Azərbaycan
Texniki Universitetinin prorektoru Xalıq Yahudov: “Ali təhsil
sistemində ənənələr saxlanmalıdır”
Bu gün cəmiyyətimiz və dövlətimiz
üçün çox mühüm aktuallıq kəsb edən
məsələlərdən biri də təhsil sahəsində,
xüsusilə də ali təhsil sahəsində həyata
keçirilən islahatlardır. Burada transformasiya ilə
bağlı prosesləri, islahatları və xüsusilə də
Bolonya prosesi və kredit sisteminin tətbiqini göstərmək
olar. Bu məsələlərlə əlaqədar
müsahibimiz Azərbaycan Texniki Universitetinin tədris işləri
üzrə prorektoru, dosent Xalıq Məcid oğlu
Yahudovdur.
-
Bolonya prosesi nədir və bu prosesin tərkib hissələri
nədən ibarətdir?
-
Müasir dövrdə Avropa ölkələrinin təhsil
sistemlərinin inteqrasiyasi və ümumavropa ali təhsil məkanının
formalaşdırılması xüsusi aktuallıq kəsb
edir. Bu baxımdan həyata keçirilən tədbirlər
arasında Bolonya prosesi önəmli yer tutur. Bildiyiniz kimi,
Bolonya prosesinin əsas mahiyyəti vahid Avropa ali təhsil məkanının
qurulması üzrə ali təhsil islahatları
proqramının təşkilindən ibarətdir ki, bu da
ayrı-ayrı müstəqil dövlətlərin Avropa təhsil
sisteminə daxil olmaq imkanlarını genişləndirəcək.
Bolonya prosesinin əsasında Avropada vahid təhsil məkanının
yaradılması nəticəsində gələcəkdə
ölkələr arasında tələbə mübadiləsi
və diplomların qarşılıqlı tanınması
asanlaşacaq. Bolonya prosesindən danışan zaman onun
hansı prinsiplər əsasında həyata keçirildiyini
bildirmək lazımdır. Bu prinsiplər əsasən
bunlardır: ikisəviyyəli (bakalavr və magistr) təhsil
sisteminin tətbiqi; kredit sisteminin tətbiqi; təhsilin keyfiyyətinə
nəzarət; tələbələrin və müəllimlərin
mobilliyinin genişləndirilməsi; məzunların işə
düzəlməsinin təmin olunması; Avropa təhsil
sisteminə cəlb olunmanın təminatı; təhsilin
sosial yönümlülüyünün təmin edilməsi
(ömürboyu təhsil). Kredit
sistemi isə ali təhsildə tətbiq olunan fənn bitirmə
və kurs bitirmə kimi iki əsas sistemdən biridir. Keçmiş
sovet məkanında və bir sıra ölkələrdəki
kurs bitirmə sistemindən fərqli olaraq kredit sistemi bilavasitə
fənn keçməyə əsaslanan bir sistemdir. Hazırda dünyada əsas
etibarilə iki akademik kredit sistemi daha geniş yayılıb.
Bunlardan birincisi USCS - United States Credit System (ABŞ Kredit
Sistemi) və ikincisi ECTS - European Credit Transfer System (Avropa Kredit
Transfer Sistemi)dir.ABŞ Kredit Sistemi XX əsrin əvvəllərindən
tətbiq olunur və semestrdə 15-18 kredit qazanmaq imkanı
verir. Avropa Kredit Transfer Sistemi isə XX əsrin 80-ci illərindən
tətbiq olunmağa başlanıb və semestrdə 30-33
kredit qazanmaq imkanı verir. Tələbə krediti mühazirə-seminar
məşğələlərində iştirakı ilə,
müstəqil, yəni auditoriyadan kənar
tapşırıqları yerinə yetirməklə qazana bilər.
- Kredit
sisteminin əsas xüsusiyyətləri nədən ibarətdir?
