“Orta məktəblərdə
tədris vəsaitləri o qədər də qənaətbəxş
deyil”
Müasir texnologiyaların inkişafı digər
sahələrlə yanaşı təhsilə də təsir
göstərib. Son illər ölkəmizin ümumtəhsil məktəblərində
müasir informasiya texnologiyalarının tətbiqinə start verilib.
Hətta “2008-2012-ci illərdə Azərbaycanda təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı” təsdiq edilib. Bu da bir faktdır ki, təhsil sisteminin
informasiyalaşdırılması prosesində müəllim əsas
yer tutur. Bu sahədə müvəffəqiyyət məhz
müəllimin informasiya-kommunikasiya texnologiyaları sahəsində
biliklərinin səviyyəsindən və onun bu sahədə
olan vərdişlərinin tədrisdə tətbiqindən
birbaşa asılıdır. Təhsilin
informasiyalaşdırılmasında müəllimin əsas
yer tutması dünya səviyyəsində artıq qəbul
olunub.
Dünya
təcrübəsi göstərir ki, məktəblərin
kompyuterləşməsi, zəruri proqram təminatı ilə
təchiz olunması, infrastrukturun qurulması heç də
tam olaraq müvəffəqiyyətə gətirib
çıxarmır. Bir sıra ölkələrdə texniki
təchizatın və infrastrukturun son standartlara uyğun
olmasına baxmayaraq müəllimlərin bu prosesə cəlb
olunması, onların İKT-nin tədrisdə istifadəsində
bilikli olması sonda müsbət nəticəyə gətirib
çıxarır. Hazırda ölkəmizdə bu sahədə
müəllimlərin fəaliyyəti, adıçəkilən
sahə üzrə mövcud vəziyyətlə bağlı
təhsil işçilərinin özləri hansı fikirdədir? Layihə çərçivəsində
növbəti müsahibimiz Yasamal rayonu, 225 saylı orta məktəbin
informatika müəlliməsi Roza Qasımovadır:
- Gənc
kadr kimi təhsilin inkişafı sizi qane edirmi?
- Təhsilin
inkişafı getdikcə yaxşılığa doğru
gedir. Artıq hansı üsullarla dərslər keçdiyimizə,
metodları tətbiq etdiyimizə, hansı qurğulardan istifadə
etdiyimizə və istifadə edilən proqramlara nəzər
salsaq, görərik ki, bugünkü təhsilimiz dünya təhsil
sisteminə doğru böyük addımlar atır. Bunlar
xarici ölkələrin təhsilindən götürülən
nümunələrdir ki, biz o proqramlardan istifadə edirik. Bu,
onlarda eksperiment olaraq keçilib və gözəl nəticələr
verib. Biz bu nəticələri görürük və ölkəmizdə
bir neçə məktəbin simasında bunu göstərməklə
bütün məktəblərə nümunə oluruq. Onlara
göstəririk ki, bu cür dərs keçəriksə,
şagird üçün daha effektli olar və şagird
müəllimin müdaxiləsi olmadan da dərsləri öyrənə
bilər. Yəni burada şagirdin dərsi mənimsəməkdən
başqa yolu qalmır. Şagird oyun formasına baxaraq müxtəlif
interaktiv şəkildə istər-istəməz dərsə
cəlb olunur. Elektron təhsil bizdə yavaş-yavaş
reallaşır və nəhayət, bu elə bir həddə
çatmalıdır ki, məktəblərimizdə müəyyən
sayda texniki vəsaitlərimiz olsun, onlar vasitəsilə dərsləri
bu cür keçə bilək, həm müəllim, həm də
şagirdlər üçün asan olsun. Bu gün bir sıra müəllimlər
xaricdə təcrübə keçirlər. Xaricdə
keçirilən təcrübələrin təbii ki, effekti
olacaq. Orada gördüklərimizi tətbiq edirik və
görürük ki, xaricdəki bəzi təlim
metodlarını keçməkdə fayda var.
