“Müasir dünyada sözlü və yazılı mədəniyyətlə yanaşı elektron mədəniyyət qavramı da ortaya çıxıb”

 

Layihə çərçivəsində müsahibimiz Türkiyədə doktorantura təhsili alan Vurğun Həsənlidir. Onunla müsahibəmizdə mədəniyyətimizin təbliğində tələbələr-təhsil diasporu və ümumiyyətlə, diasporumuzun rolu, bu sahədə olan problemlər barədə söhbətləşdik.   

- Xaricdə təhsil alan tələbələrin və diasporumuzun Azərbaycan mədəniyyətini dünyada tanıtması baxımından təşkilatlanmasına və bu sahədə aktiv fəaliyyətinə aid nələri demək olar?

- Azərbaycanın xaricdə oxuyan beyinləri ən dəyərli mədəni irsimiz və həmçinin ölkəmizin zənginliyidir. Bunu gözardı etmək sadəcə özümüzə zərər verməkdir. Azərbaycanın xaricdə oxuyan tələbələri həm yüksək intellektual bacarığa malikdir, həm də böyük qismi ölkəmizin təbliğatında bilavasitə iştirak edir. Ona görə də bu tələbələr vahid strukturda və ya koordinasiyalı şəkildə çalışdırılsa, istənilən nəticə əldə oluna bilər. Xaricdə oxuyan vahid tələbə təşkilatının formalaşması olduqca çətin məsələdir. Çünki həm böyük maliyyə dəstəyi lazımdır, həm də aralarında güclü əlaqə qurulmalıdır. Bunun üçün də dövlətin birbaşa dəstəyinə ehtiyac var. Lakin regional təşkilatların qurulması vacib məsələdir.

 

- Təhsil diasporunun inkişafı üçün nə etmək lazımdır?

 

- Təhsil diasporumuzun inkişafı üçün, yuxarıda da qeyd etdiyim kimi, əvvəlcə təhsil alan tələbələr arasında birlik yaradılmalı, sonra tələbələrlə diasporun fəaliyyəti əlaqələndirilməlidir. Hər ikisi bir-birinin fəaliyyətinə aktiv dəstək verməlidir. Eyni zamanda xaricdə bütün Azərbaycan icmaları tələbələrin arxasında birləşməyi bacarmalıdır. “Gəncdirlər” deyə uzaq durulmamalıdır. Bundan başqa, xaricdə oxuyan gənclər üçün mütəxəssislər tərəfindən illik vahid iş planı hazırlanmalı, sistematik olaraq vahid iş planı üzrə çalışılmalıdır. Amma sadəcə vahid iş planına tabe edilməməlidir. Ola bilsin ki, gənclərin öz təşəbbüsləri ilə hazırladıqları gözəl layihələr olacaq. Buna bənzər layihələr də sonra vahid iş planına daxil edilərək həyata keçirilməlidir. Digər məsələ də, əcnəbi elmi işçiləri Azərbaycanla bağlı araşdırmalara sövq etmək, ölkəmizlə bağlı araşdırmaçı varsa, onları hərtərəfli dəstəkləməkdir. Həmçinin unutmamalıyıq ki, qarşı tərəfin əli ilə təbliğat daha yaxşı və istənilən nəticəni doğurur. Ona görə də ölkəmizlə bağlı əcnəbi elmi araşdırmaçılara intensiv olaraq qrant yardımları ayrılmalı və lazımi xərclər ölkəmiz tərəfindən qarşılanmalıdır. Bu sahədə xarici ölkələrin elm mərkəzləri, universitetləri ilə əməkdaşlıq edilməli, bu kimi məlumatlar daimi sözügedən elm mərkəzlərinə ötürülməlidir. Bu saydıqlarım təhsil diasporunun sadəcə bir hissəsidir. Bunun üzərində düşündükdə və beynəlxalq təcrübəyə baxdıqda daha səmərəli metodlar qarşımıza çıxacaq. Amma qlobal dünyada təhsil lobbiçiliyini gözardı etməyin, diasporun bir qanadını qırmaq dərəcəsində əhəmiyyət kəsb etdiyini unutmamalıyıq.

