Turizm İnstitutu
30 xarici ali məktəblə
əlaqələr yaradıb
Azərbaycan Turizm İnstitutunun
(ATİ) 5 illik yubileyi
ilə bağlı tədbir keçirildi. Azərbaycanda turizm sənayesinin artıq
dövlətin prioritet istiqamətlərindən
birinə çevrildiyini
deyən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, ölkəmizdə
həyata keçirilən infrastruktur inkişaf layihələri
genişlənir və həcmi
artır ki, bu da turizm sahəsinin
inkişafına
təsir edir: “Azərbaycana
turistlərin axını çoxalır.
Ölkəmizə gələn turistlərin sayı ötən
ilə nisbətən 6-7 faiz civarında çoxalıb. Biz
Azərbaycana artıq
1 milyon 900 mindən çox turistin gəlişini rəsmən qeyd
etmişik. Məqsədimiz odur ki, bu
il ölkəmizə gələn turistlərin sayı 2 milyonu keçsin və yaxın 5 il müddətində turistlərin
sayının 3-4 milyona çatdırılması
bizim qarşımızda bir
məqsəd olaraq durur, buna doğru
da irəliləyirik”.
Bu gün
yeni turizm sənayesi
formalaşmaqdadır
Turizmin inkişafında kadr
potensialının mühüm rolu olduğunu deyən nazir bildirdi ki, 5 il əvvəl
ATİ ölkəmizin qocaman təhsil ocaqları
sırasında yer alıb
və bu müddətdə turizm təhsilinin
formalaşmasında, yüksək ixtisaslı kadr
hazırlığında öncül
yer tutub: “Genişlənən
mehmanxana şəbəkəsi
və insanlar tərəfindən turizmə
artıq tamamilə başqa bir münasibətin bəslənməsi
ATİ-nin fəaliyyətinin
bu gün cəmiyyətə lazım
olduğunu göstərir. İlk
dəfə olaraq Azərbaycanda
beynəlxalq layihə üzrə tələbələrimiz
diplom alır. ATİ-nin
qabaqcıl tələbələri həm Azərbaycanın, həm
də Avstriya institutunun
diplomlarını alırlar. Artıq bu, qabaqcıl
bir təcrübədir, yəni yeniliyə
getmək bacarığı bu institutun üzərinə
düşür. 2011-ci ilin
ölkəmizdə “Turizm ili”
elan olunması ATİ-nin
qarşısında təhsil
və tədqiqat istiqamətindəki fəaliyyətini bir daha inkişaf
etdirmək tələbini qoyub”. ATİ-nin turizm təhsili sahəsindəki fəaliyyətinin
geniş ictimaiyyətə
çatdırılmasında məhz
jurnalistlərin əhəmiyyətli rolu olduğunu deyən nazir bildirdi ki, ümumiyyətlə, turizm
mövzusunu gündəmə
gətirmək, düzgün izah və təbliğ etmək,
insanların bu fəaliyyət
növünə
diqqətini artırmaq vacibdir. Ə.Qarayevin sözlərinə
görə, son 5 ildə
Mədəniyyət və Turizm Nazirliyi (MTN) ilə yanaşı ATİ-nin fəaliyyətini
işıqlandırmaqla mətbuat
işçiləri də turizmin inkişafına öz
töhfələrini veriblər. Ölkədə turizmə
dövlət qayğısından danışan nazir bildirdi ki, bu yaxınlarda Qusarda bir sıra iclaslar
keçirilib: “Qusarda Azərbaycanda ilk dəfə olaraq süni qar əmələ
gəlmə prosesini gördük.
İtaliyanın, İsveçrənin,
Avstriyanın mütəxəssisləri
bu prosesi izlədi və Azərbaycanda ilk
süni qar
yağmasını alqışladılar. Bu böyük
bir işdir. Əgər dövlətin
bu işə marağı olmasaydı və bu
istiqamətdə həyata
keçirilən layihələr genişləndirilməsəydi,
bu cür işlərin icrası çətin
olardı. Ölkə başçısı bu
ili “Turizm ili” elan etdi.
