Mədəniyyəti və kulturoloji bilikləri təbliğ edən layihə start götürdü

Azərbaycan mədəniyyəti və kulturoloji maarifləndirmə layihəsi

 

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyətə başlayandan sonra mətbuatda inkişaf daha çox hiss olunmağa başlayıb. Burada söhbət konkret olaraq fond tərəfindən maliyyələşdirilən layihələrin effektivliyindən,  onların çərçivəsində müxtəlif məsələlərə həsr olunmuş daha keyfiyyətli yazıların ərsəyə gəlməsindən gedir. Son iki il ərzində həyata keçirilməyə başlanan layihələr mətbuatın ciddi canlanmasına səbəb olub. Qəzetlərdə maraqlı və oxunaqlı yazıların, ayrı-ayrı aktual sahələrə həsr olunmuş tədqiqat və informativ xarakterli məqalələrin sayı bununla qat-qat artıb.  

Həmçinin KİV-lərdə konkret istiqamətlər üzrə davamlı rubrikaların əsası qoyulub. Bütün bunları mətbuat işçiləri də görür və layiqincə qiymətləndirir. Amma bəzi müxalif yönümlü şəxslər həyata keçirilən layihələri gözdən salmağa çalışırlar. Dövlətin sifarişi və fondun maliyyə dəstəyilə həyata keçirilən KİV layihələrinin əhəmiyyətinə kölgə salmağa çalışan bəziləri spekulyasiyalara varırlar. Amma əsl həqiqət və həyata keçirilən layihələrin səmərəliliyinin əyani müşahidəsi göstərir ki, KİV layihələrinə dəstəklə bağlı dövlətin bu proqramı çox effektlidir. Məsələn, qəzetimizin məhz fondun dəstəyilə həyata keçirdiyi layihələri qeyd edək. İndiyə qədər qəzetimiz elm adamlarının fəaliyyəti, elmdəki proseslər və problemlərə həsr edilmiş iki, insan kapitalının formalaşmasına həsr edilmiş bir, eləcə də təhsilin inkişafına aid bir layihə həyata keçirib. Layihələr çərçivəsində qəzetimizdə tanınmış, peşəkar sahə mütəxəssisləri, əlaqədar qurumların rəhbərləri, akademiklər, professorlar fikirlərini bildiriblər, müxtəlif məsələlərə aid mövqe və təkliflərini səsləndiriblər. Məsələn, AMEA-nın vitse-prezidenti, akademik Arif Həşimov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, AMEA-nın institut direktorları - Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva, Coğrafiya İnstitutunun direktoru, akademik Budaq Budaqov, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, tanınmış alimlərdən mütəmadi olaraq Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının İdarə Heyətinin sədri, professor Səlahəddin Xəlilov, Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun direktoru, professor Abdulla Mehrabov, kulturoloq, professor Fuad Məmmədov, AMEA Polimer Materialları İnstitutunun laboratoriya müdiri, professor Məmməd Vəliyev, arxeoloq Hidayət Cəfərov,  professor Əsədulla Cəfərov, AMEA institutları direktorlarının müavinləri və sair çoxsaylı gənc peşəkarlar, tanınmış ekspertlər qəzetimizdə sözügedən layihələr çərçivəsində mütəmadi çıxış ediblər, tribuna kimi yararlanıblar. Bu isə həmin layihələrin mövzuları ilə bağlı ciddi ictimai müzakirələrin və maarifləndirici yazıların ərsəyə gəlməsi ilə bərabər qəzetimizin abunəçilərinin sayının xeyli çoxalmasına da müsbət təsir edib. Həmçinin qəzetin satış göstəriciləri də artıb. Qəzetimizin qeyd edilən mövzularla bağlı ictimai rəyə təsir imkanları daha da artıb. Bütün bunlar dövlət fondunun dəstəyilə həyata keçirilən layihələrin önəmini diqqətə gətirən faktlardır. Buradan da görünür ki, dövlətin KİV-ə dəstəyi çox böyük əhəmiyyətə malikdir və bu barədə hər hansı əsaslandırılmamış fikirlərə heç bir lüzum yoxdur.Onu da qeyd edək ki, “Palitra” qəzeti fondun dəstəyilə yeni bir layihə - “Azərbaycan mədəniyyəti və kulturoloji maarifləndirmə” layihəsini həyata keçirməyə başlayıb. Məlumdur ki, Azərbaycan cəmiyyətinin ən aktual problemlərindən biri də Azərbaycan