“Müasir biliklərə
sahib olan müəllimə ehtiyac çoxdur”
Xəzər Universitetinin müəllimi,
yazıçı-kulturoloq Aydın Xanla müsahibəmiz ali məktəblərdə
tədris prosesi və bu sahədə rast gəlinən bəzi
problemlərlə bağlı oldu. Aydın Xan mövzuya belə
başladı: - Bütün
dünyada gedən proseslərin bir hissəsi olaraq Azərbaycan
ali təhsil sistemində də müəyyən problemlər
var ki, bu problemlər hələ də həllini gözləyir.
Zaman keçdikcə bu problemlərin bir çoxu həll ediləcək.
Biz artıq bir neçə ildir ki, Bolonya sisteminə
keçmişik. Bu sistemin özünün müsbət tərəfləri
ilə yanaşı mənfi tərəfləri də
özünü göstərir. Dünyanın bir çox
ölkələri, o cümlədən də qonşu Rusiya bu
barədə fikir mübadiləsi aparır. Bununla
bağlı orada polemikalar aparılır. Mənim
özümün “Azərbaycan ədəbiyyatı” fənnindən
dərs keçdiyim Xəzər Universiteti yarandığı
gündən bu yana yalnız Bolonya sistemi ilə öz tədris
sistemini formalaşdırıb. Bunun müsbət tərəflərini
də biz artıq görməkdəyik. Xəzər
Universitetinin tələbələrinin, məzunlarının
sayı minlələdir. Onlar müxtəlif xarici və yerli
şirkətlərdə qlobal qurumlarda müxtəlif vəzifələri
tuturlar. Bu baxımdan Xəzər Universiteti Azərbaycanın
bir çox ali təhsil məktəbləri üçün
bir növ nümunəvi bir təhsil qurumu sayıla bilər.
Amma bu, heç də o demək deyil ki, Xəzər Universitetində,
ümumiyyətlə Azərbaycan ali təhsil sistemində hər
şey əladır. Bir müəllim olaraq mən son
üç ildə dərs dediyim vaxtlar hiss etdim ki, Azərbaycan
təhsil sistemi ümumiyyətlə bir sistem kimi işlənməsə,
burada heç bir konsepsiya olmasa, biz istədiyimiz, dünya səviyyəli,
intellektual, peşəkar mütəxəssislər yetişdirə
bilmərik. Xəzər Universitetinə gələn tələbələrin
böyük əksəriyyətinin orta məktəbdə
aldıqları biliyin və savadın səviyyəsi çox
aşağıdır. Məsələn, Azərbaycan ədəbiyyatından
hansısa suallar veriləndə bu tələbələrin
cavabları qənaətbəxş olmur. Bu hal əslində
bizim təhsil sistemində çox böyük problemə
çevrilməkdədir. Burada əsas məsələ təhsil
bünövrəsinin möhkəm olmasıdır. Məsələn,
ibtidai təhsil zamanı alınan biliklər daha sonradan ali təhsillə
aşılanır, təkmilləşdirilir. Hər hansı
bir peşənin sahibi olsan belə, ibtidai, orta təhsil prosesi
zamanı aldığın bilikləri inkişaf etdirib, onlara
prioritet, intellektual yanaşmaqla, yeniliklərinlə orta səviyyədən
fərqlənirsən. Qeyd etdiyim kimi, bu baxımdan Xəzər
Universiteti xarici ölkələrin universitetləri ilə
sıx təmasdadır. İlk yarananda Xəzər
Universitetində də bu cür problemlər özünü kəskin
formada göstərirdi. Bunun qarşısını almaq
üçün universitet həm milli təhsildə, həm
sovet təhsilində, həm də dünyanın qabaqcıl təhsil
sistemində mövcud olan yeni texnologiyaları, müsbət təcrübəni
əsas götürüb yeni bir sistem qurdu. Məsələn,
birinci kursda oxuyan tələbələr ilk gələndə
təəccüblənirlər ki, Azərbaycan ədəbiyyatı
və dili, tarixi, üstəlik muğam, rəqslər, zərgərlik
və digər xalq tətbiqi sənəti ilə bağlı
xüsusi kurslar var ki, bunlar
universitetin ümumi tələblərindən irəli gələn
dərslər kimi keçirilir. Bunlar nə üçün
keçirilir: təsəvvür edin ki, xaricə göndərdiyimiz
tələbələrin çoxu adicə klassik ədəbiyyatın
nə olduğunu bilmirdilər. Halbuki bizim tələbə həm
də Azərbaycanın nümayəndəsi, təmsilçisi
sayılır. Bununla belə, onun Azərbaycanı təmsilçiliyində,
bu barədə bilgilərində problemlər yaranırdı.
Beləliklə, qeyd etdim ki, ümumi ali təhsilimizdə bir
sıra problemlər var. Keçid dövrü
üçün bunları bağışlamaq olardı, amma əgər
biz ibtidai və orta təhsilin səviyyəsini qaldırmasaq,
sözsüz ki, ali məktəblərdə çoxlu problemlər
qalacaq. Onu da bildirim ki, Azərbaycan tipli ölkələrdə,
yəni sosialist sistemindən çıxmış kapitalizmin
bərqərar olmağa başladığı ölkələrdə
təhsili yalnız bilgi verən, peşə öyrədən
bir sistem kimi götürməməliyik. Təhsil həm də sosial və
ictimai mahiyyəti olan bir hadisədir. Bilirsiniz ki, cəmiyyətimizdə
çox meyil göstərilir ki, Azərbaycan gənci orta məktəbi
bitirəndən sonra ali təhsil alsın və yaxud tələbə
olsun. Bu cür bəhs prinsipi ilə ali məktəblərə
düşən tələbələrin böyük əksəriyyəti
ya oxumur, ya da digər yollarla yalnız diplom almağa
çalışır. Bu cür uşaqlar və onların
valideynləri çox vaxt başa düşür ki, attestat
adi bir kağız parçasıdır. Əgər tələbənin
motivasiyası və intellektuallığı olmasa, öz sahəsi
üzrə peşəkar və mütəxəssis olmasa,
heç bir yerdə işə düzələ və əmək
bazarında mövqe tuta bilməz. Bu baxımdan təhsildə
maraqlı proseslər gedir.Bir məsələyə də
toxunmaq istərdim. Tələbələr ictimaiyyətdə,
kollektiv düşüncə tərzinə malik qruplarda
işləməyi ilk olaraq universitetlərdə öyrənirlər.
