Telman Cəfərov: “Bakı Slavyan
Universitetində Məktəb-Lisey Kompleksinin təşkili ali
təhsil sistemində novatorluq kimi dəyərləndirilməlidir”
Ölkəmizdə
təhsillə bağlı islahatlar və həmçinin
problemlərlə bağlı müsahibimiz filologiya elmləri
doktoru, professor, Bakı Slavyan Universiteti Məktəb-Lisey
Kompleksinin direktoru Telman Cəfərovdur.
- Təhsil sistemində aparılan
islahatları necə qiymətləndirirsiniz?
- Azərbaycanın müstəqillik
dövründə əldə etdiyi ən böyük nailiyyətlərdən
biri də təhsil sahəsində aparılan islahatlar və
onların müsbət nəticələridir. Ümummilli
lider Heydər Əliyevin təşəbbüsü ilə
1998-ci ildə irəli sürülən üçmərhələli
islahat proqramının icrası bu gün də möhtərəm
Prezident İlham Əliyevin ciddi dəstəyi və Heydər Əliyev
Fondunun rəhbəri Mehriban xanım Əliyevanın
yaxından iştirakı ilə davam etdirilir. Bu gün təhsil
sahəsindəki sistemli və ardıcıl şəkildə
yeniliklərin icrası təhsil ictimaiyyəti tərəfindən
yaradıcı və şüurlu şəkildə dərk və
qəbul edilir. Təsadüfi deyil ki, başqa sahələrdə
olduğu kimi, təhsildə də əldə etdiyimiz
uğurlara görə biz MDB məkanında bir çox
respublikaları qabaqlayırıq, icra mərhələsində
olan islahat proqramımız çoxlarını
maraqlandırır və Azərbaycanın təcrübəsinə
istinad halları artır. Bu gün həm orta, həm ali, həm
də digər təhsil pillələrində və təhsilə
yardımçı sahələrdə reallaşmaqda olan
proqram və layihələr ölkə reallıqlarına
söykənir, varislik, ardıcıllıq, elmilik, millilik,
dünyəvilik və s. prinsiplər əsas
götürülür. Ötən yüzilliyin 70-80-ci illərində
reallaşdırılmış Azərbaycandan kənarda təhsil
proqramı bu gün eyni niyyəti daha əzmlə və inadla
həyata keçirməyimizə inam yaratdığı
üçün indi həmin təcrübəyə söykənməkdən
qorxmuruq. Təhsil islahatlarımızın ən ümdə cəhəti
odur ki, «Təhsil haqqında qanun təhsil sahəsində digər
qanunvericilik aktlarının hazırlanması və təsdiqi
üçün gözəl zəmin yaradıb.
Ayrı-ayrı təhsil pillələri üçün
qanunvericilik bazasının formalaşdırılması
artıq gündəmdədir.
- Təhsildəki yeniliklərdə ali təhsil
müəssisələrinin nə kimi rolu var?
- Təhsildə əldə etdiyimiz nailiyyətlərdə
şübhəsiz ki ölkəmizin aparıcı universitetlərinin
özünəməxsus yeri var.
Universitetlərimizin əsl təhsil, mədəniyyət,
ictimai və siyasi debatlar mərkəzinə çevrilməsi,
iqtisadi cəhətdən sərbəst fəaliyyəti,
xüsusən də xarici əlaqələrin qurulması və
müştərək beynəlxalq təhsil layihələrində
iştirakı, Bolonya sisteminə keçidlə bağlı
yeniliklərin qəbulu və tətbiqi Avropa təhsil məkanına
sürətlə qovuşmağımıza şərait
yaratdı. Ölkə Prezidentinin 2009-2013-cü illərdə
ali təhsil sisteminin inkişafı ilə bağlı
imzaladığı sərəncam universitetlərimizin daha
möhkəm maddi-texniki və tədris-təlim bazası
yaratmaq, təsərrüfat hesablı qurumlar təsis etmək
və büdcədənkənar vəsaitlər əldə
etmək imkanlarını genişləndirir. Adambaşına
maliyyələşmə prinsipinə keçid də
özünüqoruma instinkti qazanmağa vadar edir. Gənclərimizin
xaricdə təhsilə üstünlük verməsi və məsafədən
(distant) təhsil formasının genişlənməsi də
universitet rəhbərlərini öz cari və perspektiv
inkişaf planları barədə baş sındırmağa
çağırır. Bu gün biz artıq təkcə
daxili təhsil məkanında yox, həm də xarici
universitetlərlə rəqabət şəraitində işləmək
məcburiyyətindəyik. Fikrimizcə, universitetlərimizin
potensialından həm də orta təhsil pilləsində
istifadə olunmalıdır.
