«Təhsilin səviyyəsi aşağı olan ölkələrdə distant təhsil ya ümumən olmur, ya da çox zəif inkişaf edir»

 

Layihə çərçivəsində müsahibimiz ADPU-nun Kompyuter Mərkəzinin direktoru, dosent İlham Əhmədovdur:  - Dünyada gedən qlobal proseslər, biliyə əsaslanan iqtisadiyyatın sürətli inkişafı keyfiyyətli insan kapitalının formalaşmasını, təhsil problemlərini diqqətdə  saxlamağı tələb edir. Respublikanın regionda İKT sahəsində lider dövlət olmaq məqsədləri üçün bu gün ölkədə virtual təhsil sistemini inkişaf etdirmək zəruridir. Bu səbəbdən bütün strateji təhsil sənədlərində respublikada vurtual təhsilin, distant təhsilin (DT) yaradılması  və inkişafı xüsusi qeyd edilib. DT texnologiyalarının tətbiqi bu gün dünyada geniş vüsət almaqdadır. Bu sahənin inkişafı milli təhsil sisteminin təkmilləşdirilməsi,  beynəlxalq tələblər səviyyəsinə qaldırılması, qlobal informasiya təhsil məkanına inteqrasiya edilməsi baxımından da əhəmiyyətlidir. DT informasiya cəmiyyətinin inkişafı və təkamülünün tarixi mərhələsi olub hər hansı dövlətin təhsil siyasətindən asılı olmayaraq qloballaşmanın tələbidir. İnkişaf etmiş ölkələrdə ənənəvi təhsil formaları artıq DT sisteminə inteqrasiya olunub, vahid milli informasiya-təhsil məkanı yaranıb. Bu gün dünyada on milyonlarla  insan DT texnologiyaları əsasında sistematik təhsil alır. DT auditoriyalara  sığmayan, sərhədsiz, transmilli təhsil texnologiyasıdır. Təhsilyönümlü beynəlxalq təşkilatların, cəmiyyətlərin, o cümlədən YUNESCO-nun təhsil siyasətinin mühüm  istiqamətlərindən biri DT sisteminin inkişafıdır. YUNESCO artıq qlobal şəbəkə universiteti yaradıb. MDB səviyyəsində isə 20 universitetin iştirakı ilə  “Universitetlərin şəbəkə işbirliyi (əlaqələri)” adlı layihə reallaşır. Layihənin   məqsədi MDB ərazisində DT texnologiyaları əsasında ali təhsilin inkişafını  dəstəkləməkdir. Layihə çərçivəsində bu ilin əvvəlində YUNESCO-nun dəstəyilə “İnnovativ iqtisadiyyatın kadr təminatı üçün universitetlərin şəbəkə əlaqələri” adlı  beynəlxalq konfrans təşkil edilib. Bu gün DT-nin yaradılması kütləvi ali təhsili  formalaşdırmaqla bərabər iqtisadiyyatın kadr təminatı problemlərini operativ həll  edir, ölkənin qlobal səviyyədə müsbət imicinin formalaşmasına dəstək verir. Bu gün dünyada təhsil böyük bir biznesdir. DT beynəlxalq təhsil xidməti bazarında  təhsilin ixracının mühüm vasitəsi və texnologiyasıdır. ABŞ hər il DT texnologiyaları əsasında təhsil ixracından 7 milyard dollar, Avstraliya 3 milyard dollar mənfəət götürür. Qlobal məkanda DT bu gün elə bir templə inkişaf edir ki,  proqnozlara görə, 2015-ci ildə dünya universitetlərinin 80%-i bu texnologiya əsasında təhsil verəcəklər. DT - təhsil müəssisəsindən istənilən məsafədə olan öyrənənlərə xüsusiləşdirilmiş informasiya - təhsil mühiti vasitəsilə göstərilən təhsil xidmətləri kompleksidir.  İnformasiya - təhsil mühiti öyrənənlərin təhsil ehtiyaclarının təmin edilməsinə yönəlmiş, verilənlər, informasiya resursları, qarşılıqlı əlaqə protokollarının ötürülmə vasitələri, aparat-proqram, metodik-təşkilati təminat və s. vasitələrin sistemli təşkilidir.   