Bu qərar ona əsaslanır
ki, ötən il turizmlə bağlı Dövlət
Proqramı təsdiq olundu, Azərbaycanın
artıq geniş miqyasda təbliğ olunmaq mexanizmi
formalaşıb, infrastruktur genişləndirilib və
ölkəmizdə bu gün
yeni bir mərhələyə çıxan
turizm sənayesi
formalaşmaqdadır. Bu il 5 ədəd beşulduzlu
otel tikilməkdədir
və “Şahdağ” kimi
yay-qış turizm kompleksi yaradılmaqdadır. Bundan başqa
ölkədə bütünlükdə
nəqliyyat sistemi yenidən
qurulub, bu da mübadilənin
genişlənməsi üçün imkanlar yaradır, Azərbaycana beynəlxalq
ictimaiyyət və Ümumdünya Turizm Təşkilatı
(ÜTT) tərəfindən getdikcə marağın artmasına gətirib
çıxarır. Onu da qeyd edim
ki, bu il
ÜTT-nin keçirəcəyi
seminarda ATİ də iştirak edəcək. Prezidentin
tapşırığı ilə ATİ-nin
nəzdində 2 peşə məktəbinin
yaradılması qərara alınıb ki,
onlar həm peşə,
həm də kolleclərin funksiyalarını öz
üzərlərinə götürsünlər
və Azərbaycanda orta kadrların
hazırlıq səviyyəsini təmsil
etsinlər. Bu da
göstərir ki, ölkəmizdə davamlı, düşünülmüş
və təyinatlı
turizm siyasəti həyata keçirilir. Qusara səfər
zamanı bu rayon üçün kadr və xüsusi marketinq planının
hazırlanması, menecmentin qurulması haqqında xarici şirkətlərlə
danışıqlarımızı demək
olar ki,
tamamlamışıq. Yaxın 2-3 ay müddətində müqavilənin
imzalanmasını nəzərdə tuturuq.
Bu səbəbdən
də kadrların hazırlığı, marketinqin
aparılması, menecmentə hansı qüvvələrin cəlb
olunması ilə bağlı ATİ-yə konkret tapşırıqlar veriləcək”.
Azərbaycanda hər il
30-50 civarında motellərin, yerləşdirmə
yerlərinin açılmasının böyük
rəqəm olduğunu
deyən nazir onu da bildirdi ki,
nəticədə artıq rəqabət artır və yerləşdirmə
yerləri çoxaldıqca qiymətlər aşağı düşür: “Qəzet
və jurnallarda verilən elanlara nəzər
saldıqda görürük
ki, 15-120 AZN həcmində xidmətlər
təklif edən şirkətlər mövcuddur. Lakin bizim məqsədimiz odur ki, ən ucuz qiymətlərlə xidmət
göstərilən yerlərdə də peşəkarlar
işləsin. Ucuz qiymətlə
də asudə vaxtını keçirən
insanlar turizmin ləzzətini duymalıdır”. Nazir onu da
vurğuladı ki, ATİ-nin
binasının beşinci
mərtəbəsi tamamlanıb
istifadəyə verilsə də, bu hələ yetərli deyil: “ATİ-nin yeni binasının yaradılması
haqqında düşünürük. Bu beş il
müddətində institut
artıq bakalavrdan magistratura pilləsinə qalxdı. Biz doktoranturanın
açılmasını gözləyirik”.
Cari ilin martında ATİ-də doktoranturaya qəbul həyata keçiriləcək
Daha sonra
çıxış edən
ATİ-nin rektoru Cəfər Cəfərov
rəhbəri olduğu
ali təhsil ocağının bu beş il ərzində
keçdiyi yola nəzər salaraq bildirdi ki, institut
tədris fəaliyyətinə
2006-cı ilin sentyabrında
bir fakültə - Turizm işinin təşkili və idarə edilməsi, üç ixtisas - menecment (turizmdə), marketinq (turizmdə) və turizm və sosial-mədəni sahədə servis, iki kafedra - Turizm
ixtisası fənləri
kafedrası, Ümumi fənlər kafedrası və 200 tələbə
ilə başlayıb.
Növbəti tədris
ili (2007-2008) üçün ATİ-nin
tələbə qəbulu
planına 5 yeni ixtisas - sanatoriya və kurort müəssisələrində tibbi xidmətin təşkili, sağlamlıq
və kurort, mədəniyyət və
incəsənət turizmi,
linqvistika (bələdçi-tərcüməçi),
idman turizmi əlavə edilib. Tələbə qəbulunun sayı
isə 310 nəfərə
qədər artırılıb.
Hazırda ATİ-də turizm
sektoru üçün
bakalavr proqramında
11 ixtisas üzrə
1311 tələbə təhsil
alır. 2010/2011-ci tədris ilindən
ATİ-də magistratura
pilləsi də fəaliyyətə başlayıb
və 3 ixtisas üzrə 19 tələbə
təhsil alır.
Tələbələrin ictimai
həyatda aktiv fəaliyyətini dəstəkləmək
üçün institutda
Tələbə Gənclər
Təşkilatı, Tələbə
Həmkarlar Təşkilatı,
Tələbə Elmi Cəmiyyəti və Turist Klubu kimi
birliklər fəaliyyət
göstərir. İnstitutun ilk gündən təhsil-tədris
işini Avropa standartlarına uyğun, Bolonya sistemi əsasında qurduğunu
deyən rektor bildirdi ki, ATİ öz fəaliyyətində
beynəlxalq əlaqələrin
qurulmasına xüsusi
diqqət ayırır.