- Kredit
sistemi əsasən bir neçə səciyyəvi xüsusiyyətlərə
malikdir. Kredit sisteminə görə, bakalavr təhsil səviyyəsində
təhsil müddəti bir qayda olaraq hər biri 2 semestrdən
ibarət olmaqla 4 ildən ibarətdir. Zəruri hallarda
universitet rəhbərliyi bir təhsil ili ərzindəki
mövcud 2 semestrə “yay semestri” adlanan üçüncü
bir semestr də əlavə edə bilər, bu sistem təhsildə
daha yüksək göstəricilərə nail olmaq
üçün stimul yaradır, bu və ya digər səbəbdən
hansısa fəndən qeyri-müvəffəq qiymət
almış tələbəyə aşağı kursdan qalan
fənni təkrar oxumaqla həmin fənni mənimsəmək
imkanı qazandırır və tələbə imtahandan
müvəffəq qiymət ala bilir, beləliklə, sistem zəif
tələbənin də potensialını sonuna qədər
istifadə etmək üçün şərait yaradır, tələbənin
bu və ya digər subyektiv münasibətin, təsadüfi
halların, şəxsi qərəzçilik kimi amillərin
qurbanı olması hallarını istisna edir, bu sistemin tətbiqində
əsas şərtlərdən biri də tələbənin
dərsə davamiyyətinin məcburi olmasıdır.Artıq
qeyd etdiyimiz kimi, kredit sistemi tədris prosesində fənn
bitirməyə əsaslanır, yəni tələbə hər
bir fənnin tədrisini başa vurmalı və imtahandan
müvəffəq qiymət almalıdır. Kurs bitirmə
sistemində olduğu kimi, kredit sistemində də tələbə
tədris ilinin müvafiq semestrinə aid dərs, təcrübə,
laboratoriya, seminar, buraxılış işi və digər fəaliyyətlərdə
iştirak etmək məcburiyyətindədir. Adətən tələbənin
bir həftəlik dərs yükü 30 saat nəzərdə
tutulur. Lakin bu hədd tələbənin fərdi imkanları
nəzərə alınmaqla qrup rəhbərinin və
dekanın təklifi ilə müəyyən qədər
artırıla bilər. Tələbə hər tədris
ilinin əvvəlində qeydiyyatdan keçərkən
götürəcəyi dərsləri bəyan etməlidir. Bu
işlərlə universitetdə müvafiq dekanlıq və ya
bu məqsəd üçün yaradılmış xüsusi
qurum məşğul olur.Aşağı kursdan, növbəti
semestrlərdən və ya digər ixtisaslardan fənlərin
göstərilməsi zamanı təhsil müddəti ərzində
müvafiq fakültə tərəfindən hər bir qrupa təhkim
olunmuş tyutor (məsləhətçi) tələbənin
fərdi imkanlarını nəzərə alaraq ona lazımi
tövsiyələr verir. Tyutor təhsil müddəti ərzində
tələbələrə nəzarət edir, müvafiq məsləhətlər
verir və lazımi köməklik göstərir. Hər
semestrin əvvəlində tələbə götürmək
istədiyi fənləri məhz tyutor ilə
razılaşdıraraq qeydiyyatdan keçir. Təkrar
keçilən fənlərdə tələbənin
iştirakı məcburidir. Təbii ki, bu və ya digər təhsil
sisteminin tətbiqində uğur əldə edilməsində
tələbənin biliyinin qiymətləndirilməsi mühüm
rol oynayır. Ona görə də kredit sistemində hər
hansı bir fəndən tələbənin müvəffəqiyyət
dərəcəsini müəyyən etmək
üçün semestriçi və semestrsonu imtahanlar
keçirilir. İmtahanın növü (yazılı, test,
şifahi, şifahi-yazılı və ya praktik), hər
hansı növ çalışmanın necə qiymətləndiriləcəyi
bilavasitə müvafiq əsasnamə ilə müəyyən
olunur. İmtahanlarda tələbənin biliyi 100 ballıq
sistem üzrə qiymətləndirilir.
-
Ümumiyyətlə, haqqında
danışdığımız kredit sistemi neçə
ölkədə tətbiq olunur?
- Kredit
sistemi ABŞ-da, dünyanın bir çox ölkəsində
və Avropanın 50-dək ölkəsində tətbiq edilir.
Azərbaycan Respublikası da bu prosesdən kənarda
qalmayıb və 19 may 2005-ci ildə Norveçin Bergen şəhərində
keçirilən konfransda Bolonya prosesinə qoşulub. Bununla
da Azərbaycan Respublikasının ali təhsil sistemi, o
cümlədən Azərbaycan Texniki Universiteti (AzTU) də
keyfiyyətcə yeni bir mərhələyə qədəm
qoyub. Azərbaycanın ali təhsil sisteminin mövcud nailiyyətlərini
və ənənələrini saxlamaqla Avropa və eləcə
də dünya ali təhsil sisteminə inteqrasiyası ali təhsil
üzrə ölkəmizin dövlət siyasətinin əsas
prinsiplərindəndir. Artıq qeyd etdiyim kimi, bu məqsədlə
Azərbaycan ali təhsil sistemi Bolonya prosesinə qoşulub.
Bununla da faktiki olaraq ali təhsildə aparılacaq
islahatların konturları müəyyənləşdirilib,
2006-2010-cu illəri əhatə edən müvafiq tədbirlər
planı hazırlanıb təsdiq edilib. Tədbirlər
planına uyğun olaraq bakalavr hazırlığının məzmununa
və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin
strukturu təsdiq edilib və buna müvafiq istiqamətlər
üzrə yeni nəsil dövlət təhsil standartları
hazırlanıb. Beynəlxalq təcrübəyə əsaslanaraq
hazırlanmış yeni standartlarda fənlərin sayı,
auditoriya saatlarının miqdarı azalıb, seçmə fənlərə
ayrılan saatların miqdarı çoxalıb və tələbələrin
müstəqil işinə xeyli vaxt ayrılıb. Bolonya bəyannaməsinin
başlıca müddəalarından biri ölkədə təhsilin
keyfiyyətinin təmin olunması sisteminin yaradılması ilə
bağlıdır. Bu istiqamətdə ali təhsilin keyfiyyətinin
qiymətləndirilməsini təmin etmək məqsədilə
hökumətin qərarı ilə ali və orta ixtisas təhsili
müəssisələrinin attestasiyası və
akkreditasiyası haqqında əsasnamə təsdiq olunub.
