“Heç
bir kənd təsərrüfatı bitkisi üzüm qədər
gəlir verə bilməz”
Bugünlərdə ölkə
başçısı tərəfindən imzalanan sərəncama
əsasən “2012-2020-ci illərdə Azərbaycanda
üzümçülüyün inkişafına dair Dövlət
Proqramı” təsdiq edilib. Dövlət Proqramında göstərilir
ki, üzümçülük və şərabçılıq
aqrar-sənaye sahələri arasında xüsusi yer tutmaqla, əlavə
dəyər yaradılması və iqtisadi səmərəlilik
baxımından ölkə iqtisadiyyatı üçün
mühüm əhəmiyyət kəsb edir. Üzüm
digər kənd təsərrüfatı məhsulları
arasında hər 100 hektar torpaq sahəsi üzrə yeni
yaradılan iş yerlərinin sayına və ümumi məhsul
buraxılışına görə, ən yüksək
göstəriciyə malik olan texniki bitkilərdən biridir. Bununla belə, üzümçülük kənd təsərrüfatı
istehsalının ən çox kapital tələb edən sahəsidir.
Müsahibimiz Kənd Təsərrüfatı Nazirliyinin
şöbə müdiri Sabir Vəliyevdir:
- Azərbaycanda üzümçülüyün və
şərabçılığın qədim tarixi var. Hələ
eramızdan əvvəl mövcud olan
üzümçülük və şərabçılıq
ərəblərin işğalından sonra müəyyən
müddət dayanmasına baxmayaraq hətta XVII-XVIII əsrlərdə
belə Azərbaycanda bu sahədə istehsal olub. Onu da qeyd edim ki, “Mədrəsə” sortundan istehsal
olunan şərablar tuluqlarda şərabçılqda
tanınmış ölkə olan Fransaya göndərilirdi.
Bizim “Mədrəsə” sortundan alınan
süfrə şərabının keyfiyyəti bütün
ölkələrin şərablarından yaxşıdır.
Mən Beynəlxalq Dequstasiya Komissiyasının üzvü
kimi Moskvada 60 ölkənin iştirakı ilə keçirilən
tədbirdə “Mədrəsə” sortunu təqdim etdim və
bu sort süfrə şərabları içərisində
birinci yerə çıxaraq qızıl medala layiq
görüldü. Ümumiyyətlə, Azərbaycanda belə
sortların olması ölkə başçısının
bugünlərdə imzaladığı “2012-2020-ci illərdə Azərbaycanda
üzümçülüyün inkişafına dair Dövlət
Proqramı”nda da öz əksini tapıb. Orada da göstərilir
ki, ölkəmizdə
təxminən 600-ə yaxın müxtəlif sortlar əkilir
ki, onların 400-ü yerli,
qalanları isə xaricdən gətirilmiş
sortlardır. Amma biz onların
hamısını əkmirik. Əhali
sovetlər dövründə olduğu kimi özü
seçir ki, bunların hansı xəstəliyə
davamlıdır, məhsuldardır, keyfiyyətli məhsul
verir. Azərbaycanda üzümçülük
və şərabçılığın inkişafı
ümummilli lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə
gəlməsindən sonra başlayıb. Ondan
əvvəl ölkədə cəmi 272 min ton üzüm
istehsal olunurdu. Amma 1970-84-ci illərdə
üzüm istehsalı 2 milyon 100 min tona çatıb. Ölkəmiz hər hektardan 95 sentner məhsul
almışdı. Azərbaycan İttifaq
miqyasında I yerə çıxmışdı. Bunun hamısı ulu öndərin
apardığı iqtisadi siyasətin nəticəsi idi. Hətta H.Əliyev Azərbaycandan kənarda olan
soydaşlarımızı bu sahənin inkişafına
yönəldirdi. Mən 1969-72-ci ildə
Ümumittifaq Elmi-Tədqiqat Üzümçülük və
Şərabçılıq “Maqaraç” institutunda
aspiranturada oxuyurdum. H.Əliyevin
tapşırığı əsasında SSRİ Yeyinti Sənaye
Nazirliyi mənim təyinatımı Azərbaycanda mövcud
olan Dövlət Üzümçülük Şərabçılıq
Komitəsinə göndərdi. O dövrdə mən
qısa müddət ərzində adi mütəxəssisdən
baş idarə rəisinə qədər yüksəldim. Üzümçülüyün və şərabçılığın
inkişafı ilə bağlı ulu öndər bir çox
rayonlara gedir, yerlərdə toplantılar keçirilirdi, bu tədbirlərdə
bütün üzümçülük və şərabçılığın
problemləri həll olunurdu. Çünki həmin