- Distant təhsilin əsas texnologiyaları hansılardır?

- DT tələbə və müəllim arasında interaktiv əlaqəni telekommunikasiya və kompyuter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirən texnologiyadır. DT-nin əsas texnologiyaları aşağıdakılardır: Keys texnologiyası - tədris metodik materiallar ciddi strukturlaşdırılır, xüsusi «keys» formasında komplekləşdirilir, müstəqil mənimsənilmə üçün tələbələrə göndərilir. Tələbə ilə məsləhətçi-müəllim, tyutor arasında müntəzəm məsləhətləşmə aparılır;TV texnologiyası - tədris prosesi telemühazirələr əsasında həyata keçirilir, müəllim və tyutorla sistematik məsləhətləşmələr aparılır; Şəbəkə texnologiyası - tələbələri tədris metodik materiallarla təmin etmək, həmçinin tələbə və müəllim arasında interaktiv əlaqə yaratmaq məqsədilə internet şəbəkəsindən istifadə edilir. Şəbəkə texnologiyasında lokal və qlobal şəbəkə texnologiyalarından istifadə edilir. Bu halda distant dialoq internet resursları vasitəsilə həyata keçirilir. Təlim ünsiyyətinin əsasını DT kursu şəklində tərtib edilmiş elektron tədris vasitələri təşkil edir. Beynəlxalq təhsil məkanında belə bir vəziyyət müşahidə olunur: hansı ölkələrdə təhsilin ümumi səviyyəsi aşağıdırsa, bu ölkələrdə DT sistemi ya ümumən olmur,  ya da çox zəif inkişaf edir. Çünki virtual təhsil real təhsil üzərində qurulur, inkişaf  edir, təhsilin məzmunu hər iki halda eyni kriteriya ilə - milli təhsil standartları ilə  müəyyən edilir. Əgər universitetin professor-müəllim heyəti keyfiyyətcə müasir  tələblərə cavab vermirsə, bakalavr və magistrləri keyfiyyətli dərslik və tədris  metodik komplekslərlə təchiz edilməyibsə, onda bu materialların  elektronlaşmasının, pedaqoji heyətin virtual fəaliyyətinin səmərəsi olmaz. Bu  səbəbdən ali təhsilin ümumi səviyyəsinin aşağı olduğu ölkələrdə DT-nin  yaradılması təhsilin məzmun və texnologiya baxımından köklü yeniləşməsini tələb  edir. Bu iki işin az vaxt ərzində paralel aparılması əlavə  problemlər yaradır, daha  böyük resurslar tələb edir. Proses düzgün qurularsa, sinergetik qarşılıqlı təsir  effekti yarana bilər. Bunun müəyyən faydası mümkündür, bu halda real təhsilin inkişafı DT-nin inkişafına və əksinə, DT-nin inkişafı real təhsilin inkişafına təkan verə bilər. Real təhsili zəif olan ölkələr təhsilin məzmunyönümlü problemlərini  həll etmədən öz “nailiyyəti”ni virtual aləmə keçirməklə heç nə qazana bilməzlər,  olsa-olsa internet vasitəsilə öz təhsil “səviyyə”sini bütün dünyaya nümayiş etdirə  bilərlər. Bu isə antireklamdır. Bu halda DT-nin məzmunu və keyfiyyətini   müəyyən edən elektron kontent keyfiyyətsiz olduğundan onun səmərəsi ola  bilməz. Bu mənada virtual təhsil real təhsilin proyeksiyasıdır, nəticəsidir desək,  səhv etmərik.  

- Dünya təcrübəsində distant təhsilin hansı modelləri var?