- Bakı Slavyan Universitetinin bu prosesdə
rolu nədən ibarətdir?
- Bu mənada Bakı Slavyan Universitetinin fəaliyyəti
xüsusi maraq doğurur. Qabaqcıl tədris
ocağının ali təhsil sahəsində əldə
etdiyi uğurlar ümummilli liderin sərəncamı ilə
keçmiş M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və
Ədəbiyyatı İnstitutunun profili genişləndirilməklə
AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi,
xalqımızın görkəmli ziyalısı, professor
Kamal Abdullayevin rəhbərliyi altında universitet kimi fəaliyyəti
ilə bağlıdır. Yalnız bir ixtisas - respublikanın
orta məktəbləri üçün rus dili və ədəbiyyat
müəllimi hazırlığı ilə məşğul
olmuş bu ali məktəb hazırda bakalavriat və
magistratura pillələrində bütün slavyan dilləri,
türkologiya, jurnalistika, filologiya, beynəlxalq münasibətlər,
tərcümə, regionşünaslıq, turizm və
otelçilik, pedaqoji kadr hazırlığı və s.
istiqamətlərdə ciddi fəaliyyət göstərməklə
təkcə ölkə daxilində deyil, həm də beynəlxalq səviyyədə
seçilir. Universitetdə fəaliyyət göstərən
elmi-tədqiqat laboratoriyaları və tədris-mədəniyyət
mərkəzləri, mütəmadi keçirilən beynəlxalq
elmi konfrans və simpoziumlar, beynəlxalq elm, mədəniyyət
və təhsil layihələri Bakı Slavyan Universitetinin
üzərinə nə qədər ağır yük
götürdüyünü sübut edir. Bu layihələrdən
ölkə Prezidentinin sərəncamı ilə həyata
keçirilən 150 cildlik «Dünya ədəbiyyatı
kitabxanası» layihəsinə kuratorluq, «Filoloqun kitabxanası
- 100» tərcümə və nəşr layihəsi,
Almaniyanın aparıcı universitetləri ilə müştərək
reallaşdırılan «Kitabi-Dədə Qorqud» və «Nibelunqlar
nəğməsi» mövzusunda beşillik araşdırmalar,
dünyanın böyük paytaxtları və nüfuzlu
universitetlərində yaradılan Azərbaycan dili və mədəniyyəti
mərkəzləri və s. kimi layihələri və işləri
göstərmək olar. Sualınıza gəlincə, BSU, tərkibində
orta təhsil müəssisəsi təşkil edən, tam orta
təhsillə bağlı digər mühüm layihələrə
imza atan tək-tək universitetlərdəndir. Onu da bildirim ki,
bu gün BSU-nun nəzdində fəaliyyət göstərən
Məktəb-Lisey Kompleksinin inkişafı və genişləndirilməsi
yönümündə səylər, respublikamızın
ayrı-ayrı bölgələrində sığınacaq
tapmış qaçqın məktəblərinə hamilik,
Bakının mərkəzi və qocaman təhsil ocağı
- 190 nömrəli orta məktəbdə ölkəmizin təhsil
sistemində analoqu olmayan Ali və orta təhsilin
koordinasiyası kafedrasının yaradılması, universitetin
ilk və əsas ixtisası - rus dili və ədəbiyyatı
müəllimi ixtisasının qorunub saxlanılması istiqamətində
mütəmadi keçirilən elmi konfranslar, seminarlar, “Azərbaycanda
rus dili və ədəbiyyatı” jurnalının yüksək
səviyyədə nəşri, nəticədə rus dilinin
buraxılış və qəbul imtahanlarına
salınması BSU-nun orta təhsil pilləsinə verdiyi
önəmi göstərir. Bu istiqamətdə reallaşan
layihələri davam etdirmək məqsədilə universitetdə
orta təhsil problemləri üzrə elmi-metodik mərkəzin
təsis edilməsi də maraqla qarşılanır.
