Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri

 

Zaman - zaman xarici hücumlara məruz qalan ölkəmiz XX əsrdə müstəqillik qazanmaq kimi şərəfli bir titula sahib olub. Qeyd edilən əsrdə iki dəfə azadlığa qovuşan Azərbaycan birinci müstəqilliyini cəmi 23 ay qorumağa müvəffəq olsa da, ikinci və sonuncu müstəqilliyini 20 ildən artıqdır ki, qoruyub saxlaya bilir. 1918-ci ildə başlanan ilk istiqlalımız o qədər uzun sürməsə də, şüurlarda inqilab etməyi bacardı. 

Məhz bu inqliabın nəticəsi idi ki, bir dəfə azadlığı dadan həmvətənlərimiz 71 il sovet əsarətində qalmalarına baxmayaraq yenə müstəqillik ideyalarından əl çəkmədilər. Elə buna görə də bugünkü Azərbaycan dövlətçiliyinin kökləri müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. 23 aylıq ömür yaşamış Azərbaycan Xalq Cümhuriyyəti regionda geosiyasi vəziyyətin dəyişməsi ilə süqut edib. Qısa müddət ərzində mövcud olmasına baxmayaraq, Xarici İşlər Nazirliyi də daxil olmaqla əsas dövlət institutları məhz həmin dövrdə yaradılıb. Məhz buna görə də bu gün fəxrlə demək olar ki, Azərbaycan diplomatiyasının 93 yaşı var.Hər bir ölkə kimi Azərbaycanın hər iki müstəqillik dönəmində ilk atdığı addımlar sırasında xarici əlaqələrin qurulması təcrübəsi də olub. Bu isə təbii sayılmalıdır - çünki müstəqillik əldə edən dövlət ilk növbədə xarici əlaqələrini formalaşdırmağa çalışır. Belə ki, məhz normal qurulan xarici əlaqələr nəticəsində ölkənin beynəlxalq aləmdə tanıdılması və onun müxtəlif sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq şəbəkələrinin formalaşdırılması mümkündür. Bununla belə, ikinci dəfə müstəqilliyin ilk illərində səbatsız xarici siyasət, ölkə rəhbərliyinin naşılardan ibarət olması xarici siyasətdə çoxlu problemlərə səbəb oldu. Belə bir halda hətta, yeni müstəqil olmuş dövlətimizin mövcudluğu təhlükəsi yaranmışdı. Hakimiyyət dəyişikliklərindən sonra ölkə rəhbərliyinin peşəkar və etibarlı əllərə tapşırılması, məlum olduğu kimi, bu sahədə ciddi dönüş yaratdı.   Nəticədə bu gün Azərbaycan iqtisadiyyatda yüksək artıma, habelə sabit siyasi sistemə malik, sürətlə inkişaf edən gənc demokratik ölkə kimi özünü beynəlxalq aləmdə tanıdıb. Azərbaycan öz milli maraqlarının gerçəkləşdirilməsi, habelə regional və qlobal mövqelərinin möhkəmləndirilməsi üçün iqtisadi və siyasi imkanlarından məharətlə istifadə edir. Məhz bu səylərin nəticəsidir ki, Azərbaycan regionda lider və beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanınıb. Ekspertlərin etirafına görə, ölkəmiz bütün regional məsələlərdə əsas oyunçudur və regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz.XX əsrin sonlarında ikinci dəfə müstəqilliyinə qovuşan ölkəmiz ilk olaraq bir neçə beynəlxalq təşkilata üzv olub ki, bu da onun müstəqilliyinin de-yuri tanınması demək idi. Azərbaycan regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən beynəlxalq arenada əməkdaşlığı daha da genişləndirərək və dərinləşdirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilatlara üzv oldu. Azərbaycan Respublikası həmçinin GUAM regional qrupunun təsisçilərindən biridir.Dövlət rəsmiləri və müstəqil politoloqlar mediaya verdiyi müsahibələrdə respublikamızın xarici siyasətinin əsas prinsiplərini