- Ümumiyyətlə, dünya ölkələrində Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı diasporun gücündən necə yararlanmaq lazımdır, bu sahədə hansı təklifləriniz var?

- Mədəni faktorların təbliğatı o ölkəyə həm iqtisadi, həm siyasi, həm də humanitar baxımından fayda gətirir. İqtisadi baxımdan ölkə mədəniyyətinin məqsədyönlü təbliğatı turizm potensialını artırmaqla yanaşı, ölkəyə gələn turist kəmiyyətini artırır. Siyasi baxımdan buna ən gözəl nümunə Yunanıstandır. Yunanıstan mədəni irsinin güclü təbliğatı nəticəsində dünyanın bütün ölkələri ilə yüksək səviyyədə əlaqələrə malikdir. Demək olar ki, bütün xalqlar yunan mədəniyyətinə heyranlıq duymaqdadır. Bunu mədəniyyətin təbliğatının ölkəyə gətirdiyi siyasi qazancın nəticəsi hesab etmək olar. Bildiyiniz kimi, müasir dünyada bir çox beynəlxalq yarışlar düzənlənir. Bu yarışların təşkili əsasən, qədim mədəniyyətə malik ölkələrə ya da inkişaf etmiş ölkələrə verilməkdədir. Mədəni irsimizin məqsədyönlü təbliğatı nəticəsində, Azərbaycan da zəngin mədəni irsə malik ölkə kimi belə yarışlara ev sahibliyi etmə haqqını əldə edəcək. Bunu mədəni irsin təbliğatının humanitar faydası kimi qiymətləndirmək olar.

 

- Bunun üçün xarici ölkələrdəki KIV-ə çıxış imkanlarını necə qiymətləndirirsiniz?

 

- Ümumiyyətlə, media çox böyük təsir gücünə malik vasitədir. Media artıq sadəcə qəzet və jurnallarla əhatələnmir. Eyni zamanda mədəni fəaliyyətlər də mediayla birbaşa bağlı güclü təsir mexanizmi hesab olunur. Müasir dünyada media çoxşaxəli və çoxqütblü şəbəkəyə çevrilib. Keçmişə nəzərən müasir dövrdə mediaya olan maraq artıb. Ona görə də media ictimaiyyəti istədiyi kimi yönləndirə biləcək güc əldə edib. Yəni 21-ci əsrin ən güclü silahı media hesab olunmaqdadır. Geniş ictimaiyyətə yazılı, görüntülü və səsli formada güclü təsir etmə funksiyası var. Son illər sosial media da bu sahəyə daxil olaraq bir qədər önəmini artırıb. Artıq məşhur olmayan bir nəfər də, bacarığı varsa insanları rahatlıqla yönləndirə bilir və böyük media orqanlarına xahiş etməyə ehtiyac qalmır. Yəni  fəaliyyət göstərdiyiniz ölkədə media ilə güclü əlaqəyə malik deyilsizsə, orda heç bir müvəffəqiyyət əldə edə bilməyəcəksiniz. Mən diaspor fəaliyyətində ən əsas amil medianı adlandırar və ən çox bu sahə ilə əməkdaşlığa üstünlük verərdim.

 

- Bu sahədə hansı problemlər var?

