İctimai təfəkkürdə
milli maraq anlayışı
Əgər
yaxın 300 illik tariximizə nəzər salsaq,
xalqımızın milli maraqlar anlayışına kifayət
qədər dəyər verməməsinin nə qədər
faciəli nəticələr doğurduğunun şahidi
olarıq.1747-ci ildə Nadir şah Əfşarın
ölümü ilə mərkəzi hakimiyyət
dağıldı, ölkədə ayrı-ayrı
xanlıqlar yarandı və onlar da çox asanlıqla xarici
güclərin yeminə çevrildilər. 1918-1920-ci illərdə
mövcud olan şanlı Azərbaycan Xalq Cümhuriyyətinin
ömrü qısa olduğundan milli maraqların
qorunmasının həlledici olmasının önəmini fərdlərin ictimai təfəkkürünə
yeridə bilmədilər. O illərdə milli dövlətin
kəndlisi torpağı, fəhləsi isə gündəlik
bir tikə çörəkpulunu milli maraqlardan üstün
tuturdu. Əslində 18-ci əsrin ortalarından
vahid, müstəqil dövləti olmayan insanlardan bunun əksini
tələb etmək ədalətsizlik olardı.
Bu gün isə müstəqil Azərbaycanda tamamilə
fərqli situasiya var və qloballaşmanın iri addımlarla
irəlilədiyi müasir dövrün ayrı-ayrı xalqlar
üçün yaratdığı əsas problemlərdən
biri milli maraqların qorunub saxlanması ilə
bağlıdır. Tədqiqatçıların fikrincə, azərbaycanlının
milli kimliyi üç əsas dayaq üzərində bərqərar
olub: milli tarix, mədəniyyət və din. Adıçəkilən
bu üç komponent azərbaycançılığın əsasını
təşkil etməklə həm də onun üçün
“müdafiə təbəqəsi” rolunu oynayır. Azərbaycan
xalqının və dövlətinin milli maraqları da məhz
bu “müdafiə təbəqəsi”nin məcazi mənada desək
“ozon qatı”nın
dağılmasına yol verməməyi tələb
edir. Bunun üçün isə “Milli
maraqlarımız hər şeydən üstundür”
şüarı müasir ictimai təfəkkürümüzün
ən üst qatında yer almalıdır.Milli maraqlar
anlayışı özündə nəyi ehtiva edir? Mövcud qanunvericiliyə görə respublikanın
milli maraqları Azərbaycan xalqının fundamental dəyər
və məqsədlərinin, habelə insan cəmiyyət və
dövlətin inkişaf və tərəqqisini təmin edən
siyasi, iqtisadi, sosial və hərbi tələbatlarının
məcmusudur. Siyasi sahədə milli
maraqların əsasını dövlət müstəqilliyi,
suverenliyi və ərazi bütövlüyü, Konstitusiya
quruluşunun qorunması təşkil edir. İqtisadi sahədə əsas milli maraqlar iqtisadi
sabitliyin təmin edilməsi, təbii maddi sərvətlərin
qorunması və s.-dən ibarətdir. Sosial
sahəyə gəldikdə isə burada əsas məsələ
Azərbaycan xalqının genofondunu qoruyub saxlamaqdır.Bir
sözlə, bu mövzu çox əhatəli olduğundan
burada konseptual yanaşma tələb olunur. Bu baxımdan bir neçə məqama diqqət yetirək.
Birinci olaraq milli maraqların qorunmasında
dövlətin yürütdüyü xarici siyasət və
onun liderinin öz üzərinə götürdüyü məsuliyyət
barədə fikirlərimizi bildirək. Bu gün dövlətin
yürütdüyü xarici siyasət xalqımızın
maraqlarının, milli mənafelərimizin təmin
olunmasına, ölkəmizin nüfuzunun, dünya siyasətində
rolunun artmasına
xidmət edir. Məlumdur ki, bununla
bağlı çoxsaylı misallar çəkmək olar.
Həyata keçirilən müstəqil siyasət
bütün beynəlxalq müqavilə və layihələrdə
milli maraq və gəlirlərimizin qabarıq əks
olunmasını təmin edir. Həmçinin
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli,
beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın
milli maraqlarına uyğun həlli istiqamətində
ardıcıl və məqsədyönlü siyasət həyata
keçirir. Bu məqam xarici siyasətdə
və beynəlxalq təşkilatlarla münasibətdə
xüsusi prinsipial xətt kimi götürülür. Keçirilən bütün görüşlərdə
Azərbaycanın bu milli haqqının tanınması -
torpaqlarımızın işğaldan azad olumması və ərazi
bütövlüyümüz əsas şərt kimi ortaya
qoyulur və xarici diplomatlar, dövlət
başçıları tərəfindən qəbul edilir.
