Hər bir bölgə üçün
fərqli “turist təkliflər
paketi” hazırlanmalıdır
Ölkədə turizmin inkişafı prioritet istiqamətlərdəndir.
Məhz bunun nəticəsidir ki, son illər ölkədə turizmin inkişafı ilə bağlı davamlı tədbirlər həyata keçirilir. Ölkə başçısı bildirib ki, 2011-ci ildə turizmin inkişafına böyük təkan verilməlidir: “Hesab edirəm ki, bu məqsədlə
2011-ci ilin “Turizm ili” elan olunması
ədalətlidir. Elə
etməliyik ki, bu sahədə böyük və gözəl nəticələr
görək”. Hazırda
bu istiqamətdə dövlət qurumları ilə yanaşı QHT-lərin də müxtəlif layihələr
irəli sürməsi
turizm sektorunun inkişafına təkan verər. Müsahibimiz Azərbaycanda Regional İnkişaf
Mərkəzinin sədri,
professor Çingiz İsmayılovdur:
- 2011-ci ilin ölkə başçısı
tərəfindən “Turizm
ili” elan edilməsi, bu sektorun daha da genişləndirilməsi,
inkişafı ölkə
iqtisadiyyatına, regionların
sosial-iqtisadi inkişafına
hansı töhfələr
verə bilər?
- Məlum olduğu kimi, hələ keçən il respublikamızda
“2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Bu baxımdan 2011-ci ilin “Turizm ili”
elan edilməsi yeridilən iqtisadi siyasətin məntiqi davamı kimi qəbul olunmalıdır.
Təbii ki, ”Turizm ili”nin xüsusi olaraq qeyd olunması respublikamızda turizm industriyasının inkişafında
təkanverici rol oynaya bilər. Lakin bunun əldə
edilməsi üçün
mövcud çatışmazlıqların
aradan qaldırılması
tələb olunur. Məhz bunun nəticəsində turizm
sektoru regionların sosial-iqtisadi inkişafında
öz töhfələrini
verə bilər. Bu, ilkin mərhələdə
mövsümi də olsa yeni iş
yerlərinin açılmasına,
xidmət sahələrinin
inkişafına, infrastruktur
şəbəkəsinin təkmilləşdirilməsinə,
yerli sakinlərin əlavə gəlir əldə etməsinə
köməklik edəcək.
- Son illər ölkəmizə gələn
turistlərin sayı tədricən artır. Sizcə, bu gün bir sıra
turizm ölkələrində
baş verən hadisələr ölkəmizə
turist axınının
artmasına imkan yarada bilərmi?
- Ümumdünya Turizm Təşkilatının
məlumatına əsasən,
2010-cu ildə dünyada
turist səyahətinə
çıxanların sayı
1 mlrd. nəfərə
yaxın olub və 2020-ci ilə bu göstərici 1,5 mlrd. nəfərə çatacaq. Dünya üzrə turizm sektorunda əldə olunan gəlirlərin həcmi 2 trilyon dollar təşkil edir. Bununla əlaqədar turist axını təbii ki, respublikamızda artmaqdadır.
Rəsmi məlumata əsasən, 2010-ci ildə
Azərbaycana gələn
xarici turistlərin sayı 1,85 mln. nəfər olub. Lakin turizm sektorunda
əldə olunan gəlirlərin artmasına
gəldikdə isə
yay mövsümündə
respublikanın bəzi
turizm mərkəzlərində
apardığımız müşahidələr
göstərdi ki, onların bir çoxunda yüksək qiymətlərin olması
turist axınında əsas maneə olur. Dünyada davam edən maliyyə-iqtisadi böhranı aydındır
ki, turizm sahəsinə də öz təsirini göstərir. Belə şəraitdə turizm mərkəzləri arasında
rəqabət artır
və nəticədə
xidmət səviyyəsi
və daha əlverişli qiymətlər
təklifi ilə çıxış edən
mərkəzlər qalib
olaraq inkişaf edirlər. Bunun əksinə olaraq rəqabətə davam gətirməyən turizm mərkəzləri tənəzzülə
uğrayırlar. Eyni zamanda dünyanın bəzi yerlərində baş verən siyasi münaqişələr
(Tunis, Misir, Yəmən
və s.) potensial turistləri yeni istirahət yerləri arasında seçim etmə məcburiyyətində
qoyur. Əlbəttə
ki, belə şəraitdən düşünülmüş
halda istifadə edilməsi məqsədəuyğun
olar.
- Bir sıra
turizm ölkələri
turistlərin cəlbi
üçün onlarda
maraq doğuracaq üsullardan istifadə edirlər. Sizcə, Azərbaycanın turizm ölkəsinə çevrilməsi,
çoxsaylı turist
cəlbi üçün
hansı yeni üsulların tətbiqi mümkündür?
