“Dərs vəsaiti
şagird və tələbəni yormamalıdır”
Təhsildə
aparılan islahatlarla əlaqədar növbəti
müsahibimiz Bakı Sənaye-Pedaqoji Kollecinin təbiət
elmləri fənn birləşməsinin müəllimi
Ramazanlı Zakir Zaid oğludur.
- Hər bir dövlətin və cəmiyyətin əsas prioritet inkişaf sahəsi elm və təhsil olmalıdır. Cəmiyyətin inkişafı elm və təhsildən asılıdır. Təhsildə islahatlar aparmadan heç bir sahədə uğur qazanmaq mümkün deyil. Bunu artıq qloballaşan dünyamızda müşahidə edirik. Bütün əldə olunan nailiyyətlər elmi nailiyyətlər sayəsində qazanılır. Əgər təhsil sahəsində problemlər varsa, bu problemlər elmin, təhsilin və elmi-texniki tərəqqinin inkişafına, o cümlədən vətəndaş cəmiyyətinin formalaşmasına əngəl olacaq. Diqqətinizi təhsildə əsas prioritet məsələlərdən biri olan dərsliklərin hazırdakı vəziyyətinə yönəltmək istəyirəm. Söz yığınından ibarət olan cümlələr toplusunu kitab adlandırıb bilik mənbəyi kimi təqdim etmək nadanlıqdan başqa bir şey deyil. Belə kitabları kitab yazmaq xatirinə çıxarmaq lazım deyil. Kitab yazmaq xatirinə kitab çap etmək məsləhət olsaydı, söz xəzinəsinin xəzinədarı, dahi və müdrik Nizami Gəncəvi söz xəzinəsi olan beş kitabını yox, söz yığınından ibarət onlarla əsər yazardı. Böyük Nizaminin bu ibrətamiz yaradıcılığı bizə bariz nümunə olmalıdır. Belə kitabların dərs vəsaiti kimi istifadə olunması qətiyyən yolverilməzdir. Dərsliklər digər ədəbiyyatlardan xüsusilə fərqlənməlidir. Bədii ədəbiyyatlar şairlərin, yazıçıların və ümumi yazarların şəxsi yaradıcılığının məhsuludursa, dərsliklər elmi tədqiqatların, axtarışların məhsuludur. Dərsliklər tədris vəsaiti kimi nəzərdə tutulduğu üçün həmin dərsliklərdə olan elmi biliklərin öyrənilməsi məcburi xarakter daşıyır. Bu elmi biliklər müxtəlif elm sahələrinə aiddir və onların tədrisi təhsil müəssisələrinin tədris bazasına əsaslanaraq həyata keçirilir. Müxtəlif məzmunlu ədəbiyyatlar isə ümumi oxucu kütləsi üçün nəzərdə tutulur. Hər oxucu öz dünyagörüşünə uyğun janrda kitablar seçib oxuyur. Bu seçim fərdidir, azad şəkildə həyata keçirilir və dərsliklərə olan münasibətdən tamamilə fərqlənir. Bizi narahat edən əsas məsələ dərs vəsaitlərində olan problemlərdir.
- Yəni dərsliklərlə bağlı problemlər daha narahatedicidir...
- Kitab bilik mənbəyidir. Dərsliklər elmin öyrənilməsi üçün istifadə edilən vəsaitlərin əsasını təşkil edir. Dərsliklər elmi mənbələr əsasında hazırlanmalıdır. Dərs vəsaitləri ilə həmin sahələr üzrə hazırlanan elmi-tədqiqat xarakterli ədəbiyyatlar arasında müəyyən qədər fərq olmalıdır. Elmi ədəbiyyatlar aid olduğu elm sahəsinin hər hansı bir bölməsini və ya bütöv elmi tam incəliyi ilə əhatə edir. Elmi ədəbiyyatlar həmin elm sahəsinin yaranmasını, məqsəd və vəzifələrini, tədqiqat obyektini, inkişafının tarixi mərhələlərini, digər elm sahələri ilə əlaqələrini, metodologiyasını, tətbiqi sahələrini, müasir vəziyyətini, metodikasını və s. tam əhatə etdiyi halda dərsliklərdə bu elmi məlumatlar müəyyən qədər sadə və lakonik verilməlidir. Kitablarda istifadə edilən elmi məlumatların mənbəyi dəqiqləşdirilməlidir və təhrif olunmadan qərəzsiz şəkildə yazılmalıdır. Bu ədəbiyyatlar həmin elm sahəsinin tədqiqatçıları, mütəxəssisləri üçün əsas vəsait hesab olunur. Hər bir elmi sahənin, ixtisasın müəyyən mənada öz dili var. Qeyri-ixtisas sahələrinin mütəxəssisləri, şagirdlər, tələbələr və ümumi oxucu kütləsi üçün bu ədəbiyyatların istifadəsi müəyyən çətinliklər yaradır.
