«Elmin alternativliyi, elmi diskussiya, elmi mübadilə olmasa, heç bir inkişafa nail olmaq mümkün deyil»

 

Layihə çərçivəsində müsahibimiz ADPU-nun fəlsəfə kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Məhəmməd Balayevdir: - Hər bir xalqın dünya miqyasında tanınmasında onun bəşəriyyətə bəxş etdiyi töhfələr müstəsna əhəmiyyət kəsb edir. Onun elmi, təhsili, mədəniyyəti, poeziyası xalqa məxsus qüdrətli zəkalar vasitəsilə dünyaya inteqrasiya edilir, seçilir, mənimsənilir, bəşəri sərvətə çevrilir. Sovet siyasi sistemi dövründə, xüsusən də XX əsrin 50-80-ci illərində elm, təhsil sahəsində xeyli uğurlar əldə edilsə də, XX əsrin 90-cı illərində ictimai-siyasi həyatda baş verən böhran elm, təhsil sistemində də ciddi böhranın yaranmasına səbəb oldu. Bu baxımdan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı məqaləsini vaxtında çalınan həyəcan təbili adlandırmaq olar. Ramiz müəllimin məqaləsində deyilir: "Danılmaz faktdır ki, bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. İnkişafın indiki səviyyəsinə çatmaq üçün xalqımız çox çətinliklər dəf etmiş, çox sınaqlardan keçməli olmuşdur. Bu müddət ərzində biz mürəkkəb, eyni zamanda, şərəfli yol keçmişik. Bu yol bizə möhkəm əsaslar üzərində dövlətçilik formalaşdırmaq imkanı vermişdir".  Deməli, uzun illərin gərgin zəhməti hesabına yaradılan, təkmilləşdirilən, dünya səviyyəsinə qaldırılan elmimizi islahatlar yolu ilə həm bərpa, həm də zənginləşdirə bilərik. Bunun üçün nəinki humanitar sahədə, bütün sahələrdə uzun müddət çalışan alimlərin xidmətlərinin ədalət prinsipinə uyğun dəyərləndirilməsi, alimin üzləşdiyi və daim onu sıxan sosial gərginlikdən xilas edilməsi ən zəruri şərtlərdəndir. Alimin sosial problemlərindən bəhs edən AMEA-nın prezidenti, akademik M.Kərimovun təbirincə, "elmin ölkənin strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsi olub-olmaması da ilk növbədə elm sahəsinə ayrılan maliyyə vəsaitinin payı ilə müəyyənləşir". Bu, doğrudan da belədir. Əgər maliyyə böhranı mövcuddursa, bu, mütləq elmin səviyyəsinin aşağı olması ilə əlaqələndirilməlidir. Deməli, iqtisadçılar istehsal prosesində baş verən deformasiyanı vaxtında müəyyənləşdirə, beynəlxalq bazarda baş verən hadisələri düzgün qiymətləndirə bilməyiblər, nəhayət, istehsalın elmi təşkili uğurla nəticələnməyib. XX əsrin 90-cı illərinin ideologiyasızlığı, milli-mədəni və mənəvi oriyentasiyasızlıq, xarici dövlətlərin stereotip inkişaf modellərinin müzakirəsiz, sınaqdan çıxarmadan kor-koranə tətbiq edilməsi, mütəxəssis rəyinin nəzərə alınmaması bugünkü problemləri yaradıb. Akademik Ramiz Mehdiyevin təbirincə desək, "bu da millətin simasını itirməsi ilə nəticələnir". Odur ki, elm hər bir millətin siması olduğuna görə, onun inkişaf etdirilməsi yolları yeni təfəkkür süzgəcindən keçirildikdən sonra yeni inkişaf mərhələsinə daxil edilməlidir. - Bu hansı yolla edilməlidir?- Yalnız hərtərəfli islahatlar yolu ilə. Bütün bunların hərəkətverici qüvvəsi isə maliyyə vəsaitidir.  