iclaslarda hər bir mütəxəssis məsuliyyət hiss
edirdi ki, onun qarşısında duran vəzifə nədən
ibarətdir. Eyni zamanda H.Əliyev bu sahədə
kadr hazırlığına böyük diqqət yetirirdi.Onun
təşəbbüsü ilə 1976-cı ildə Azərbaycan
Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq
İnstitutu yaradıldı. Sonradan hətta
onun bazasında birlik yaradıldı və mən də bir
müddət onun rəhbəri vəzifəsində
çalışdım. 1984-cü ildən
sonra verilən bir qərarla şərab zavodlarını
sovxozlardan ayırmışdılar. Halbuki
şərab zavodlarının əksəriyyəti dövriyyə
fondu hesabına sovxozların vəsaiti hesabına, 17-dən
yuxarı bəzi böyük zavodlar Moskvadan alınan SSRİ
Maliyə Nazirliyinin vəsait hesabına tikilmişdi. Burada “Azərüzümemal” adlı bir birlik
yaradılmışdı və zavodlar bu birliyə cəmləşdirmişdi
ki, gələn gəliri özləri mənimsəsinlər.
Sonra mən dəfələrlə mətbuatda
çıxışlar etdim ki, bu qanunauyğunsuzluğu etmək
olmaz və istehsalla emal bir yerdə olmalıdır. Sonra ulu öndərimiz
tərəfindən 1994-cü ildə xüsusi
tapşırıq oldu və onlar birləşdirildi. 1995-98-ci illərdə illərdə Dövlət
Özəlləşmə Proqramı qəbul olundu və
proqrama əsasən islahatlar getməli idi. Çox qısa müddətdə islahatlar getdi və
40-a yaxın normativ sənədlər qəbul olundu. Üzümçülük və şərabçılıq
sahəsi də özəlləşdikdən sonra sahibkarlar
zavodları özəllədirməyə başladılar.
Nəticədə üzüm sahələri şəxsi
mülkiyyətə verildi, həm də şərab
zavodları özəlləşdirilməyə
başlandı.
- Şərabçılıqla
bağlı lisenziyalaşdırma sahəsində hansı tədbirlər
həyata keçirilib?
- Son illərdə aparılan tədqiqatlar göstərdi
ki, iqtisadiyyatımızda vaxtilə dövlət büdcəsinin
40-45 faizini verən bir sahə indi iflasa uğrayıb. Biz istiqaməti spirtli içkilərin istehsalına
yönəltmişik. Biz material
hazırlayıb ulu öndərə təqdim etdik. Lisenziyalaşdırma prosesini həyata keçirmək
lazım oldu. Çünki bir çox evlərdə,
hətta Bakıda, konserv zavodlarında, su-şirə istehsal
edən müəssisələrdə araq, konyak və digər
spirtli içkilər buraxılırdı və
çoxsaylı zəhərlənmələr olurdu. Heç bir müharibə insanlara bu qədər zərər
verə bilməz, nəinki spirtli içkilər. Çünki spirtli içkilərin tərkibində
müxtəlif proseslər gedir, aldehidlər, metil birləşmələri
həddindən artıq çox olduqda insanlar onu mənimsədikdə
özləri də bilmədən daxili orqanları sıradan
çıxır, nəsli kəsilir. Keçmişdə
araq istehsalı Bakı 1 saylı araq zavodunda həyata
keçirilirdi. Hətta o vaxtı
mağazalarda araq satışı artanda bilirdik ki, hardasa
qanunsuz araq istehsal olunur və qısa müddətdə bunun
qarşısını alırdıq. Buna
görə də bu, mütləq dövlətin nəzarətində
olmalıdır. Sonra lisenziyalaşdırma
haqqında bir neçə dəfə qərar qəbul olundu
və 2002-ci ildə H.Əliyevin təşəbbüsü ilə
Milli Məclis tərəfindən
“Üzümçülük və şərabçılıq
haqqında”qanun qəbul olundu. Bu qanunla
bağlı Nazirlər Kabinetinin 199 saylı xüsusi qərarı
oldu və burada şərabçılıq məhsullarına
adların verilməsi, əsasnaməsi, qaydaları
hazırlandı. Şərabçılıq
müəssisələrində texnoloji proseslər,
kommunikasiya xətlərinin olması, laboratoriyanın
akreditasiyadan keçməsi və digər bütün şərait
olduqdan sonra onlara şəhadətnamələr verilməlidir.