- Xarici turistlərin
ölkəmizə cəlb
edilməsində ən
vacib məsələlərdən
biri müvafiq marketinq sisteminin qurulmasıdır. Əfsuslar
ki, bu sahədə
kifayət qədər
boşluqlar mövcuddur.
Məlumdur ki, istirahət üçün
dünyada yer seçimində potensial xarici turist məlumatı
əsasən internet resurs
bazasından əldə
edir. Turist kimi belə bir axtarış aparsaq, Azərbaycanın turizm sektoru haqqında çox səthi məlumat olduğunu görərik. Bu
sahə haqqında məlumat əsasən respublikanın Mədəniyyət
və Turizm Nazirliyinin saytında verilir. Lakin buradakı kartoqrafik məlumat yalnız Azərbaycan dilində verilib və bu da heç
oxunmur, hər hansı turist marşrutlarının uzunluğu
göstərilmir, turist
mərkəzlərində təklif
olunan xidmət növləri demək olar ki yoxdur,
Bakının beynəlxalq
hava limanından regionların turist mərkəzlərinə necə
və hansı nəqliyyat növlərindən
istifadə edilərək
gedilməsi barədə
məlumat yoxdur.
- Qabaqcıl turizm ölkələrindən
biri olan Türkiyədə yerlərdə,
kəndlərdə belə
turistləri cəlb etmək üçün müxtəlif variantlar tətbiq edirlər. Bu gün bizdə yerlərdə sadəcə
mehmanxana xidməti ilə kifayətlənirlər.
Sizin buna münasibətiniz necədir?
- Bu haqda mən bir çox
müsahibələrimdə və çıxışlarımda
qeyd etmişəm ki, hələki ölkəmizə
gələn turistlərə
gözəl təbiətimiz
və tarixi abidələrimizdən başqa
digər maraqlı və cəlbedici təkliflər vermirik. Dolğun “turist paketi təklifləri” hazırlanmasa, bu sahənin gələcək
inkişafı ilə
bağlı bizim ümidlərimiz doğrulmayacaq.
Respublikanın hər
bir bölgəsinin unikal olduğunu nəzərə alaraq onların hər biri üçün fərqli “turist təkliflər paketi” hazırlanmalıdır. Məhz
belə təkliflərin
olmaması və eyni zamanda xidmət
sahələrinin aşağı
səviyyəsi və
yüksək qiymətlərin
olması problemlər
yaradır, nəinki xarici turistlərin, hətta öz vətəndaşlarımızın da istirahət üçün qonşu Türkiyəyə, Gürcüstana,
Misirə və Dubaya getməsinə səbəb olur.
- Regional İnkişaf
Mərkəzi aqroturizmlə
bağlı layihə
ilə çıxış
etmişdi. Bu istiqamətdə
hansı tədbirləri
həyata keçirmək
olar?
- 2009- cu ildə bizim mərkəzimiz Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası
tərəfindən ayrılan
maliyyə əsasında
“Dağlıq Şirvan
rayonunda aqroturizmin inkişafı” adlı lahiyə realizə etmişdi. Layihə rayonun yalnız 6 kəndini əhatə etmişdi. Əlbəttə
ki, maliyyə dəstəyinin
həcmi ilə bağlı bu layihə məhdud ərazini əhatə etdi. Hesab edirəm
ki, bu kimi
layihələrin respublikanın
hər bir regionunda keçirilməsi
vacibdir. Məhz buna görə QHT Şurası tərəfindən
keçirilən növbəti
müsabiqəyə Lənkəran
və Lerik rayonlarında ev turizminin inkişafına həsr olunmuş yeni layihəmizi təqdim etmişik. Ümud edirik ki, müsabiqə komissiyası layihəmizi layiqincə qiymətləndirəcək
və bu istiqamətdə işlərimizi
davam etdirəcəyik.
- “Turizm ili” çərçivəsində
müvafiq dövlət
qurumları ilə yanaşı QHT-lərin də bu istiqamətdə
fəaliyyətini artırması,
yeni təkliflərlə
çıxış etməsi
vacibdir. Sizin mərkəz cari ildə bu istiqamətdə
yeni layihələrlə
çıxış etməyi
nəzərdə tuturmu?
- Yuxarıda qeyd etdiyim kimi,
respublikamızın turizm
industriyası haqqında
məlumat kifayət qədər deyil. Mərkəzimizdə hazırlanan
yeni lahiyə məhz bu boşluqların
doldurulmasına yönəlib.
Bu baxımdan lahiyənin
əsas ideyası
ARCİS proqramından istifadə
edərək respublikamızda
turizm sahəsinə
aid geoinformasiya məlumat
bazasının yaradılmasıdır.
Belə məlumat bazasının internet şəbəkəsində
verilməsi həm ayrılıqda turizm mərkəzləri üçün,
həm də müvafiq dövlət qurumlarının bu istiqamətdə apardığı
işlərə yardım
edilməsi baxımdan
vacib hesab oluna bilər.
Nigar
Palitra.- 2011.-
22 fevral.- S. 6.