Azərbaycan Texniki Universitetinin prorektoru Xalıq Yahudov: “Perspektivli gənclər universitetlərdə pedaqoji fəaliyyətə cəlb olunmalıdır”

 

Müsahibimiz Azərbaycan Texniki Universitetinin tədris işləri üzrə prorektoru, dosent Xalıq Məcid oğlu Yahudovdur. 

 

-19 iyun 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” qanun təhsilin inkişafına necə təsir göstərəcək?

- 19 iyun 2009-cu ildən qüvvəyə minmiş “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu təhsil sahəsində xüsusi rol oynayacaq. Bu qanun təhsilin bütün pillələrini və səviyyələrini əhatə edən çərçivə qanunudur və sonradan onun əsasında müxtəlif qanunlar, o cümlədən “Ali təhsil haqqında” qanun hazırlanacaq. Təhsil sistemində ali məktəblərin, ümumiyyətlə ali təhsilin xüsusi yeri var, çünki ali təhsil pilləsində bütün cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssislər, eləcə də elmi-pedaqoji kadrlar hazırlanır. Eyni zamanda ölkənin elmi-pedaqoji potensialının əsas hissəsi də məhz ali təhsil sistemindədir. Məlumdur ki, ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələri mövcuddur. Bizim əsas vəzifəmiz texnika sahəsində bu səviyyələr üzrə kifayət qədər yüksək ixtisaslı kadrlar hazırlamaqdan ibarətdir. Eyni zamanda ali təhsil sistemində əlavə ixtisas, kadrların ixtisasının artırılması və yenidən hazırlanması işləri də həyata keçirilir. Yeni qanun bütün istiqamətlər üzrə fəaliyyətimizi təşkil etməyə, eləcə də ölkəmizin və inkişaf etmiş ölkələrin aparıcı universitetləri ilə səmərəli əməkdaşlığa imkan verir, universitetlərin fəaliyyət sərbəstliyini xeyli artırır. Yeni qanunda elmi-pedaqoji kadrların yaş həddi məsələsi də nəzərdə tutulub. Ali təhsil sistemində çalışan professor-müəllim heyətinin orta yaş həddinin 60-dan yuxarı olduğu indiki vaxtda bu məsələ çox aktualdır. Bu isə elmi dərəcəsi olan gənc kadrların ali təhsil sistemində tədrisə cəlb edilməsini xüsusilə vacib edir. Ali təhsil müəsissələri əlavə maliyyə vasitələrinin əldə edilməsi və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sahəsində də müəyyən imtiyazlar əldə edib. Belə ki yeni qanuna görə ali təhsil müəssisələri əlavə gəlir əldə etmək məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş sahibkarlıq fəaliyyəti ilə də məşğul ola bilərlər. Adambaşına maliyyələşdirmənin tətbiq edildiyi indiki şəraitdə bu məsələ daha çox diqqət çəkir. Bütün bunlar isə ali təhsilin maddi-texniki bazasının müasir tələblər səviyyəsində yeniləşdirilməsinə və informasiya-kommunikasiya texnologiyalarının tədris prosesində daha da geniş istifadə edilməsinə imkan verəcək.

-Bu mənada Azərbaycan Texniki Universitetində hansı işlər həyata keçirilir? Yəni tədrsin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində hansı addımlar atılır?