Hazırda bu sahədə intensiv işlər sürətlə
aparılmaqdadır.Kredit sisteminin tətbiqi ilə
bağlı olan hüquqi-normativ bazanın yaradılması
istiqamətində bir çox xarici ölkələrin təcrübəsi
öyrənilib, ali təhsil müəssisələrində
kredit sistemi ilə tədrisin təşkili barədə
nümunəvi əsasnamə hazırlanıb, təsdiq edilib.
Görüləcək işlərin həcminin genişliyi nəzərə
alınaraq ilkin mərhələdə bir neçə ali məktəbdə,
o cümlədən AzTU-da eksperiment şəklində kredit
sisteminin qismən tətbiqinə başlanılıb.
Hazırda ölkəmizin bütün ali məktəblərində
tədris bu sistem əsasında həyata keçirilir. Məlumdur
ki, tədris proqramının başa vurulması
üçün əsas meyar əvvəlcədən ekspertlər
tərəfindən müəyyən olunmuş sayda kredit
vahidlərinin yığılmasıdır. Azərbaycanda qəbul
olunmuş nümunəvi əsasnaməyə uyğun olaraq tələbə
təhsil aldığı müddət ərzində 200-250
kredit toplaya bilər. Semestrdə tələbənin toplaya biləcəyi
kreditlərin maksimal sayı 30-a bərabərdir.Təhsil elə
bir sahədir ki, orada inqilabi dəyişikliklər əks nəticə
verə bilər. Ona görə də kredit sistemi ilə tədrisin
təşkili və tələbələrin biliyinin qiymətləndirilməsi
məsələsində bu prosesə tədricən
keçilib. Avropa dövlətlərində bu prosesə
yanaşmada inqilabi deyil, təkamül yolu ilə yanaşma
mövcuddur. Xüsusilə, mühəndis
hazırlığı ilə məşğul olan ali təhsil
müəssisələrində.
- Bolonya
prosesinə keçidlə əlaqədar ölkəmizdə
hansı islahatlar aparılır?
- Təhsil
sahəsində, xüsusilə də ali təhsil sahəsində
respublikamızda məqsədyönlü şəkildə
uğurlu islahatlar aparılmaqdadır. Respublikanın Təhsil
Nazirliyi elmi-metodik mərkəz kimi çox böyük
işlər görür. Bu sahədə ölkə
Prezidentinin müvafiq fərmanları və sərəncamları
olub. Məsələn, “Azərbaycan Respublikasında Bilik
Gününün təsis edilməsi və təhsil müəssisələrində
iş rejiminin tənzimlənməsi haqqında”, “Azərbaycan
Respublikası ali təhsil müəssisələrinin Avropa
ali təhsil məkanına inteqrasiyası ilə bağlı
tədbirlər haqqında”, “2009-2013-cü illər Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramı” haqqında”, “2008-2012-ci illərdə
təhsil sahəsinin informasiyalaşdırılması üzrə
Dövlət Proqramın”nın təsdiq edilməsi
haqqında və s. 12 yanvar 2008-ci il tarixində Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarı ilə
bakalavriat səviyyəsi ixtisaslarının yeni
nomenklaturası təsdiq edilib. Bütün bunlar ölkəmizin
Bolonya prosesinə qoşulmasında yeni strukturun və buna
müvafiq təhsil standartların hazırlanması zərurətini
yaradıb. Bununla əlaqədar olaraq ali təhsil müəssisələrində
və eləcə də AzTU-da tədris prosesinin təşkili
və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi,
xüsusilə kredit sistemi ilə tədrisin təşkili ilə
əlaqədar bir sıra tədbirlər həyata
keçirilib. Belə ki, Təhsil Nazirliyinin “Bakalavr
hazırlığının məzmununa və səviyyəsinə
qoyulan minimum dövlət tələblərinin strukturu”nun tələblərinə
uyğun olaraq bütün istiqamətlər üzrə təhsil
standartları işlənib və Təhsil Nazirliyində təsdiq
edilib. Təhsil standartları əsasında bütün
ixtisaslar üzrə tədris planları tərtib və təsdiq
edilib. Qeyd etmək lazımdır ki, bu standartlar bakalavr
hazırlığını təmin edən keyfiyyətcə
yeni ali baza təhsili proqramının strukturuna uyğun
hazırlanıb.
Əlimərdan
Sultanov
Palitra.- 2011.- 15 fevral.- S. 5.