- Dünya təhsil təcrübəsində DT-nin müxtəlif modelləri mövcuddur:Distant təhsilin Asiya modeli - bu model açıq universitetlərin yaradılmasını nəzərdə tutur. Hindistan, Çin, Tailand, İndoneziya, Cənubi Koreya kimi ölkələr bu modeldən istifadə edirlər. Distant təhsil qiyabi təhsilin reallaşma modeli kimi - bu halda yalnız qiyabiçi tələbələr distant texnologiyalar əsasında təhsil alırlar. Avstraliya, Yeni Zellandiya, Malayziya kimi ölkələrdə bu model tətbiq edilir.Distant təhsil əyani təhsilin reallaşma modeli kimi - müəllimin auditoriya ilə audiovizual əlaqələri telekommunikasiyalarla reallaşır. Bu model Amerikada da tətbiq edilir. Tədris materialı əsasında tələbənin müstəqil işinə əsaslanan distant təhsil modeli - bu modeldə tədris kursları modullar formasında strukturlaşır. Bu modeldən Böyük Britaniyada istifadə olunur.Bu gün bir çox ölkələrdə DT-nin eyni zamanda müxtəlif modelləri tətbiq edilir. Bu  modellərin tətbiqi ilə əlaqədar qərarı unuversitetlər özləri qəbul edirlər. Universitetin hansı model əsasında DT verməyə imkanı varsa, o modeli də seçir. Məsələn, Türkiyənin Anadolu Universiteti uzun müddətdir ki açıq universitet formasında fəaliyyət göstərir. Anadolu Universiteti hazırda 1,5 milyon tələbə ilə dünyanın 3-cü meqauniversiteti hesab edilir. 30 ildən artıq müddət ərzində Anadolu Universiteti müxtəlif texnologiyalar əsasında, bu gün isə müasir, yüksək texnologiyalar əsasında DT reallaşdırır. Türkiyənin başqa universitetləri isə digər  DT modellərinə üstünlük verirlər. Bu gün Türkiyənin və Rusiyanın əksər  universitetləri səmərəli DT sistemi yarada biliblər. DT sistemi resurslarından  nəinki qiyabi, eksternat və distant formada təhsil alan tələbələr, eyni zamanda əyani təhsil alan tələbələr də səmərə ilə istifadə edirlər. Bu gün universitetlər arasında olan qlobal rəqabət artıq virtual məkana keçib. Məsələn, Rusiya ərazisində Amerika və Avropanın distant universitetlərinin xeyli  nümayəndəliyi fəaliyyət göstərir. Minlərlə rusiyalı gənc distant formada xarici  ölkə universitetlərində təhsil alırlar. Bu həm ucuz, həm də təhlükəsizdir. Bu halda DT alan tələbələrin təhsillərini başa vurduqdan sonra vətənə qayıdıb-qayıtmaması  kimi bir problem də yoxdur. Bu mənada bizim respublikadan dövlət hesabına xarici ölkələrə təhsil almağa göndərilən tələbələrin də xeyli hissəsini distant  oxutmaq məqsədəuyğundur. Onlar bu halda vətəndə qalacaqlar, məzunun ölkəsinə qayıdış problemi olmayacaq, onların xaricdə müəyyən təsirlər altına düşmə  ehtimalı olmayacaq, digər tərəfdən eyni məbləğə 3-4 dəfə artıq sayda tələbə  oxutmaq  mümkündür. Respublikada İKT sektorunun inkişaf səviyyəsi də bu  məsələlərin həllinə real imkan  verir. Gələcəkdə digər açıq və virtual universitetlərin, distant universitetlərin də  respublikamızda nümayəndəliyinin açılması mümkündür. Getdikcə bu proses vüsət alacaq, bunun ölkəmizdə insan kapitalının inkişafına yalnız xeyri ola bilər. Bu proses milli təhsildə beynəlxalq rəqabət mühitini gücləndirəcək. Görəsən təhsil  sistemimiz, universitetlərimiz bu ciddi rəqabətə hazırdırmı?

 

 

Anar Miriyev

 

Palitra.- 2011.- 9 fevral.- S. 6.