşirlər. Çox rahatca yüksək maaşlı işi tərk
edib digərinə keçə bilirlər. Bu isə o deməkdir ki, elmi-texniki potensial gənclərimizdə
müəyyən güvənc yaradır. Bu özünəinamı
dəfələrlə beynəlxalq konfranslarda hiss etmişəm.
10-20 il qabaq əgər tədbirlərə
qulaq asmağa gedirdiksə, indi artıq getdiyimiz yerdə ən
yaxşı olmağa, tədbirlərə liderlik etməyə,
heç kimdən geri qalmamağa
çalışırıq. Artıq bizdən
də öyrənməyə başlayırlar, artıq biz kiməsə
təlim verə bilirik, artıq azərbaycanlı portreti
insanların gözündə dəyişməkdədir.
Müqayisə aparsaq, 25-35 yaşlı azərbaycanlı
və erməni gənclərin dəyərləri arasında,
təsəvvür etmədiyimiz dərəcədə fərqlər
var. Xüsusən texniki sahələrdə olan gənclərimizin
dəyəri öz erməni yaşıdları ilə
müqayisədə dəfələrlə çoxdur. Bunu təkcə ermənilər deyil, bir çox
Avropa, Asiya və MDB ölkələri ilə müqayisədə
görmək olar. Bu, məhz Prezidentin məqsədyönlü siyasətinin nəticəsidir.
Prezidentimizin elmi-texniki sahələrə verdiyi
önəm sənaye ilə yanaşı təhsildə də
özünü göstərməkdədir”. R.Əzizov
deyir ki, xaricdə təhsillə bağlı proqramda da
elmi-texniki sahələrə üstünlük verilib: “Xaricdə
təhsilə göndərilənlərin 50-60%-i mühəndislər
və təbiət elmlərinə aiddir. Həqiqətən
müxtəlif ölkələrdə azərbaycanlı gənclərin
heç bir maddi problemlə üzləşmədən təhsil
almalarını görmək adamda inanılmaz milli qürur
hissi oyadır. Nəhayət, bir neçə
gün öncə Prezidentin sərəncamı ilə Bakı
Ali Neft Məktəbi yaradılması qərara alınıb.
Hesab edirəm, bu da çox mühüm və dəyərli
addımdır. İnanıram ki, bu ali
təhsil müəssisəsi dünyanın güclü neft məktəbinə
çevriləcək”. Bu fikirlərdən də
göründüyü kimi, Prezidentin təşəbbüsü
ilə reallaşan hər bir proqram və ya layihə insan
kapitalının inkişaf prinsiplərini özündə əks
etdirir. İldən -ilə artan büdcə, sosial sahədə
artan ödəmələr, insan təminatı və insan
inkişafı ilə bağlı həyata keçirilən,
planlaşdırılan yeni layihələr, daha yaxşı
peşəyə yiyələnməyə, yeni
iş yerlərinin tapılmasına, sağlamlığın
qorunmasına böyük şərait yaradır. Nəticədə insan kapitalı öz mahiyyətini
daha dərinləşdirmiş olur. Önəmli
məsələlərdən biri odur ki, Prezident İlham
Əliyevin modernləşmə kursu sivil ictimai münasibətlərin,
müasir siyasi təfəkkürün formalaşmasına,
milli birliyin, vətəndaş həmrəyliyinin güclənməsinə
aparır. Millət vəkili, politoloq Aydın Mirzəzadə
bu məqamla bağlı bizə bildirir: “Əgər vətəndaş
dövlətin qayğısını öz üzərində
hiss edirsə, vətəndaş öz
azadlığını cəmiyyətdə reallaşdıra,
istəklərini təmin edə və özünü təkmilləşdirmək
üçün şərait görə bilirsə, onda onun sivil
yanaşma tərzi, ictimai təfəkkürü də
yüksəlmiş olur. Vətəndaş
öz hüquqlarından tam istifadə edirsə, onda
şüur da yüksəlir, milli birlik də yaranmış
olur. Vətəndaşın dövlətlə təması
daha yüksək dəyərlərə və ictimai mənafeyə,
milli maraqlara
dayanmış olur”. Yuxarıda qeyd
edildiyi kimi, modern, dünya rəqabəti ilə ayaqlaşan cəmiyyət
formalaşdıqca, Azərbaycanın çatmaq istədiyi hədəflər
daha da qloballaşır və regional kontekstdən
çıxır. Azərbaycan öncəki
illərdə daha çox regional kontekstdə dəyərləndirilirdisə,
artıq Azərbaycan təşəbbüşçü,
iddialı dünya ölkəsinə çevrilib. Qarşımızda qlobal inkişaf və liderlik hədəfləri
durur. C.Osmanlı bu barədə qeyd edir: “Məsələn,
BMT Təhlükəsizlik Şurasına üzvlük dediyinizə
misaldır. Burada tək Avropa deyil, bütün
dünya ölkələrinin problemlərinin həlli ilə
bağlı məsuliyyət daşıma etibarı
özünü göstərmiş olur. Yaxud
dünya mədəniyyət müsabiqələrində qalib
gəlməyimiz mədəni inkişafımızıın
da keyfiyyətcə yeni, daha modern kontekstdə və intensiv
davam etdiyini göstərir. Bütün bunlar
qlobal dünya hədəflərini qarşıya qoyduğumuzu
və modernləşmə əsasında həmin hədəflərə
çatmağımızı göstərir. 2020-ci il olimpiya oyunlarına hazrılıqla
bağlı Azərbaycanın iddialı ölkələr
sırasına qoşulması özü bir modern hədəfdir
və ölkənin hərtərəfli modernləşməsi,
standartlara cavab verməsi kontekstində ortaya qoyulmuş
iddiadır. Belə bir qlobal yarışa
qoşulan ölkə öz infrastrukturundan, insan
hazırlığından, idman qurğularından tutmuş,
hava limanına qədər hər şeyi modern səviyyədə
təqdim etməyə hazırdır”. Deməli, bu məqam da
insanlarımızın bir modern
və dünya çapında təşəbbüskar ölkə
təşkil etməyə başlamasının göstəricisidir.
Azərbaycan Prezident İlham Əliyevin prinsipial
siyasəti nəticəsində modern bir cəmiyyət və
dövlət kimi formalaşmaqla yanaşı, dünyanın
qlobal öncüllərindən biri kimi çıxış
edir və dünyada da insan inkişafına öz töhfəsini
verməyə qərarlıdır.
İlkin
AĞAYEV