“Bazar
iqtisadiyyatının qanunları sahibkarlar sinfinin güclü
olmasını tələb edir”
Prezident İlham Əliyev: “Əsassız
müdaxilələrə, lazımsız yoxlamalara son
qoyulmalıdır”
Son
dövrlərdə dövlət bəzi məmurlar tərəfindən
yol verilən nöqsanlara və rüşvətxorluq
hallarına qarşı ciddi tədbirlər görməkdədir.
Prezident İlham Əliyev bununla bağlı olaraq bütün
strukturların qarşısında qəti və ciddi
tapşırıqlar qoyub. Çünki rast gəlinən
bürokratik əngəllərlə dövlət səviyyəsində
ciddi mübarizə aparılması və bu barədə
effektli tədbirlər görülməsi ciddi önəm kəsb
edir. Bütün bunlar Azərbaycanın ümumi
inkişafının tamamlanmasına və vətəndaşların
sosial rifahına, onların hüquqlarının daha yüksək
səviyyədə təmin
olunmasına hesablanıb.
Xatırladaq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu barədə hökumət qarşısında ciddi tapşırıqlar qoyulduğunu bir daha qəti şəkildə diqqətə çatdırdı: “Bürokratik əngəllər aradan qaldırılmalı, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalı, ictimai nəzarət gücləndirilməlidir. Bütün bunlar çox vacib məsələlərdir”. O da qeyd edilməlidir ki, Prezidentin bu sahəyə aid tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirildi. Administrasiya rəhbəri ölkə başçısının bu sahədəki tapşırıqlarını toplantı iştirakçılarının diqqətinə çatdıraraq, mərkəzi və yerli icra hakimiyyəti, hüquq mühafizə orqanları tərəfindən əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəl yaradan, bank, tikinti, nəqliyyat, ticarət, iaşə, təhsil, səhiyyə, sosial müdafiə və sair sahələrdə mövcud olan neqativ faktlar, rüşvətxorluq və korrupsiya halları, vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlar barəsində çoxlu şikayət daxil olduğunu bildirib, bu nöqsanların qısa müddətdə aradan qaldırılmasının zəruriliyini vurğulayıb. Bu barədə dövlət qurumlarının qarşısında konkret tapşırıqlar qoyulduğu diqqətə çatdırılıb. Bunun nəticəsidir ki, fəaliyyətlərində qanun pozuntularına yol vermiş dövlət qulluqçuları müfaviq şəkildə cəzalandırılır, korrupsiya hallarının qarşısının alınması üçün effektli tədbirlər görülür. Onu da bildirək ki, bəzi qəzetlərdə korrupsiya və rüşvətxorluq, məmur özbaşınalıqları və sahibkarlığa əngəllərə qarşı aparılan mübarizənin və cəzalandırmaların müvəqqəi xarakter daşıdığı iddia edilir. Müxalif qəzetlər həmişə olduğu kimi, bu məsələdə də spekulyasiyalara varırlar. Amma görülən tədbirlər və dövlətin bu cür mənfi hallara qarşı ciddi mübarizə əzmi onu göstərir ki, ölkədə bütün strukturlarda subyektiv nöqsanlar, vətəndaşlara qarşı süründürməçilik və rüşvətxorluq kimi qəbahətlər kökündən aradan qaldırılmağa hesablanıb. 