“Tələbələr orta məktəblərdə çoxlu təcrübə keçməlidirlər”

 

Dövlətin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir. Təsadüfi deyil ki, son bir neçə ildə ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub. Bu proses ən ucqar bölgələrimizi də əhatə edib. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb, orta təhsil ocaqlarında internetə qoşulmuş kompyuter sinifləri yaradılıb. Ölkə başçısı da təhsilin keyfiyyətinin artırılmasının çox vacib məsələ olduğunu bildirib: “İnsanlarımız, gənclərimiz elə bilik almalıdırlar ki, ən yüksək vəzifələrdə çalışa bilsinlər, biz Azərbaycanı irəliyə aparaq”. Bu gün mövcud problemlərin aradan qaldırılması təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər sırasındadır ki, bununla bağlı məhz həmin sahədə çalışan insanların fikirləri mühüm əhəmiyyət kəsb edir. Layihə çərçivəsində növbəti müsahibimiz Qobustan qəsəbəsi, A.Rzayev adına 223 saylı orta məktəbin Əməkdar müəllimi Ömürmalı İsmayılovdur:

 

- Uzun illərdir tədrislə məşğul olan bir pedaqoq kimi bu gün ölkədə təhsilin inkişafını necə dəyərləndirirsiniz?- Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər Azərbaycanın öz gələcəyini daha etibarlı və inamlı görmək əzmini nümayiş etdirir. Çox yaxşı haldır ki, Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən, elm və təhsilin inkişafını təmin edən layihələri dəstəkləyir. Xalqımızın ümummilli liderinin adını daşıyan fond bu sahəyə diqqət yetirməklə və bir çox layihələri reallaşdırmaqla Azərbaycanın gələcəyini təmin etmək işinə layiqli töhfələr verir. Onu da xatırladım ki, ümummilli lider Heydər Əliyev tərəfindən təhsilin inkişafı istiqamətində bir çox addımlar atılıb, hətta 1970-ci illərdə minlərlə azərbaycanlı gəncin respublikamızın hüdudlarından kənarda yüksək ali təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi də onun xeyirxahlığının və bu sahəyə verdiyi önəmin bariz ifadəsidir. Ulu öndər Heydər Əliyevin belə bir kəlamı vardı: “Təhsil millətin gələcəyidir”. Bu ideya hazırda Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirilir. Bu gün ölkədə təhsil inkişaf edir. Yeni məktəb binaları tikilməklə yanaşı bir qismi də təmir olunur. Eyni zamanda həm məktəblərə yeni texniki vəsaitlər verilir, həm də onlardan istifadə edən müəllimlər təkmilləşmə kurslarına göndərilirlər. Mən şəxsən bir pedaqoq kimi bu inkişafla razıyam. Çünki 20 il bundan öncə məktəblərdə bu inkişaf, müasir texnika yox idi. Bu da təhsilin inkişafında böyük rol oynayır. Bugünlərdə Bakıda təşkil olunan “Təhsildə İKT-nin tətbiqi - bilik, təcrübə, texnologiya” sərgisində bizim məktəb də iştirak etdi və bu tədbir mənim çox xoşuma gəldi. Bütün məktəblərdə bu sərgidə nümayiş olunan texnikalardan müəyyən qədər olsa, daha yaxşı nəticə əldə etmək olar. Bizim məktəbdə də kompyuterlər var. Ancaq yazı taxtaları köhnə formadadır, nümayiş etdirmə üslubunda (“ağıllı lövhə”) deyil. Şagirdlərimiz də sərgidə olan müasir texnikanı gördükdən sonra məktəbimizdə bunlardan olmasını arzu edirlər. Belə olarsa, maraq dairəsi daha da genişlənər. Eləcə də onların gələcəkdə daha savadlı gənclər kimi yetişməsinə nail ola bilərik.

- Son illər ali məktəbə qəbul imtahanında demək olar ki, bütün ixtisas qruplarında riyaziyyat tətbiq edilir. Bu, orta məktəbdə şagirdlərin həmin fənnə olan marağının daha da artmasına imkan verirmi?

- Ümumiyyətlə, elə bir ixtisas yoxdur ki, orada riyaziyyatdan istifadəyə ehtiyac duyulmasın. Bununla əlaqədar məktəblərdə riyaziyyat fənninə böyük diqqət yetirilir. Şagirdlərin hazırlıq səviyyəsi də əvvəlki illərə baxdıqda xeyli yaxşılaşıb. Qəbul zamanı artıq bu fəndən imtahan verəcəklərini bilirlər. Biz istəyirik ki, bütün şagirdlərimiz daha savadlı, bilikli olsunlar. Lakin bu da faktdır ki, daim savadlı şagirdlərlə yanaşı səhlənkar olanları da olub. Eyni zamanda bütün şagirdlərin ali məktəbə qəbul olması şərt deyil. Çünki cəmiyyətdə bütün təbəqənin insanları -  fəhlə, usta, rəngsaz və digər texniki sahələrdə çalışanlar da olmalıdır.

- Bu gün repetitorlardan istifadəyə müxtəlif münasibətlər var. Sizcə, buna həqiqətən də ehtiyac varmı?

