“Universitetin
innovativ inkişaf yolunu seçməsi üçün
müvafiq kadr potensialı olmalıdır”
Layihə çərçivəsində
müsahibimiz təhsil məsələləri üzrə ekspert,
dosent İlham Əhmədovdur.
- İnnovativ təhsil nədir?
- Universitetin innovativ inkişafı innovasiyaların
universitet fəaliyyətinin bütün sferalarına sistemli tətbiqi
prosesidir. Universitetin inkişafının innovativ xarakteri onun fəaliyyət
nəticələrinin innovasiyalar hesabına təmin edilməsidir.
İnnovativ inkişaf informasiya cəmiyyətində universitetin
rəqabətədavamlı olması, dinamik inkişafı
üçün əsas şərtdir. Burada ənənə və yeniliyin
mübarizəsi, vəhdəti, sinergetik inkişafı məsələləri
özünü göstərir. İnnovativ təhsilin mahiyyətini qısa
olaraq belə ifadə edə bilərik: “Keçmişin
arxasınca qaçmamalı, gələcəyi yaratmalı”.
İnnovativ təhsil təlimdə innovasiyaların
yaradılması, inkişafı, yayılmasına istiqamətlənmiş
proses kimi xarakterizə edilir. İnnovativ təhsil ənənəvi
təhsilin informasiya cəmiyyəti tələbləri səviyyəsinə transformasiya
edilməsi (“layihələnməsi”), onun informasiya cəmiyyəti texnologiyaları ilə
reallaşması deməkdir. Bu zaman təhsildə müəllimin
rolu və statusunun dəyişməsi,
onun məsləhətçi tyutor funksiyası
daşıması, təhsil vasitəsilə cəmiyyətin
texnoloji, sosial-iqtisadi sifarişinin
reallaşması müşahidə edilir. Təbii ki, istənilən
universitet innovativ inkişaf
yolunu seçə bilməz. Bunun üçün ilk növbədə
universitetin müvafiq kadr potensialı
olmalıdır. Tarixin bütün mərhələlərində
olduğu kimi, innovasiya cəmiyyətində də kadrlar hər
şeyi həll edir, lakin belə innovativ düşüncəli
kadrlar kor-koranə yetişmir, onları yetişdirmək, tərbiyə
etmək lazımdır. Bu, müasir təhsilin ən ümdə
məsələsidir. Bu günün təhsili
qabaqlayıcı xarakter
daşımalı, cəmiyyətin inkişafını
önləməlidir. Məlum olduğu kimi, keçən əsrin
80-ci illərində informasiya cəmiyyətinə
hazırlıq məqsədilə bir çox ölkələrdə
(o cümlədən SSRİ-də)
təhsilin bütün səviyyələrində
“İnformatika” kursunun tədrisinə başlanıb. Bu gün
innovasiya cəmiyyətinin
formalaşması ərəfəsində də analoji
addım atmaq zəruridir. Ali təhsilin bir çox istiqamətlərində tələbə
və magistrlərə innovatika elminin əsaslarının tədrisi
əhəmiyyətli olardı. RF-də eksperimental qaydada, hətta
bəzi orta məktəblərdə belə innovatika elminin əsasları tədris edilir. Bu yolla biz də gələcək
inkişafımız üçün innovativ
düşüncəli kadrlar yetişdirə bilərik.Universitetlərin
inkişafının yeni strategiyasının
formalaşmasında innovasiyaların sistemyaradıcı
funksiyası var. Universitetin innovativ fəaliyyəti onun struktur
bölmələrinin innovativ fəaliyyətinin təşkili
və əlaqələndirilməsi mexanizminin
yaradılmasını tələb edir. Universitetlərin
innovativ inkişafını əngəlləyən bəzi
problemləri qeyd etmək istərdim:1. Universitetlərdə
aparılan elmi tədqiqatların zəif maliyyələşməsi
(əgər buna maliyyələşmə demək
mümkünsə). Elmi işlərə universitetlərimizdə
ildə cəmi 2 milyon manat xərclənir, normada bu bəlkə
də bir laboratoriyanın ehtiyacıdır. Bu səbəbdən
elmi tədqiqatların nəticələri rəqabətədavamlı deyil.
Halbuki bu amil universitetin inkişafının əsasıdır
və bu gün elmi-tədqiqat
işləri kifayət qədər kapitaltutumlu
olmalıdır; 2. Universitetlərdə aparılan elmi tədqiqatların
nəticələrinin kommersiyalaşdırılması
üçün bazarda tələb və təklifin,
hüquqi bazanın zəif
olması;3. Universitetin innovativ infrastrukturunun olmaması,
universitetlərdəki mövcud strukturun innovativ inkişafa mane
olması.Universitetin innovativ fəaliyyəti
aşağıdakı üç istiqamətdə
reallaşa bilər:1. Universitetdə innovasiyaların
yaradılması innovativ inkişaf amili kimi;2. Universitetdə
innovasiya fəaliyyətinin tədrisi innovasiya üzrə kadr
hazırlığı amili kimi;3. Universitetin təhsil fəaliyyəti
innovasiyaların dəstəklənməsi və
inkişafı amili kimi. İnkişaf etmiş ölkələrin
iqtisadiyyatında bu gün tədqiqat universitetləri
aparıcı mövqeyə malikdirlər. Onların gəlirlərinin
mühüm hissəsi təhsil xidmətləri hesabına
deyil, innovativ fəaliyyət hesabına formalaşır.
