«Şamaxıda kitabın təbliği məsələsinə
xüsusi diqqət veririk»
Layihə çərçivəsində
müsahibimiz Şamaxı Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin direktoru Ərəstun Xələfovdur:
- İl ərzində Mərkəzləşdirilmiş Kitabxana Sistemi fəaliyyətini əsasən kitabxana fondlarının komplektləşdirilməsi, əhalinin kitabxanaya cəlb olunması, oxuculara xidmətin səviyyəsinin yaxşılaşdırılması, kitab təbliğinin gücləndirilməsi, əlamətdar və tarixi günlərin, şair və yazıçıların yubileylərinin qeyd edilməsi istiqamətində qurur. MKS-də Xidmət, Oxu zalı, Təşkilati-metodika, Komplektləşdirmə, Kitabişləmə və kataloqlaşdırma, Vahid fondun təşkili və kitabxanalararası abonement və Məlumat- biblioqrafiya şöbələri fəaliyyət göstərir. MKS-də fəaliyyət göstərən bütün kütləvi kitabxanalarda respublikamızda baş verən ictimai-siyasi, iqtisadi yeniliklər təbliğatın əyani və şifahi formaları ilə oxuculara çatdırılır, mövcud kitab fondu onların ixtiyarına verilir. Əhalinin kitabxanaya cəlb olunması məqsədilə kitabxana işçiləri müxtəlif idarə və təşkilatlarda, məktəblərdə olur, söhbətlər aparır, kitabxana fondları haqqında əhalini məlumatlandırırlar. Kitab təbliği məqsədilə kitabxanalarda müxtəlif əyani və şifahi tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir. İlk növbədə dövlət başçısının sərəncamı ilə nəşr olunaraq hədiyyə edilən kitabların təqdimat mərasimləri keçirilir, yeni kitablara, əlamətdar və tarixi günlərə, yubileylərə həsr olunmuş geniş sərgilər tərtib edilir. MKS-nin Təşkilati-metodika şöbəsi tərəfindən kənd kitabxana filiallarına metodiki köməklik göstərmək məqsədilə vaxtaşırı olaraq yerlərə gedişlər təşkil olunur, yerindəcə kitabxanaçılara metodiki məsləhətlər verilir. Qeyd edim ki, mərkəzi kitabxanamızda təşkil edilmiş “Avstriya guşəsi” ndə Avstriyadan kitabxanamıza hədiyyə edilən kitablar nümayiş olunur. Şamaxı Rayon Mərkəzi Kitabxanasında Kitabxana İnformasiya Mərkəzi fəaliyyət göstərir. Kitabxanada 10 ədəd kompyuter dəsti də var. Mərkəzi Kitabxana Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına alınan İRBİS-64 avtomatlaşdırılmış elektron kataloqla işləyir. Bu günə kimi 50 min nüsxədən artıq kitab elektron kataloqa daxil edilib. Bu sahədə işləri davam etdiririk. Mərkəzi kitabxana müntəzəm olaraq dövri mətbuatla təmin olunur. - Kitabxanada hansı tədbirlər keçirilir?- İl ərzində müxtəlif tədbirlər təşkil edirik. Bütün əlamətdar günləri, bayramları tədbirlərlə qeyd edirik. Çalışırıq ki, tədbirlərimizdə gənclərin iştirakını təmin edək. Onlara həmin günlərin mahiyyətini çatdırırıq, eyni zamanda kitaba məhəbbət aşılamağa çalışırıq. Məsələn, noyabr ayında iki mühüm günlə bağlı tədbir keçirmişik. 9 noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar Mərkəzi Kitabxanada tədbir keçirildi. İştirakçılara “Dalğalan bayrağım azad ölkəmdə” adlı məruzə təqdim edildi. Tədbirə 5 saylı orta məktəbin şagirdləri də qatılmışdı. 12 noyabr Konstitusiya Günü ilə əlaqədar dəyirmi masa təşkil etdik. Tədbirdə iştirakçılara 1995-ci ildə ümumxalq referendumu yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası haqqında məlumat verildi. Kitabxananın metodisti Hacıyeva Zemfira Konstitusiyada əks olunmuş azadlıq hüququ, yaşamaq hüququ, mülkiyyət hüququ, sağlamlığın qorunması hüququ və s. məsələlər haqqında danışdı. Oktyabr ayında kitabxanamızda “Müstəqilliyimiz dönməzdir, əbədidir” adlı bayram tədbiri təşkil etdik. “Müstəqilliyimiz əbədidir ” adlı məruzə ilə yanaşı Uşaq Kitabxanasının direktoru Səttarzadə Afaq “Ən böyük nailiyyətimiz müstəqilliyimizdir ” mövzusunda çıxış etdi. Şəhər 5 saylı orta məktəbin şagirdləri şeirlər söyləyib kompozisiyalar göstərdilər. Tədbirdə Şamaxı rayon Humanitar Kollecinin tələbələri və Uşaq İncəsənət Məktəbinin kollektivi bayram proqramı ilə çıxış etdilər. Mərkəzi Kitabxanada “Ən böyük nailiyyətimiz müstəqilliyimizdir” başlıqli sərgi nümayiş olundu. 