- Hər bir dərslik başadüşülən şəkildə olmalıdır.
- Dərsliklər elmi ədəbiyyatlar əsasında hazırlanmalıdır. Əgər hər hansı bir elm sahəsinin bir fənn kimi tədrisi tədris planında nəzərdə tutulubsa, ilk növbədə tədris planı həmin elmin elmi bazası əsasında hazırlanmalıdır. Tədris planında nəzərdə tutulmuş ixtisaslar üzrə müxtəlif fənlərin tədrisi həyata keçirilir. Bu fənlərin tədrisi üçün hazırlanan dərsliklər həmin elm sahəsinin, elmi ədəbiyyatların bazası əsasında hazırlanır. Bu dərsliklər hazırlanarkən ibtidaidən aliyə doğru tədrisin inkişaf pillələri nəzərə alınmalıdır. İbtidai təhsilin tədrisi üçün istifadə olunan dərsliklərə xüsusi diqqət yetirmək lazımdır. İbtidai təhsilin dinləyiciləri ilk qaranquşlardır. Onlar elmi biliklər qarşısında acizdirlər. Onlara tədris olunan elmi biliklər o qədər sadə və başadüşülən olmalıdır ki, şagirdlər eşitdiklərini, gördüklərini, yazdıqlarını, oxuduqlarını yaddaşlarında saxlaya bilsinlər, başa düşsünlər və lazım gələndə təsəvvürlərində canlandıra bilsinlər. Məktəbəqədər təhsil ibtidai təhsilin ilk pilləsidir. Məktəbəqədər hazırlıq müəssisələrində uşaqlara ilk elmi biliklərin rüşeymləri öyrədilir. Təsvirlər üzərində uşaqları düşündürmək, onların düşünmək qabiliyyətini inkişaf etdirmək və bu vərdişi onlara aşılamaq lazımdır. Bununla yanaşı uşaqlara müəyyən mövzularda şifahi məlumatlar öyrətməklə onların yaddasaxlama qabiliyyətlərini inkişaf etdirmək lazımdır. Bu tədris məşğələləri ibtidai təhsilin keyfiyyətinə yüksək təsir göstərir.
- Yəni
burada ciddi araşdırmalara ehtiyac var.
- Hazırda ibtidai təhsil üçün olan dərsliklərin vəziyyəti o qədər də reallığı ehtiva etmir. İbtidai təhsilin tədrisi üçün dərsliklər çox geniş yazılıb. Əgər məqsədimiz şagirdlərə hərtərəfli bilik verməkdirsə, onda biz onların fiziki və əqli imkanlarını mütləq nəzərə almalıyıq. Mürəkkəb və geniş cümlələr, mətnlər, çalışmalar, məsələlər və s. tapşırıqlar uşaqları yorur və əqli inkişafı ləngidir. Biz mürəkkəbdən sadəyə, uzunçuluqdan rasionallığa, yoruculuqdan dinamikliyə, ibtidaidən aliyə doğru inkişafın “qızıl orta” qaydasını əsas amil kimi götürməliyik. Dərslik orta səviyyədə oxuyan dinləyici üçün nəzərdə tutulmalıdır. Bu prinsip təhsilin bütün pillələrində oxuyan şagird və tələbələr üçün nəzərə alınmalıdır. Onda zəif və orta səviyyədə oxuyan şagirdlər bu ədəbiyyatlardan rahat istifadə edərlər. Yüksək səviyyədə oxuyanlar isə əlavə genişləndirilmiş ədəbiyyatlardan istifadə etməklə daha geniş məlumatlar əldə edə bilərlər. Buradan belə nəticəyə gələ bilərik ki, dərsliklər əsasən qısa və genişləndirilmiş formada yazılmalıdır. Ali məktəblər üçün yazılan dərs vəsaitləri də tələbələri yormamalıdır. Hər bir tələbə sabahın məzunudur. Onlar ədəbiyyatı oxuyub başa düşmək, təhlil etmək və konspekt hazırlamaq imkanlarına malik olmalıdırlar. Tədris proqramları dərsliklər əsasında hazırlanarsa, həmin fənnin tədrisində yaranmış boşluqlar aradan qalxacaq. Bu da tədris planında nəzərdə tutulmuş elmi biliklərin mənimsənilməsinə kömək edər. Ali məktəb dərsliklərinin azlığı tələbələrin geniş bilik əldə etmək imkanlarını məhdudlaşdırır. Bəzi ədəbiyyatların yeni elmi məlumatlarla zənginləşdirilmədən təkrarən nəşr edilməsi heç bir şeyi dəyişmir, dəyişən sadəcə nəşrin tarixi olur. Bu nöqsanlar orta təhsil dərsliklərində də yaşanır. Elmi dəyişikliklər etmədən bəzi bölmələrin, fəsillərin yerini dəyişməklə və ya mövzuların adlarında müəyyən dəyişikliklər etməklə heç də yeni ədəbiyyat əldə etmiş olmuruq.