aşağıdakı kimi təsvir edirlər:· Bazar iqtisadiyyatı və qanunun aliliyinə əsaslanan plüralist demokratiyanı inkişaf etdirmək;· Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tezliklə bərpa edilməsi məqsədi ilə müstəqil xarici siyasət yeritmək;· Azərbaycanın təhlükəsizliyi, siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükələrin aradan qaldırılması;· ATƏT-in Lissabon sammiti prinsipləri əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həll edilməsi;· Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması;· Qonşu ölkələrlə mehriban qonşuluq və qarşılıqlı fayda kəsb edən münasibətlərin inkişaf etdirilməsi;· Regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsi;· Regionda qanunsuz silah və digər daşımaların qarşısının alınması;· Nüvə silahlarının yayılmasının qarşısının alınmasına dair mövcud olan qlobal rejimlərə sadiqlik və Cənubi Qafqazda nüvə silahlarından azad zonanın yaradılması;· Xəzər Dənizi hövzəsinin demilitarizasiyası (hərbsizləşdirilməsi);· NATO, Avropa Birliyi, Qərbi Avropa İttifaqı və Avropa Şurası da daxil olmaqla Avropa və Transatlantik təhlükəsizlik və əməkdaşlıq strukturlarına inteqrasiya;· Azərbaycanın Qərb və Şərqin qovşağında yerləşməklə mühüm strateji-coğrafi mövqeyindən bəhrələnərək, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafını sürətləndirmək;· Azərbaycanın iştirakçısı olduğu Avrasiya nəqliyyat dəhlizini inkişaf etdirmək;Ölkəmizin xarici siysətini bəyənməyən bəzi qüvvələr bunun balanslaşdırılmış siyasət olduğunu qeyd edirlər. Politoloqlar isə bu fikirlə qəti razı olmayaraq, respublikamızın xarici siyasət kursunun nizamlanmış və gələcək perspektivlərə yönəlmiş olduğunu hesab edirlər. Əsas məsələ odur ki, Azərbaycan heç kimdən asılı olmadan tam müstəqil və suveren siyasət yürüdür. Bu yaxınlarda da ölkə başçısı öz çıxışında bir daha  bu istiqamətdə səsləndirilən fikirlərə aydınlıq gətirdi. Prezidentin bildirdiyinə görə, konkret bir nümunə ilə təsdiq etmək olar ki, müstəqil Azərbaycanın xarıcı siyasət kursu ölkəmizin tam maraqlarına xidmət edir. Məlum olduğu kimi Ermənistanın işğalçılıq siyasəti nəticəsində 20%-dən artıq torpağımız işğal altındadır və bir milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Bu o demək deyil ki, işğal olunmuş ərazilərin azad edilməsi daim müzakirə edilməlidir. Dövlət başçısının və diplomatlarımızın sözündə də vurğulandığı kimi,  Azərbaycan heç bir zaman öz ərazi bütövlüyünü müzakirə obyektinə çevirməyəcək. Məhz bu münaqişənin həllinin hüquqi və siyasi əsasları BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində göstərilib. Habelə BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi A/RES/62/243 saylı qətnaməsi, ATƏT və Avropa Şurasının müvafiq sənədləri və qərarlarında əks olunan beynəlxalq hüququn norma və prinsiplərində də Ermənistanın işğalçı dövlət olduğu qeyd edilib. Bütün bu sənədlər Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını təsdiqləyir. Əlavə olaraq qeyd etmək istərdik ki, Strasburq (Kehl) sammitində NATO Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmasına yönəlmiş səyləri bir daha dəstəkləyib.