“Dövlət
hesabına xarici təhsillə bağlı ictimaiyyət
geniş və vaxtında məlumatlandırılmalıdır”
Son dövrlərdə dövlətin
ölkə təhsilinin inkişafına ciddi dəstəyinin
nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 16 aprel tarixli 2090 nömrəli sərəncamı ilə
təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə” Dövlət
Proqramı qəbul edilib. Bu proqrama uyğun olaraq xeyli sayda tələbə
xaricdə keyfiyyətli ali təhsil almağa göndərilib.
Bu işdə dövlətin məqsədi ölkəni
müxtəlif sahələr üzrə savadlı, yüksək
təhsilli və peşəkar kadrlarla təmin etməkdir. Bu
isə insan kapitalının formalaşması işində əvəzsiz
xidmətdir. Bununla belə layihə çərçivəsində
gənclərin xarici ölkələrdə təhsil
alması ilə bağlı müəyyən məqamlara diqqət
yetirməyə dəyər. Mövzu ilə bağlı
müsahibimiz yeni təhsil texnologiyalarının tətbiqində
öncül bir təhsil qurumu olan Kaspi Təhsil Mərkəzinin
direktoru Elnur Əliyevdir. Elnur müəllim mövzu ilə
bağlı söhbətə belə başladı:
- Azərbaycanda insanlar təhsilə
çox həssasdırlar. Ümumiyyətlə, təhsil, səhiyyə,
nəqliyyat insanların həyatında çox vacib rol
oynadığına görə bu sahələrə insanlar həmişə
çox diqqət ayırırlar. Çünki insanlar hər
gün bu sahələrə aid məsələlərlə
üz-üzə gəlirlər. Ona görə də bu
üç sahənin xüsusi diqqətdə saxlanması və
əhalinin xüsusən bu üç sahədə tam təmin
olunması dövlətin fəaliyyətinin əsas prioritet
istiqamətlərindən sayılır. Bu məsələ həqiqətən
də belə olmalıdır. Təhsil də bu kontekstdə
xüsusi qeyd edilməlidir. Bu gün sorğu keçirilsə
ki, dövlət təhsilə, yoxsa nəqliyyata çox pul
qoymalıdır, insanlar “təhsilə” cavabını verəcəklər.
Səhiyyə, ya təhsil məsələsində də təhsil
çoxları tərəfindən seçilmiş olacaq...
- Çünki səhiyyə və ya nəqliyyat
sahəsində yaxşı kadr olmaq üçün də
birinci növbədə yaxşı təhsil almalısan...
- Tamamilə doğrudur. Ona görə də
cəmiyyətdə sorğu keçirilsə, insanların
böyük əksəriyyəti təhsilə daha çox
investisiya yatırılmasına tərəfdar olacaqlar.
Çünki bütün bu sahələr birinci növbədə
təhsilin sayəsində inkişaf edir. Büdcədən təhsilə
ayrılan vəsait ildən-ilə dövlət tərəfindən
artırılır. Bu, çox təqdirəlayiq haldır.
Çoxlu məktəblər, yeni təhsil korpusları
tikilir, təhsil müəssisələrinin maddi-texniki
bazası günün tələbinə uyğun olaraq
yaxşılaşdırılır. Eyni zamanda daha da intensiv
olaraq bu cür tədbirlərin görülməsi zəruridir.
Çünki Azərbaycanda hazırda təhsildə
keçid dövrü olduğuna görə bir sıra
çətinliklər var. Belə ki, yeni sistemə keçməklə
bağlı olaraq bu cür çətinliklər və maneələr
özünü göstərir. Məsələn, bir müsbət
hal kimi xüsusilə qeyd etmək istəyirəm ki,
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsil alması üzrə dövlət
proqramı gənclərimizin yüksək ali təhsilə və
mükəmməl mütəxəssis kimi formalaşmasına
ciddi və əvəzolunmaz töhfədir. Bunun Azərbaycan təhsilinə
böyük önəmi olacaq. Biz bunun müsbət təsirini
10 ildən sonra görəcəyik. Bu proqram çox
böyük imkan verir ki, istedadlı Azərbaycan gəncləri
xaricdə təhsil alsınlar. Amma məncə, indiyə qədər
500 nəfər xaricə təhsil almağa göndərilib.