Belə ki, ATİ Avropa Kredit Transfer Sistemi (AKTS) və çoxballı qiymətləndirmə
sistemini tam tətbiq edən yeganə dövlət ali
məktəbidir. AKTS çərçivəsində institutun 6 tələbəsi
xaricdə təhsil alıb. ATİ-də Avstriyanın Krems İMC Tətbiqi Elmlər Universiteti ilə akademik anlaşmaya əsasən
AATP (Azərbaycan-Avstriya Turizm
Proqramı) adlı beynəlxalq qrup təşkil edilib. Tələbələr turizm sahəsində
təcrübə qazanmaq
üçün Azərbaycanla
yanaşı Türkiyə,
Yunanıstan, Şimali
Kipr, ABŞ, Ukrayna, İsrail, Portuqaliya və s. ölkələrdə
təcrübə mübadiləsində
olublar. Avropa İttifaqının Erasmus-Mundus Xarici Əməkdaşlıq
Proqramı çərçivəsində
2008-ci ildən Yunanıstan,
Fransa, Bolqarıstan, İtaliya, Litva, Portuqaliya, Niderland və s. ölkələrin
universitetləri ilə
əməkdaşlıq imkanları
əldə edilib.
Keçən dövr ərzində
9 müəllim və
17 tələbə bu
proqramdan istifadə edərək xaricdə təhsil və təcrübəsini artırıb.
Həmçinin ATİ 2 müəllim və 4 xarici tələbəni qəbul
edib. Ümumiyyətlə,
ATİ yarandığı gündən
bu yana
30 xarici ali məktəb və 34 beynəlxalq təşkilatla
əlaqələr qurub.
Rektor bildirdi ki, bugünlərdə
ATİ BMT-nin “Akademik təsir” (Academic İmpact)
proqramının üzvləri
sırasına da qoşulub: “Akademik təsir” proqramı insan hüquqları, savadsızlıq, davamlı
inkişaf və konfliktlərin həlli yollarına dair 10 qlobal prinsipin dəstəklənməsi yolunda
ali təhsil müəssisələrini BMT ilə
əlaqələndirən qurumdur.
BMT baş katibinin
kommunikasiya və ictimai informasiya məsələləri üzrə
müavini cənab
Kiyo Akasaka ATİ-nin üzvlüyünü təsdiq
edən sertifikatı
ATİ-yə göndərib”.
O da vurğulandı ki, ATİ eyni zamanda bir sıra
yerli və beynəlxalq konfransların
təşkilatçısı və iştirakçısı
da olub. Hazırda adıçəkilən təhsil
ocağında turizm sahəsində müxtəlif
kitabların toplandığı
ATİ Kitabxana-İnformasiya Mərkəzi fəaliyyət
göstərir ki, bu, ölkədə turizm sahəsində bu cür zəngin
tərkibə malik yeganə mərkəzdir.
Ali təhsil ocağının
gələcək planlarının
da çox olduğunu deyən C.Cəfərov qeyd etdi ki, institutda
təhsil islahatları
ilə əlaqədar
Himayədarlar Şurasının
Əsasnaməsi hazırlanıb
və Təhsil Nazirliyinin müvafiq komissiyasına təqdim edilib. Yaxın vaxtlarda Himayədarlar
Şurasının yaradılması
nəzərdə tutulur.
O da vurğulandı ki,
cari ilin martında ATİ-də doktoranturaya qəbul həyata keçiriləcək.
Nazirlər Kabinetinin qərarı
ilə ATİ-nin nəzdində Turizm Peşə Liseyinin yaradılması gözlənilir.
Gələcəkdə Mingəçevir Turizm Kolleci ilə əməkdaşlığın
dərinləşdirilməsi də həyata keçiriləcək planlara
daxildir. Ötən
il ATİ-nin 2010-2014-cü illər üzrə Elmi-Tədqiqat
Planı təsdiq edilib. Mədəniyyət
İşçiləri Müstəqil
Həmkarlar İttifaqı
Respublika Komitəsinin
sədri Cəmilə
Səttarova belə bir konfransın keçirilməsindən məmnun
qaldığını və
təmsil etdiyi qurumun adından ATİ-nin bir qrup
əməkdaşını yubiley münasibətilə
mükafatlandırdı.Tədbirin sonunda ATİ-nin 5 illlik fəaliyyətinin dəqiq və peşəkarlıqla ictimaiyyətə
çatdırılmasındakı xidmətlərinə görə
qəzetimizin əməkdaşı
da daxil olmaqla bir qrup
KİV nümayəndələri mükafatlandırıldı.
Nigar
Palitra.- 2011.-
15 fevral.- S. 7.