Azay Quliyev: “Məsuliyyət
Xartiyası QHT-lərin ictimaiyyət arasında nüfuzunun
daha da artmasına və onların hesabatlarının şəffaflığına
xidmət edəcək”
Dünən Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası Beynəlxalq Mətbuat
Mərkəzində “Azərbaycanın qeyri-hökumət təşkilatlarının
Məsuliyyət Xartiyası” adlı sənədin müzakirəsinə
həsr olunmuş toplantı keçirdi.
Öncə qeyd edək ki, sözügedən
xartiya 2010-cu ildə Azərbaycan Respublikası yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə
Sahibkarlığın və Bazar İqtisadiyyatının
İnkişafına Yardım Fondu tərəfindən
hazırlanıb. Xartiya QHT-lərin fəaliyyətinin beynəlxalq
standartlara uyğun təşkili, ictimai effektivliyi, hesabat şəffaflığı
kimi əsas prinsipləri müəyyənləşdirir.
Xartiyada deyilir ki, bu sənədi imzalamış Azərbaycan
qeyri-hökumət təşkilatları (AZQHT) Azərbaycan
Respublikası Konstitusiyasında əks etdirilmiş insan
hüquqlarının müdafiəsi və möhkəmləndirilməsi,
ölkənin dayanıqlı inkişafı, ətraf
mühitin mühafizəsi, humanitar yardım, eləcə də
Azərbaycanda digər ictimai maraqların müdafiəsi sahələrində
fəaliyyət göstərən 21 QHT-dir. Sənəddə
bildirilir: “Bizim təşkilatlar ölkənin maraqları naminə
müxtəlif sosial və etnik qrupların nümayəndələri
ilə çalışmaqla fəxr edir və bunu özünə
şərəf bilir. Bizim bu və ya digər fəaliyyəti
gerçəkləşdirmək hüququmuzun əsasında
məlum azadlıqlar: söz azadlığı,
yığıncaqlar və birliklər azadlığı və
bizim tərəfdar olduğumuz ümumbəşəri dəyərlər
durur. Fəaliyyətimiz ölkə Konstitusiyası və Azərbaycanın
digər hüquqi aktlarına əsaslanır. Təşkilatlarımız
öz fəaliyyətində vacib beynəlxalq sənədlərə
və o cümlədən İnsan Hüquqları haqqında
Ümumi Bəyannaməyə də əsaslanır. Fəaliyyətimizi
gerçəkləşdirərkən biz hüquq bərabərliyinə
riayət edirik və bütün insanların şəxsiyyətinə
hörmətlə yanaşırıq. Biz həm də
çalışdığımız və naminə fəaliyyət
göstərdiyimiz ölkə vətəndaşlarının
etibarı və dəstəyinə arxalanırıq. Fəaliyyətimiz
maliyyə və texniki yardımsız, dövlət və
ictimai dəstəksiz mümkün olmazdı”. Tədbirdə
QHT-lərə Dövlət Dəstəyi Şurasının
sədri Azay Quliyev bildirib ki, bu xartiya QHT-lərin
özünütənzimləməsini nəzərdə tutur:
“Bu, QHT-lərin ictimaiyyət arasında nüfuzunun daha da
artmasına və onların hesabatlarının şəffaflığına
xidmət edəcək”. Azay Quliyev onu da bildirib ki,
xartiyadakı müddəaların həyata keçirilməsinə
hər hansı nəzarət olmayacaq. Onun sözlərinə
görə, bu sənəd yalnız özünütənzimləməni
nəzərdə tutur.
İlkin
AĞAYEV
Palitra.- 2011.-
18 fevral.- S. 4.