 

- Burada problemlər ölkədən-ölkəyə dəyişir. Elə ölkə var ki, o ölkədə media güclü təsirə malik deyil, ya da mediatik şirkətlərin çoxluğundan onlarla əlaqə qurmaq asandır. Amma ABŞ, Çin, Yaponiya, Fransa, Almaniya, Böyük Britaniya kimi ölkələrin mediaları bütün dünyanın diqqət mərkəzində olduğu üçün bunlarla əlaqə qurmaq olduqca çətindir. Eyni zamanda bu kimi dövlətlərin media orqanları sifarişlə məqalə çap etdirdiyi üçün böyük maliyyə vəsaiti tələb edir. Məsələn, “Vaşinqton Post” qəzetində bir məqalə çap etdirmək elə də asan məsələ deyil. Burada həm yerli təşkilatların dəstəyinə, həm də maliyyə vəsaitinə ehtiyac var. Maliyyə vəsaiti məsələsində ölkəmizdən dəstək verilə bilsə, bu məsələni həll etmək daha asan olardı. Lakin diaspor təşkilatlarımız bu kimi problemləri həll etmək üçün olduqları ölkədə çox çalışmalı, Azərbaycanla ticarət əlaqələrinə malik böyük şirkətlərin dəstəyini qazanmalıdır. Bu kimi maliyyə məsələlərilə mən də məşğul olduğum üçün asan olduğunu düşünmürəm. Digər problem isə erməni lobbisinin təsiri altında olan media quruluşlarıdır ki, mütəmadi olaraq Azərbaycan əleyhinə təbliğat aparmaqdadır. Öncə buradakı erməni təbliğatı dayandırılmalı, sonra isə tədricən ölkəmizlə bağlı məqalələr çap olunmalıdır. Yəni diaspor işinə vahid pəncərədən baxmaq doğru olmazdı. Ölkələrə görə dəyərləndirmək lazımdır. Bir məsələyə hər ölkənin öz yanaşması olduğu üçün ayrıntılı təhlil olunduqdan sonra problemlər və həlli yolları tapılmalıdır. Ümumi dəyərləndirmənin yanıltma payı çox ola bilər.

 

- Mədəniyyətin təbliğində resurs və mənbələr kifayət edirmi?

 

- Mədəniyyət siyasəti bugünün və gələcəyin ictimai fikrinin formalaşmasında, həmçinin mədəni irsin qorunması və tanıdılmasında əsas rol oynayır. Ona görə də, əvvəlcə mədəniyyət siyasətinin prioritet istiqamətləri təsbit olunmalı və hər regiona görə xüsusi təhlillər aparılmalıdır. Mədəniyyət içəridə xalqı birləşdirməklə yanaşı xaricdə ölkənin dünyaya tanıdılmasında ən aparıcı rolu oynamaqdadır. Müasir dünyada sözlü və yazılı mədəniyyətlə yanaşı elektron mədəniyyət qavramı da ortaya çıxıb. Elektron mədəniyyət mədəni irsin internet aləminə köçürülməsi prosesidir. Biz də texnoloji inkişafla ayaqlaşmalı və elektron mədəniyyətdən intensiv istifadə etməliyik. Yəni mədəni irsimizin təbliğatına aid çoxlu internet saytları açılmalı və bu işlər peşəkar mütəxəssislərin nəzarəti altında həyata keçirilməlidir. Hazırlanmış saytlar  istifadə olunacaq yerli dilə çevrilməlidir. Həmçinin təbliğatı aparılacaq ölkənin təfəkkürü və adət-ənənəsi nəzərə alınmalıdır. Məsələn, Azərbaycan mədəniyyəti ilə bənzərlik təşkil  edən ünsürlər həmin ölkədə önə çıxarılaraq daha məqsədyönlü təbliğat aparıla bilər. Bundan başqa gözəl estetikaya sahib Azərbaycan rəqsi, milli kulinariyamız, muğamımız, tarımız, gözəl mahnılarımız, sənətkarlarımız dünyada tayı-bərabəri olmayan dəyərlərdir. Bunlar kifayət qədər güclü resursdur. Bunlar məqsədyönlü şəkildə xaricdə ölkəmizin təbliğatında istifadə olunmalıdır. Bu gerçəkləşdirilə bilsə, dünyanın həm Azərbaycan, həm də Azərbaycan mədəniyyətinə heyran qalacağından əminəm.