- AzTU-nun maddi-texniki bazası ildən-ilə zənginləşir və təkmilləşir. Universitetin tədris laboratoriyaları ən müasir avadanlıqla təchiz edilir. Tədris prosesində və elmi tədqiqatlarda informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunur. Hazırda universitetdə 800-dən çox kompyuter texnikası mövcuddur. Universitetin struktur bölmələri sürətli internetlə təmin edilib. Universitetdə 10-dan çox kompyuter sinfi, 200-dən çox kompyuteri olan İnformasiya-tədris mərkəzi fəaliyyət göstərir. Auditoriyalarda elektron lövhələr və proyektorlar quraşdırılıb. Bütün bunlar tələbələrin tədris prosesində yeni texnologiyalarla təhsil almasına və müəllimlərin normal işləməsinə şərait yaradır. Tələbələrin biliyinin qiymətləndirilməsi sahəsində də AzTU-da kompyuter texnikasından geniş istifadə olunur. Bu məqsədlə universitetin əməkdaşları və tələbələri tərəfindən müasir kompyuter proqramı hazırlanaraq müvəffəqiyyətlə tətbiq edilib. Proqram eyni vaxtda müxtəlif fənlərdən imtahanların aparılmasına, eyni qrup tələbələrinin isə eyni fənndən müxtəlif auditoriyalarda imtahan vermələrinə imkan verir. 2008-2009-cu dərs ilinin yay imtahan sessiyasında bu proqram tam gücü ilə işləyib və özünün mükəmməlliyini və imtinasız işlədiyini bir daha təsdiq edib.  Cari tədris ilində, I, II, və III kursların imtahanları kompyuter texnikasının köməyilə test üsulu ilə keçirilib. Növbəti illərdə bu proses bütün kursları əhatə edəcək. Test sistemi və imtahanların keçirilməsi prosesindəki şəffaflıq və obyektivlik tələbələr, valideynlər və müəllimlər tərəfindən də müsbət qarşılanıb. Bu işlər vaxtaşırı olaraq təkmilləşdirləcək.Universitetin fəaliyyətini səciyyələndirən mühüm cəhətlərdən biri də burada tədrisin, elmi-tədqiqat işlərinin istehsalatla sıx əlaqələndirilməsidir. Burada iqtisadiyyatın müxtəlif sahələri üzrə mühüm elmi-tədqiqat işləri aparılır və alınan nəticələrin istehsalata tətbiqi ilə bağlı əməli işlər görülür.Bu gün Azərbaycan Texniki Universitetində kadr hazırlığı bakalavriat və magistratura olmaqla iki səviyyədə aparılır və konkret ixtisaslar üzrə müvafiq ali ixtisas dərəcələri verilir. Daha sonra isə bir sıra ixtisaslar üzrə doktorantura yolu ilə elmi-pedaqoji kadrların hazırlığı həyata keçirilir. AzTU-da kadr hazırlığı ilə 70-dən çox elmlər doktoru, professor və 400-dək elmlər namizədi, dosentlər olmaqla böyük elmi-pedaqoji kadr potensialı məşğul olur.

-Azərbaycan Texniki Universitetinin dünyanın aparıcı universitetləri ilə əlaqələri hansı səviyyədədir?

Universitetin beynəlxalq əlaqələri də gündən-günə genişlənir. Indi universitet dünyanın aparıcı universitetləri ilə birbaşa əlaqələr yaratmaq imkanı əldə edərək beynəlxalq təhsil sisteminə qoşulub, təhsilin müasir metod və formalarından istifadə etməyə başlayıb. Dünyanın aparıcı ölkələrinin universitetləri ilə sıx əməkdaşlıq universitetimizdə çoxpilləli təhsil sisteminin həyata keçirilməsinə təkan verib. Son illər Avropa Şurasının təsis etdiyi beynəlxalq tədris proqramları çərçivəsində keçirilən müsabiqələrdə universitet təhsillə bağlı müasir layhələrdə iştirak edib. Universitetin elmi potensialı gündən-günə genişlənir. AzTU-da elm və texnikanın müxtəlif sahələrini və problemlərini əhatə edən geniş miqyaslı elmi tədqiqatlar aparılır. Yaranmış elmi əlaqələr AzTU-da müxtəlif elmi konfransların, o cümlədən beynəlxalq konfransların keçirilməsinə şərait yaradır. Tələbələrin elmi işlərə geniş cəlb edilməsi sahəsində də mühüm işlər aparılmaqdadır. Tələbələrimiz müxtəlif səviyyəli elmi konfranslarda, müsabiqələrdə, fənn olimpiadalarında və digər bilik yarışlarında fəal iştirak edirlər. Bu sahədə kifayət qədər uğurlarımız var.Dünyanın aparıcı universitetləri ilə birbaşa əlaqələr yaratmaq imkanı əldə edən universitetimiz beynəlxalq təhsil sistemində müşahidə olunan yeniliklərə qoşularaq, öz fəaliyyətində təhsilin müasir metodlarından və formalarından istifadə etməyə başlayıb. Bu mərhələdə dünyanın aparıcı universitetləri ilə sıx əməkdaşlıq və onların iş təcrübəsinin öyrənilməsi və tətbiqi universitetimizdə çoxpilləli təhsil sisteminin həyata keçirilməsinə əlavə imkan yaradıb.Azərbaycan Texniki Universiteti elmi və təhsili maliyyələşdirən TACİS-TEMPUS və digər fondlarla yaratdığı sıx əlaqələr nəticəsində son illərdə universitetimizin 120-dək əməkdaşı dünyanın qabaqcıl universitetlərində elmi stajkeçmədə iştirak ediblər və birgə elmi tədqiqat işləri aparıblar.    Elmi və təhsili maliyyələşdirən Almaniya Akademik Mübadilələr Təşkilatı, Aleksandr Humbolt Fondu, Elmə Köməklik Cəmiyyəti, Soros və digər fondlarla yaradılmış sıx əməkdaşlıq nəticəsində son illərdə universitetin 60-dan çox əməkdaşı dünyanın məşhur universitetlərində elmi stajkeşmədə iştirak edib və onlarla birgə elmi tədqiqat işləri aparıb.

