Nəcəf Museyibli: “Turizm üçün seçilmiş hər bir arxeoloji-tarixi abidə mütləq arxeoloqların rəyi əsasında seçilməlidir”

 

2011-ci il ölkə başçısı tərəfindən “Turizm ili” elan edilib. Ölkədə turizm sektorunun daha da inkişafı üçün bu istiqamətdə şəbəkənin daha da genişləndirilməsi zəruridir. Bu məqsədlə də yeni layihələrin tətbiqinə ehtiyac var. Hazırda turizmin inkişaf etdiyi dünya ölkələrində turistlərin maraqla qarşıladıqları sahələrdən biri arxeoturizmdir. Çox sayda turist cəlbinə imkan verən və gəlirli bir sahə olan belə bir turizm növünün ölkəmizdə də reallaşdırılması vacibdir. Çünki, addımbaşı tarixi-arxeoloji abidələrlə zəngin olan respublikamızda bu sahənin inkişaf etdirilməsi üçün hər cür imkanlar var. Üstəlik, ölkəmizdə arxeoturizmin tətbiqi ilə bağlı layihə də artıq hazırdır. Müsahibimiz həmin layihənin tərtibçisi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Nəcəf Museyiblidir:     

 

- Bu gün ölkəmizdə arxeoturizmin reallaşdırılması mümkündürmü?

- Azərbaycanda arxeoturizm çox zəif inkişaf edib. Demək olar ki, bu sahə hələlik diqqətdən kənardadır. Bu gün ölkəmizə gələn turistlər Bakıda olduğu zaman ilk növbədə İçərişəhərlə tanış olur. Paytaxtın mərkəzində olması, məsafə yaxınlığı buna imkan verir. Bəlkə də həmin turistlərin nəzərində qədim Azərbaycanın yalnız İçərişəhərdən ibarət olması, tarixi abidələrimizin yalnız bundan ibarət olması kimi yanlış təsəvvür də formalaşdırır. Hələ sovet dövründən ölkəmizə gələn turistlər paytaxtdakı abidələrlə tanış olublar. Amma təəssüf ki, bölgələrimiz üçün bunu deyə bilmirik. Son illərdə ölkədə bu sahəyə diqqət yetirilməyə başlanıb. İstəyirlər ki, arxeoloji memarlıq abidələrimiz daha çox turistlərin diqqətini cəlb etsin və turizm obyektinə çevrilsin. Lakin bu kompleks qaydada deyil və proqram xarakteri daşımır. Azərbaycanda böyük potensial var. Həm təbii coğrafi şərait çox əlverişlidir, həm də təbii landşaftla həmahəng abidələr var. Arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılan qədim strukturların turizm obyektinə çevrilməsi vacibdir. Bu yalnız bir dövlət qurumunun, o cümlədən AMEA-nın funksiyası deyil. Burada bir neçə qurum işləməlidir. İlk növbədə bu istiqamətdə aparıcı rol Mədəniyyət və Turizm Nazirliyi və AMEA-ya məxsusdur. Yəni, AMEA-nın alimləri arxeoloji qazıntılar aparırlar və  qədim qalıqları aşkara çıxarırlar ki, bu həm qədim yaşayış məskənləri, həm də qədim qəbir abidələri də ola bilər. Onu da qeyd edim ki, turizm üçün olduqca cəlbedici olan qəbir abidələri kompleksləri də vardır. Bu işlər başlanğıc mərhələdədir. Lakin bu sahədə çətinliklər də var. Belə ki, qədim dövrə aid olan yaşayış məskənlərinin memarlıq qalıqlarını uzun müddət konservasiya edib saxlamaq olmur. Neolit, eneolit, tunc dövrlərinin böyük mərhələlərini ehtiva edən, minilliklər ərzində torpaq altında yatan qədim tikililər çiy kərpicdən və yaxud çiy möhrədən ibarətdir. Bu tikililəri  arxeoloqlar aşkara çıxarsa da müəyyən müddətdən sonra onları saxlamaq olmur, hətta onlar adi günəşin və atmosferin təsirindən məhv olub gedir. Ancaq sonrakı mərhələlərdə daşlardan tikilən memarlıq qalıqlarını saxlamaq olur. Antik, xüsusilə orta əsrlər dövründə bişmiş kərpicdən tikilən şəhər qalıqlarını saxlamaq mümkün olur. Əslində yuxarıda qeyd etdiyimiz qədim dövrlərin abidələrini də qorumaq mümkündür. Burada xüsusi təcrübə, arxeoloq rəyi və müasir texnologiyanın imkanları birləşdirilməlidir. Fikrimizcə, ən qədim dövrlərin yaşayış yeri turistlər üçün daha böyük maraq obyekti ola bilər. Onları konservasiya edib turistlərə nümayiş etdirmək əlverişlidir. Amma arxeoturizm yalnız bununla məhdudlaşmır. Belə ki, arxeoturizmin elə bir istiqaməti də var ki, turist maraq dairəsi kimi arxeoloji qazıntılarda iştirak etmək istəyir. Bu dünya praktikasında var. Hər bir arxeoloqun vəzifəsi qazıntı aparmaq və materiallar aşkar etmək, bu barədə elmi fikirlər yürütməkdir. Mədəniyyət və Turizm Nazirliyi isə öz növbəsində onun konservasiya, qorunması, mühafizəsi işini təşkil etməlidir. Abidələrin qorunub saxlanması işi müasir tələblərə cavab verməlidir. Biz gələn turistə qədim tariximizi əks etdirən normal bir obyekt göstərməliyik. Hazırda İnstitutumuzun əməkdaşlarının çalışdığı bir neçə belə obyekti göstərə bilərəm. Son 4 ildə orta əsr Şəmkir şəhər yerində irimiqyaslı qazıntılar aparılır. Bu qazıntılar Arxeologiya və Etnoqrafiya İnstitutunun və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi əsasında həyata keçirilir. Həmin müddət ərzində geniş bir ərazi, xüsusilə də şəhərin narınqala adlanan mərkəzi hissəsi qazılıb aşkara çıxarılıb. Qazıntılar nəticəsində aşkar olunub ki, bu abidə əvvəllər elmə məlum olduğundan daha qədim dövrlərə aiddir. Orada hazırda arxeoloji qazıntılar getdiyi bir vaxtda turistlərin də abidəyə cəlb edilməsi daha maraqlı olar.