Azərbaycanın müəllifi olduğu nəhəng, qlobal
iqtisadi çəkiyə malik Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum, Bakı -Qars kimi enerji və nəqliyyat
layihələrindən işğalçı Ermənistanın
tamamilə təcrid olunması və regionun autsayderinə
çevrilməsi də milli maraqlarımızın bu kontekstdə
təmin edilməsinin parlaq göstəricisidir. Mənəvi
sərvətlərimizin qorunması milli maraq
anlayışının ehtiva etdiyi əsas məqamlardandır.
Bu səpgidə milli maraqlarımızın - dilimizin, mədəniyyətimizin, milli dəyərlərimizin
qorunmasında ümummilli liderin nümunəvi xidmətləri
olub. Məsələn, hələ sovetlər
dönəmindən ümummilli liderin bu sahədə həyata
keçirdiyi siyasətlə Azərbaycan dilinin Azərbaycan
SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə
göstərilməsinə nail olunub. Bu,
“qırmızı imperiya” şəraitində belə milli
maraqları qorumağın və təmsil etməyin bariz ifadəsidir.
Yeni dövrdə dilin, eləcə də
bütövlükdə milli mədəniyyətin özünəməxsusluğunun,
milli-mədəni irsimizin və dəyərlərimizin qorunub
saxlanılması məqsədilə ardıcıl proqram və
layihələr həyata keçirilir. Eləcə
də milli musiqimizin, dəyərlərimizin qorunub saxlanması
və inkişaf etdirilməsinə xüsusi diqqətlə
yanaşılır. Son dövrlərdə
milli musiqimizin simvolu olan muğamın təbliği, Azərbaycan
mədəniyyəti, tarixi, kulturoloji məsələlərlə
bağlı KİV-də yazı və süjetlərin
çoxalması, bu yöndə xüsusi layihələr həyata
keçirilməsi də bu sıradan qeyd edilə bilər.
Azərbaycan mədəniyyətinin dünyada təbliği məqsədilə
də
çoxsaylı layihələr
reallaşdırılır. Bunun
üçün vətəndaş cəmiyyəti
institutlarına dövlət dəstəyi göstərilir.
Məsələn, QHT-lərə Dövlət Dəstəyi
Şurasının və KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun fəaliyyəti nəticəsində
QHT-lər və KİV-lər milli məsələlərə
aid layihələrə daha çox diqqət yetirməyə və
bu sahədə olan problemləri həll etmək
üçün effektiv layihələr həyata keçirməyə
başlayıblar. Bu layihələr
bilavasitə Azərbaycan mədəniyyəti və dəyərlərinin
təbliğinə, cəmiyyətə dərindən
aşılanmasına, xaricdə tanıdılmasına həsr
edilib. Eləcə də milli
maraqlarımızı qorumaqla bağlı diasporumuz təşkilatlanıb
və dövlətin məqsədyönlü siyasəti nəticəsində
səfərbər olunub. Bakıda keçirilmiş
dünya azərbaycanlılarının qurultayları
ayrı-ayrı ölkələrdə yaşayan
soydaşlarımızın daha sıx birləşməsi, təşkilatlanması
və ümummilli
problemlərimizin həllinə cəlb edilməsi
üçün mühüm vasitədir. Daha
bir məqam maddi sərvətlərimizin qorunması ilə
bağlıdır. Bu məsələdə də
ümummilli liderin
Azərbaycanın əsas təbii sərvətlərindən
olan neft və qaz sektorunun xarici şirkətlər tərəfindən
özəlləşdirilməsinə imkan verməməsi
bariz nümunə kimi göstərilə bilər. Bu məqam millətimizin bütün nümayəndələrinə
Azərbaycanın təbii sərvətlərinin, iqtisadi
maraqlarının yüksək tutulmasını və hər
məqamda qorunmasını aşılayır. Xüsusilə qeyd etmək
lazımdır ki, vətəndaşların ictimai təfəkküründə
milli maraqların qorunmasında təhsil çox önəmli
sahələrdən biridir. Belə ki, gələcəyin
savadlı, peşəkar kadrlarını yetişdirmək,
insan kapitalını formalaşdırmaq üçün təhsilin
ən erkən pillələri hədəfə
götürülməlidir. Professor,
AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovun
bildirdiyi kimi, istedadları aşkar etmək və milli
inkişaf naminə onların istedadlarını
reallaşdırmaq üçün bağçalardan işə
başlamaq lazımdır. Yəni ibtidai
siniflərdən düzgün maarifləndirmə və tədris
aparılmalıdır. Bu baxımdan təhsilin
inkişaf etdirilməsi ilə bağlı həyata
keçirilən dövlət proqramları, təhsilin maddi-texniki
bazasının ildən-ilə gücləndirilməsi, son illərdə
minlərlə yeni məktəbin tikilməsi, yeni tədris
binaları və korpuslarının yaradılması,
müasir standartlara uyğun universitetlərin
formalaşdırılması, gənclər üçün
xaricdə təhsil proqramının icrası və sair məsələlər
milli təhsilin və millətin təhsil maraqlarının təzahürləri
sayılmalıdır.Ölkədə gedən demokratikləşmə
prosesi və müasir dövlət quruculuğu prosesi də
milli inkişaf prinsipi əsasında həyata keçirilir. Bu
proses milli ideya kontekstində reallaşdırılır. Belə ki, Azərbaycanda demokratikləşmə
prosesi milli identikliyin qorunub saxlanması şərti ilə
aparılmaqdadır. Burada milli maraqların
təmin olunması əsas götürülür. Azərbaycan
Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyev “Bakinskiy raboçiy” qəzetinə verdiyi müsahibədə
bu məqamla bağlı belə bildirib: “Milli ideyanın millətin
inkişafına, dövlətin tərəqqisinə tam
dolğun xidmət etməsi üçün o, demokratiyanı
“kəməndinə salmalıdır”, cəmiyyəti
innovasiyalı modernləşməyə istiqamətləndirməlidir.