Rayonlardan, bölgələrdən universitetlərə gələn
tələbələr auditoriyada otururlar, dostlaşırlar,
müxtəlif qruplar və şəbəkələr
yaradırlar. Belə olduqda onlar nəinki universitet
vaxtlarını, həmçinin asudə vaxtlarını da səmərəli
təşkil edə bilirlər. Məsələn, bizim
universitetdə bu, belədir və tələbələrin məhz
bu cür formalaşmasına çalışılır.
Şəxsən mən ədəbiyyata kulturoloji yanaşmaqla
tələbələrin motivasiyasının və
yaradıcılıq düşüncəsinin artmasına
çalışıram. Bu səpkidə müasir
qloballaşma, xalqların ədəbi-mədəni
inteqrasiyası, mədəniyyət məsələləri tələbələrə
dərindən aşılanır. Azərbaycanda olan tələbələrin
çox böyük bir hissəsi, bəlkə də 80 faizi
bu və ya digər dərəcədə psixoloji baxımdan
müəyyən mənada zədələnməyə məruz
qalır. Bu, bütün dünyada belədir. Yeni İKT vasitələri,
sosiallaşma məsələləri, dünyada baş verən
kataklizm və müharibələr gənclərə çox
pis təsir edir. Bu amillər yeni formalaşmaqda olan gənc nəslə
xüsusilə çox təsir edir. Bu baxımdan biz Şərqlə
Qərbin, İslam və xristian dünyasının
ortasında yerləşən bir ölkə olaraq hər tərəfdən
müxtəlif düşüncə və mədəniyyət
axını ilə üzləşirik. Belə bir vaxtda Azərbaycan
tələbələrinin vəziyyətini qeyd etdiyim cəhətdən
düşünməyə dəyər. Uşaqların orta məktəblərdə
tədrisin vəziyyətinə görə valideynləri tərəfindən
özəl kurslara, şirkətlərin tədris mərkəzlərinə
göndərilməsi də öz sözünü deyir. Bu
baxımdan da gənclərdə, yeniyetmələrdə
psixoloji uyğunsuzluq yarana bilər.
- Bununla
bağlı ali məktəblərdə hansı tədbirlər
görülə bilər?
- Ona
görə də ali məktəblərdə də psixologiya
kabinetləri təcrübəsini tətbiq etməyə dəyər.
Məsələn, bizim universitetdə psixologiya mərkəzi
var. Tələbə ilə müəllim arasında, yaxud tələbələrin
öz arasında olan məsələlərlə bağlı
psixoloq müdaxiləsinə ehtiyac var. Bu sahələrdə
ruhi, mənəvi problemlər olanda psixoloqa müraciət
edilir və psixoloji məsləhətlər alınır. Bu məsələ
təhsilin keyfiyyətinə də müsbət təsir edir.
Orta məktəblərdən universitetə gələn
ümumi kollektiv düşüncəyə malik olmayan
insanların davranışlarının tənzimlənməsində,
onların auditoriyaya, universitet, tələbə kollektivinə
adaptasiya olunmasında bu cür psixoloji məsləhətlərin
çox böyük köməyi var. Çünki həmin tələbələrin
bilgiləri zəif olduğu kimi, sosial münasibətləri
də zəif olur. Ən ümdə problemlərdən biri isə
universitetlərin standartlara uyğun maddi-texniki baza məsələsidir
ki, burada əsas məqam binalarla, tədris yerləri ilə
bağlıdır. Bunlardan başqa digər məsələlər
də var ki, bu barədə düşünməyə dəyər.
Doğrudur, Azərbaycanın maliyyə imkanları artdıqca
maliyyələşmə məsələləri də həll
olunmaqdadır. Dövlətin bu sahəyə
qayğısı artdıqca problemlər də həll edilməkdədir. Bununla belə, məsələn,
keyfiyyətli müəllim, müasir biliklərə sahib olub
onları tələbəyə aşılaya biləcək
müəllimə də ehtiyac çoxdur və bu problemi həll
etmək bir o qədər də asan deyil. Xaricdə dövlət
hesabına magistr və doktor olmaq üçün təhsil
alan insanlarımız yaxın vaxtlarda geri qayıdacaq. Bununla
bağlı görüləcək tədbirlər də bəhrəsini
verəcək və universitetlərdə daha savadlı müəlim
kadrları çalışacaq. Azərbaycan postsovet ölkələri
içərisində təhsil sahəsində önəmli,
yüksək bir yer tutmaqdadır. Gələcəkdə bu cür
məsələlərin prinsipial şəkildə həllini
tapması Azərbaycanı təhsil sahəsində dünyada
daha yüksək səviyyəyə yüksəltməyə
imkan verəcək.
İlkin
Palitra.- 2011.- 8 fevral.- S. 11.