2011-ci ildən başlayaraq bu sahədə effektiv tədbirlər görülür. Müxtəlif nazirliklər, komitələrdə neqativ hallara qarşı ciddi yoxlamalar aparılmaqdadır ki, bunun nəticəsi olaraq fəaliyyətlərində qanun pozuntularına yol vermiş dövlət qulluqçuları vəzifələrindən alınmaqdadırlar. İctimaiyyətə bununla bağlı açıq məlumat verilir ki, hər nazirlikdən neçə nəfər işçi neqativ fəaliyyətinə görə işdən çıxarılıb, məhkəməyə verilib və onlara qarşı sair inzibati cəza tədbirləri görülüb. Bütün bunlar Azərbaycanda görülən böyük işlərlə paralel aparılır. Ölkədə bütün cəhətlərdən, o cümlədən məmuriyyət sistemində ciddi islahatlar dönəmi artıq başlayıb və bu proses çox uğurlu srart götürüb. Bu sahədə xüsusən, iqtisadi islahatlar olduqca böyük önəm kəsb edir. Belə ki, son dövrlərdə sahibkarlara qarşı yaradılmış bəzi süni əngəllərə, maneələrə son qoymaq üçün ciddi dövlət tədbirləri görülməyə başlanıb. Prezident bu barədə müvafiq qurumlar qarşısında ciddi tapşırıq qoyub ki, sahibkarlıq fəaliyyətinə heç bir lüzumsuz müdaxilə, yoxlamalar olmamalıdır. Sahibkarlıq üçün maksimum səviyyədə azadlıq mühiti təmin edilməlidir. Prezident Qərb bölgəsinə səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşdə bu barədə bir daha aydın bildirib: “Sahibkarlara qarşı ədalətsiz hərəkətlərin aradan qaldırılması üçün ciddi tədbirlər görülür. Əsassız müdaxilələrə, lazımsız yoxlamalara son qoyulmalıdır”. Sahibkarlığın inkişafına qayğını və himayəçiliyi açıq ifadə edən bu cür mövqe bir daha göstərir ki, dövlət sahibkarlığın inkişafına bundan sonra daha böyük diqqət göstərəcək. Bu sıradan sahibkarlığın ciddi və sürətli templə inkişafını təmin etmək üçün Azərbaycan iş adamlarının beynəlxalq bazarlara çıxması üçün siyasi fəaliyyət və dəstəyin göstərilməsi, ölkə daxilində sahibkarlığın inkişafı üçün güzəştli şərtlərlə uzunmüddətli kreditlərin, subsidiyaların ayrılması və sair stimulyasiyaları misal çəkmək olar. Bundan başqa, ölkədə bazar iqtisadiyyatı prinsiplərinin ən yeni inkişaf tələblərinə uyğun bərqərar olması da sahibkarlığın inkişafında ciddi önəm kəsb edən məqamlardandır. Bazar iqtisadiyyatının qanunları tələb edir ki, sahibkarlıq sinfi güclənsin. Ölkəmizin inkişafı üçün orta və kiçik sahibkarlığın inkişafı başlıca şərtdir. Son dövrlərdə orta və kiçik sahibkarlığın inkişafı üçün mərkəzdə və xüsusən də regionlarda mütəmadi tədbirlər keçirilir. Bu ölçüdə olan sahibkarlara tez-tez kreditlər, subsidiyalar ayrılır. Bu kreditlər obyektiv keçirilən müsabiqələr nəticəsində ayrılır. Məqsəd isə yüksək keyfiyyətli və ixracyönümlü məhsulların yetərincə istehsalına nail olmaq və sahibkarlarımızı bu işdə qabil etməkdir. Qeyd etmək lazımdır ki, bu il, eləcə də sonrakı illərdə də həm dövlət investisiya proqramı xətti ilə, həm də kreditlərin verilməsi istiqamətində əlavə tədbirlər görüləcək ki, regionlar daha da inkişaf etsin və effektli səviyyədə sənayeləşsin.Prezident İlham Əliyevin bildirdiyi kimi, bütün bu tədbirlərdə ictimaiyyət, vətəndaşlar bir olmalı, öz töhfələrini verməli, ölkəmizin inkişaf etməsi, güclənməsi, sosial rifahın daha yüksək səviyyəyə çatdırılması, iqtisadiyyatın daha da möhkəmləndirilməsi məqsədinə xidmət etməlidirlər.
İlkin
Ağayev
Palitra.- 2011.- 11 fevral.- S. 4.