- Sizin öz sahənizdə ədəbiyyatlarda hansı problemlər mövcuddur?
- Bütün sahələrdə olduğu kimi, bizim də tədrisi ilə məşğul olduğumuz coğrafiya və ekologiya fənlərinin ədəbiyyatlarında da müxtəlif nöqsanlar var. Hazırda coğrafiya və ekologiya fənlərinin ədəbiyyatlarında dəqiq olmayan, bəzi mənbələrdən götürülən məlumatlar oxucuda çaşqınlıq yaradır. Əsasən də bəzi dəyişdirilməsi mümkün olmayam məlumatların müxtəlif kitablarda fərqli verilməsi və bu kimi hallar kitab və müəllifi haqqında mənfi rəy yaradır. Burada müəlliflik məsuliyyəti əsas şərtdir. Məsələn, bir gölün göstəricilərinin müxtəlif ədəbiyyatlarda fərqli verilməsi və s. bu kimi nöqsanlar şagird və tələbənin hansı ədəbiyyata etibar etməsini sual altında qoyur. Dilimizdə tarix boyu rahat anlaşılan neft sözünü bu gün “petrol” kimi vermək dilimizə qarşı ən böyük təhqirdir. Bu problemə aid bir çox misallar göstərmək olar. Hər dilin öz imkanları olduğu kimi, Azərbaycan dilinin də imkanları çox genişdir. Jarqon sözlərdən istifadə etməklə həm dilimiz pozulur, həm də ifadə olunan fikirlər anlaşılmaz vəziyyət alır. Bu kimi problemləri yaratmağa lüzum yoxdur. Hər bir sahədə qəbul olunmuş elmi terminlərdən və ixtisar edilmiş sözlərdən başqa ədəbiyyatlarda heç bir əcnəbi sözlərdən istifadə olunmamalıdır. Ədəbiyyatlarda istifadə olunan terminlərin və ixtisar edilmiş sözlərin izahının verilməsi əsas şərtdir. Müəlliflərlə yanaşı elmi redaktorların da məsuliyyəti böyükdür. Hər bir sahənin elmi redaktoru ilə yanaşı filoloqların da redaktə prosesində iştirakı vacibdir.
- Ümumiyyətlə, filoloqların redaktə prosesində iştirakı praktikası ölkəmizdə heç tətbiq olunurmu?
- Deyərdim ki, bu məsələ haqqında bəlkə də heç düşünən də yoxdur. Bir çox müəlliflər filoloqların redaktə işində iştrakına ehtiyac bilmir, əslində bu çox ciddi məsələdir. Tədrisdə iştirak edən gənc oxucuların zövqünü korlamaq və elmi fikirləri anlaşılmaz vəziyyətdə təqdim etmək deyərdim ki, məsuliyyətsizlik və biganəlikdən başqa bir şey deyil. Bu problemlər ən çox başqa dillərdən dilimizə tərcümə olunan müxtəlif ədəbiyyatlarda daha qabarıq görünür. Bəzi sözlər hərfi tərcümə olunarkən mənasını itirir, bu sözlərin tərcüməsi bir neçə sözlə ifadə olunarsa, onda fikir anlaşılan olar. Filoloqların redaktə işində iştirakı həm dilimizi, həm də zövqümüzü qorumağa kömək edər.
- Ədəbiyyatların daha maraqlı və oxunaqlı olması üçün hansı işlər görülməlidir?