- Belə
bir fikir var ki, elektron təhsil şagirdin fikrini daha çox cəlb
etməyə imkan verir. Bu, nə dərəcə də
doğrudur?
-
Şagirdlərin informatikaya marağı daha çoxdur.
Çünki gənc nəsil İKT-yə daha çox
meyillidir. Onlar kiçik yaşlarından artıq bu
texnologiyanı gördükləri, maraqları olduğu
üçün daha tez qavrayırlar və reaksiya verə
bilirlər. Bir vaxtlar texnologiya bu qədər inkişaf etməmişdi.
İndiyədək ənənəvi üsulla dərs
keçmə metodu tətbiq edilirdisə, bu, həm müəllim
üçün yorucu olurdu, həm çox enerji sərf
edirdi, həm də şagird yorulurdu. Əgər şagird
bütün dərsi mətn olaraq qəbul edirdisə, indi 45 dəqiqə
ərzində slaydla bütün mövzunu mənimsəmək
mümkündür. Müəyyən maraqlandırıcı
metod tətbiq etməklə 3-4 dərsi 45 dəqiqəyə
sığdıra bilirik. Nəinki şagirdlər, biz
özümüz də ekranda maraqlı bir görüntü
olduqda istər-istəməz diqqətimizi cəlb edir. Demək,
bunu şagirdlər üçün daha da maraqlı etmək
imkanları var. Yəni cavabların gizlədilməsi,
cavabın gətirilməsi, bir işarəylə sual və
cavabın oldugunu göstərməklə marağı
artırmaq olur. Bəzən elə olur ki, onlar özləri
izahı çıxarırlar. Burada intellektual səviyyə
rol oynayır. Yəni belə dərslərin olması
intellektual səviyyənin güclənməsinə çox təsir
göstərir.Bizim məktəb fəaliyyətinə gəldikdə,
digər məktəblərdən o qədər də fərqli
deyil. Demək olar ki, hələ bu istiqamətdə
addımlayırıq, hələ kompyuterlərin sayı da o
qədər çox deyil. Ancaq çalışırıq
ki, ən azından informatika və digər açıq dərslərimizdə
şagirdləri o qurğulara alışdıraq ki, gələcəkdə
elə bir imkan yarandıqda bütün şagirdlər bu
texnologiyalarla davranmağa, işləməyə
alışsınlar.
-
Bugünkü tədris vəsaitləri sizi qane edirmi?
- Orta məktəblərdə
tədris vəsaitlərini o qədər də qənaətbəxş
hesab etmirəm. Bu gün bizim tələbatımızı
ödəmir. Eləcə də qurğular, yüklənən
proqramları da buna aid etmək olar. Məsələn,
proqramlar 2003-cü ilin proqramıdır, amma biz bununla işləməyə
məcburuq. Hazırda 2011-ci ilin proqramı mövcuddur və
şagird də bunu tələb edir. Mən onlara 2007, 2008 və
digər versiyaları öyrətmək məcburiyyətində
qalıram. Biz müəllim kimi əlimizdən gələn
yardımı edirik. Ancaq istərdik ki, daha yaxşı olsun.
İnternetə qoşularkən şagirdi sürət,
kompyuterin yaddaşı maraqlandırır. Biz onlara zəif
sürətli, yaddaşlı kompyuter verdikdə onlar bunu
başqa yerdə olanlarla müqayisə edirlər. Biz istərdik
ki, bu müqayisə yaxşı yönümlü olsun.
- Son illər
abituriyentlərin informatika ixtisasına marağının
artmasını müşahidə edirsinizmi?
-
Abituriyentlərin informatika sahəsinə marağının
artmasına gəldikdə, indi bu vacibdir, hətta magistraturaya
qəbulda da informatika tətbiq edilir. İnformatika elə bir fəndir
ki, onun içərisində sintez gedir və burada riyaziyyat, məntiq,
qurğularla davranışlar var. İnformatikaya ona görə
üstünlük vermək lazımdır ki, bu İKT-ni bilmədən
indiki gənclər yeni dövrlə ayaqlaşa bilməzlər.