Növbəti illər ərzində də 2015-ci il başa
çatana qədər ən yaxşı halda bu sürətlə
1500-2000 nəfəri xarici ölkələrə dövlət
hesabına təhsil almağa göndərmək mümkün
olacaq. Halbuki proqrama əsasən, ortaya qoyulmuş normativ
5000-dir. Bu sürətlə proqramda nəzərdə tutulmuş
vaxt ərzində 5000 nəfərin xaricə təhsil
almağa göndərilməsi
bir qədər çətin olacaq. Bu proqramla
bağlı olaraq müvafiq qurumlar tərəfindən hər
hansı islahatlar aparılmalıdır. Çünki hədəfə
çatmaq üçün bu islahatlar vacibdir. Əgər
burada maliyyə çatışmazlığı varsa, bu, həll
edilməlidir. Yaxud da digər məqamlar varsa, şərtlərə,
seçim meyarlarına, universitetlərlə əlaqələrə
və sair məsələlərə dəyişikliklər
edilməlidir. Həmçinin prioritet ixtisaslara görə də
bu məsələdə dəyişikliklər etməyə
ehtiyac duyulur. Hazırda vəziyyət belədir ki, bu hədəfə
çatmaq real görünmür. Təhsil Nazirliyi tərəfindən
bu sahədə ciddi səylər göstərilir, bununla belə
onların nümayəndələri də qeyd edirlər ki, bu
məsələdə qarşıya qoyulan hədəflərə
vaxtında çatmaq hələki çətin
görünür.
- Onlar bu barədə əsasən
hansı çətinlikləri qeyd edirlər?
- Mən deyərdim ki, ən
böyük çətinlik Azərbaycanın təhsil sahəsindəki
bu işdə hələ çox böyük təcrübəsinin
olmamasındadır. Hələ bu barədə
başlanğıc mərhələsindəyik. Bəlkə də
2 ildən sonra bu barədə standart illik norma vaxtında yerinə
yetiriləcək. İlk illərdə əsasən təcrübə
problemi özünü göstərdi. İkinci məsələ
isə insanların xaricdə təhsil almaq imkanları ilə
bağlı məlumatlanma, bilgi qıtlığıdır.
Üç il əvvəl tələbələr xarici ali məktəblərlə
bağlı 3-5 universitet adı çəkə bilərdilər.
İndi isə bu barədə məlumat getdikcə genişlənməkdədir.
Bu, müsbət haldır. Amma
yenə də geniş təbəqələrdə, valideynlərdə
bununla bağlı məlumat qıtlığı aktuallıq
kəsb edir. Daha bir məsələ bu prosesin sistemə
salınmamasıdır. Məsələn, xaricdə təhsillə
bağlı olaraq bir il öncədən tələbələrə
elan verilməli, onların müraciətləri qəbul edilməli,
yığılmalıdır. Prioritet ixtisaslar üzrə bu
müraciətlərə baxılmalıdır. Statistik nəticələr
bəlli olmalıdır ki, nə qədər adam bu proseslə
maraqlanır. Bu məsələ geniş təşviq
olunmalıdır. Tələbələr də bununla
bağlı olaraq bütün sənədlərini verməlidir.
Beləliklə, ilin birinci yarısında xaricdə təhsil
üzrə müraciət edən tələbələrin
sayı, bunların hansı ixtisaslarla bağlı sənəd
verdiklərinin statistikası və sair məsələlər
aşkar olunmalıdır. Ümumiyyətlə, xaricdə təhsillə
bağlı seçim prosesini düzgün aparmaq
üçün bu barədə yığılan sənədlərə
aid informasiya geniş olmalıdır ki, onu düzgün təhlil
etmək mümkün olsun. Bizdə bu proses getmir. Şəxsən
mən belə fikirləşirəm ki, bizdə kiçik bir
qurum, hər hansı bir təşkilat bu işlə ayrıca
məşğul olmaq üçün
yaradılmalıdır. Doğrudur, nazirlikdə bununla məşğul
olan mütəxəssislər fəaliyyət göstərir,
amma sırf bu işlə bağlı
formalaşdırılmış ayrıca qurum fəaliyyət
göstərməlidir. Geniş effektin əldə edilməsi
üçün belə ayrıca bir qurumun olması çox
məqsədəuyğundur.
