Azərbaycan-NATO Beynəlxalq Məktəbinin qış sessiyası başlayıb

 

Bakıda Azərbaycan-NATO Beynəlxalq Məktəbinin (NİSA) qış sessiyası öz işinə başlayıb. “NATO-nun yeni strateji konsepsiyası: qavrama çağırışlar” adı altında keçirilən sessiyada giriş nitqi ilə Rumıniyanın Azərbaycandakı səfiri, NATO-nun ölkəmizdəki koordinatoru Nikolae Ureki çıxış edib. Rumıniya səfiri Nikolae Ureki hərbi alyansla Azərbaycan arasında mövcud olan münasibətlərdən danışıb.  O, qeyd edib ki, NATO-nun Lissabon sammiti tarixi xarakter daşıyıbbu sammitdə yaxın 10 il üçün fəaliyyət planı qəbul olunub: «Azərbaycanın NATO ilə əməkdaşlığını və alyansın sülhməramlı missiyalarına verdiyi töhfəni alqışlayırıq. NATO çox seleksiyaçı təşkilatdır, alyansın yeni üzvlərin qəbuluna dair sərt kriteriyaları var. Fəxr edirəm ki, son 5 il ərzində azərbaycanlı ekspertlər NATO-nun 100-dən artıq müxtəlif tədbirində iştirak ediblər. Azərbaycan həmçinin enerji təhlükəsizliyində mühüm rol oynayır”.  NATO-nun ölkəmizdəki koordinatoru son iki il ərzində rəhbərlik etdiyi diplomatik missiyanın çox aktiv fəaliyyət göstərdiyini deyib: “Biz NATO-nun Azərbaycandakı siyasətini təqdim etməyə can atırıq. Ötən il səfirliyimiz bu istiqamətdə 24 müxtəlif tədbir keçirib. Biz Azərbaycanın NATO ilə aktiv dialoqunu dəstəkləyirik”. Daha sonra NATO Baş Qərargahının Regional təhlükəsizlik və əməkdaşlıq departamentinin direktoru, general Karlos Blanko çıxış edərək yeni konsepsiyanın Azərbaycana verəcəyi töhfələrə toxunub. Almaniyanın NATO-da daimi missiyasının siyasi şöbəsinin rəhbəri Casper Viek isə tədbir iştirakçılarına Lissabon sammitində qəbul olunan yeni strateji konsepsiyanın vacibliyi qarşısının alınması vacib olan çağırışlar barədə məlumat verib. Sessiya ərzində NATO-nun strateji konsepsiyalarına tarixi yanaşma onların qiymətləndirilməsi, cari təhlükəsizlik təhdidləri, NATO-nun yeni strateji konsepsiyası, NATO və tərəfdaşlıq münasibətləri və yeni strateji konsepsiyanın praktiki olaraq həyata keçirilmə imkanları müzakirə olunub. Qeyd edək ki, Azərbaycanla NATO arasında əməkdaşlığın əsası 1994-cü il mayın 4-də “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində qoyulub. Azərbaycan bu proqramın ilk iştirakçıları sırasında ATƏT-ə üzv 27 ölkədən biri olub. 1996-cı ilin aprel ayında qarşılıqlı əlaqələrin konkret istiqamətlərini müəyyən edən “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində rəsmi sənəd imzalanıb. Hal-hazırda bu proqrama uyğun olaraq Azərbaycan ona həvalə olunmuş 50 tərəfdaşlıq tapşırığını yerinə yetirir.2005-ci il avqustun 3-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə Fəaliyyət Planının təsdiq olunması haqqında” fərman imzalayıb. Hazırda “Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə Fəaliyyət Planı”nın ikinci mərhələsi çərçivəsində əməkdaşlıq həyata keçirilir.

 

 

Cavidan

 

Palitra.- 2011.- 1 fevral.- S. 8.