Yuxarı siniflərdə onların bu sahəni daha çox
öyrənməsi vacibdir. 10 il bundan əvvəl bunu deyə
bilməzdik, amma indi elə bir dövrdəyik ki, bu məhz
onlar üçün tələb olunur. İnformatikanı
gözəl mənimsəməlidirlər və bu, universitetlərdə,
magistraturada, işə qəbul zamanı da tələb olunur.
Məntiq və informatika bütün bölmələrdə ən
ümdə öyrəniləcək bir fəndir.Bugünkü
gənclərdə fərq çoxdur. Məsələn, ailədə
ona hər bir böyük imkanlar yaradılır, ailə
qayğısı və nəzarəti var. Amma o, bəzən
istəmədən internetdən lazımsız materiallar
götürə bilər. Bu da onun şüuruna,
davranışına təsir edə bilər. Burada müəllimlərin
də üzərinə böyük vəzifə
düşür. Şagirdləri düzgün yönəltməlidirlər.
Dərs prosesi olmasa da, internetdən elə maraqlı material
götürə bilərik ki, onlar bizim maraq dairəmizdə
olsun. Mən şagirdlərin internetə qoşulmasına nəzarət
edirəm ki, görüm daha çox hansı saytlara
baxırlar, hansı xəbərləri götürməyə
meyil edirlər. Daha çox bunu onlara bildirmədən edirəm.
İnternetdən istifadə ilə bağlı onları uzun
müddət nəzarətdə saxlamaq olmur. Yəni valideyn
daim onun yanında ola bilmir. Təlim-tərbiyə
bağçadan başlayır və bu zaman valideynlə
paralel olaraq tərbiyə doğru qurulursa, həyatda onun
uğurunu görə bilirik. Uşaqlarda kiçik
yaşlarından düzgün fikir
formalaşdırmalıyıq. Amma bu düzgün olmadıqda
görürük ki, yuxarı siniflərdə şagirdlərdə
problemlər yaranır. Burada ya valideyn, ya da müəllim
olaraq hardasa onlarda axsamalar getdiyini görə bilirik. Bu gün
bağçalarımızdan çox şey tələb
olunur. Məktəblərdə şagirdlərlə işlədikdə
görürük ki, bağçadan hazırlıqlı gələn
uşaqlarla digər şagirdlər arasında xeyli fərq
var. Mən 1-11-ci siniflərdə dərs keçirəm və
görürəm ki, bağçada olan uşaqların
intellektual səviyyəsi daha yüksəkdir. Onlar fikirlərini
daha yaxşı, sərbəst ifadə edə bilirlər.
- Bu
gün gənclərə peşə olaraq müəllim
olmalarını tövsiyə edirsinizmi?
- Mən
praktik olaraq 3 ildir tədrislə məşğulam. Bu, istəkdən
asılıdır. Müəllimlik sənəti çox
çətindir, məsuliyyətli olduğuna və şagirdlərin
tələbi böyük olduğuna görə bu sənət
məsuliyyətli sənətdir. Amma kiminsə
bacarığı varsa və özünü cəmiyyətə
xeyir verə biləcək bir şəxs kimi görürsə,
mən müəllim olmasını məsləhət görərdim.
Müəllimlik ən şərəfli peşədir.
Bütün sənətlərin müəllimi var. Mən bu sənəti
sevmişəm və məhz müəllimə olmaq
üçün bu sənəti seçmişəm. Sənət
seçərkən müxtəlif istiqamətlər olur. Mən
müəllimlərimi özümə ideal götürərək,
hər bir müəllimimdən müəyyən bir xarakteri,
metodları uşaqlıqdan toplayaraq həqiqətən də
bu sənətin vurğunuyam, ürəklə
çalışıram və öyrətməyi sevirəm.
Nigar
Palitra.- 2011.- 9 fevral.- S. 12.