Xatırlamaq yerinə düşərdi ki, Avropa Birliyi ölkələri 2000-ci ildən başlayaraq elmin maliyyələşdirilməsinə ən vacib strateji məsələ kimi baxırlar. Belə ki, 2002-ci ildən 2010-cu ilədək olan müddətdə elm xərclərinin payını 3 faizə çatdırmağı qarşılarına məqsəd qoyublar. Müqayisə üçün deməli olsaq, hazırda bu rəqəm İsveçdə 3,9 faiz, Finlandiyada 3,5 faiz, Fransada 2,1 faiz, İspaniya və İtaliyada 1,1 faiz təşkil edir. Azərbaycanda isə elmə çəkilən xərclər cəmi 0,3-0,5, hətta 1995-2005-ci illərdə bu rəqəm 0,2 faiz olub. Elmimizin Avropa dövlətlərindən geri qalması səbəblərindən biri də budur.- Humanitar sahə ilə bağlı elmi işlərin daha çox yazılmasına münasibətiniz necədir? - Hazırda mətbuatda humanitar sahələr üzrə dissertasiyaların çox yazıldığı vurğulanan məqalələr dərc edilir. Aydın məsələdir ki, dəqiq elmlərin inkişafı üçün müasir laboratoriyaların yaradılması, eksperiment keçirmək üçün əlverişli şərait, ən başlıcası, eksperimentin istehsal prosesində sınaqdan çıxarılması tələb olunur. Deməli, ilk növbədə istehsal prosesi bərpa olunmalıdır, milli istehsalın xarici istehsalla rəqabəti isə özü-özünə yaranacaq. Elm də belədir. Elmin alternativliyi olmasa, elmi diskussiya, elmi mübadilə olmasa, heç bir inkişafa nail olmaq mümkün deyil. Unutmaq olmaz ki, xalqımız humanitar elmlərə tarixən meyilli olub və bu gün də bu keyfiyyətləri özündə saxlayır. Zənnimcə, humanitar elmlərə dair məhdudlaşdırılmalara meyil problemə birtərəfli, yanlış yanaşmadır. Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycandan dəfələrlə iqtisadi cəhətdən geri qalan Ermənistanda və onun hüdudlarından kənarda fəaliyyət göstərən erməni alimləri 1986-cı ildən 2006-cı ilə qədər Azərbaycanın və bütövlükdə türk dünyasının əleyhinə 26 mindən artıq kitab yazıblar ki, müəllifləri də humanitar elm sahəsinin alimləridir. Azərbaycan Respublikasının alimləri, xüsusən ictimai və humanitar sahədə fəaliyyət göstərən alimlər bu ideoloji mübarizədə fəal iştirak etməli, ermənilərin iftira və böhtanlarını ifşa etməlidirlər.Odur ki, elmdə islahatlar aparılmalıdır, amma səbirlə, təmkinlə, ən başlıcası, elmə elmi münasibət olmalıdır, müasir dövrün ictimai-siyasi hadisələrinə yeni təfəkkür baxımından yanaşılmalıdır. Çünki ictimai və siyasi şərait dəyişib. Akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı məqaləsinin mahiyyətini dərindən təhlil edərkən məntiqi sonluq ondan ibarət olur ki, humanitar və ictimai elm sahələrinin köməyi ilə milli ideologiyamızın əsası olan azərbaycançılıq ideologiyasının zənginləşdirilməsi daha sürətlə və inamla başa çatdırıla bilər. Bununla yanaşı, milli ideologiyanın formalaşdırılması prosesində milli-mənəvi dəyərlər, vətənpərvərlik, dövlətçilik ruhu qorunub saxlanmalı, dövlətçilik haqqında Heydər Əliyev strategiyası və taktikası gənclərə hərtərəfli çatdırılmalıdır. Azərbaycanda milli ideologiyanın yaradılması