İnsanların şüuruna hakim kəsilən milli ideya millətin
konkret fundamental məqsəd və vəzifələrinə
nail olmaqda reallaşmalıdır. Buna görə
də müasir şəraitdə demokratiya Azərbaycan milli
ideyasının ən mühüm komponentinə
çevrilir”. Göründüyü kimi,
dövlət demokratiyanı milli maraqlar və milli inkişaf məqsədlərinə
yönəltməklə demokratik inkişafın Azərbaycan
modelini ərsəyə gətirmiş olur. Azərbaycan dövlətinin bu yöndə
apardığı siyasət milli ideya zəminində siyasi məkanın
demokratikləşməsini, mütərəqqi və hərtərəfli
iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyanı
özündə birləşdirir. İctimai
təfəkkürdə təhlükəsizlik məsələləri
xüsusilə böyük önəm kəsb etməyə
başlayıb. Müasir dövrdə
dünyada ictimai-siyasi münasibətlərin olduqca kəskinləşdiyi
və mürəkkəbləşdiyi bir dövrdə bu məqam
xeyli aktualdır. Belə ki, hazırda “demokratiya”, “vicdan
azadlığı” və sair etiketlər altında süni
şəkildə müxtəlif ideyaların, təriqətlərin
ölkələrə ayaq basması və sosial-siyasi təlatümlərə,
deqradasiyaya, cəmiyyət pozuculuğuna səbəb olması tez-tez
müşahidə edilən hallardandır. Bu mənada
hər bir dövlət milli maraqlardan çıxış edərək
millətin bölünməzliyi, təhlükəsizliyi və
stabilliyini qorumalı, parçalanmalara səbəb olan
süni ideyaların yayılmasının
qarşısını almalıdır. Əks
halda bu gün bir sıra Şərq, eləcə də Qərb
ölkələrində baş verən xaos, hərc-mərclik,
kütləvi terrorlar, vətəndaş müharibəsi təhlükəsi
ilə üzləşmək çox asan olacaq.”Ərəb
baharı” Liviyada 50 mindən çox insanın
ölümünə səbəb oldu, Misirin əsas gəlir
mənbəyi olan turizm sektorunu dağıtdı, Suriyada hər
gün 20-30 adam ölür... Bu cür süni ideyaların və cəmiyyətlərdə
qeyri-stabilliyin yaradılmasında məqsəd isə
yalnız bəzi dünya güclərinin geopolitik
maraqlarını reallaşdırmaq və onların regionlarda
təbii sərvətləri ələ keçirməsi məqsədini
daşıyır. Məhz bu kimi hallara yol
verməmək üçün Azərbaycan dövləti daim
milli maraqların keşiyindədir. Təsadüfi deyil
ki, Azərbaycan Prezidenti Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin
müdiri Əli Həsənov bu barədə son
çıxışlarının birində bildirib: “Azərbaycan
heç zaman kənardan ölkə həyatına süni
şəkildə demokratiya və dini təriqətlərin
idxal olunmasına yol verməyəcək”. Bu mövqe bir daha
millətin və cəmiyyətin sırf milli inkişaf və
mənafelərə əsaslanmaqla oxşar təhlükələri
dəf etməyə hazır olduğunu göstərir.Qeyd edilənlər
eyni zamanda hər bir Azərbaycan vətəndaşının
diqqət yetirməli, izləməli və milli maraqların, mənafeyin
tam təmin olunması üçün töhfəsini verməli
olduğu əsas məqamlardandır. Çünki
istər siyasi, iqtisadi, sosial, istərsə də təhlükəsizlik
sferasında mövcud olan milli maraqlar hər şeydən
üstündür.
Namiq
ƏLİYEV
Palira.-2011.-16 dekabr.- S.11.