 

- Bu sahədə vətənlə və dövlət strukturlarımızla  koordinasiya güclü səviyyədədirmi?

 

- Mən biraz lobbiçilik anlayışını açmaq istərdim. “Lobbizm” sözü “qərar mexanizminə təsir etmək məqsədilə xüsusi müdaxilə” mənasına gəlir və 1839-cu ildə ABŞ-da ortaya çıxıb. Sözün hərfi mənası “koridor” deməkdir. Burada məclis kolidorlarında siyasilərə təsir etmək mənasnda istifadə edilib. Yəni lobbiçiliklə məşğul olan şəxsin kulislərdə “iş” görməsi və qərar verən şəxsləri istədiyi yönə istiqamətləndirməsi əsas  hədəfdir. Lobbiçilik, çoxluqla, birliklə və təşkilatlarla həyata keçirilən fəaliyyət olduğu üçün, qarşı tərəfdə olan bütün həmvətənlər işə cəlb olunmalıdır. Buradan biz lobbiçiliyin ya da diasporun təkbaşına deyil, çox nəfərlərlə həyata keçirilə biləcəyini anlayırıq. Yəni həm xaricdə oxuyan gənclərimiz, həm xaricdə yaşayan və işləyən həmvətənlərimiz, həm də ölkəmizdəki bütün aidiyyəti, səlahiyyətli şəxslər əllərindən gələn köməyi göstərməlidirlər. Yoxsa istənilən nəticə alınmaz və gördüyümüz iş uğursuzluğa düçar olar. Azərbaycanda diaspor anlayışı yeni yarandığı üçün çatışmayan və qüsurlu yönləri var. Ancaq sürətlə yol qət etdiyimizi düşünürəm. Bundan sonra sadəcə koordinasiya məsələsindəki problemlər həll olunarsa, təsir edə bilməyəcəyimiz ölkə qalmayacaq. Sadəcə  çox çalışmalı və bütün məsələlərdə mütəxəssislərlə müzakirə və məsləhətləşmə aparıldıqdan sonra o iş görülməlidir. Özbaşına gördüyümüz işdən istədiyimiz nəticəni almaq mümkün olmayacaq.

- Mədəniyyət və dəyərlərimizin, tariximizin optimal təbliğində ən aktual olan məsələlər və zəif nöqtələr hansılardır?

- Müasir dünyada texnologiyanın yüksək səviyyədə inkişaf etməsi dünyanı vahid ailə formasına çevirib. Bu ailənin içində istədiyin yeri almaq üçün güclü təbliğata ehtiyac var. Güclü təbliğatda isə əsas meyarlardan biri sahib olduğumuz dəyərləri dünyaya tanıtmaq və onları “ixrac” edə bilməyimizdən asılıdır. Əgər biz bütün elmi və texnloji vasitələrdən istifadə edərək Azərbaycan dəyərlərini dünyaya  tanıdıb, özümüzə heyran qoya biləcəyiksə, bu bizə müsbət amillər olaraq geri dönəcək. Ölkəmizə olan etibar və maraq artacaq. Bunun nəticəsində isə ölkəmiz qloballaşmaya və müasir dəyərlərə sürətlə inteqrasiya edərək istər təhlükəsizliyimiz, istərsə iqtisadi inkişaf baxımından qazanclı çıxacaq. Həmçinin dünyada gedən sürətli elmi inkişafı da yaxalamış olacağıq. Bir həqiqəti də unutmamaq lazımdır. Hal-hazırda qloballaşma nəticəsində bir çox mədəniyyətlər yox olmağa üz tutub. Dünyada mədəni meyarlara tarix boyunca bəlkə də ən çox indi ehtiyac duyulmaqdadır. Mədəniyyət diasporu ilə gözlədiyimizdən daha yaxşı nəticələr ala biləcəyimizi düşünürəm. 

 

İlkin AĞAYEV

 

Palitra.-2011.- 23 dekabr.- S. 6.