- Repetitordan istifadəyə gəldikdə, buna müxtəlif yanaşmalar var. Mənim fikrimcə, bəzən şagirdin məktəbdə aldığı bilik lazımi səviyyədə olmur. Yəni bu da ondan irəli gəlir ki, tədris zamanı şagird özü səhlənkarlıq edir. Müəllim dərsi başa saldığı vaxt şagird bəzi məqamları anlaya bilmir. Bu məqsədlə də sonradan repetitordan istifadəyə ehtiyac duyur. Bu o demək deyil ki, müəllimin tədris səviyyəsi yetərincə deyil. Sadəcə şagird anlamadığı sahəni daha yaxşı öyrənmək məqsədilə bu addımı atır.

- Dərs vəsaitləri ilə bağlı problemlər varmı?

- Dərs vəsaitləri ilə bağlı onu qeyd etmək istərdim ki, kimya, biologiya və bir sıra digər fənlərdən elektron dərslik var, disklər verilir. Ancaq indiyədək Azərbaycan dili, ədəbiyyat və riyaziyyat fənlərindən elektron dərsliklər yoxdur. Bunların olması çox yaxşı nəticə verə bilər. Elektron dərslik isə çox yaxşı tərtib olunur. Kitablara gəldikdə isə hamısı çox keyfiyyətlidir, gözəl illüstrasiyaları var. Bütün məsələlər, çalışmalar, misallar çox yaxşı tərtib olunub.

- Bəzən belə bir fikir səslənir ki, bir vaxtlar riyaziyyat fənnini tədris edən müəllimlər daha savadlı idi. Bu gün orta məktəblərdə çalışan gənc kadrların fəaliyyəti sizi qane edirmi?

- Bu gün gənclər sırasında yaxşı kadrlar var. Ancaq bu da bir faktdır ki, təcrübə də müəyyən rol oynayır. Yəni 30-50 il təcrübəsi olan müəllimlə ali məktəbi bu il başa vurub məktəbə gələn gənc kadrlar arasında da fərq çoxdur. Yeni çalışmağa başlayan müəllim istənilən səviyyəyə çatması üçün öz üzərində işləməlidir. Çünki ali məktəbdə aldığı bilik orta məktəbdəki tədris səviyyəsini tam əhatə etmir. Orta məktəbin dərs vəsaitləri üzərində çalışmalıdır və şagirddən hərtərəfli üstün olmalıdır ki, onun qarşısına çıxarkən tam, əhatəli öyrədə bilsin.Bir vaxtlar cəmi bir pedaqoji ali məktəb var idi və o tədris ocağında sırf müəllim hazırlanırdı. Hazırda isə ali təhsil ocaqlarının sayı çoxdur və xüsusilə də özəl ali təhsil müəssisələrini bitirdikdən sonra müxtəlif ixtisas üzrə sadəcə diplomlar verirlər ki, artıq müəllimsən. Ancaq onlar məktəbdə təcrübə keçmirlər. Bir vaxtlar pedaqoji institutlarda təhsil alarkən I kursdan V kursa qədər vaxtaşırı 10-20 gün, bəzən bir ay məktəblərdə dərsdə praktika keçirdik. Məsələn, hazırda mən riyaziyyat dərslərimdə bunun şahidi olmuram. Yəqin ki, bununla bağlı ölçü götürüləcək. Təhsilimizin inkişafı bu sahədə də problemin həllinə imkan verəcək.

- Bu, bir faktdır ki, hazırda kişi müəllimlərin sayı azlıq təşkil edir. Sizcə, bu, həmin peşəyə marağın azalmasındanmı irəli gəlir?

- Bilirsiniz, mənim fikrimcə, bunun səbəblərindən biri maddi vəziyyətlə bağlıdır. Ailə başçısı kimi kişinin maddi qazancı problemləri həll etməyə imkan verməlidir. Əgər onun 12 saat dərsi olarsa, o, 150 manat almalı olur ki, bu maaşla da kifayətlənmək mümkün olmur. Ona görə də ailəsini təmin etmək üçün başqa sahədə çalışmağa məcbur qalır. Digər səbəblərə gəldikdə isə bu, bir qədər fərqlidir. İndi bəzi səbəblərlə bağlı müəllim adını sanki ucuzlaşdırıblar. Həm müəllim öz fəaliyyəti ilə bu şərəfli peşənin adını yüksək tutmalıdır, həm də cəmiyyət bu adı qorumalıdır.

- Təhsilin inkişafı ilə bağlı hansı təkliflər irəli sürərdiniz?

- Təhsilin inkişafı istiqamətində görülən tədbirlər davam etdirilməlidir. Bu istiqamətdə tədbirlərdən biri kimi müəllim lazımınca təmin olunmalıdır. Müəllim həm tərbiyəçi, həm də müəllim kimi başqalarından geyimi, davranışında fərqlənməlidir ki, buna görə də maddi problemi olmamalıdır. Bundan başqa özəl ali məktəbi bitirən məzunlar məktəbə çalışmağa gələrkən hazırlıqlı olmalıdır. Yəni onlar ali təhsil almaqla yanaşı orta məktəblərdə çoxlu təcrübə keçməlidirlər. Mövcud problemlərin həlli nəticəsində təhsilimizin daha da inkişaf edəcəyinə inanıram. 

 

 

Nigar

 

Palitra.- 2011.- 8 fevral.- S. 12.