-“Turizm ili”ndə ölkəyə gələn turistlər üçün arxeoturizmdən istifadə imkanı yarana bilərmi?

- Əlbəttə, mümkündür. Ancaq bu artıq Mədəniyyət və Turizm Nazirliyinin funksiyasıdır. Yüzlərlə qədim memarlıq qalıqları var və  turistlər gedib ona baxa da bilər. Ancaq yerlərdə onlara müəyyən qədər bərpa və konservasiya işləri görülsə turizm üçün o qədər cəlbedici olacaq. Turizm üçün seçilmiş hər bir arxeoloji-tarixi abidə isə mütləq arxeoloqların rəyi əsasında seçilməlidir. Məsələn, Şəki-Zaqatala zonasında dincələn turist istəyər ki, o gözəl təbiətdə eyni zamanda bir tarixi abidəyə də baxsın və bu çox gözəl olar. Yaxud Şəki şəhərində 10 il bundan öncə İnstitutumuzun əməkdaşları tərəfindən Alban dövrünə aid məşhur Kiş kompleksində geniş arxeoloji qazıntı işləri aparılıb. Bu kompleks müəyyən qədər bərpa və konservasiya edildi. Həmin yerə gedən turistlər bura çox maraqla baxırlar. Bundan başqa Şəkidə əməkdaşlarımızın apardığı qazıntılar zamanı antik dövrə aid məzarlıq aşkar olunub. Oradakı qəbir abidəsi olduğu kimi konservasiya edilib, saxlanılıb və turistlər ona baxa bilərlər və onlar görər ki, bizim necə dəfn adətlərimiz olub. Bu, turizm üçün maraqlı olan faktlardan biridir. Daha bir misal. Ötən il Ağsu rayonu ərazisində son orta əsrlər dövrü şəhər yerində qazıntı işləri apardıq. Orada XVIII-XIX əsrlərə aid yaşayış yerlərinin izləri aşkara çıxdı. Hazırda bu ərazinin  konservasiya edilməsi, üstünün xüsusi örtüklərlə bağlanması işi aparılır ki, bu da turizm obyektinə çevrilməsi məqsədilə həyata keçirilir. Eləcə də Qafqaz Albaniyasının paytaxtı olan Qəbələ şəhərində antik və orta əsrlər dövrlərinə aid yaşayış yerləri var. Onlarda bir neçə ildir ki, Cənubi Koreyadan olan alimlərlə birgə arxeoloji qazıntı işləri aparılır. Burada aşkara çıxarılan bütün qədim memarlıq qalıqları, yaşayışın qədim izlərinin turizm obyektinə çevrilməsi üçün olduqca böyük əlverişli potensial var. Quba məzarlığı da artıq dövlətin nəzarətində olan bir sahədir və orada Muzey Xatirə Kompleksinin yaradılması barədə qərar da verilib, bu istiqamətdə işlər gedir. Biz onu aşkar etmişik və təhvil vermişik, icraçı struktur kimi Quba rayon İcra Hakimiyyəti cavabdehlik daşıyır. Həmin məzarlıq turistlər üçün nəzərdə tutulan ilk obyektlərdən biridir.        Qarabağda təmas xəttinə yaxın ərazidə alman arxeoloqları ilə birgə apardığımız qazıntı işləri nəticəsində 8000 ilə yaxın yaşı olan yaşayış məskəninin qalıqları aşkarlanıb ki, indiyədək bu məlum deyildi. Eyni zamanda həmin ərazidə alban dövrünə aid bir şəhər qalıqları aşkarlanıb. Burada 2 min əvvəl 2-3 mərtəbəli binalar inşa edilib ki, bütün bunlar çox maraqlıdır. Hazırda “Atəşgah”da Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə arxeoloji qazıntılar aparılır. Arxeoloji qazıntı abidənin tarixi haqda dəqiq informasiya verir. Məsələn, Qız qalası ilə bağlı müxtəlif fikirlər səslənsə də, hələ 1960-70-ci illərdə arxeoloqlarımız qazıntı nəticəsində aşkarlayıblar ki, bunun tarixi XI-XII əsrə aiddir. Bu abidənin tarixinin süni şəkildə qədimləşdirmə cəhdinin heç bir elmi əsası yoxdur.

