“Pedaqoji kollektivin 90-95 faizinin qadınlardan ibarət
olması gələcək nəslin yetişdirilməsində
fəsadlara gətirir”
Son dövrlərdə
ölkədə təhsilin səviyyəsini
qaldırmaqla bağlı bir sıra əlamətdar tədbirlər
həyata keçirilməkdədir. Bununla
bərabər təhsil
sahəsində hələ də mövcud
olan neqativ halların aradan qaldırılması
ilə bağlı da
ciddi müzakirələr
aparılmaqdadır. Bu cür
müzakirələr xüsusi
olaraq təhsil müəssisələrində
müəllim kadrlarının hazırlıq səviyyəsi, onların üzərilərinə
düşən funksiyaların öhdəsindən necə gəlmələri,
zamanın tələbinə uyğun olaraq tədris prosesini aparmaları və sair məsələlərlə
bağlıdır. Bir sözlə, müasir müəllimin necə olması bu gün ən
çox müzakirə
olunan təhsil məsələlərindən
hesab olunur. Mövzu ilə
bağlı olaraq suallarımızı
XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya
Mərkəzinin psixoloji
xidmətinin rəhbəri, peşəkar psixoloq,
ekspert Humay Axundzadə
cavablandırır. H.Axundzadə
düşünür ki,
tədris prosesində şagirdlərin təlim-tərbiyə
məsələlərinin optimal səviyyədə qurulması
üçün müəllimlər
lazım gələn keyfiyyət və
bacarıqlara sahib olmalıdır. Çünki tədris prosesində müəllimdən
çox şey
asılıdır.
- Sizcə, müasir müəllim hazırlıq baxımından ümumi olaraq necə olmalıdır?
- Müəllim hazırlığı mürəkkəb
bir prosesdir. Bu mürəkkəblik bir tərəfdən müəllim
peşəsinə verilən
tələblərin çoxşaxəliliyindən,
digər tərəfdən
isə müasir dövrün özünəməxsus
tələblərindən irəli
gəlir. Təlim-tərbiyə
prosesinin səmərəli
təşkili üçün
müəllim bir sıra şəxsi-psixoloji
keyfiyyətlərə malik
olmalıdır.
- Müasir müəllimin pedaqoji hazırlıq səviyyəsi
və bilikləri barədə hansı təsəvvürləriniz var?
- Adətən müəllimin pedaqoji hazırlıq səviyyəsindən
danışdıqda onun
bilik səviyyəsinin
müzakirəsi ön
plana keçir. Əlbəttə, bunun rolu danılmazdır. Lakin bir məsələyə
xüsusilə toxunmaq
istərdim. Təhsilin
məqsədi yalnız
müəyyən bilik,
bacarıq və vərdişlərə malik şəxs yetişdirmək deyil, əsas məqsəd hərtərəfli inkişaf
etmiş şəxsiyyət yetişdirməkdir.
O şəxsiyyət ki,
həyatda öz yerini tuta bilsin,
vətənə fayda
gətirsin. Bu isə sadəcə biliklərin mexaniki ötürülməsi
nəticəsində baş
vermir. Bu, müəllimin
özünün dolğun
şəxsiyyət olmasını
və şəxsiyyət yetişdirmək bacarığını
tələb edir. Ona görə də müəllimin pedaqoji hazırlığından
danışdıqda onun
bir şəxsiyyət
kimi yetkinliyini, həyatda hansı dəyərləri rəhbər
tutmasını, hansı
əxlaqi-mənəvi keyfiyyətlərə
malik olmasını nəzərdən qaçırmamalıyıq.
- Bu sahədə bizdə hansı çatışmazlıqları görürsünüz?
- Çatışmazlıqların
bir qismini pedaqoji sahəyə üz tutan gənclərin motivasiyası ilə əlaqələndirərdim. Yəni
müəllim peşəsinə
yiyələnməyə can atan gənci buna nə təhrik
edir. Müşahidələr
göstərir ki, orta məktəbi bitirən gənclərin bir çoxuna müəllimlik peşəsinə
yiyələnmək bir
növ asan görünür. Paradoksal
da olsa, bəziləri elə düşünür ki, əgər müəllim özündən yaşca
kiçik olanları öyrədirsə, onun öz intellektual qabiliyyətlərinin yüksək
olması zəruri deyil. Ona görə
də təhsilin aşağı pillələrinə
nəzər saldıqda
biz burada müəllimin
ümumi dünyagörüşü,
intellektual potensialı
ilə bağlı daha çox problemləri görə bilərik. Məncə, hal-hazırda məktəbəqədər
təhsil və ibtidai məktəb təhsili ilə bağlı mövcud olan problemlərin bir çoxu elə bununla əlaqədardır. Təhsilin
yuxarı pillələrində,
məsələn, ali
təhsildə başqa
məqamları qeyd edə bilərik. Hesab edirəm ki, ali təhsil
sahəsində çalışan
müəllimin peşəyə
tam hazır mütəxəsis
hazırlaması üçün onun özünün nəinki
nəzəri, həm də praktik təcrübəyə malik
olması vacibdir. Lakin danılmaz faktdır ki, istər sırf pedaqoji, istərsə də digər kadrların hazırlanmasında
çox zaman konkret sahədə kifayət qədər təcrübəyə malik
olmayan mütəxəsislər
iştirak edir. Əlbəttə, peşə
təcrübəsi yalnız
əsaslı nəzəri
baza üzərində
qurula bilər. Lakin təhsil yalnız nəzəri biliklərin ötürülməsindən ibarət
olduqda mütəxəssis
hazırlığında natamamlığa
gətirib çıxarır.