və işlənib hazırlanması ulu öndər Heydər Əliyevin tarixi xidmətidir. Milli ideologiyanın əsası azərbaycançılıqdır. Heydər Əliyev milli ideologiyanın milli dövlətçilik və milli-mənəvi dəyərlər kimi iki başlıca komponentdən ibarət olduğunu göstərib. Akademik Ramiz Mehdiyev Heydər Əliyev və azərbaycançılıq ideologiyasından danışarkən belə bir fikir irəli sürür ki, azərbaycançılıq təliminin Heydər Əliyev tərəfindən irəli sürülən və həyata keçirilən dövlətçilik konsepsiyası ilə vəhdət halında təhlil edilməsinə müasir mərhələdə böyük ehtiyac var. - Təhsil sahəsində aparılan islahatları necə dəyərləndirirsiz?- Təhsil sistemi dedikdə, strateji bir sahə başa düşülməlidir. Müasir dünyanın inkişaf etmiş ölkələrindən olan Yaponiyada Təhsil Nazirliyi strateji nazirlik hesab olunur, təhsil sahəsi, müəllim məbəddəki kahinlərdən xeyli yüksəkdə durur və ona hər cür ehtiram göstərilir. Əldə edilən elmi uğurlar, təhsilin parlaq nəticələri, mənəvi birlik, etik münasibətlərin qarşılıqlı vəziyyəti indikindən xeyli yüksək idi. Odur ki, sual olunur: Bəs nə etməli? Bu sualın cavabı birdir. Bu sahədə aparılan islahatlara ictimai münasibət, xalq nəzarəti olmasa, onların uğurla başa çatdırılması da mümkün olmayacaq. Odur ki, yeni təhsil modelinin yaradılması zəruriliyi daim gündəmdədir. Çünki dayanıqlı, zamanla ayaqlaşan təhsil sisteminin qurulması həmçinin zamanın tələbidir. Bir şərtlə: beynəlxalq təcrübənin ən yaxşısını, bizim milli xüsusiyyətlərimizə yad olmayanı qəbul edək. Əlbəttə, şöhrət dalınca qaçmaq, kampaniyaçılıq naminə güruhçu hərəkata qoşulmağa lüzum yoxdur. XX əsrin 70-ci illərində Almaniyada və Yaponiyada maraqlı eksperiment aparılıb. Sürücülük vəsiqəsi olan dinləyiciləri iki qrupa bölüb imtahan qəbul ediblər və qrupun birindən müəllim, digərindən kompyuter imtahan qəbul edib. Sosioloqlar hər iki qrupun sürücülük fəaliyyəti ilə 3 il maraqlanıb və sürücülərin özlərinin xəbəri olmadan sosioloji tədqiqat aparıblar. Nəticədə məlum olub ki, üç il müddətində müəllim qarşısında imtahan verənlərin cəmi 7 faizi, kompyuter vasitəsilə imtahan verib vəsiqə alanların isə 38 faizi yol hərəkəti qaydalarını pozduqlarına görə cəza alıb. Odur ki, yeni təhsil dedikdə təkcə kütləviləşən test imtahanları başa düşülməməli, həmçinin təhsilə yaradılan şəraitdən də danışılmalıdır. Peşəmizin universitet təhsil sistemi ilə əlaqədar olduğunu nəzərə alaraq, ali təhsil sisteminə münasibət bildirmək zərurətindəyik. Sovet təhsil sistemi dövründə tələbə auditoriyada, mühazirə zamanı mövzunun 80-90 faizini öyrənir və mühazirənin yekununda müəllim keçilmiş dərs haqqında, verilən biliyin möhkəmləndirilməsi məqsədilə auditoriyaya müraciət edəndə - frontal sorğu aparanda çəkdiyi zəhmətin bəhrəsini görür, auditoriyanı qalib sərkərdə kimi tərk edirdi. Etiraf etmək lazımdır ki, bu gün idraki-etik münasibət çatışmır. Bax, bunu bərpa etmək lazımdır. Yeni təhsil sistemində tələbənin pedaqoji