Vətəndaş
cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının
rolu
“Vətəndaş cəmiyyəti” müasir politologiyanın əsas anlayışlarından biri, eyni zamanda müasir tariximizin reallıqlarındandır. Vətəndaş cəmiyyəti ilk olaraq əmək vasitəsilə öz fərdlərinin tələbatlarını təmin edən və müəyyən inkişaf mərhələsində olan insan birliyinin formasıdır. Görkəmli alman filosofu F.Hegelin sözləri ilə desək, “Vətəndaş cəmiyyəti öz tələbatlarını əmək vasitəsilə başqalarının tələbatlarına uyğunlaşdıran individiumlar sistemi kimi çıxış edir”. Vətəndaş cəmiyyətinin təməlini şəxsi mülkiyyət, maraqların birliyi və vətəndaşların qanunla təsbit olunmuş formal ümumi bərabərliyi, insanın təsadüflərdən qorunması təşkil edir. Ümumilikdə, vətəndaş cəmiyyəti özündə müxtəlif sosial və siyasi subyektlərin maraqlarını cəmləşdirir. Vətəndaş cəmiyyəti - azad insanların özlərinin, onların könüllü birliklərinin və cəmiyyətlərinin dövlət hakimiyyətinin müdaxiləsi olmadan istibdadından uyğun qanunlar tərəfindən qorunan özünü ifadə etmək sahəsidir. «Vətəndaş cəmiyyəti» ifadəsini ilk dəfə, müasir elmdə qəbul edilmiş şəkildə, Hobbs işlədib, Hegel isə inkişaf etdirib.
Totalitar rejimlərdə Vətəndaş cəmiyyəti
mümkün deyil. Yalnız bazar münasibətləri məkanında
və hüquqi dövlətdə iqtisadi cəhətdən müstəqil
insan kütləsinin mövcudluğunda vətəndaş təşəbbüsü
və özfəaliyyəti üçün imkan
yaradılır. Beləliklə, «vətəndaş cəmiyyəti»
bir növ sosial məkandır, burada insanlar, dövlətin
birbaşa müdaxiləsi olmadan, fərdlər olaraq,
qarşılıqlı münasibətlər yaradır. Vətəndaş
cəmiyyəti quruluşunun əsası öz xüsusi
maraqlarını, digər fərdlərlə
qarşılıqlı əlaqələrlə yanaşı,
müstəqil şəkildə həyata keçirən aktiv
şəxsiyyətdir. Vətəndaş cəmiyyətinin
mövcudluğunun vacib forması, bu və ya digər məqsədlərini
həyata keçirmək üçün, könüllü əsasda
insanları birləşdirən, qeyri-hökumət təşkilatlarının
sistemidir. QHT şəbəkəsi daha çox inkişaf
etmiş ölkələrdə vətəndaş cəmiyyəti
daha güclüdür. Onu qeyd etmək lazımdır ki, bu təşkilatlar
bütün ölkəni, ya regionu əhatə edir və ya
lokal xarakter daşıya bilir; rəsmi və ya qeyri-formal ola
bilir, uzunmüddətli və ya yaranmış yerli problemin həllinə
yönəlmiş konkret hadisə üçün qurulur.Alman
klassik fəlsəfəsinin görkəmli nümayəndəsi
Hegelin vətəndaş cəmiyyəti haqqındakı
görüşləri də xüsusi maraq kəsb edir. Onun təliminə
görə, vətəndaş cəmiyyəti
dayanıqsız və münaqişəlidir. Cəmiyyətin
ziddiyyətli olması insanların mülkiyyətlərindəki
fərqliliklə və cəmiyyətdəki təbəqələşmə
ilə əlaqədardır. Burada hər bir kəs şəxsi
maraqlarına görə hərəkət edir. Dövlət,
vətəndaş cəmiyyətini məhdudlaşdıraraq
onun azadlığını təmin edə bilər. Hegel
konsepsiyasına görə, cəmiyyət və dövlət,
düşüncə və idrak olaraq əlaqələndirilir.
Cəmiyyətin birliyinə müxtəlif maraqların
uyğunlaşdırılması yolu ilə, yəni ali
hakimiyyət qurumlarında qrupların təmsilçiliyinin nəticəsində
nail olunur. Vətəndaş cəmiyyəti
kifayət qədər mürəkkəb daxili struktura malikdir.