- Bununla hansı dəyişikliklərin
baş verəcəyini düşünürsünüz?
- Bu, məhz ona xidmət edəcək
ki, Azərbaycanda xarici təhsillə maraqlanan 3000 və yaxud
daha çox sayda insanın öz sənədlərini təqdim
etmələrinə şərait yaradılacaq. Dövlət
hesabına xaricdə təhsil almaq istəyən bütün
insanları əhatə etməklə onların içərisindən
məsələn, 1000 nəfər ən
yaxşısını seçmək olar. Onların
hazırlığı üzərində işlənilməlidir.
Məsələn, dil hazırlığı problemi varsa,
öncədən bu baryerin aradan qaldırılması
üçün onlarla işləmək lazımdır.
Çünki bu namizədlərin xaricdə təhsil almaq
üçün bir il vaxtları olacaq. Bir il ərzində
onlar tam olaraq üzərilərində işləməklə
nəticə əldə edə bilərlər. 1000 nəfərə
dövlətin təqdim etdiyi prioritet ixtisasları təklif
etmək olar. Yekun olaraq hər il 1000 adamdan 500-nü seçib
xaricdə təhsil almağa göndərmək olar. Bu
baxımdan əldə informasiyanın daha geniş olması həmin
xaricdə təhsil üzrə namizədlər arasından
daha layiqliləri seçməyə geniş imkan yadaracaq.
Başqa bir məsələ odur ki, bizdə hazırda dövlətin
xarici təhsillə bağlı proqramında seçilmiş
universitetlər reytinqə görə sıralanır. Ən
yaxşı universitetlər ümumi reytinqə görə
müəyyən olunur. Amma şəsxən mən belə
düşünürəm ki, hər bir universitetin ümumi
reytinqindən başqa biz ixtisas üzrə reytinq məsələsini
diqqətə götürməliyik. Ola bilər ki, bir
universitetin reytinqi çox yaxşıdır, amma müəyyən
ixtisasla, xüsusən də bizə lazım olan ixtisasla
bağlı bu reytinqin yaxşı olduğunu demək olmaz. Təklif
edərdim ki, bəlli ixtisaslar üzrə bəlli universitetlər
seçilsin. Həmçinin universitetlər ümumi reytinqlərə
və dövlətlərə görə yox, məhz
ixtisaslara görə bölünməlidir. Məsələn,
mühəndislik üzrə biz yalnız müəyyən
universitetlərə tələbə göndərməliyik. Həmçinin
müəyyən ixtisaslarla bağlı limit məsələsinə
də diqqət yetirmək lazımdır. Belə ki, müəyyən
vaxt keçəndən sonra məsələn, idarəetmə
ilə bağlı ixtisaslar xeyli çoxalacaq. Bu isə eyni
zamanda intellektual əmək bazarında rəqabətin də
yüksək səviyyəyə gəlib çatmasına səbəb
olacaq. Bazarın bu baxımdan dolması yaxşı haldır.
Amma bizim mühəndislik, tibb sahəsinə aid ixtisaslara
böyük ehtiyacımız var. Türkiyə, Rusiya,
Almaniyadan başqa ölkələrə Azərbaycan tibb sahəsi
ilə bağlı tələbə göndərə bilmir.
Xarici universitetlərin şərtlərinə tələbələrimizin
uyğunlaşması ilə bağlı tövsiyələr,
konsultasiyalar olmur. Digər ölkələrin universitetləri
ilə bu baxımdan əlaqələr qurulmur.
İlkin
Ağayev
Palitra.- 2011.- 2
fevral.- S. 6.