təsir obyekti olmaması, idraki fəaliyyət subyekti olması irəli sürülür. Bu təsirin əsasında insanın özünə bir mürəkkəb sistem kimi baxılması, keçmişə deyil, gələcəyə ünvanlanmış biliyə münasibətin dəyişməsi durur, yeni təhsil modelinin reallaşdırılmasının meyarı kimi qabaqlayıcı inikas, yaxud "gələcəyin dərki" çıxış edir. Amma bütün bunların vahid obyektiv sonluğu var. Bu da ondan ibarətdir ki, müəllimlə tələbə arasında dialoq münasibətləri tədris prosesinin, sadə dildə fikrimizi ifadə etsək öyrədənlə öyrənənin canlı ünsiyyətini formalaşdırır. Bu gün çox iftixarla istinad etdiyimiz klassiklərin də dövründə belə canlı ünsiyyət tədrisin əsas forması olub. Hazırkı şəraitdə elmin, təhsilin inkişafı naminə yeni-yeni mütərəqqi addımlar atılmaqdadır. 2009-cu il noyabrın 21-də Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə ölkədə humanitar elmlərlə məşğul olan alim və müəllimlər, elm və təhsil ocaqlarının rəhbərləri, təhsil naziri, AMEA rəhbərinin iştirak etdiyi müşavirədə mövcud problemlərlə bağlı çox geniş, prinsipial, demokratik fikir mübadiləsi aparılıb və bildirilib ki, artıq Azərbaycanda elmin, təhsilin mövcüd vəziyyəti ilə YUNESKO-nun baş direktorunun razılığı ilə beynəlxalq ekspertlər yaxından məşğul olurlar. Onlar Azərbaycan elminin idarə edilməsi, maliyyələşdirilməsi və təşkilinə dair hazırlıq işləri aparırlar. Deməli, Azərbaycan elminin inkişaf istiqamətlərini beynəlxalq səviyyəyə uyğunlaşdırmaq, təhsilin inkişafı məqsədilə millilikdən uzaqlaşmadan yeni, daha mütərəqqi metodlara keçmək mərhələsi başlanmaqdadır. Bununla yanaşı, Azərbaycanda 2009-2015-ci illərdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının təsdiq edilməsi haqqında Prezidentin imzaladığı 4 may 2009-cu il sərəncamı, eyni zamanda, ölkə Prezidentinin 31 yanvar 2008-ci il tarixli "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamı, 2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında 22 may 2009-cu il tarixli sərəncamı, 2008-ci il ərzində 20-dən çox qərar qəbul edilməsi dövlətçiliyimiz tarixində müqayisəyəgəlməz tədbirlərdəndir, Azərbaycanda elmin, təhsilin inkişaf perspektivlərinin aydın şəkildə müəyyənləşdirilməsidir. Prezident İlham Əliyevin 2010-cu il 19 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun nizamnaməsinin təsdiq edilməsi elmə qayğının yeni təzahürüdür. Odur ki, yaranmış vəziyyətlə əlaqədar elmi və intellektual elita qarşısında ciddi vəzifələr durur. Bu vəzifələr və qarşıya qoyulan məqsəd yaxın illərdə təhsildə, elmdə, ümumən intellektual sahədə ciddi dönüş yaradılmasından ibarətdir. İctimai elmlərin sosial sifarişlərə çevik reaksiya verməsi, ətalətdən, gözləmə və passiv seyirçi mövqedən uzaqlaşması zamanın tələbidir. Bütün bunlar Azərbaycan elminin əyalətçilikdən xilas olması, dünya elm məkanına daha inamla inteqrasiya etməsinə istiqamətlənməsi niyyətimizin ifadəsidir.

 

 

Anar Miriyev

 

Palitra.- 2011.- 8 fevral.- S. 7.