- BSU-nun nəzdində fəaliyyət
göstərən Məktəb-Lisey Kompleksinin orta təhsil
sistemində nə kimi rolu var?
- Bakı Slavyan Universiteti orta təhsil pilləsində
fəaliyyət sahəsində pionerliyə məxsus ali məktəbdir.
İlk dəfə şəhər, respublika və beynəlxalq
miqyasda şagird və şagird-tələbə elmi
konfranslarına təsisçilik, ən əsası da
qaçqın məktəblərində oxuyan istedadlı
uşaqların bu tədbirlərə cəlbi əsl örnək
və qürur yeri kimi dəyərləndirilə bilər.
Respublikamızın ən qabaqcıl orta məktəb və
liseylərində yaradılan kiçik elmlər
akademiyaları, Bakı Şəhər Təhsil İdarəsinin
xətti ilə keçirilən şagird elmi konfranslarına
şəxsən hörmətli nazirimizin özünün
birbaşa maraq və dəstəyi orta təhsil şəbəkəsində
bu hərəkatın daha da genişlənəcəyinə və
aparıcı universitetlərimizin qoşulduğu bu işin
qabiliyyətli və istedadlı uşaqların düzgün
yönəldilməsi və formalaşdırılması
üçün mühüm vasitə olacağına
inamı artırır.
- Məktəb-lisey kompleksinin əsas fərqi
və üstünlüyü nədədir?
- Təhsil Nazirliyinin əmri və Nazirlər
Kabinetinin razılığı ilə Bakı şəhər
15 H-li məktəbin BSU nəzdindəki liseyə birləşdirilməsi
və Məktəb-Lisey Kompleksinin təşkili universitetə
olan inamın təzahürüdür. Yeni tipli orta təhsil
müəssisəsi kimi universitet nəzdində uğurla fəaliyyət
göstərən lisey kollektivinin və professor-müəllim
heyətinin üzərinə ciddi öhdəliklər qoyuldu:
məktəbin şagird kontingentinin, ilk növbədə
istedadlı uşaqların günün tələbləri səviyyəsində
təhsilinə yardım göstərmək, onların ali məktəblərə
qəbulu, bilik yarışlarında və ictimai işlərdə
fəal iştirakı, şagirdlərin xarici dillərə səlis
yiyələnməsi, kompleksin universitetin baza məktəbi
kimi formalaşması, onun profilinə uyğun abituriyent
hazırlığı, ümumiyyətlə, məktəbli gənclərin
peşə seçimi yönümündə müntəzəm
işlərin görülməsi
və s. Universitetimizin nəzdindəki Məktəb-Lisey
Kompleksinin ən başlıca vəzifəsi hər bir
şagirdə fərdi yanaşma prinsipinə əməl etməkdən,
şagird-müəllim-valideyn münasibətlərini qorumaq və
səyləri birləşdirməkdən, valideyni təlim-tərbiyə
prosesinin birbaşa iştirakçısına çevirməkdən,
tədris prosesində İKT-nin sıx tətbiqinə nail
olmaqdan, şagirdlərə mütaliə, nitq və səhnə
vərdişləri aşılamaqdan, onlarda milli və bəşəri
dəyərlərə hörmət hissi tərbiyə etməkdən,
gənclərimizi yaxşı insan, gözəl övlad və
vətəndaş kimi yetişdirməkdən ibarətdir. Fənn
müəllimləri və tədrisə yardımçı
heyətin mütəmadi olaraq ixtisasartırmaya, seminar-treninqlərə,
təcrübə mübadiləsinə cəlb edilməsi də
vacib şərtdir.Qısa bir müddət ərzində tədris
korpusunun təmiri və onun ətrafının
abadlaşdırılması, şagird və müəllimlərin
rəğbətləndirilməsi mexanizminin işlənilməsi,
yuxarı sinif şagirdlərinin, eləcə də tədris
materiallarını mənimsəməkdə çətinlik
çəkən uşaqların hazırlıq və dil
kurslarına cəlb edilməsi, idman bölmələri,
yaradıcılıq studiyaları və dərnəklər,
maraqlı ədəbi-musiqili gecə və görüşlər,
Məktəb-Lisey Kompleksinin müəllim və şagird heyətinin
universitet tədbirlərinə fəal qoşulması,
şagird-valideyn-müəllim münasibətlərinin
nizamlanması və s. tədbirlər öz bəhrəsini
verməkdədir. Ən başlıcası odur ki, Məktəb-Lisey
Kompleksinin Şagird Parlamenti, Şagird Elmi Cəmiyyəti və
valideyn komitələri görülən işlərdə
yaxından iştirak edir.