Ölkəmiz müstəqillik qazandıqdan sonra onun suverenliyini və ərazi bütövlüyünü tanıyan ilk dövlət Türkiyə Cümhuriyyəti olub. Məhz bu gün bir çox sahələrdə əməkdaşlığa dostluq və qardaşlıq prinsipləri çərçivəsindən yanaşan bu iki dövlətin xarici siysəti də ortaq maraqların qorunması üzərində qurulub. Bu prinsipdən çıxış edərək demək olar ki, Azərbyacanın xarici siyasətində Türkiyə amili əsas təşkil edir. Xarici siyasətdə gerçəkliklər və uğurlar Hər bir azərbaycanlı kimi biz də ölkəmiz müstəqillik qazandıqdan sonra onun yürütdüyü xarici siyasət kursunun hansı effekti olduğunu düşünürük. Təbii ki, bu barədə öyrənməyə və fikir yürütməyə ölkə vətəndaşı olaraq haqqımız var.Ölkəmizin beynəlxaq aləmdə yeritdiyi siyasi xəttin ilk uğurları onun Birləşmiş Millətlər Təşkilatı kimi nüfuzlu təşkilata üzv olmasını göstərmək olar. Ötən əsrin 90-cı illərində baş verən bu əlamətdar hadisə ölkəmizin haqq səsinin beynəlxalq arenada eşidilməsi üçün mühüm addım oldu. Belə ki, məhz dünyanın bir nömrəli təşkilatı olan BMT ərazi bütövlüyümüzün sülh yolu ilə azad edilməsi üçün məlum 4 qətnamə qəbul edib. İkinci böyük təşkilat olan İslam Əməkdaşlıq Təşkilatına (keçmiş İslam konfransı Təşkilatı) üzvlük  isə Azərbaycanın dünyanın 50-dən artıq islam dövləti tərəfindən dəstəklənməsi demək idi. Bütün bu beynəlxalq qurumlara üzv olmaqla onlar qarşısında ölkəmizin qaldırdığı ilk və əsas məsələ Ermənistanla Azərbaycan arasında olan Dağlıq Qarabağ problemi, onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinə nail olmaq idi. 2001-ci ilin 25 yanvar tarixində ölkəmiz Avropa Şurasına üzv oldu, bu isə ərazi itkisinə məruz qalmış Azərbaycanın haqq səsinin AŞPA kimi mötəbər qurumdan eşidilməsi demək idi. Ölkəmiz mədəni sahələrdə də uğurlu xarici siyasət yürütmək təcrübəsinə malikdir. Belə ki, ikinci dəfə azadlığa qovuşandan sonra qısa zaman ərzində “İçəri şəhər”i və “Qobustan qayaları” abidələrini YUNESKO-nun qorunan abidələr siyahısına salınmasına nail olduq. Məhz respublikamızda mədəni abidələrə və mədəniyyətlə bağlı digər sahələrə olan diqqət və qayğının nəticəsi olaraq ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva YUNESKO və İSESKO-nun xoşməramlı səfiri təyin edildi.Nəhayət bu uğurların hələlik sonuncusu hesab edilən bir qələbədən danışmaq yerinə düşərdi. Doğrudur, Azərbaycanın bir neçə ay bundan əvvəl qazandığı həmin uğur media tərəfindən çox geniş işıqlandırıldı. Hətta müxalifət mediası da adıçəkilən qələbəyə başqa yozum verə bilmədi. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və burada növbəti iki il üçün Şərqi Avropanın təmsilçisi hesab edilməsi bizi sevindirdi. Politoloq Oqtay Sadıqzadə bu hadisəni şərh edərkən bir məsələyə diqqət yetirməyi təklif edir: “Fikir verin, bizdən əvvəl bu postda qardaş Türkiyə idi. Türkiyə həmin vəzifəni tutmaq üçün 50 ilə yaxın çalışıb. Amma, Azərbaycan isə bundan qat-qat aşağı zaman sərf edərək həmin uğura nail olub. Məhz budur bizim xarici siyasətin uğurlu tərəfi.” Onun sözlərinə görə seçim turunda ölkəmizin beynəlxalq aləmdəki nüfuzu da əsas rol oynayıb: “Siz seçim zamanı rəqibimizlə bizim aramızdakı səs fərqinə baxardınız. Fərq çox böyük idi. Deməli, respublikamızın tanınması prosesi də uğurla gedir.”

 

Tural QABİLOĞLU

 Palitra.- 2011.- 20 dekabr.- S. 12