mədəniyyəti, dəyərləri, mənəvi-kulturoloji məsələlər barəsində ciddi, mütəmadi və əhatəli maariflənmək imkanını tam reallaşdırmamasıdır. Yəni KİV bu mövzuda olan məsələlərə dərindən diqqət yetirmir, mədəniyyət, sivilizasiya tarixi, müasir kulturoloji yanaşmalar və sivil-etik davranış qaydaları baxımından vətəndaşlar yetərincə maarifləndirilmir. Məlumdur ki, Azərbaycan qədim sivilizasiyaya, mədəniyyətə və tarixə malikdir. Həmçinin ölkənin müasir mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlər, dövlətin bu sahəyə göstərdiyi mütəmadi qayğı sayəsində qazanılan qlobal mədəniyyət uğurları insanların ümumi mədəni-kulturoloji dünyagörüşünü, savadını artırmaq baxımından KİV tərəfindən kifayət edəcək səviyyədə ictimaiyyətə təqdim və izah edilmir. Ölkə KİV-ində - telekanallarda, mətbuatda və on-line mediada bu yöndə olan materiallar olduqca cüzi və epizodikdir. Bu mövzuya aid maarifləndirici və mütəmadi verilişlər, rubrikalar, nəşrlər demək olar ki, yox səviyyəsindədir. Ölkəmizin mədəniyyəti hazırda dünya səviyyəsində xeyli müsbət bir imicə malik olduğu və geniş miqyasda tanındığı, təbliğ edildiyi halda Azərbaycan cəmiyyətinin də bu baxımdan daxildən maariflənməsinə, ümumi kulturoloji-mədəni bilik və dünyagörüşünün artırılmasına çox ciddi ehtiyac var. Xüsusilə formalaşmaqda olan gənc nəslin Azərbaycan mədəniyyəti, dəyərləri, milli kimliyi, kulturoloji biliklər baxımından ciddi maariflənməsi olduqca böyük önəm daşıyır. Bu, ilk növbədə gənc nəslin milli ruhda, böyük mədəniyyətin varisi düşüncəsilə, kulturoloji biliklərə və buna uyğun davranışlara yiyələnmiş bir şəkildə böyüməsi, yad təsirlərdən, arzuolunmaz davranışlardan, mənfi tendensiya və pis vərdişlərdən xali bir şəkildə formalaşması üçün çox böyük əhəmiyyətə malikdir. Sivil və müasir cəmiyyət, dövlət quruculuğu prosesində kulturoloji biliklərə, yüksək etik-əxlaqi dəyər və davranışlara yiyələnmə Azərbaycan vətəndaşlarının yiyələnməli olduğu əsas kriteriyalardandır. Bu keyfiyyətlərin ölkə əhalisində mükəmməl şəkildə toplanması, təcəssüm etməsi və formalaşması üçün birinci növbədə KİV məqsədyönlü fəaliyyətə keçməlidir. Məsələn, nəzərə alınmalıdır ki, artıq bir ildən də az bir müddətdən sonra ölkəmizdə “Eurovision - 2012” mahnı müsabiqəsi keçiriləcək, bu vaxt bütün dünyanın gözü ölkəmizdə olacaq, ölkəyə on minlərlə əcnəbilər axışıb gələcək. Eyni zamanda biz şüurlu olaraq ümumiyyətlə, insanlarımızın mədəni-intellektual və sivil davranış səviyyəsini daha da yüksəltmək yönündə daim iş aparmalıyıq. Biz KİV olaraq bu işdə bütün səylərimizi birləşdirməliyik. Unudulmamalıdır ki, mədəniyyət - hər bir ölkənin pasportu olmaqla yanaşı indiki halda həm də bizim üçün informasiya savaşında ən kəsərli silahdır. Bütün bunları nəzərə alanda “Azərbaycan mədəniyyəti və kulturoloji maarifləndirmə” layihəsinin maraqlı,  aktual və səmərəli olacağını düşünürük. Layihənin həyata keçirilməsi Azərbaycan mətbuatında, eləcə də bütün KİV-də dünya mədəniyyəti kontekstində Azərbaycan mədəniyyəti, dəyərləri və tarixi, milli-əxlaqi keyfiyyətləri, müasir kulturoloji və sivil-etik davranış məsələləri, gənc nəslin bu yöndə tərbiyəsi kimi vacib bir istiqamətdə əhalinin effektiv maarifləndirilməsinə ciddi töhfə ola bilər. Bu sahədə KİV-də müsbət ənənə formalaşacaq. Qəzetlərdə mədəniyyət və kulturoloji maariflənmə məsələləri və problemləri ilə bağlı xüsusi rubrikalar ortaya çıxa dilər. Layihənin icrası həmçinin bu mövzuya elmi-nəzəri yanaşma ilə bağlı müxtəlif janrlı yazılar yazılmasında jurnalistlərin peşəkarlıq və vərdişlərinin artmasına təkan verəcək.   

İlkin AĞAYEV

Palitra.- 2011.- 6iyul.- S. 6.