Flora Kəngərli:
«Biz müasir təhsil standartlarını nəzərə
alırıq və uşaqlar kompyuter biliklərinə də
bizim bağçada yiyələnir»
Ölkəmizdə məktəbəqədər təhsilin müasir tələblərə uyğun qurulması sahəsində müəyyən işlər görülür. Yeni uşaq bağçaları istifadəyə verilir, uşaqlar üçün daha yaxşı təhsil verilməsi məsələsi isə gündəmdə saxlanılır. Qeyd edək ki, hələ də bir sıra rayonlarda şəraiti yaxşı olmayan bağçalar var və uşaqlar həmin bağçalarda təhsil alırlar. Bəzən valideynlər haqlı olaraq öz uşaqlarını soyuq otaqlardan qorumaq, işini bilməyən tərbiyəçi və müəllimlərə həvalə etməmək üçün evdə saxlayırlar.
Ancaq təbii ki, bu zaman gələcəyin şagirdi bir çox imkanlardan məhrum olur. Çünki, məktəbəqədər təhsil həm uşaqlar həm də valideynlər üçün olduqca vacibdir. Dövlət tabeliyində olan bağçalarla yanaşı ölkəmizdə özəl bağçalar da fəaliyyət göstərir. Bunlardan biri ötən ilin sentyabr ayından Bakı şəhərində fəaliyyətə başlayan “BabyPlaza”dır. Bəs görəsən özəl bağçalarda vəziyyət necədir? Gələcəyimiz olan uşaqlarımız burda nəyi və necə öyrənirlər? Öncə onu qeyd edim ki, ilk baxışda “BabyPlaza” mənə Hollivud filmlərində görməyə adət etdiyim uşaq bağçalarını xatırlatdı. Öz işini bilən peşəkar tərbiyəçilər, uşaqlar və valideynlərlə işləyən psixoloqlar, səliqə-səhmanlı otaqlar, gigiyenik qaydalara həssaslıqla yanaşma, maraqlı oyun otaqları və s. Bunlar hamısı əslində körpələr üçün , onların rahat təhsil alması üçün yaradılan şəraitin müəyyən hissəsi idi. Qeyd edək ki, “BabyPlaza”nın direktoru Flora Kəngərli bizi uşaq bağçası ilə yaxından tanış etdi və ətraflı məlumat verdi. Flora xanım ixtisasca qadın həkimidir və uşaqları çox sevir. O, balaca fidanların istedadlı və bilikli yetişməsi üçün əlindən gələni etdiyini bildirir. Elə söhbətimizin əvvəlində də müsahibimiz bu haqda danışdı: “Burda işləməyim təsadüfi olmadı. Mənim uşaqlalara olan sevgim və qayğım bu gün bu bağçanı idarə etməyimə səbəb olub. Bildiyiniz kimi ixtisasca qadın həkimiyəm. Yəni, peşəmlə bağlı olaraq, uşaqların ana bətnində böyüməsindən tutmuş onların dünyaya gəlməsinə və ondan sonrakı dövrdə mən ana və övladını nəzarətdə saxlayıram. Bir həkim olaraq uşaq psixologiyasına yaxşı bələdəm. Mən bu vəzifəyə təyin ediləndə bütün bunlar nəzərə alındı.”
- Uşaqlarla işləmək yəqin ki, maraqlıdır?
- Uşaqlarla işləmək
çox maraqlıdır. Burada uşaqlarla işlədikcə
onlardan çox gözəl aura, müsbət enerji alıram. Bəzən
iş vaxtının necə qurtardığının fərqinə
belə varmırıq.
- Bu
gün valideynlər bağçalardan öz uşaqları
üçün nə tələb edirlər? Və sizin
bağça bu tələbləri hansı səviyyədə
ödəyir?