İnformasiya cəmiyyətinin inkişafı universitetlərin
fəaliyyət xarakterini, inkişaf strategiyasını, idarəetmə
sistemini də dəyişdirir. Universitetlərin təşkilati strukturunda yeni bölmələr
yaranır, “Texnopark”lar, “Təhsil keyfiyyətinin menecmenti” departamenti, “Marketinq” departamenti,
“Elektron təhsil” departamenti (və ya “Distant Təhsil” departamenti), “İnformasiya
sistemləri və proqram təminatının
yaradılması və
istismarı” departamenti kimi yeni bölmələrin
yaradılması nəticəsində universitetlərin fəaliyyəti və idarə edilməsi daha
çox istehsalat müəssisəsini xatırladır.
Universitet rəhbərliyi tərəfindən səmərəli
idarəetmə qərarlarının qəbulu və dəstəklənməsi
“Təhsilin avtomatlaşdırılmış idarəetmə
informasiya sistemləri” proqram kompleksi olmadan mümkün deyil.
Belə avtomatlaşdırılmış idarəetmə
informasiya sistemləri əvvəllər əsasən istehsal və
xidmət müəssisələrində
tətbiq edildiyi halda bu gün “Elektron universitet” sistemi kimi
inkişaf etmiş bütün universitetlərdə uğurla
tətbiq edilir.Təhsildə innovasiyaların
yaradılması və tətbiqi universitetin bazar
iqtisadiyyatı şəraitində maliyyə imkanlarını
artırmaqla yanaşı innovativ universitet modeli qurmağa
imkan verir. Bildiyiniz kimi, respublikamızda Elmin İnkişaf
Fondu yaradılıb. Elmin İnkişaf Fondu elmi kollektivlərə
və ya bir qrup alimlərə qrantların verilməsi yolu ilə
perspektiv elmi tədqiqatları maliyyələşdirəcək.
Yaxşı olar ki, yaxın gələcəkdə təhsilə
dair innovativ tədqiqatların aparılması və praktik tətbiqi
üçün də belə bir analoji fond yaradılsın.
Təxmini adı İnnovativ Təhsilin İnkişafı
Fondu kimi ola bilən bu fond vasitəsilə universitetlərin
elmi-pedaqoji kollektivlərinə və ya bir qrup təşəbbüskar
alimə qrantlar verilsin. Bu yolla universitetlərdə innovativ təhsilə
dair perspektiv elmi-tədqiqatlar
maliyyələşdirilsin, onların tətbiqi sürətləndirilsin. Universitetlərimizin Avropa təhsil
məkanına inteqrasiyası və ali təhsilin
informatlaşması problemlərinin
həllində innovativ layihələrə ehtiyac var. Bu,
sürətli inkişafın ən qısa yoludur. Hazırda universitetlərdə bir
sıra innovativ təhsil təşəbbüsləri
mövcuddur, lakin maliyyə dəstəyi
olmadığından onları reallaşdırmaq çətindir. Son illər respublikanın ümumtəhsil
məktəblərində innovativ təhsilin inkişafı
üçün xüsusi
müsabiqələr keçirilir, məktəblərə
bu məqsədlə xüsusi qrantlar verilir. Ali təhsil məzmun
və formaca daha mürəkkəb olub elm və istehsalatın
inteqrasiyasına, innovasiyaların yaranmasına daha əlverişli imkanlar
yaradır. Bu səbəbdən universitetlərdə də
innovativ ideyaların, innovativ təhsilin inkişafı
üçün müsabiqələrin təşkili məqsədəuyğundur.Respublikada
təhsilin inkişafı istiqamətində reallaşan
dövlət proqramlarında olan layihələrin əksəriyyətini bu gün
universitetlər sərbəst icra edə bilərlər. Bu məqsədlə
həmin layihələrə nəzərdə
tutulmuş maliyyə vəsaitlərinin müəyyən hissəsi
universitetlərə ayrılarsa, işin məsuliyyəti də universitetlərin
üzərinə qoyularsa, bundan həm universitetlər, həm
də təhsil sistemi uda bilər.
Beynəlxalq səviyyədə buna “ölkədaxili qrant”
deyirlər, bir çox tanınmış universitetlər məhz
belə qrantlar hesabına sürətlə inkişaf edib daha
sonra isə beynəlxalq qrantlar ala biliblər. Beynəlxalq
reytinq cədvəllərində yüksək mövqe qazanan
universitetlərin inkişaf yolu bunu sübüt edir. Rusiya
Federasiyasında “İnnovasiya Təhsil Proqramları” layihələrinə
2 il ərzində hökumət bir milyard ABŞ dolları
ayrılıb və müsabiqə nəticəsində qalib
olan 57 universitetin hər birinə 15-30 milyon dollar arasında
qrant verilib, o cümlədən 3 pedaqoji universitet qrant alaraq Rusiyanın
“İnnovativ pedaqoji təhsil sistemi”ni yarada biliblər.