-Ümumiyyətlə əgər təhsilin problemlərinindən danışsaq bu gün üçün aktuallıq kəsb edən hansı problemləri göstərmək olar?

- Ümumiyyətlə, təhsil sahəsində əsas problemlərdən biri perspektivli gənclərin universitetlərdə pedaqoji fəaliyyətə cəlb olunmasının çətinliyidir. Əməkhaqqının az olması, istedadlı məzunların universitetdən getməsinə səbəb olur.Eyni zamanada universitetlər müasir tələblərə cavab verən tədris üçün bahalı avadanlıqların alınması iqtidarında deyillər. Bu məsələ ya dövlət səviyyəsində iri maliyyə vəsaitinin qoyulması, ya da müasir texnoparkların yaradılması yolu ilə həll olunmalıdır.Valideynlərin və tələbələrin təhsilə mövcud münasibətinin dəyişdirilməsi də vacib məsələlərdəndir. Tələbə universitetə sadəcə diplom almaq üçün deyil, hərtərəfli biliyə malik mütəxəssis olmaq arzusu ilə gəlməlidir.Hazırda müəllimlərin böyük əksəriyyəti informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək iqtidarında deyil, ənənəvi üsullarla tədrisi həyata keçirirlər və müasir tələblərə cavab vermirlər. İş yeri uğrunda rəqabət və yarış mühiti olmadığından müəllimlər iş yerlərini itirmək qorxusu ilə əhatə olunmayıblar.Əgər yaxın vaxtlarda universitetlərin gənc pedaqoqlarla təminatı sahəsində dövlət səviyyəsində ciddi tədbirlər görülməzsə, müəyyən müddətdən sonra ali məktəblərdə müəllim qıtlığı yaranacaqdır. Doğrudur, hər bir ali məktəb bu sahədə vəziyyəti az-çox yaxşılaşdırmaq üçün müəyyən cəhdlər göstərirlər, lakin bunlar kifayət deyil. Istedadlı məzunlar xarici ölkələrə və ya şirkətlərə üz tuturlar. Onu da qeyd etmək istəyirəm ki, bütün bu və ya başqa çətinliklərə baxmayaraq AzTU özünün 60 illik şanlı tarixi ənənələrini saxlamaqla tədris, elm və beynəlxalq əməkdaşlıq üzrə fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulması sahəsində fəaliyyətini uğurla davam etdirməkdədir və ölkənin aparıcı ali məktəbləri sırasında öncül mövqelərini saxlamaq əzmindədir.

 

 

Əlimərdan Sultanov

 

Palitra.- 2011.- 16 fevral.- S. 7.