-
Ümumiyyətlə, valideynlər təkcə özəl
bağça deyil elə dövlət tabeliyində olan
bağçalara aparanda da böyük bir inamla aparırlar. Hər bir
valideyn tədris müəssisələrinə uşaqları aparanda o təhsil
müəssəsindən uşağına həm savad verilməli,
həm o uşaqlara tərbiyə verilməlidir. Yəni valideyn bütün
bunları istəyir. Bura özəl bağça olduğu
üçün biz bunu daha yüksək və keyfiyyətli
şəkildə həyata keçiririk ki, valideynlər bizdən
narazı olmasınlar. Mən özümdə ixtisasca həkim
olduğum üçün burada gigiyenik qaydalara riayət
olunmasına ciddi yanaşıram. Uşaqların geyimləri,
dırnaqları, saçlarının təmizliyinə diqqət
yetirilir. Mətbəximizin də təmizliyinə diqqət
yetirilir. Bundan başqa bizdə dərslər 3 dildə
aparılır. Uşaqlar burada rus,ingilis, rus dillərində təhsil
alırlar. Biz yeni açılmışıq və bu
müddət ərzində bacardığımızı
onlara öyrədirik. Yəni uşaq hər gün evə
qayıdanda valideynlər görür ki, uşaqlar burda nə
isə öyrəniblər. Burada gördüyünüz kimi
rəsm müsabiqələri, şahmat müsabiqələri keçirilir. Biz müasir təhsil
standartlarını da nəzərə alırıq və
uşaqlar kompüter biliklərinədə
bizim bağçada yiyələnir. Sonra uşaqlar üçün rəqs
kursları arterapiya vəs keçirilir. Bir sözlə biz
balacaların bütün maraqlarını nəzərə
alırıq. Onların hər hansı bir sahədə
istedadlarının üzə çıxmasına şərait
yaradırıq. Bütün
bunları valideynlər görürlər və hələki
onların bizdən heç bir narazılığı yoxdur. Bilirsiniz
ki, biz ötən ilin sentyabr ayından fəaliyyətə
başlamışıq. Və bizdə uşaqların 90 faizi
bağçaya ilk dəfə gəlir. Yəni, onlar evdə
valideyinləri və dayələri
tərəfindən tərəfindən tərbiyə olunub,
baxılıb və ilk dəfədir ki, bağça
mühiti görürlər. Elə
uşaqlar var ki, bağçada olublar və orda nəyisə
öyrəniblər. Ancaq yenə də deyirəm
uşaqların çoxuna hər şeyi sıfırdan
başa salırıq, öyrədirik.
-
“BabyPlaza”ya müəllimlər necə seçilir?
- Əməkdaşlarımızı,
müəllimlərimizi biz ötən il yayda ümumi test
üsulu ilə sınaqdan keçirib işə
götürmüşük. İmtahan yolu ilə işə
götürülən hər bir əməkdaşmızın
minimum 3 il iş stajı var. Onların psixoloji
hazırlığı da yoxlanılıb. Hər birinin
uşaqlarla işləmək və uşaq psixologiyası ilə
bağlı bilikləri təhlil
edilib. Yəni burada uşaqlarla
təsadüfi adamlar işləmir. Biz uşaqları sevən,
onları başa düşən yüksək savada malik
bacarıqlı kadrları işə
götürmüşük.
-
Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə
cəlb olunması da ciddi bir məsələdir. Bununla
bağlı sizə müraciət edənlər olurmu?
- Bizə
hələki, fiziki qüsurlara malik uşaqlarla müraciət
edən valideyinlər yoxdur. Bizdə bir uşaq var ki, onun
nitqində müəyyən qüsurlar var. Onunla da bizim
özümüsün yüksək ixtisaslı loqopedimiz individual olaraq məşğul olur.
Yadıma hələ də bəzi
bağçalarımızda sovet dövründən qalma
gündəlik rejimdə uşaqların təhsil alması
düşür. Yəni, uşaqlara bir iki bayram
üçün tədbir hazırlanır və uşaqlar hər
gün bir neçə dəfə yemək yeyir və
yatırlar. Bu da uşaq bağçalarında körpələrin
gündəlik rejimi. Ən yaxşı halda uşaqlara rəsm
dərsi keçirilir və ya bir neçə şeirin
misrası əzbərlədilir. Vəssalam, bu da monoton
bağça həyatı.