- Bu məsələ hər bir yazarı və müəllifi düşündürməlidir. Əgər müəllif istəyirsə ki, yazdığı kitab daha maraqlı və oxunaqlı olsun, onda o, oxucularını nəzərə almalıdır. Tarix dərslərinin ədəbiyyatlarında da bir çox problemlər yaşanır. Orta məktəbin bəzi tarix dərslikləri həddən artıq geniş və yorucu yazılıb, buna ehtiyac yoxdur. Bu kimi problemlərin əsasında qeyri-müəyyənlik durur. Dərslik yazan müəlliflərlə tam orta təhsilin tədrisində iştirak edən müəllimlər arasında bağlılıq yoxdur. Tam orta təhsilin dərslikləri yazılarkən tədrisdə birbaşa iştirak edən müəllimlərin rəyi dinlənilsə, bu kimi nöqsanlar olmaz. Tam orta məktəbdə bir dərsin vaxtı 45 dəqiqə olduğu halda orta hesabla 25-30 şagirddən həm bu geniş dərsləri soruşmaq, həm də yeni mövzunu tədris proqramının tələblərinə uyğun izah etmək imkan xaricindədir. Bu, şagirdlərin müasir təhsilin tələbləri əsasında bilik almalarına əngəllər yaradır. Metodikanın bütün imkanlarından ən təcrübəli və savadlı müəllim istifadə etməklə belə vaxtın məhdudiyyətinin onun işinə əngəl olacağı göz qabağındadır. Əgər məqsəd geniş informasiya verməkdirsə, onda təhsil normalarının verdikləri imkanları nəzərə alıb qısa və məzmunlu dərsliklərlə yanaşı yardımçı alternativ dərsliklər də yazılmalıdır. Onda biz bütün şagirdləri orta səviyyədə elmi biliklərlə təmin etmiş olarıq. Qaldı ki, istedadlı şagirdlərə, onlar həm müstəqil şəkildə, həm də ixtisaslaşdırılmış məktəblərdə genişləndirilmiş proqramlar əsasında kifayət qədər bilik əldə edə bilərlər. Müəlliflər kitab yazarkən öz elmi potensialını dərk etməli və oxucu kütləsini nəzərə almağı bacarmalıdır. Bununla yanaşı kitabın da yazarın özu üçün yox, oxucu üçün yazıldığı nəzərə alınmalıdır. Elmi redaktorlarla yanaşı rəyçilər də eyni məsuliyyəti bölüşürlər. Kitab nəşrə təqdim olunmamışdan əvvəl müəlliflər, elmi redaktorlar və rəyçilər tərəfindən tam məsuliyyətlə araşdırılmalı, dəqiqləşdirilməli və redaktə olunaraq nəşriyyata təqdim olunmalıdır. Yoxsa nəyinsə, kiminsə xatirinə elmi qurban vermək, oxucuları elmə olan maraqdan salmaq lazım deyil.
- Təhsildə aparılan islahatlara münasibətiniz necədir?
- Respublikamız müstəqillik qazandıqdan sonra təhsil sahəsində bir çox islahatlara başlanılıb. Bu islahatların davamlılığı ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə daim diqqət mərkəzində olub. Bu missiya hazırda da Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin təhsil islahatı ilə əlaqədar verdiyi silsiləli sərəncamlar təhsilin bütün sahələrini əhatə edir. Kitabxanalarda olan kitabların latın qrafikası ilə yenidən nəşr edilməsi islahatlar paketinin tərkib hissəsidir. Təhsil islahatlarının həyata keçirilməsində Heydər Əliyev Fondunun xidmətlərini xüsüsi qeyd etmək lazımdır. Fondun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə aparılan quruculuq işləri respublikamızın inkişafında xüsüsi çəkiyə malikdir. Təhsil ocaqlarının əsaslı təmiri və yenilərinin tikilməsi, müasir avadanlıqlarla təchiz olunması təqdirəlayiq haldır. Bununla yanaşı dərsliklərin məktəblilərə pulsuz verilməsi tədris prosesində dərsliklərin nə qədər önəmli bir faktor olduğunu göstərir. Respublikamızda təhsil prosesini həyata keçirən əsas dövlət qurumu olan Təhsil Nazirliyinin rolunu da xüsusi qeyd etmək istəyirəm. Təhsil islahatları respublikamızın bütün təhsil ocaqlarını əhatə etsə də, bu inkişaf fərdi xüsusiyyətlərə malikdir. Müasir tələblərə uyğun təhsil islahatlarını sürətlə həyata keçirən təhsil ocaqlarının içərisində Bakı Sənaye-Pedaqoji Kollecini xüsusi qeyd etmək olar.
Əlimərdan Sultanov
Palitra.- 2011.- 18 fevral.- S. 6.