- Respublikada təhsilin informatlaşması
vəziyyətini necə qiymətləndirirsiniz?
- Dinamik inkişaf edən müstəqil Azərbaycan
Respublikası informasiya texnologiyalarının
inkişafını özünün prioritet sahələrindən
biri elan edib. Bu məqsədə nail olmaq üçün son
zamanlar respublikada informasiya texnologiyalarının, təhsilin və
insan kapitalının davamlı inkişafı xüsusi
dövlət qayğısı ilə əhatə edilib. Hazırda
bir sıra ciddi dövlət proqramları qəbul edilib və
uğurla həyata keçirilir. Yeniləşən Azərbaycanın
yeni məktəblərində yeni təfəkkürlü
müəllimlər işləməlidir, onlar yeni texnologiyaları
- innovativ təhsil texnologiyalarını, virtual dərsləri
tətbiq etməyi bacarmalıdırlar. Bu gün təhsil
ictimaiyyəti bu problemlərin həlli yollarını araşdırmalı, imkanları səfərbər
edib real inkişafa nail olmalıdır. Təhsilin
informatlaşması bu gün hər hansı ölkənin təhsil
sisteminin beynəlxalq təhsil məkanına
inteqrasiyasının mühüm şərtidir. Bu mənada
ali təhsil müəssisələrində distant təhsil
bazasında müasir informasiya-təhsil
məkanının yaradılması zəruridir. Mütəxəssislərin
qeyd etdiyi kimi, virtual, distant təhsil
müasir təhsil innovasiyasıdır, təhsilin kompyuterləşməsinin
zirvəsidir. Son zamanlar mətbuatda
qiyabi təhsilin tədricən distant texnologiyalar əsasında
reallaşa bilməsi barədə
müzakirələr gedir. Ümid edirik ki, gec də olsa, bizim
respublikamızda da distant təhsil inkişaf edəcək. Bunsuz
milli təhsil sisteminin perspektivi yoxdur, çünki qlobal təhsil
məkanına inteqrasiyanın yeganə yolu distant,
açıq, virtual təhsildir.
- Ali təhsil müəssisəsinin
informatlaşması prosesi necə olmalıdır?
- Ali təhsil müəssisəsinin
informatlaşması prosesi bu məqsədlə
yaradılmış xüsusi proqram (İT strategiya) əsasında
həyata keçirilməlidir. Bu proqramın icrası
müasir informasiya texnologiyaları bazasında universitetin təhsil,
elmi-tədqiqat, idarəetmə fəaliyyətini səmərəli
qurmaq üçün perspektiv vahid informasiya-təhsil məkanını
yaratmağa şərait yaradır. Bu kompleks xarakterli problemi
dekanlıqlar və kafedralar səviyyəsində həll etmək
mümkün deyil. Bu məsələlərin
səmərəli həlli universitetin bütün
strukturlarını əhatə edən kompleks tədbirlərin
hazırlanması və həyata keçirilməsinə, nəticədə
ali məktəbin idarə edilməsinin keyfiyyətcə yeni səviyyəsinə
keçidin imkan verir. Bu sahədə hüquqi-normativ sənədlərin,
texniki standartların hazırlanması, zəruri təşkilati
və maliyyə dəstəyi və s. məsələlər
Təhsil Nazirliyi tərəfindən öz həllini tapmalıdır. Ali təhsil müəssisəsinin
informatlaşması proqramının məqsədi informasiya cəmiyyəti,
biliyə əsaslanan iqtisadiyyat şəraitində işləyə
bilən yeni nəsl, keyfiyyətli kadrlarının
hazırlanması, ali məktəbdə təhsilin kompleks
informatlaşması, vahid informasiya-təhsil məkanının
yaradılması problemlərinin qoyuluşu, bu problemlərin həlli
üçün zəruri tədbirlər sistemini müəyyənləşdirməkdir.
Bu məqsədlə yaradılacaq universitet vahid informasiya-təhsil
məkanı aşağıdakı 3 istiqamət üzrə
fəaliyyəti nəzərdə tutur: 1. Tədris prosesinin
informatlaşması; 2. Elmi- tədqiqat işinin
informatlaşması; 3. Universitetin idarə edilməsinin
informatlaşması. Proqramın səmərəli icrası məqsədilə
universitetin tərkibində yeni struktur - universitetin
informatlaşması departamenti və ya informatlaşma idarəsi
yaradıla bilər. Universitetin informatlaşması üzrə
bütün tədbirlər ayrı-ayrı layihələr
formasında hazırlanmalı və universitetin
informatlaşması departamenti tərəfindən həyata
keçirilməlidir.
Anar Miriyev
Palitra.- 2011.- 2
fevral.- S. 7.