Sonrakı dövrlərdə də ölkə
başçısının bir neçə sərəncamında
da insanların sağlamlığının qorunmasıyla
bağlı həm KTN, həm də SN və digər aidiyyətli
orqanlara tapşırıqlar oldu. Ona
görə də 235 saylı qərarla Nazirlər Kabinetinin
xüsusi qərarı ilə komissiya yaradıldı ki,
monitorinqlər keçirilsin. O vaxtdan bəri 5 nazirliyin
peşəkar nümayəndələrindən ibarət
komissiya var və bu komissiya mütəmadi olaraq yerlərdə
ticarət şəbəkələrində, istehlak
bazarında müəyyən monitorinq aparırlar. Zavodların özünün laboratoriyasına
inanmırıq və biz yenidən məhsulları analizə
göndəririk, fiziki-kimyəvi tərkibi müəyyən
olunduqdan sonra ona icazə verə bilərik.
- Yeni Dövlət Proqramına uyğun
olaraq hansı tədbirlərin həyata keçirilməsini
vacib hesab edirsiz?
- O dövrdə neftin o qədər strategiyası yox idi
və bunu gələcək üçün də demək
olmaz. Amma H.Əliyev çox gözəl strategiya müəyyən
edib ki, heç bir
kənd təsərrüfatı bitkisi üzüm
qədər gəlir verə bilməz. İqtisadi
siyasət bundan ibarətdir ki, Azərbaycanın təminatı
üçün 100 illərlə məhsul verəcək,
insanlar işləyəcək. Ölkə
başçısı tərəfindən yeni təsdiq edilən
proqramda göstərilir ki, bir neçə mənbədən
sahibkarlara uzunmüddətli kreditlər verilməlidir. İnsanlar bu krediti şəffaf almalıdır,
üzüm əkilməlidir. Biz belə planlaşdırmışıq
ki, hazırda 15 min hektar üzüm sahəmiz var, 2020-ci ilə
qədər 50 min hektar üzüm əkilsə, gələcəkdə
400 min tondan yuxarı üzüm əldə ediləcək ki,
əhalinin böyük hissəsinin güzəranı daha da
yaxşılaşacaq. Həm də infrastruktur
yaranacaq. Eləcə də xaricdən gələn
əkin materialını məhdudlaşdırmalıyıq.
Çünki bəzi imkanlı adamlar KTN-in xəbəri
olmadan hansı yollasa tingləri xaricdən gətirib əkirlər.
Bu isə sonradan problemlərə yol
açır. Bunlar əsasən
rayonlaşmış calaqaltı və calaqüstü Azərbaycan
sortları olmalıdır. Məsələn,
Naxçıvan xüsusi relyefə malikdir və orada bu sahənin
inkişafına böyük üstünlük vermək
lazımdır. Orada 5 kişmiş sortu var
ki, oradan bəzi sortları gətirib calaqüsütü kimi əkib
geniş yaymaq olar. Ona görə də
kreditlərlə bağlı oraya üstünlük verilməlidir,
orada üzümçülük geniş
yayılmalıdır. Orada şərab zavodları tikilməsi,
dəmir beton dayaq istehsal edən poliqon tikilməsi, ting təsərrüfatları
yaratmaq lazımdır. Həm Naxçıvan, həm də Azərbaycanın
bir neçə bölgəsində bunu etmək
lazımdır, çünki bu infrastrukturun yaranması
vacibdir.
Nigar Abdullayeva
Palitra.- 2011.- 20 dekabr.- S. 7.