- Sizcə, bu gün orta təhsildə ən
ciddi problem nədir?
- Hazırda orta məktəblərimiz
üçün ən ciddi problem kütləvi repetitorluğun
yaratdığı fəsadların aradan
qaldırılmasıdır və bu istiqamətdə ciddi səylər
göstərilir. Onu da bildirim ki, yuxarı sinif şagirdləri
üçün ali məktəblərə hazırlıq
kursları, IX və XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş
test imtahanlarına hazırlıqla bağlı məsləhət
saatları, bütün məktəb-lisey siniflərini əhatə
edən günüuzadılmış qruplarda zəif
şagirdlərlə məşğələlər (dərsanə),
ingilis dili ilə yanaşı ikinci xarici dili (rus, alman,
fransız) öyrənmək istəyənlər
üçün kurslar, növbəti dərs ilində məktəb
və lisey siniflərində oxumaq istəyənlər
üçün hazırlıq saatları bu gün hər bir
orta təhsil müəssisəsinin iş rejimini pozan, imicinə
xələl gətirən və ölkədə gedən təhsil
islahatlarına kölgə salan çatışmazlıq və
maneələri aradan qaldırmaq yolunda atılan addımlardır.
BSU rektorunun təşəbbüsü ilə aparıcı
professor və müəllimlərin sinif otaqlarına dəvət
olunması, onların elmi işlə məşğul olan
şagirdlərə rəhbərlik etməsi, ayrı-ayrı
fənlər üzrə ekspertlər və dərslik müəllifləri
ilə görüşlər bütövlükdə
yuxarı sinif şagirdləri və onların valideynləri
arasında yaranmış narahatçılığın
aradan qaldırılmasına, orta məktəb müəlliminə
inamın bərpasına xidmət edən amillərdir. Ölkəmizin
aparıcı ali məktəblərindən olan BSU-da Məktəb-Lisey
Kompleksinin təşkili, Təhsil Nazirliyi və hökumətimiz
tərəfindən universitet kollektivinə böyük etimad
göstərilməsi və ciddi vəzifənin həvalə
edilməsi, doğrudan da ali təhsil sistemində novatorluq kimi
dəyərləndirilməlidir. Bu, dünyada geniş
yayılmış təcrübə olsa da, Azərbaycan təhsili
üçün yenilikdir. Onu da bildirim ki, BSU dünyanın
bir sıra məşhur universitetləri ilə əməkdaşlıq
müqavilələri imzalayarkən tərəfdaşlarımız
liseylər səviyyəsində əlaqələrə də
böyük önəm verir. Moskva Dövlət Linqvistik
Universitetinin Linqvist Liseyi, Türkiyənin Qazi Universitetinin
liseyi ilə əlaqələrimiz dünya və Avropa təhsil
məkanına inteqrasiyanın kiçik həlqələri
olsa belə, olduqca maraqlı görünür.
Əlimərdan
Sultanov
Palitra.- 2011.- 2
fevral.- S. 12.