Flora xanım bu barədə də danışdı:“ Mən
deməzdim dövlət bağçalarında vəziyyət
pisdir. Təhsil Nazirliyinin özünün proqramı var. Bizə
verilən bu proqram əsasında
öz nizamnaməmizi qurmuşuq və ona da öz əlavələrimizi
etmişik. Bu əlavələr arasında, qeyd etdiyimiz kimi,
şahmat, rəqs, üzgüçülük və sair məşğələlər
əlavə olunub. Uşaqları maraqlandırmaq
lazımdır. Elə eləmək lazımdır ki,
uşaqların hər bir bir günü bağçada
maraqlı keçsin. Bundan başqa uşaqları gəzməyə
də aparırırq. Yəni, uşaq evə gedəndə
ağlamasın ki, mən sabah bağçaya getmək istəmirəm.
Çalışırıq ki, burada uşaqların günləri
monoton olmasın.
Gördüyünüz kimi, bizdə dərs
otaqlarımız və oyun otaqlarımız olduqca maraqlı
bir dizayna malikdir. Burada keçirilən dərslər
hamısı uşaqlar üçün məntiq üzərində
qurulmuş oyunu xatırladır. Hazırda bağçada 4
qrup var. Qruplarda uşaqlar
yaşlarına görə qruplaşdırılır. Onlar
2-3 yaş arası, 3-4 yaş arası, 4-5 yaş arası və
5-6 yaş arası olaraq qruplaşdırılır. Burada qeyd etdiyim kimi uşaqlar 3 dildə təhsil
alırlar. Həm uşaqların, həm də müasir
dövrün tələbləri nəzərə
alınır.”
- Valideynlərlə
iş necə qurulur? Elə uşaqlar var ki bağçaya gəlmək
istəmir.
-
Valideyinlərin bizə bu sahədə köməyi
olmalıdır. Bizim uşaq psixoloqumuz valideynlərlə müəyyən
söhbətlər aparır. Biz valideynlərimizdən
xahiş etmişik ki, uşaqlar
üçün qurduğumuz rejimə şənbə və bazar günlərində
evdə onlarda ciddi riayət
etsinlər. Yəni, bu rejim pozulmasın. Bundan başqa valideynlər
evdə uşağa təlqin etməlidir ki, bağça ikinci ailədir,
oradakı müəllimlər onlar üçün ikinci
valideyndir. Yəni,
bağça uşaq üçün önəmlidir. Bəzən
ailədə övladın tək olması onu ərköyünləşdirir
o, nəyisə yaşıdları ilə paylaşmağı
bacarmır, kiminləsə dost olmağı istəmir. Ancaq biz bütün bunları
bağçada uşağa öyrədirik. Və ya valideynin
evdə uşaqla hər hansı bir məşğələni
aparmasına imkanı və vaxtı olmadığı halda
bağçada bizim müəllimlər bunun öhdəsindən
çox uğurla gəlirlər. Bizdə də uşaqlar olub
ki, bağçaya gələndə 2-3 gün ev
üçün darıxıb, ağlayıblar. Ancaq müəyyən
vaxtdan sonra bağça onların doğma evinə
çevrilib.
-
Müasir dövrün uşaqları... Onları necə
xarakterizə edərdiniz?
- İndiki uşaqlar çox sərbəstdirlər, bilikli, gözüaçıqdırlar. Bizim dövrümüzdə bu qədər televiziya kanalı, televizor, kompyuter, mobil telefon yox idi. Ancaq müasir dövrün uşaqları bütün bu yenilikləri çox tez mənimsəyir və bilirlər. Onların sıralarında istedadları olanlar çoxdur. Biz uşaqlarla işləyəndə onların istedadlarını nəzərə alıb onları üzə çıxarırıq. Çalışırıq ki, onlar bu bacarıqlarını daha da inkişaf etdirsinlər.
Nüşabə
Palitra.- 2011.- 16 fevral.- S. 11.