Bu strukturda qeyri-hökumət təşkilatları
mühüm yer tutur və onun vətəndaş cəmiyyətinin
yaranmasında, formalaşmasında və inkişafında rolu
danılmazdır. Əslində, vətəndaş cəmiyyətini
qeyri-hökumət təşkilatları olmadan təsəvvür
etmək mümkün deyil. Vətəndaşların əsas
tələbatları və istəkləri əvvəlcə məhz
QHT-lər vasitəsi ilə formalaşmış görkəm
alır. QHT-lər vətəndaş cəmiyyəti fəlsəfəsinin,
onun ideyalarının həyata keçirilməsində,
reallaşmasında mühüm rol oynayır. Fikrimizcə,
QHT-lərsiz bu fəaliyyəti həyata keçirmək
çətin məsələ olardı.Vətəndaş cəmiyyəti
özü təşkil olunan və özü-özünə
inkişaf edən sistemdir. Vətəndaş cəmiyyətinin
əsas atributlarından olan QHT-lərin onun
formalaşmasında və inkişafında rolu yuxarıda qeyd
olunduğu kimi böyükdür. QHT-lər vətəndaş
cəmiyyətinin üst təbəqəsini təşkil edən
əsas amillərdən biridir. Vətəndaş cəmiyyətini
bir tərkib hssəsi olaraq QHT-lərin cəmiyyətdə əsas
rolu vətəndaşların tələbatının ödənilməsi
istiqamətində onların öz potensial qüvvələrinin
səfərbər edilməsindən, bu yöndə vətəndaş
şüurunun artırılması və işlək mexanizmlərin
formalaşdırılmasından ibarətdir. Azərbaycanda fəaliyyət
göstərən QHT-lərin də ölkəmizdə vətəndaş
cəmiyyətinin qurulmasında rolu müstəsnadır. QHT-lərin
mənası, funksiyaları, əhəmiyyəti və fəaliyyətləri
barədə əhali geniş məlumatlı olmasa da,
intellektual insanlar və cəmiyyətin ictimai fəalları arasında bu
barədə informasiya kifayət qədərdir.
Respublikamızda fəaliyyət göstərən QHT-lər əsas
etibarilə insan hüquqları və demokratiya, ailə,
qadın və uşaq məsələləri, iqtisadi və
sosial məsələlər, elm, təhsil, mədəniyyət,
ekologiya, gənclər və digər sahələrdə fəaliyyət
göstərir, öz istiqamətlərinə uyğun müxtəlif
layihələr həyata keçirirlər. Onlar insan
hüquqlarının təbliğində, əhalinin müxtəlif
sahələrdə maariflənməsində, vətəndaşların
sosial problemlərinin həllində layihələr həyata
keçirirlər.Təəssüflə demək
lazımdır ki, hələ də cəmiyyətimizdə QHT
fəlsəfəsini, anlayışını, fəaliyyətini
bilməyən, anlamayan insanlar mövcuddur. Bunun qarşısını almaq
üçün QHT-lər cəmiyyətlə, insanlarla daha
yaxından işləməli, öz fəaliyyətlərini
daha çox işıqlandırmalıdırlar. Lakin buna
baxmayaraq qeyd etmək istərdim ki, ölkəmizdə
mövcud olan QHT-lər və insanlar
arasında vətəndaş cəmiyyəti
quruculuğuna maraq son illərdə daha da güclənib. Buna
səbəb QHT-lərin uğurlu fəaliyyəti və
dövlətin vətəndaş cəmiyyətinin
formalaşmasına verdiyi dəstək, bu sahədə qəbul
etdiyi qanunlar, qərarlardır. Bu qanunların qəbulundan istifadə edən QHT-lər
öz fəaliyyətini daha da genişləndirib. Həmçinin
Azərbaycanın Avropaya inteqrasiya olunmasında QHT-lərin
rolunu xüsusi qeyd etmək lazımdır. Vətəndaş
cəmiyyətinin əsasını təşkil edən QHT-lər
onun fəlsəfəsinin, ideyalarının reallaşması
istiqamətində fəaliyyət göstərməlidirlər.
Bu istiqamət vətəndaşların sosial, intellektual və
psixoloji inkişafının, daxili azadlığının və
bu və ya digər vətəndaş cəmiyyəti
institutuna qoşularkən tam özfəaliyyət qabiliyyətinin
yüksək səviyyədə olmasıdır. QHT-lər də öz növbəsində
dövlətin müxtəlif sahələrdəki fəaliyyətinə kömək etməli, ona tərəfdaş
olmalıdır.Müasir dövrümüzdə Azərbaycanda
QHT sektorundakı mövcud vəziyyəti ümumiyyətlə
qənaətbəxş hesab etmək olar. Çünki bu sektorun fəaliyyət göstərməsi
üçün əlverişli şərait və imkanlar
dövlət tərəfindən yaradılıb. QHT-lərlə
bağlı qanunvericilik bazası dövrün tələblərinə
uyğun təkmilləşdirilib. QHT-lərin qeydiyyatı
prosesi də sadələşdirilib. Bununla belə Azərbaycanda
fəaliyyət göstərən QHT-lərin əksəriyyəti əsasən
xarici donorlardan aldığı qrant əsasında fəaliyyət
göstərir. Lakin dövlətin son zamanlarda vətəndaş
cəmiyətinin inkişafı sahəsində
atdığı bir sıra uğurlu addımlar xarici donorlardan bu
asılığın azalmasına səbəb olub.
Elməddin Hacılı,
Vətəndaş Cəmiyyəti
Problemlərinin
Tədqiqi Mərkəzinin sədri
Palitra.- 2011.- 22 fevral.- S. 11.