Digər mühüm
problem pedaqoji sahəyə
yiyələnənlərin əsasən qadınlardan
ibarət olmasıdır. Bu, yalnız ali təhsil sahəsində bir qədər fərqlidir. Artıq adi hala çevrilib ki, istənilən orta məktəbə üz tutsaq, pedaqoji kollektivin 90-95%-nin qadınlardan ibarət olduğunu görə bilərik. Amma unutmaq olmaz ki,
bu, gələcək nəslin yetişdirilməsində
fəsadlara gətirir.
Bir çox psixoloji tədqiqatlar göstərir ki, oğlanların
davranış modellərini
mənimsəməsində ailə ilə yanaşı məktəb
müəllimlərinin də
rolu böyükdür.
Lakin məktəbdə
nümunə ola biləcək kişi müəllimlərin demək
olar ki olmaması
bu məsələdə
özünəməxsus çətinliklərin
yaranmasına gətirib
çıxarır.
- Müasir müəllimin şagirdlərə,
tələbələrə psixoloji baxımdan yanaşması ilə bağlı hansı fikirləriniz var?
- Təhsilin istənilən
pilləsində
pedaqoji prosesin səmərəsi müəllimin
nə dərəcədə
psixoloji biliklərə
malik olmasından da asılıdır. Bu zəruri biliklər həm ümumpsixoloji, həm də yaş və pedaqoji psixologiya sahəsində olmalıdır.
Həm də bir müəllim işlədiyi yaş qrupunun məhz hansı psixoloji keyfiyyətlərə malik
olmasını və bunu təlim-tərbiyə
prosesində nəzərə
almağı bacarmalıdır.
- Müəllimlər pedaqogika ilə psixologiyanı necə əlaqələndirməlidirlər?
- Müəlllimin psixoloji biliklərə malik olması zəruridir. Burada mən iki bir-birinə
zidd, lakin eyni dərəcədə
yanlış olan mövqeyi göstərə bilərəm.
Bəzi müəllimlər öz
pedaqoji biliklərinə əsaslanaraq psixoloqun səriştəsinə daxil
olan məsələləri
öz üzərilərinə
götürürlər. Belə
halda onlar “müəllim elə psixoloqdur” fikrini rəhbər tuturlar. Bu, qeyri-effektiv və bəzən isə uşağın psixi inkişafı üçün
təhlükəli mövqedir.
Digər yanlış
mövqe isə ondan ibarətdir ki, bəzi müəllimlər
az qala təlim-tərbiyə
ilə bağlı bütün problemləri yalnız psixoloqun həll etməli olduğunu düşünür, psixoloqa
müraciət etməklə
öz vəzifələrini
bitmiş hesab edirlər. Təbii ki, bu, belə
deyil. Effektiv təlim-tərbiyə prosesi
ancaq müəllim və psixoloqun əməkdaşlığı
və birgə fəaliyyəti nəticəsində
baş tuta bilər.
- İKT yeniliklərindən
müasir müəllimlərin
istifadə səviyyəsi
və bacarıqları
ilə bağlı nələri deyə bilərsiniz?
- Son illər dövlət səviyyəsində
müəllimlərin informasiya
texnologiyalarını mənimsəməsinə
yönəlmiş bir
sıra proqram və layihələr həyata keçirilir. Bu, müsbət
haldır. Belə təəssürat var ki, bu proses
təhsilin orta məktəb pilləsində
daha sürətlə
gedir. Buna nümunə
olaraq “İntel-Gələcək
üçün təhsil”
proqramını, məktəblərdə
mimio lövhəsinin quraşdırılmasını göstərə bilərik.
Fikrimcə, informasiya texnologiyalarının təlimə
get-gedə daha çox nüfuz etməsini nəzərə
alaraq, bu sahədə yeni normativ standartlar işlənilib hazırlanmalıdır.
Yeni texnologiyaların istifadəsi şagirdlərin
sağlamlığına ziyan
vuracaq dərəcədə
olmamalıdır.
- Kompyuter bilikləri olmayan müəllim şagidləri
nə dərəcədə
hazırlaşdıra bilər?
- Doğrusu, müasir dövrdə bunu təsəvvür etmək olduqca çətindir. İnformasiyanın
əldə olunması,
dərsə hazırlıqdan
tutmuş materialın
təqdiminə qədər
bütün mərhələlərdə
kompyuter və sair bu
və ya digər dərəcədə
lazım olur. Lakin bunu mütləqləşdirmək
və bu məsələdə ifrata
varmaq da düzgün deyil. Bəzən görə bilərik ki, müəlllimlər əyanilik və təqdimin rəngarəngliyinə
aludə olaraq məzmunun səthiləşdirilməsinə
gəlib çıxırlar.
Təlim materialının
kompyuter texnologiyaları
vasitəsilə əyani
təqdimi səmərəli
olsa da, burada müəllimin məzmun və forma arasında balansı tapması çox vacibdir.
İlkin Ağayev
Palitra.- 2011.- 15 fevral.-
S. 10.