- İnstitut tərəfindən hazırlanan arxeoturizm layihəsinin reallaşması gözlənilirmi?

- Ötən il biz Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna arxeoturizmlə bağlı 2011-ci il üçün planlaşdırılmış layihə verdik. Burada konkret götürülmüş Gəncə-Qazax bölgəsində olan arxeoloji tarixi abidələrin müasir üsullarla qeydiyyatı, həmin bölgənin elektron xəritəsinin yaradılması, müəyyən qədər qazıntıların aparılması, turistlərin buraya cəlb edilməsi ilə bağlı tədbirlərin görülməsi və s. nəzərdə tutulurdu. Qeyd edim ki, bu, Azərbaycanda irəli sürülən arxeoturizmlə bağlı ilk layihənin reallıqlarını əks etdirirdi. Layihədə nəinki arxeoturizm, bununla yanaşı abidələrimizin təbliği və onların xarici iddialardan müdafiəsi də mühüm yer tuturdu. Bu layihə 2011-ci il üçün nəzərdə tutulmuş və “Turizm ili” çərçivəsində reallaşdırılması planlaşdırılırdı. Amma çox təəssüf ki, bu layihə qəbul edilmədi. Nəzərə alınmalıdır ki, tarixi-arxeoloji abidələrimizin xarici iddialara məruz qaldığı indiki şəraitdə, onların təbliği və tanıtdırılması sahəsində dövlətimizin apardığı gərgin mübarizə vaxtında məhz belə layihələrin gerçəkləşdirilməsi gündəmdə olmalıdır. Çünki bu layihə həm ideoloji, həm də iqtisadi maraqlarımızın qorunması üçün hesablanmış bir layihə idi. Layihədə arxeoturizmin inkişaf perspektivləri, istiqamətləri, aparılacaq işlər, zonaların seçilməsi və s. bütünlüklə öz əksini tapıb. Əgər Elmin İnkişafı Fondu və digər qurumlar 2011-ci il üçün “Turizm ili” çərçivəsində arxeoturizmin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsini vacib və əhəmiyyətli bilsələr, bu layihənin reallaşmasını həyata keçirərlər. Bu sahədə ayrı-ayrı qazıntıların nəticələrinə əsaslanan dar bir çərçivədə turist marşrutlarının  təşkili ilə bağlı layihələrin keçirilməsi şərt deyil. Ayrıca götürülmüş bir arxeoloji abidənin arxeoturizm çərçivəsində turist marşrutuna salınması ilə bağlı onlarla layihə verilə bilər ki, bu da elə bir önəm daşımır. Söhbət arxeoturizmlə bağlı kompleks tədqiqatlar fonunda bu sahənin inkişaf etdirilməsinə söykənən prioritet isitiqamətləri özündə ehtiva edən layihələrdən gedir.   Son illərdə ermənilər siyasi uğursuzluğa düçar olurlar və artıq ermənilər öz cəfəng iddialarını tarixi faktlarla əsaslandırmağa çalışırlar. Bizim layihədə öz əksini tapan müddəaların əsası da bu cür iddialara cavab vermək üçün əyani faktların bütün dünyaya yayılması, bu istiqamətdə internet saytının yaradılması idi. Ümumiyyətlə, hər zaman biz abidələrimizin təbliği ilə məşğul olmuşuq. Dünyanın bir sıra aparıcı ölkələrinin, məsələn, Fransa, Almaniya, Koreya, ABŞ, Türkiyə, Yaponiyanın alimləri ilə birgə qazıntı işləri aparmışıq. Nəticələr həmin ölkələrdə də çap olunub yayılır. Bütün inkişaf etmiş ölkələrdə arxeoturizm yüksək səviyyədədir. Bu fikrimizi çoxsaylı misallarla əsaslandıra bilərik. Məsələn, Türkiyəyə turizm axınının başlıca səbəblərindən biri oradakı qədim abidələrdir. Təkcə antik dövr Efes, Manisa, Tuğla kimi şəhərlərinin qalıqlarına baxmaq üçün ilin bütün fəsillərində insanlar növbəyə dayanır. Yaxud orada həvəskar turistlər var ki, birbaşa qazıntılarda iştirak edir. Yəqin ki, bizdə də bu istiqamətdə işlər daha da güclənəcək. Bizim institut da bu istiqamətdə əlindən gələni etməyə hazırdır.

 

 

Nigar

 

Palitra.- 2011.- 25 fevral.- S. 7.