15 sentyabr Bilik Günü ilə əlaqədar kitabxanamızda “15 sentyabr Bilik Günüdür “ başlıqlı sərgi təşkil olunmuşdu. Ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı hər il Mərkəzi Kitabxanada və onun filiallarında silsilə tədbirlər keçirilir. Bu il “Böyük ömrün anları” mövzusunda dəyirmi masa təşkil etdik. Tədbirdə ulu öndərin həyat və fəaliyyəti haqqında geniş məlumat verildi. Tədbirin sonunda məktəb şagirdləri ulu öndərə həsr olunmuş şeirlər söylədilər. Bundan əlavə Mərkəzi Kitabxanada “Heydər Əliyev-88” başlıqlı kitab və fotosərgi də təşkil olundu. Mərkəzi Kitabxana filiallarında 20 yanvar və Xocalı faciələrinin ildönümü ilə əlaqədar tərtib edilmiş tədbirlər planına uyğun olaraq kitab, qəzet və fotolardan ibarət sərgilər, guşələr, stendlər təşkil edilib, anma mərasimləri keçirilib, tövsiyə ədəbiyyat siyahıları, biblioqrafik məlumatlar hazırlanıb. “Tarixin qan yaddaşı”, “Qanlı yanvar”, “Əsrə bərabər gecə”, “Şəhidlər unudulmur”, “Qanlı fevral” mövzularında xatirə tədbirləri keçirilib. Gənclər Günü münasibətilə “Müasir dövrün gəncləri” mövzusunda ədəbi-bədii gecə, “Gənclər gələcəyimizdir” mövzusunda oxucu konfransları, Ana dili Günü ilə əlaqədar oxucularla söhbət, “Mənim doğma dilim” mövzusunda oxucu konfransı keçirilib. Narkomanlığın yayılması, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə məqsədilə Mərkəzi Kitabxanada “Narkomanlıq gəncliyin düşmənidir” mövzusunda informasiya günü keçirilib. “Ağ ölümə qarşı mübarizə” mövzusunda məruzə oxunub.- Şairlər məskəni olan Şamaxıda şairlərin yaradıcılığı ilə bağlı kitabxananızda hansı tədbirlər təşkil edirsiniz?- Mərkəzi Kitabxanada hər il ənənəvi olaraq “Mirzə Ələkbər Sabirin poeziya günləri” adlı tədbir keçiririk. Həmin tədbirdə satirik şairin həyat və yaradıcılığı haqqında çıxışlar dinlənilir. Tədbirdə dahi şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilir, məktəbin şagirdləri Sabirin şeirlərini, qəzəllərini söyləyirlər. Bundan əlavə məktəb şagirdləri Sabirin satirik şeirlərindən hazırladıqları ədəbi-bədii kompozisiyanı təqdim edirlər. Bu il Şamaxı Rayon MKS-in Abbas Səhhət adına Uşaq Kitabxanasında görkəmli uşaq yazıçısı Abdulla Şaiqin anadan olmasının 130 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Abdulla Şaiqin həyat və yaradıcılığı haqqında geniş müzakirələr aparalıb. Bildirilib ki, Abdulla Şaiq yaradıcılığının çoxşaxəliliyi onun əsərlərinin məzmun və ideya-bədii keyfiyyətlərinə öz müsbət təsirini göstərib, bu əsərlərə ümumxalq məhəbbəti qazandırıb. Tədbirdə Şamaxı Şəhər Humanitar-Texniki Liseyin şagirdləri “Bahar”, “Vətən” , “Lay-lay”, 5 saylı orta məktəbin şagirdləri “Payız”, “Yeni köməkçi”, “Dağlar”, “Təmizlik” şeirlərini söyləyiblər. 2 saylı orta məktəbin şagirdləri Abdulla Şaiqin “Tıq-tıq xanım” mənzum nağılı əsasında səhnəcik təqdim ediblər. Tədbir iştirakçıları kitabxanada təşkil olunmuş “Uşaqların sevimli şairi” adlı sərgi ilə tanış olublar. Tədbirdə iştirak edən məktəblilərlə “Bu tədbir sizə nə verdi?” adlı dialoq keçirilib. Mərkəzi Kitabxanada görkəmli yazıçı Mirzə İbrahimovun anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən tədbirdə yazıçının həyat və yaradıcılığı haqqında məruzələr oxunub, şagirdlər yazıçının əsərlərindən kiçik kompozisiyalar göstəriblər. Mirzə İbrahimovun əsərlərindən ibarət sərgi də təşkil edilib. Xalq şairi Qabilin anadan olmasının 85 illiyi ilə əlaqədar kitabxanamızda “Qabil poeziyası, Qabil dünyası” adlı şeir günü keçirilib və “Qabil-85” başlıqlı sərgi təşkil olunub. Çıxış edənlər Qabil poeziyasının rəngarəngliyi haqqında fikirlərini bildiriblər. Bu il yazıçı Şamo Arifin anadan olmasının 75 illiyi ilə əlaqədar Mərkəzi Kitabxanada dəyirmi masa keçirilib. Tədbirin sonunda yazıçının əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Anar Miriyev
Palira.-2011.-16 dekabr.- S.6.